Məhkəmə qərarları › İş №2-1(120)-680/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-680/2022

05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-680/2022 05.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X1 bağlı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N sayl hərbi hissəsində həqiqi hərbi xidmət keçmiş və həmin hərbi hissənin tərkibində Tərtər və Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1994-cü il tarixdə xəsarət aldığı üçün müayinə və müalicə olunmuşdur. Aldığı xəsarətlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli, 1156 saylı qərarı ilə təsdiq edilmişdir. Mərhum həyat yoldaşı İlqar İskəndərov xx.xx.2019-cu il tarixə qədər Qarabağ müharibəsi əlillərinin qeydiyyatında olmuşdur. Həyat yoldaşı X13 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat edənə qədər müharibə veteranı və müharibə əlili kimi mənzil növbəsinə durmamışdır. İddia ərizəsinə əlavə edilən sənədlərdən də görünür ki, nə onun, nə də övladlarının mülkiyyətində heç bir torpaq sahəsi, mənzil və ya fərdi yaşayış evi yoxdur. Qanunverciliyə əsasən müharibə veteranlarının və müharibə əlillərinin güzəştli şərtlərlə mənzil almaq üçün mənzil növbəsinə götürülməsi Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları" müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddia ərizəsində göstərir ki, mərhum həyat yoldaşı X1 bağlı xx.xx.1993-cü il tarixdən xx.xx.1994cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı qüvvələrində N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmiş və həmin hərbi hissənin tərkibində Tərtər və Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1994-cü il tarixdə xəsarət aldığı üçün müayinə və müalicə olunmuş, aldığı xəsarətlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017ci il tarixli, 1156 nömrəli qərarı ilə təsdiq edilmiş, xx.xx.2019-cu il tarixə qədər Qarabağ müharibəsi əlillərinin qeydiyyatında olmuşdur.Həyat yoldaşı X7 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir, X7 vəfat edənə qədər müharibə veteranı və müharibə əlili kimi mənzil növbəsinə durmamışdır. İddiaçı tərəfindən verilmiş iddianı əsassız hesab edərək qəbul etmir. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması haqqında ilkin ərizəsinə baxılmış, Cavabdeh xx.xx.2021-ci il tarixli 1705 nömrəli məktubu ilə ona Mənzil Məcəlləsinin 51.4-cü maddəsinin tələblərinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədləri təqdim etməsi təklif olunmuş, müvafiq sənədləri təqdim etdikdən sonra məsələyə mənzil qanunvericiliyinin tələblərinə uyğun baxılacağı bildirilmişdir. Lakin İddiaçı müvafiq sənədləri təqdim etmədən yenidən ərizə ilə müraciət edərək mərhum ərinin vərəsəsi kimi yalnız güzəştli şərtlərlə (mərhum əri X5 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İİ qrup əlil olduğuna görə) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını təkidlə tələb etmişdir. İddiaçı qeyd olunan ərizəsinə Cavabdeh xx.xx.2021-ci il tarixli 2506 nömrəli məktubu ilə cavab verilmiş, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın tələblərinə əsasən yalnız yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanıldığı izah edilmiş, mərhum həyat yoldaşı X3 ikən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmadığı üçün qeyd olunan “Qayda”nın iddiaçıya şamil olunmadığı, tələb etdiyi həmin güzəştli şərtlərlə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının imkan xaricində olduğu bildirilmişdir. İddiaçı mərhum həyat yoldaşı X7 yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın tələbləri İddiaçı şamil edilmir. İddiaçı Cavabdehnə “mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iş materiallarına əlavə olunmuş: - AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən, “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarına əsasən yalnız uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda onun ailə üzvləri üçün saxlanılır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İİ qrup əlil mərhum həyat yoldaşı X5 şəhər İcra Hakimiyyətində mənzil növbəliyi qeydə alınmamışdır. Bu səbəbdən Sizin güzəştli şərtlərlə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması imkan xaricindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********96 saylı məktubuna əsasən, İddiaçı və X7 barədə 13 saylı Şirvan Ərazi idarəsində mövcud arxiv materiallarında məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikas Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin xx.xx.2021-ci il tarixli, 352 saylı məktubuna əsasən, xx.xx.1971-ci il təvəllüdlü mərhum X7 xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək keçmiş Sovet ordusunda müddətli, səfərbərliklə əlaqədar isə xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı saylı Hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Həmin hərbi hissənin tərkibində Tərtər və Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1994-cü il tarixdə xəsarət aldığı üçün Biləsuvar rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Aldığı xəsarət (diaqnoz: Başın sol təpə,sol kürək,hər iki baldır,xayalıq, sağrlı nahiyyələrinin əzilmiş-cırılmış yaraları. Qapalı kəllə-beyin travması, baş beyin sarsılması. Asteno-nevrotik hal. Burun qanaması. Yayılmış qoturluq) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli, 1156 saylı qərar ilə təsdiq edilmişdir, xx.xx.2019-cu il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi üzrə Qarabağ müharibəsi əlillərinin qeydiyyatında olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat Ofisinin 24 fevral 2021-ci il tarixli məktubuna əsasən, Şirvan şəhəri 1 saylı Notariat ofisində xx.xx.2019-cu ildə vəfat etmiş X2 adına vərəsəlik işi açılmışdır. X2 hüquqi varisləri: arvadı- İddiaçı; oğlu-X10 (xx.xx.2003-cü ildə doğulmuşdur);oğlu- X9 (xx.xx.2013-cü ildə doğulmuşdur) müəyyən olunmuşdurlar. - Şirvan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03/131 saylı arayışına əsasən, İddiaçı ünvan 1-də pasport qeydiyyatındadırlar. Şirvan Bələdiyyəsi tərəfindən onların mülkiyyətinə və icarəsinə torpaq sahəsi verilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli arayışa əsasən, İddiaçı və X6 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edlmiş elektron məlumat bazasında məlumat yoxdur. - Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, İ.İskəndərov “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2017-ci ildən beş il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcə (Diaqnoz: Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı fəsadı. Tez-tez qıcolmalar) əlillik statusuna malik olmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın 1.2.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; Həmin Qaydanın 1.2.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər nəzərdə tutulmuşdur. 2-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. Ərizə ilə birlikdə uçota alınmanı həyata keçirən orqana və ya Mərkəzə aşağıdakı sənədlər təqdim edilir: 2.2.1. təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri; 2.2.2. təmsilçilik barədə ərizə (2 nömrəli əlavə) (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir); 2.2.3. əlilliyi olan şəxsin ölümü haqqında şəhadətnamənin surəti. 2.3. Uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz tərəfindən təmsilçiyə qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuledilmə tarixi barədə qəbz verilir. Çatışmayan sənəd (sənədlər) olduqda, bu barədə qəbzdə müvafiq qeyd aparılır. 2.4. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz bu barədə təmsilçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verir və həmin çatışmazlıqlar yazılı məlumatın alındığı gündən ən geci 7 (yeddi) iş günü müddətində təmsilçi tərəfindən aradan qaldırılır. 2.5. Bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Uçota almanı həyata keçirən orqan qərarın qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq qərarın surətini təmsilçiyə təqdim edir və ya göndərir, yaxud təmsilçiyə göndərilməsi üçün Mərkəzə təqdim edir. 2.6. Uçota alınmış təmsilçinin təqdim etdiyi sənədlər əlilliyi olan şəxs uçota alınarkən onun üçün açılmış uçot işinə əlavə edilir. Göründüyü kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid ailələrinin adlı siyahısının yerli icra hakimiyyəti orqanları tərəfindən tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın 1.2-ci bəndinin özündə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yerli icra hakimiyyəti orqanları tərəfindən qeyd edilən sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kimi növbəyə alınması isə Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ilə bağlı normalarının tələblərinə uyğun şəkildə aparılır. Qeyd olunmalıdır ki, hazırda qüvvədə olan qanunvericilikdə iddiaçının mənzil növbəsinə götürülməsi üçün yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin ailə üzvü olması və növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması əsas götürülmüşdür. Belə ki, məlum olduğu kimi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməli olmasını onunla əsaslandırmışdır ki, onun mərhum əri X5 əlil olduğu üçün müharibə əlillərinin güzəştli şərtlərlə mənzil almaq üçün mənzil növbəsinə götürülməlidir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın tələbləri İddiaçı şamil edilmir, çünki həmin Qaydanın tələblərinə əsasən yalnız yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması nəzərdə tutulmuşdur. İş materiallarından aydın olmuşdur ki, iddiaçının mərhum həyat yoldaşı X3 ikən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmadığı üçün qeyd olunan “Qayda”nın əsasları iddiaçıya şamil olunmur. Məhkəmə,həmçinin cavabdehin iddiadan imtina ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən Ali Məhkəmənin qərarından da görünür ki, məhkəmə hesab etmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat edilməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz. Lakin, məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar