Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-677/2024 23.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 23 avqust 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Sığdaş bələdiyyəsindən aldığı 0,06 hektar torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Masallı rayon Sığdaş bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ev tikmək üçün ona torpaq sahəsi lazım olduğuna görə ərizə ilə kənd bələdiyyəsinə müraciət etmişdir. Sığdaş bələdiyyəsinin 23 fevral 2006-cı il tarixli qərarı ilə ona 0,06 hektar həyatyanı torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır. Bununla bağlı bələdiyyə tərəfindən qərar qəbul olunub müvafiq aktlar tərtib olunmuş, rəy verilmiş və torpaq sahəsinin sxemi çəkilmişdir. Torpaq sahələrinin elektronlaşması ilə bağlı onun istifadəsində olan torpaq sahəsində eletkronlaşma aparılmış və müvafiq rəylərə daxil edilmişdir. Torpaq sahəsi onun istifadəsindədir. Heç kimin mülkiyyət hüquqlarını pozmur. Faktiki olaraq torpaq sahəsini çəpərə almış və ondan istifadə edir. Torpaq sahəsi üçün çıxarışın alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Odur ki, torpaq sahəsinə çıxarışın verilməsi cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulması məqsədə müvafiq hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı sözügedən 0,06 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alınması barədə 8 saylı Cəlilabad Ərazi İdarəsinə rəsmi müraciət etməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1887/2023 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: sənədlərin ekspertizası zamanı məlum oldu ki, torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədləri qanunamüvafiq qaydada tərtib edilməmişdir. Masallı rayonu Sığdaş bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarının Masallı rayon Dövlət Arxivindən arxiv çıxarışı və ləğv olunmuş DTXK-nin Masallı rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü tərtib edilməyib. Əlavə olaraq bildirmək istəyirlər ki, Əliyev X4 Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48ci maddəsinin 3-cü bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsıni) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport verilməsindənn imtina edilir. İş materiallarında olan 04 fevral 2006-cı il tarixli, 48 nömrəli qəbzdən, xx.xx.2006-cı il tarixli, 136 nömrəli rəydən və ona əlavə edilmiş Masallı rayonu Sığdaş bələdiyyəsinin torpaqlarının yerquruluşu planından çıxarışdan, Masallı rayonu Sığdaş bələdiyyəsinin 23 fevral 2006-cı il tarixli qərarından və 27 fevral 2006-cı il tarixli Torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, İddiaçı bələdiyyə mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün 0,06 hektar həyətyanı torpaq sahəsinin alqı-satqı qaydasında ona satılması barədə ərizə ilə Masallı rayonu Sığdaş bələdiyyəsinə müraciət etmiş, ərizə əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin mütəxəssisləri tərəfindən yerə baxış keçirilərək iddiaçıya satılacaq Sığdaş kəndinin şimal tərəfində yerləşən, şimaldan dərə ilə, cənubdan məhəllə arası yol ilə, qərbdən Əliyev Zəfərin, şərqdən Əliyev Məzlumun həyətyanı torpaq sahələri ilə həmsərhəd olan 0,06 hektar torpaq sahəsinin alqı-satqı qaydasında satıla biləcəyi barədə rəy verilmiş, Sığdaş bələdiyyəsinin torpaqlarının yerquruluşu planından çıxarışla həmin torpaq sahəsinin sərhədləri müəyyən olunmuş, İddiaçı ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin hazırladığı yerquruluşu sənədləri nəzərə alınaraq Masallı rayonu Sığdaş bələdiyyəsinin 23 fevral 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə qeyd olunan 0,06 hektar torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin, Masallı rayonu Sığdaş bələdiyyəsinin nümayəndələrinin və İddiaçı iştirakı ilə torpaqların alqı-satqısına dair 27 fevral 2006-cı il tarixli akt tərtib olunmuş, həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 156 nömrə ilə qeydiyyata alınmış, sözügedən torpaq sahəsinin 132 manat təşkil edən dəyəri İddiaçı tərəfindən Sığdaş bələdiyyəsinin hesabına köçürülmüşdür. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən iddiaçı alqı-satqı qaydasında əldə etdiyi 0,06 hektar torpaq sahəsinin dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna səbəb kimi həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərinin qanunamüvafiq qaydada tərtib edilmədiyini, Masallı rayonu Sığdaş bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarının Masallı rayon Dövlət Arxivindən arxiv çıxarışının və ləğv olunmuş DTXK-nin Masallı rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmədiyini qeyd etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Masallı rayonu, Sığdaş kəndi ərazisində yerləşən, Masallı rayonu Sığdaş bələdiyyəsinin 23 fevral 2006-cı il tarixli, 02 saylı iclas protokolunun qərarına əsasən ev tikmək məqsədilə İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (yaşayış məntəqələrinin torpaqları və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 05 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8881 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6680/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Sığdaş kəndi ərazisində yerləşən Masallı rayonu Sığdaş bələdiyyəsinin 23 fevral 2006-ci il tarixli, 02 saylı iclas protokolunun qərarına əsasən ev tikmək məqsədilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından bu torpaq sahəsinin sənəd üzrə yerini dəqiqliklə təyin etmək mümkün olmadı. İddiaçı faktiki istifadəsində olan iddia etdiyi ərazi kimi plana alınmış 0.06 ha həyətyani torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. - Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6680/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı iddia etdiyi ərazi kimi faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin üçünçü şəxslərin mülkiyyətinə aid torpaq səhələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. - Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6680/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan iddia etdiyi 0.06 ha həyətyani torpaq sahəsinin Masallı rayonu Sığdaş kəndi Sığdaş təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (ayrıldığı zaman) və Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına (hazırda) görə bələdiyyə mülkiyyətinə aid olan kəndin perspektiv inkişaf fondu torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. - Qərardadın dördüncü sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6680/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan iddia etdiyi 0.06 ha həyətyani torpaq sahəsinin Masallı rayonu Sığdaş kəndi Sığdaş təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (ayrıldığı zaman) və Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına (hazırda) görə kateqoriyası yaşayış məntəqələrinın torpaqlarına aid olan kəndin pespektiv inkişafı üçün ayrılmış ərazinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Göründüyü kimi, Masallı rayonu Sığdaş kəndi Sığdaş təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (ayrıldığı zaman) və Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına (hazırda) görə Masallı rayonu Sığdaş bələdiyyəsinin 23 fevral 2006-ci il tarixli, 02 saylı iclas protokolunun qərarına əsasən ev tikmək məqsədilə İddiaçı satılmış 0,06 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan kəndin perspektiv inkişaf fondu torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi və həmin torpaq sahəsinin üçünçü şəxslərin mülkiyyətinə aid torpaq səhələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Torpaq sahəsinin yerləşmə sxemi mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlər, o cümlədən hüquqmüəyyənedici sənədlərlə (04 fevral 2006-cı il tarixli 48 nömrəli ödəniş qəbzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 136 nömrəli rəyi və ona əlavə edilmiş Masallı rayonu Sığdaş bələdiyyəsinin torpaqlarının yerquruluşu planından çıxarışı, Masallı rayonu Sığdaş bələdiyyəsinin 23 fevral 2006-cı il tarixli qərarı və 27 fevral 2006-cı il tarixli Torpaqların alqı-satqısına dair akt) təsdiq olunur ki, iddiaçı Əliyev X3 rayonu Sığdaş bələdiyyəsinin 23 fevral 2006-ci il tarixli, 02 saylı iclas protokolunun qərarına əsasən ev tikmək məqsədilə ona satılmış 0,06 ha torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İş üzrə təyin edilmiş ekspertizanın nəticələri iddiaçıya alqı-satqı yolu ilə satılmış 0,06 hektar torpaq sahəsinin yüklü olmamasını, hər hansı şəxsin həmin sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmamasını təsdiqləyir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqanın iddiaçıya bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qeydə alınmasına imtinasını torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərinin qanunamüvafiq qaydada tərtib edilməməsi, Masallı rayonu Sığdaş bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarının Masallı rayon Dövlət Arxivindən arxiv çıxarışının və ləğv olunmuş DTXK-nin Masallı rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməməsi ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bütün zəruri sənədlər əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə satılması, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra (hazırki iş üzrə 04 fevral 2006-cı il tarixli 48 nömrəli ödəniş qəbzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 136 nömrəli rəyi və ona əlavə edilmiş Masallı rayonu Sığdaş bələdiyyəsinin torpaqlarının yerquruluşu planından çıxarışı, Masallı rayonu Sığdaş bələdiyyəsinin 23 fevral 2006-cı il tarixli qərarı və 27 fevral 2006-cı il tarixli Torpaqların alqı-satqısına dair akt) torpaqayırma qaydasında həyata keçirilir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Məhkəmə “İddiaçı Rusiya Federasiyası vətəndaşı olması, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər” barədə cavabdeh təşkilatın gətirdiyi dəlilləri də əsassız hesab edir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 aprel 2023-cü il tarixli, ******* nömrəli şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair Arayışından görünür ki, 01 mart 1985-ci il təvəllüdlü İddiaçı 124347/m nömrəli, 20 aprel 2023-cü il tarixli müraciətinə baxılaraq, onun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrılaraq satıldığından və həmin torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Masallı rayonu Sığdaş bələdiyyəsinin 23 fevral 2006-ci il tarixli, 02 saylı iclas protokolunun qərarına əsasən ev tikmək məqsədilə satılmış 0,06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Masallı rayonu Sığdaş bələdiyyəsinin 23 fevral 2006-ci il tarixli, 02 saylı iclas protokolunun qərarına əsasən ev tikmək məqsədilə ona satılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-677/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-677/2024
23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver