Məhkəmə qərarları › İş №2-1(120)-670/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-670/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-670/2024 17.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “İddiaçı1 və İddiaçı2 ata adlarının İddiaçı1 Vilayət oğlu və İddiaçı2 Vilayət oğlu kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “İddiaçı1 və İddiaçı2 ata adlarında İddiaçı1 Vilayət oğlu və İddiaçı2 Vilayət oğlu kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar Biləsuvar şəhərində yaşayırlar. xx xxxxxx 1999-cu ildə Rusiya Federasiyasında əkiz doğulmuşlar. Rusiya Federasiyasında doğulduqdan sonra onlara doğum haqqında şəhadətnamə götürülərkən ata adları Vilayət olsa da ruslarda olduğu kimi, yəni Vilayətoviç kimi yazılmışdır. Halbuki Vilayət oğlu kimi yazılmalı idi. Hazırda hər ikisi Azərbaycan Respublikası vətəndaşı olmaqla , milliyətləri də Azərbaycanlıdır. X2 və anası X7 da Azərbaycanlıdır. Lakin sənədlərində ata adları rus kimi yəni oviç sonluğu ilə getməsi onlara utanc gətirməklə müəyyən problemlərlə üzləşdirir. Digər tərəfdən onlar qalib bir Dövlətin vətəndaşı olmaqla ata adlarının rus kimi yazılmasını qəbul edə bilmirlər. Ata adlarının sonluğunun dəyişdirilməsi ilə əlaqədar Qeydiyyat şöbəsinə müraciət etslər də bundan imtina edilmişdir. Hesab edirlər ki, cavabdeh təşkilatın onların tələbindən imtinası əsassız və qanunsuzdur. Cavabdeh təşkilatların təqsiri üzündən onların hüquqları pozulmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş etmişlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçıların nümayəndəsi və vəkili gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X9 iddia ərizəsində göstərilənləri təsdiqlədi və əlavə olaraq bildirdi ki, iddiaçıların ata adlarının Vilayətoviç kimi qeyd edilməsi onların iş yerlərində də onlara mənfi təsir göstərir və utanc verir.Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər,sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarında olan AZE 15491459 nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarında olan AZE 08483882 nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarında olan Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 05/Q-24/15 və 05/Q-25/15 nömrəli məktublarda qeyd edilmişdir ki, “Vilayətoviç”dən “Vilayət oğlu”na dəyişdirilməsi haqqında ərizənizə baxılmışdır. Bildiririk ki, sizin Rusiya Federasiyası Krasnodor vilayəti Krılovsk rayon WAQ şöbəsi tərəfindən qeydə alınmış doğum haqqında akt qeydinizdə ata adınızın sonluğuna dəyişiklik üçün əsas olan hüquqmüəyyənedici sənəd olmadığı üçün Cavabdeh tərəfindən ərizənizin icrası mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, müvafiq dəyişikliyin edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan xx.xx.2000-ci il tarixli, İ-AГ № 549843 nömrəli Doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1999-cu ildə Rusiya, Krosnadar diyarı, Krılov rayonu, Krılovskaya stansiyasında anadan olmuş, X2, anası X4r. Dövlət qeydiyyat yeri: Krosnadar diyarı, Krılov rayon VVAQ şöbəsi. İş materiallarında olan xx.xx.2000-ci il tarixli, İ-AГ № 549844 nömrəli Doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1999-cu ildə Rusiya, Krosnadar diyarı, Krılov rayonu, Krılovskaya stansiyasında anadan olmuş, X2, anası X4r. Dövlət qeydiyyat yeri: Krosnadar diyarı, Krılov rayon VVAQ şöbəsi. İş materiallarında olan Biləsuvar rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 və İddiaçı2 məxsus ilk fərdi uçot kartockalarının kserosurətləri təsdiq edilərək sizə göndərilir. Bildirir ki, Azərbaycan Respublikası DİN-nin saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən 5 il ( beş ) müddəti tamam olması ilə əlaqədar ərizə - anketlər komissiya üzvlərinin iştiraki ilə məhv edilir. Bu əbəbdəndə adları göstərilmiş vətəndaşlara şəxsiyyət vəsiqəsinin sənədlərinin əslini və ya təsdiq olunmuş sürətinin tərəfimizdən göndərilməsi mümkün deyil. İş materiallarında olan Biləsuvar rayon Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 513D-23 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 və İddiaçı2 barəsində Biləsuvar rayon Prokurorluğunda cinayət xarakterli material araşdırılmamış, cinayət işi üzrə istintaq aparılmamışdır. İş materiallarında olan Laçın rayon Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 212xid-23 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 barəsində cinayət xarakterli material araşdırılmır. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli eyni məzmunlu məktubunda qeyd edilmişdir ki, İddiaçı1 Vıiayətoviç və X5 xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyası Krasnodar vilayəti Krılov rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydlərində ata adının “Vilayətoviçdən”dən “Vilayət oğlu”na dəyişiklik edilməsi kifayət qədər əsaslar olmadığına görə qeydiyyat şöbəsində mümkün olmamışdır. Buna görə də vətəndaşın müraciətindən imtina edilmişdir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Lakin, doğum haqqında akt qeydində vətəndaşın ata adına məhkəmənin qərarı əsasında dəyişiklik edilməsinə etirazımız yoxdur. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. İş materiallarında olan Biləsuvar rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 və İddiaçı2 barəsində Biləsuvar rayon Polis şöbəsində heç bir cinayət işi və ya təqsirləndirici materialın olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Tətbiq edilən hüquq normaları: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək və aşağıda göstərilənlər qanunvericilik normalarına istinadən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçıların tələbi ata adlarının “Vilayətoviç”dən “Vilayət oğlu”na dəyişdirilməsi olsa da, o, hazırda onlara məxsus çoxlu sayda rəsmi sənədlərdə atalarının adının “Vilayət” kimi göstərildiyini əsas gətirərək, doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyirlər. Həmçinin nəzərə alınmalıdır ki, İş materiallarında olan AZE 15491459 nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsində xx.xx.1965-ci il təvəllüdlü X7 iddiaçıların anası Azərbaycan Respublikasının vətəndaşı, AZE 08483882 nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsində xx.xx.1961-ci il təvəllüdlü X8 iddiaçıların atası kimi müəyyən edilmişdir. xx.xx.2000-ci il tarixli, İ-AГ № 549843 nömrəli Doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə edilmiş surətində İddiaçı1 xx.xx.1999-cu ildə Rusiya, Krosnadar diyarı, Krılov rayonu, Krılovskaya stansiyasında anadan olmuş, X2, anası X7, xx.xx.2000-ci il tarixli, İ-AГ № 549844 nömrəli Doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə edilmiş surətində İddiaçı2 xx.xx.1999-cu ildə Rusiya, Krosnadar diyarı, Krılov rayonu, Krılovskaya stansiyasında anadan olmuş, X2, anası X1 qeyd olunmuşdur. Həmçinin həm iddia ərizəsində, həm də məhkəmə prosesində iddiaçıların nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçıların ata adlarının Vilayətoviç kimi qeyd edilməsi onların iş yerlərində də onlara mənfi təsir göstərir və utanc verir.Onlar Azərbaycan Respublikasının vətəndaşıdırlar və bu səbəbdən də ata adlarının əsl adı, yəni “Vilayət” kimi qeyd olunmasını istəyirlər. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçılar ata adının “Vilayətoviç”dən “Vilayət oğlu”na dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.Həmçinin cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il və eyni məzmunlu xx.xx.2023-cü il tarixli məktublarında məhkəmənin qərarı əsasında dəyişiklik edilməsinə etiraz etmədyini də bildirmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və İddiaçı2 doğum akt qeydlərində ata haqqında məlumat qrafalarında “Vilayətoviç”dən “Vilayət”ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və İddiaçı2 doğum akt qeydlərində ata haqqında məlumat qrafalarında “Vilayətoviç”dən “Vilayət”ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar