Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-680/2023 21.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdehnə qarşı «Ağcabədi rayon Şənlik bələdiyyəsi ərizəsində yerləşən torpaq sahəsinin verilməsinə dair qərar qəbul etmə və torpaq ayırma aktının tərtib edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdehnə qarşı «Ağcabədi rayon Şənlik bələdiyyəsi ərizəsində yerləşən torpaq sahəsinin verilməsinə dair qərar qəbul etmə və torpaq ayırma aktının tərtib edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(120)-2045/2022 nömrəli və 17 yanvar 2023-cü il tarixli, 2-1(120)-2045/2023 nömrəli məktubları ilə iddiaçı X3 hüquqi yardım edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, atası və etibarnamə üzrə nümayəmdəsi X5 hazırda istifadəsində olan Ağcabədi rayon Şənlik kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair qərar qəbul edilməsi və torpaq ayırma aktı və s. lazımı sənədlərin tərtib edilməsi ilə əlaqədar Ağcabədi rayon Şənlik bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh Şənlik kənd bələdiyyəsinin sədri Möhübbət İsmayılov həmin müraciətə 25 iyun 2022-ci ildə imtina məktubu göndərmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qeyd edilıən torpaq sahəsi ona satılmamış və 2012-ci ildə bələdiyyənin hesabına 600.00 manat pul köçürülməsinin səbəbi barədə məlumat yoxdur. Bununla əlaqədar olaraq bildirir ki, atası X5 ailələri böyük olduğundan, ona ev tikdirmək məqsədilə 2012-ci ildə Şənlik bələdiyyəsinə ərizə ilə müraciət edərək, onlara yaxın ərazidən 0,11 ha həyətyanı torpaq sahəsi ayrılmasını xahiş etmiş, atasının ərizəsi nəzərə alınmış və bələdiyyə sədri tərəfindən bələdiyyənin hesabına pul keçirilməsi bildirilmişdir. Bu səbəbdən 2012-ci ildə onun adından bank vasitəsilə Şənlik bələdiyyəsinin hesabına həyətyanı torpaq sahəsinin alqı-satqısı üçün 600 manat pul keçirilmiş və həmin pul qəbzi bələdiyyə sədri olmuş və hal-hazırda da bələdiyyə sədri olan Möhübbət İsmayılov tərəfindən qəbul edilmişdir. Hal-hazırda da həmin qəbz Şənlik bələdiyyəsində saxlanılır. Bundan sonra Şənlik bələdiyyəsinin qərarı ilə kənd ərazisindən əvvələcədən 11 sotdan bölünmüş torpaqlardan ona da 0,11 ha torpaq sahəsi ayrılmış və ona verilmişdir. Qeyd edilən torpaq sahəsi hasarlanmış vəziyyətdədir və 10 ildən artıqdır ki, torpaq sahəsi onun nəzarətində və istifadəsindədir. Lakin torpaq sahəsi ona təhvil verilən zaman bələdiyyə sədri M.İsmayılov torpağın verilməsinə dair qərarı, torpaq ayırma aktı və s. sənədləri qısa müddətdə ona təqdim edəcəyini bildirsə də sonradan həmin sənədləri gizlətmiş və beləliklə dəfələrlə tələb etsə də onları atasına verməmişdir. O, daha sonra 2012-ci ilə aid olan sənədlərin bələdiyyədə olmadığı və onları Ağcabədi rayon Dövlət Arxivinə təhvil verildiyini bildirmişdir. Qeyd edilən sənədləri əldə etmək məqsədilə Ağcabədi ASAN Xidmət Mərkəzinə mürzciət etmişdir. ASAN xidmət mərkəsi tərəfindən Ağcabədi rayon Dövlət Arxivinə sorğu göndərilmiş, lakin Şənlik bələdiyyəsi tərəfindən arxivə mühafizə üçün sənəd verilmədiyi aşkar edilmişdir. Yəni cavabdeh Şənlik bələdiyyəsi ona torpaq sahəsi verilməsinə dair qərar və aktı məqsədli şəkildə yox etmişdir və arxivə verməmişdir. Onun bələdiyyəyə hazırkı müraciətindən sonra isə bələdiyyə sədri istifadəsində olan torpaq sahəsinin verilməsinə 8000 manat manat pul ödəməklə torpaq sahəsini əldə edə biləcəyini bildirir. Lakin qəbzdən də görünür ki, o, 2012-ci ildə qeyd edilən torpaq sahəsinin pulunu ödəmişdir. Həmçinin bildirir ki, ödədiyi 600 manat pul bələdiyyə torpağının 2012-ci ildəki satış məbləğini ödəməsə belə o, həmin ildəki satış pulunu da ödəməyə razıdır. Bu barədə bələdiyyə sədrinə öz fikrini bildirmişdir. Lakin bələdiyyə sədri onun torpağa görə ödədiyi 600 manat pulun heç bir əhəmiyyətinin olmadığını, torpağı yalnız onun məktubda qeyd etdiyi prosedur əsasında əldə edə biləcəyini bildirmişdir. Qeyd edir ki, Şənlik bəılədiyyəsi tərəfindən ona verilmiş 0,11 ha torpaq sahəsindən başqa heç bir həyətyanı torpaq sahəsi almamışdır və həmin torpaq sahəsi onun adına ayrılmiş yeganə torpaq sahəsidir. O, doğulduğu gündən hal-hazıra kimi Şənlik kəndində qeydiyyatda olmaqla yaşayır, özü ailələsi və həmin torpaqda ev tikdirmək istəyir. Ağcabədi rayon Şənlik kəndində yerləşən ümumi sahəsi 0,11 ha olan torpaq sahəsinin ona bələdiyyə sədri tərəfindən verilməsini şahidir və təsdiq edə bilərlər. Ona görə də cavabdehin hərəkətinin qanunsuz olduğunu düşünür və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağcabədi rayon Şənlik kəndi ərazisində yerləşən ümumi sahəsi 0,11 ha olan torpaq sahəsinin ona verilməsinə dair qərar qəbul etmə və torpaq ayırma aktının tərtib edilmə öhtəliyinin Ağcabədi rayon Şənlik bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı X6 və Cavabdeh nümayəndəsi X1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı X6 və Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçı X6 izah olunanların ona aydın olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən Cavabdeh nümayəndəsi X1 iddianın əsassız olduğunu bildirərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Başqa sözlə desək, iddiaçı Ağcabədi rayon Şənlik bələdiyyəsi ərizəsində yerləşən torpaq sahəsinin verilməsinə dair qərar qəbul edilməsini istəyir ki, bu qərarın verilməsini məhkəməyə təqdim etdiyi 2012-ci il tarixli 600 manat məbləğində olan qəbzlə əsaslandırır. Lakin qeyd edilən qəbzin hansı məqsədlə ödənildiyi, bələdiyyə ilə iddiaçı arasında torpaq alqı-satqısına dair hansı sənədlərin olduğu məyyən olunmur və tərəflər qeyd edilən sənədləri məhkəməyə təqdim edə bilmir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 15 mart 2002-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Müvafiq müraciətin forması qannvericilikdə aydın şəkildə ifadə olunmuşdur. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşutəsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Məhkəmə araşdırması zamanı qeyd edilən qanunvericiliyin tələblərinə uyğun inzibati icraatın aparılmadığı və iddiaçı tərəfindən ilkin prosedur hərəkət kimi 2012-ci il tarixli ərizə ilə bələdiyyəyə müraciət edilməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 29 iyul 2022-ci il tarixli, 2-1(120)-2045/2022 nömrəli və 17 yanvar 2023-cü il tarixli, 2-1(120)-2045/2023 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X2 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı X2 Cavabdehnə qarşı «Ağcabədi rayon Şənlik bələdiyyəsi ərizəsində yerləşən torpaq sahəsinin verilməsinə dair qərar qəbul etmə və torpaq ayırma aktının tərtib edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-680/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-680/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver