Məhkəmə qərarları › İş №2-1(120)-68/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-68/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-68/2025 08.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 08 dekabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Lənkəran rayonu Siyakü kənd bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində və 32 il istifadələrində olan torpaq sahəsinə görə X5 xx.xx.2009-cu ildə Seriya MH, № ******* seriyalı və xx.xx.2018-ci ildə RX № ******* seriyalı Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi, Siyakü kənd bələdiyyəsi tərəfindən bağlanmış müqavilənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Lənkəran rayonu Siyakü kənd bələdiyyəsinin hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilməsini, iddia tələbinin dəyişdirilərək “X3 adına olan və ilkin sənəd əsası olmadan verilmiş ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışın ləğv olunması” kimi qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Lənkəran rayonu Siyakü kənd bələdiyyəsinin hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilmiş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin müvafiq sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, o, İddiaçı2 Astara rayonunun Siyakü kəndində ailəsi ilə birlikdə yaşayır. O, 1992-ci ildə Astara rayonunun “Fialetov” sovxozuna fərdi yaşayış evi tikməkdən və torpaq sahəsinin alınmasından ötrü ərizə ilə müraciət etmişdir. Sovxoz onun ailə üzvlərinin sayını nəzərə alaraq ona 6 sot torpaq sahəsi ayırmışdır. Həmin torpaq sahəsində o, 1 otaqlı və 1 eyvanlı ev tikmişdir. Ailəsini həmin evə köçürmüşdür. Orada 4 uşaq böyütmüşdür. Bir qızını oradan ər evinə köçürmüşdür. Bir qızı nişanlıdır. Həmin evdən 1 oğlunu hərbi xidmətə yola salmışdır. Bir oğlu isə anadangəlmə əlildir, həmin evdə yaşayır. Özü də 30 ildir ki o evdə yaşayır. 30 ildir ki, həmin evin kommunal xərclərini, həmin evin torpaq və evə aid olan vergisini ödəyir. Orada çoxlu meyvə ağacları əkmişdir. Həmin ağaclar hazırda meyvə verir. Onunla bir kənddə yaşayan X6 30 ildir ki, şəxsi istifadəsində olan, əkib-becərdıyi torpaq sahəsinə sahib çıxmaq üçün Astara Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə əsaslı faktlara və sübutlara əsaslanaraq torpağın ona məxsus olması haqqında qətnamə çıxarmışdır. Qarşı tərəf Astara Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsi ədalət naminə Astara Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Qarşı tərəf Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiyya şikayəti vermişdir. İş yenidən Şirvan Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Astara Rayon Məhkəməsi işlə bağlı ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 aprel 2019-cu il tarixli, 6247 saylı rəydən görünür ki, RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçı X3 mülkiyyətində olan 6,03 hektar torpaq sahəsi iddia olunan yerdə İddiaçı2 və İddiaçı1 tərəfindən istifadə edilmir. Bu faktı mütəxəssis və ekspert rəylərindən əlavə təqdim edilmiş sənədlərlə də təsdiq edir. X13 X9 09 yanvar 2019-cu ildə verdiyi arayışdan görünür ki, X7 istifadə etdiyi torpaq sahəsi X19 aiddir. X6 müxtəlif mötəbər idarə və təşkilatlara əsassız və qanunsuz ərizə və şikayətlər yazaraq, guya o, meşə torpaqlarını qanunsuz zəbt etmiş, ağacları kəsib qanunsuz ev tikmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, əlavə 4 nəfər və şikayətçinin iştirakı ilə ərazi yoxlanılmış və araşdırılmışdır. Araşdırrna zamanı aydın oldu ki, İddiaçı1 1989-cu ildə X15 ilə bağlanmış müqavilə əsasında özünün saldığı 1 hektar mandarin bağından və orada müvəqqəti sığınacaq kimi tikilmiş kiçik həcmli tikilidən istifadə edir. Bu gün mübahisə predmeti olan torpaq sahəsindən o, 32 ildir şəxsi torpağı kimi istifadə edir. Bu gün həmin torpağa sahib çıxmaq istəyən, əsassız olaraq saxta çıxarış ilə torpağı əlindən almaq istəyən X6 bu keçən 32 il ərzində harada idi? Bu müddət ərzində qarşı tərəf heç vaxt torpaq iddiasında olmamışdır. Bəs niyə o vaxt torpağa sahib çıxmamışdır? Həmin torpağın ona məxsus olması haqqında kənd bələdiyyəsində, icra nümayəndəliyində, bələdiyyələrlə iş birliyi idarəsində heç bir sənəd yoxdur. Bildirmək istəyir ki, X4 eyni torpağa görə 2 çıxarış vardır. Buradan görünür ki, bu çıxarışlar formal xarakter daşıyır. Birinci çıxarış xx.xx.2009-cu ildə Seriya MH, №-0013714 nömrəli Dövlət Reyster Xidməti tərəfindən verilmişdir. İkinci çıxarış xx.xx.2018-ci ildə RX Seriyalı, № -1424263 nömrəli çıxarışdır. Əgər bu çıxarışlar var idisə niyə o vaxt torpaq tələb etməyib? Ola bilər ki, çıxarış başqa torpaq sahəsinə verilib. Ona görə də ona məxsus torpağa çıxarış verilə bilməz. Əgər verilibsə həmin çıxarış etibarsız sayılmalıdır. Torpağın ona verilməsi barədə kənd bələdiyyəsində heç bir müqavilə yoxdur və ola bilməz. Bələdiyyə bilir ki, o torpaq 32 ildir ki, onun istifadəsindədir. Orada olan ağacları o yetişdirmişdir. Əgər müqavilə varsa həmin müqavilə məhkəmə qətnaməsi ilə ləğv edilməlidir. Bildirmək istəyir ki, hər şey ədalət naminə olmalıdır. O, bu keçən 32 il ərzində o torpaqda böyük əziyyət çəkmişdir. Əlləri bəlkə də 32 min dəfə o torpaqda qabıq töküb. O, torpağın hər qarışına onun alın təri qarışıb. Onun hər qarışında əlinin və ayağının izləri var. O, buna görə saxta sənədlərin etibarsız hesab edilməsi və ləğv olunması üçün Məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, mübahisələndirilən əmlaka dair arxiv və baza məlumatları tərəflərindən tam araşdırıldı. Hazırki iş üzrə zərurət yarandığından, tərəflərdən sayılan X3 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış’ın (Astara rayonu, Sığaloni kəndi ərazisində yerləşən, ümumi ölçüsü 6.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair) və həmin hüquqmüəyyənedici sənədin verilməsinə əsas olmuş ilkin sənədlərin təsdiqlənmiş surəti baxılmasından ötrü digər sorğunuza cavab olaraq Sizə əvvəllər təqdim olunmuşdur. Ərazi İdarəsi olaraq bildirirlər ki, mübahisələndirilən əmlaka dair tərəflərindən verilmiş yuxarıda barəsində qeyd olunan “Çıxarış” ilkin sənədlər əsasında vətəndaş X3 mülkiyyətində olan 6.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş hüquqmüəyyənedici sənəddir. Həmin “Çıxarış” tam qanunamüvafiq verilmişdir, sözügedən hüquqmüəyyənedici sənədin ləğv olunması proseduruna etiraz edirlər və lazım gələrsə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmaqla işin baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini zəruri hesab edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehin nümayəndəsi X16 gəlmiş, üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddiaçılar hazırkı tələb üzrə müvafiq subyektiv hüquqa malik olmadıqlarından iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli, 2 nömrəli qərarı ilə (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli, 258 nömrəli əmrinə əsasən) İddiaçı2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 hektar torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan 6,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli, 2 nömrəli qərarı ilə (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli, 258 nömrəli əmrinə əsasən) İddiaçı2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 hektar torpaq sahəsinin koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan 6,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - İddiaçı2 mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan 6,03 ha torpaq sahəsi hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/52 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci və dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3483/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı ilə (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) İddiaçı2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd yerləşmə həndəsi ölçüləri və s.əks olunan) inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığındam həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinin naturada koordinatları müəyyən edilmiş və həmin torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi məlum olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin xx.xx.2018-ci il tarixli, 14/761 №-li məktubunda qeyd olunanlara əsasən, İddiaçı2 faktiki istifadəsində olan fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin X19 aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Təsərrüfatı Mərkəzinin xx.xx.2019-cu il tarixli, 06 №-li məktubunda qeyd olunanlara əsasən, İddiaçı1 istifadə etdiyi torpaq sahəsinin Əsxənəkəran meşəbəyiliyinin 27-ci kvartalında yerləşdiyi və X19 aid olduğu müəyyən edilmişdir. - Qərardadın ikinci və beşinci sualları üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3483/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********92 reyestr nömrəli X1 xüsusi mülkiyyətində olan 6.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyətinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Belə ki, mövcud baza məlumatlarında araşdırma zamanı sözügedən 6.03 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqların (sərhəd yerləşmə və konfiqurasiya fərqlərin) mövcud olması, torpaq sahəsinin 1.31 ha hissəsinin dövlət meşə fondu torpaqlarına aid olması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı həmin 6.03 ha torpaq sahəsinin 0.66 ha hissəsinin İddiaçı2 faktiki istifadəsində olan fərdi yaşayış evlərinin (fərdi yaşayış evinin birinin köhnə tikili olması müəyyən olunmuş) yerləşdiyi torpaq sahəsinin üzərinə və 1.02 ha hissəsinə isə inzibati işdə adı çəkilməyən kənd sakinlərinin istifadəsində olan torpaq sahələrinin və ümumi istifadədə olan gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunmuşdur. Torpaq sahəsinin qalan hissəsinin isə X3 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. - Qərardadın üçüncü sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3483/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı ilə (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) İddiaçı2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlaırını müəyyən etmək mümkün olmadığından həmin 0.06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********92 reyestr nömrəli X1 xüsusi mülkiyyətində olan 6.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinat göstəricilərin sənədlər üzrə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı2 faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsinin koordinat göstəriciləri müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, yəni sənəd üzrə X3 mülkiyyətinə verilmiş 6,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - X3 faktiki istifadəsində olan 6,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - İddiaçı2 faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********92 reyestr nömrəli Çıxarışla, yəni sənəd üzrə X3 xüsusi mülkiyyətinə verilmiş 6.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinat göstəricilərinin üst-üstə düşüb-düşməməsi, üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - İddiaçı2 faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə X3 faktiki istifadəsində olan 6,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinat göstəricilərinin üst-üstə düşüb-düşməməsi, üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - X2 üzrə mülkiyyətinə verilmiş 6,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinat göstəriciləri ilə faktiki istifadəsində olan 6,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinat göstəricilərinin üst-üstə düşüb-düşməməsi, üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - İddiaçı2 mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan 6,03 ha torpaq sahəsi hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 16 sentyabr 2025-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2025-cu il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq mütəxəssis rəyinin təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə 07 iyul 2025-ci il tarixdə vəsatət göndərildiyi, lakin vəsatətin göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq, vəsatətdə qeyd olunan əlavə materiallarla bağlı hər hansı məlumat Mərkəzə təqdim olunmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Beləliklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/52 nömrəli ekspert rəyinə və iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3483/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı ilə (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) İddiaçı2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd yerləşmə həndəsi ölçüləri və s.əks olunan) inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığındam həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinin naturada koordinatları müəyyən edilmiş və həmin torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi məlum olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin xx.xx.2018-ci il tarixli, 14/761 №-li məktubunda qeyd olunanlara əsasən, İddiaçı2 faktiki istifadəsində olan fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin X19 aid olduğu müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Təsərrüfatı Mərkəzinin xx.xx.2019-cu il tarixli, 06 №-li məktubunda qeyd olunanlara əsasən, İddiaçı1 istifadə etdiyi torpaq sahəsinin Əsxənəkəran meşəbəyiliyinin 27-ci kvartalında yerləşdiyi və X19 aid olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı2 Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı ilə (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin konkret sərhəd yerləşmə həndəsi ölçülərini göstərən hüquqmüəyyənedici sənədlərə malik olmadığından, nəticədə həmin torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmadığından və faktiki istifadəsində olan torpaq sahəsinin məhz Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin olmasını sübuta yetirə bilmədiyindən, habelə İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsi X19 aid olduğundan, eləcə də digər İddiaçı1 heç bir hüquqmüəyyənedici sənəd olmadan istifadə etdiyi torpaq sahəsi Əsxənəkəran meşəbəyiliyinin 27-ci kvartalında yerləşməklə X19 aid olduğundan, nəhayət iddiaçıların iddia etdikləri torpaq sahələri ilə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********92 reyestr nömrəli dövlət reyestrindən X1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinat göstəricilərinin sənədlər üzrə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığından iddiaçılar hazırkı iddia tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinə dair subyektiv hüquqlarının pozulduğunu əsaslandıra bilmir və onlar öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçıların iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadıqlarından iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının nəticələrinə dair 50 manat məbləğində məhkəmə xərci mövcuddur ki, bu xərc iddianın araşdırılması nəticəsində yaranmışdır. İddia mümkün iddia olmadığından məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərci iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X8, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar