Məhkəmə qərarları › İş №2-1(120)-669/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-669/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-669/2021 07.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, cavabdehin nümayəndəsi X11 (Ağdam şəhəri, 20 Yanvar küçəsi ev 9, mənzil 6-da qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialına qarşı işlədiyi iş illəri sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1963-cü il tarixdə Yardımlı rayonunun Yolocaq kəndində doğulmuş, Masallı şəhəri, Digah küçəsi, ev 6-da yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 12 may 2020-ci il tarixli, **********4 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 31.03.2021-ci il tarixli iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialının qəbul edilməsini və iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialına qarşı işlədiyi iş illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh təşkilat ona yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən işlədiyi iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X22 məhkəmə iclasında izahat verərək bildirdi ki, “Əmək pensiyaları haqqında” qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əməkfəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1,1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əməkstajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalininsosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinataparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları" ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahı! şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Beləliklə, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1 -ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən qadınlara yaşa görə (01.07.2020-ci il tarixinədək 61 yaş 6 ay) əmək pensiyası - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, baxılması, sosial sığorta stajnın müəyyənolunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq 01 yanvar 2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması uçun iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim edilmiş əmək kitabçasında 1 ay, 01.01.2006-cı il tarixdən 01.09.2020-ci il tarixədək fərdi uçot məlumatları əsasında 13 il 4 ay, arxiv arayışına əsasən 11 il 7 ay sığorta stajı müəyyən edilmişdir. Lakin iddiaçının, həqiqətən də, real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrlərinin olması da zəruridir. Beləliklə, iddiaçının 1982-1994-cü illərdə Yolacaq kəndində fəaliyyət göstərmiş Jdanov (Babək) sovxozunda işləməsi ilə bağlı əmək kitabçasında qeydlərin aparılmış olmaması iddiaçının işləməsini şübhə altına alır. Bununla da, digər mübahisəsiz sosial sığorta staj illəri yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olmadığından iddianın təmin edilməsi mümkünsüzdür. İddiaçı cavabdeh DSMF-nin 8 saylı regional ərazi filialına qarşı “işlədiyi illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əməkpensiyasının təyin olunması tələbinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (8 saylı regional ərazi filialı) Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1963-ci il tarixdə doğulmuşdur və 02.05.2020-ci il tarixdə 56 yaş 6 ay tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı, arxiv arayışındakı, eyni zamanda fərdi uçot məlumatları əsasında müəyyən olunmuş iş illəri nəzərə alınmaqla, çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Yardımlı rayonunun Yolocaq kəndində anadan olmuş, Masallı şəhəri, Digah küçəsi, ev 6-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15.11.2005-ci il tarixdən hal-hazıra kimi S.Tağıyev adına Digah orta məktəbində texniki işçi (montyor) işləyir. İşdə olan Yardımlı rayon Dövlət Arxivinin 02.10.2019-cu il tarixli, 29 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1982-1994-cü illərdə Yolocaq kəndində fəaliyyət göstərən Jdanov (Babək) sovxozunda işləmiş və əmək haqqı almışdır. İşdə olan Yardımlı rayon Qeydiyyat şöbəsinin 10.11.2017-ci il tarixli arayışından görünür ki, X3 X16 ilə nikahları bağlanmışdır. Bu barədə Yardımlı rayon Yolocaq kənd ərazi nümayəndəliyinin 08.09.1987-ci il tarixli kitabının 11-ci səhifəsində qeydə alınmışdır. İşdə olan Yardımlı rayon Qeydiyyat şöbəsinin 10.11.2017-ci il tarixli arayışından görünür ki, X8 17.07.1988-ci ildə Yardımlı rayonunun Yolocaq kəndində anadan olmuşdur. Bu barədə 22.08.1988-ci ildə qeydiyyata alınmışdır. X1, anası X12r. İşdə olan Yardımlı rayon Qeydiyyat şöbəsinin 10.11.2017-ci il tarixli arayışından görünür ki, X9 02.11.1992-ci ildə Yardımlı rayonunun Yolocaq kəndində anadan olmuşdur. Bu barədə 18.11.1992-ci ildə qeydiyyata alınmışdır. X1, anası X12r. İşdə olan Yardımlı rayon Qeydiyyat şöbəsinin 10.11.2017-ci il tarixli arayışından görünür ki, X13 19.06.1995-ci ildə Yardımlı rayonunun Yolocaq kəndində anadan olmuşdur. Bu barədə 06.07.1995-ci ildə qeydiyyata alınmışdır. X1, anası X12r. İşdə olan Yardımlı rayon Qeydiyyat şöbəsinin 13.05.2020-ci il tarixli, 228 nömrəli arayışından görünür ki, X10 12.01.1998-ci ildə Yardımlı rayonunun Yolocaq kəndində anadan olmuşdur. Bu barədə 26.01.1998-ci ildə Yardımlı rayon Yolocaq kənd ərazi nümayəndəliyində 07 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X12r. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin 14.05.2020-ci il tarixli, 899 nömrəli arayışından görünür ki, X14 03.03.2001-ci ildə Masallı şəhərində anadan olmuşdur. Bu barədə 29.03.2001-ci ildə Masallı rayon Qeydiyyat şöbəsində 72 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X12r. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 26.01.2021-ci il tarixli, 335 nömrəli arayışından görünür ki, X2 şəhəri, Digah küçəsi ev 6-da qeydiyyatdadır və həyat yoldaşı X6, qızı X8, qızı X9, oğlu X13, oğlu X10 və oğlu X7r. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 12.05.2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə uyğun olaraq, 01 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi üçün əmək pensiyası hüququndan imtina edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 28.02.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1 - ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azadılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 'Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qadınlara yaşa görə (01.07.2020-ci il tarixinədək 61 yaş 6 ay) əmək pensiyası - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına (28800 AZN) imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Vətəndaş İddiaçı 02.05.2020 - ci il tarixində (56 yaş 6 ay) Qanunun 8.1 - ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1 -ci bəndinə uyğun olaraq. 01 yanvar 2006-cı i! tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim etdiyi əmək kitabçasına əsasən 1 ay, 01.01.2006-cı ildən 01.09.2020-ci ilədək fərdi uçot məlumatları əsasında 13 il 4 ay, arxiv arayışına əsasən 11 il 7 ay sığorta stajınız müəyyən edilmişdir. İşdə olan Yardımlı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 20.04.2021-ci il tarixli, 110 nömrəli məktubuna X15 aid sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərini əlavə etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (əmək kitabçasını və arxiv arayını) təqdim etmişdir. Мəhkəmə əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. İddiaçının sosial sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə, eyni zamanda Yardımlı rayon Dövlət Arxivinin 02.10.2019-cu il tarixli, 29 nömrəli arxiv arayışı da iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Yardımlı rayon Dövlət Arxivinin 02.10.2019-cu il tarixli, 29 nömrəli arxiv arayışında qeyd olunmuş əmək haqqı cədvəllərində bəzi aylarda (məsələn, 1993-cü ilin 1-ci, 11-ci,12-ci ayları və s.) əmək haqqı alması qrafası boş saxlanılmışdır. Məhkəmənin qənaətinə görə bu hal iddiaçının həmin aylarda işləməməsi anlamına gəlməməlidir. Yəni başqa şəxsin (mühasibin və s) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, 01.01.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. İş materiallarındakı sübutlardan müəyyən olunur ki, iddiaçının fərdi uçot məlumatları əsasında 01.01.2006-cı ildən 01.09.2020-ci ilədək 13 il 4 ay sosial sığorta stajı var. Məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasındakı, arxiv arayışındakı, eyni zamanda fərdi uçot məlumatları əsasında müəyyən olunmuş iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin olunmalı, İddiaçı işlədiyi iş illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı işlədiyi iş illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar