Məhkəmə qərarları › İş №2-1(120)-684/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-684/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-684/2022 02.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «03.12.1971-ci il tarixli, 47 saylı ölüm haqqında akt qeydinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 02 mart 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayon Hindarx qəsəbə icra nümayəndəliyində 03.12.1971-ci il tarixdə aparılmış 47 saylı ölüm haqqında akt qeydinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuşdur. X1, anası X11r. O, uşaqlıq illərini Ağcabədi rayonu, Hindarx kəndində keçirmiş və orada qeydiyyatda olmaqla, həmin kənddə orta məktəbə də getmişdir. Ağcabədi rayonu, Hindarx qəsəbəsində Qaraş Əliyev adına 3 saylı ümumi orta məktəbində müəllimə işləyir. Həmin məktəbdə əmək müqaviləsinin müddətini artıran vaxt məlum olmuşdur ki, onun adına 1971-ci il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə icra nümayəndəliyində ölüm haqqında akt qeydiyyatı aparılıbdır. Onun haqqında aparılmış ölüm haqqında akt qeydinin olması onun vətəndaş kimi ona aid digər sənədlərinin də əldə edilməsi və ona məxsus hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı göstərilənlərə və İPM-in 2.2.5-ci maddəsinə əsaslanaraq, Ağcabədi rayon Hindarx qəsəbə icra nümayəndəliyində 03.12.1971-ci il tarixdə aparılmış 47 saylı ölüm haqqında akt qeydinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı barəsində 03.12.1971-ci il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 47 saylı ölüm haqqında akt qeydinin ləğv olunması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 24.11.2021-ci il tarixli, 05/76-1137/11 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, 03.12.1971-ci il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 47 saylı ölüm haqqında akt qeydi tərtib edilmiş, lakin vətəndaş 24.11.2021-ci il tarixdə AA223597 seriyalı şəxsiyyət vəsiqəsini təqdim edərək, onun barəsində Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 47 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bununla bağlı izah edirlər ki, kifayət qədər əsaslar olmadığı üçün barənizdə 03.12.1971-ci il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 47 saylı ölüm haqqında akt qeydinin ləğv olunması rayon şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər (maddə 36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (maddə 36.2). Müəyyən etmə və ya haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddət ərzində həll edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (maddə 36.3). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. İş materiallarında olan Ağcabədi rayon Hindarx kənd soveti tərəfindən tərtib olunmuş 03 may 1963-cü il tarixli, 65 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, akt qeydinin ata qrafasında X7, ana qrafasında anası X15 yazılmışdır. İş materiallarında olan Ağcabədi rayon Hindarx kənd soveti tərəfindən verilmiş AЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Ağcabədi rayon Hindarx kəndində doğulmuş, ata qrafasında X7, ana qrafasında X15 yazılmışdır. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin məhkəməyə ünvanlanmış 23.12.2021-cü il tarixli, 05/2-11802/13 nömrəli məktubuna əlavə edilmiş 47 nömrəli, 03.12.1971-ci il tarixli Ölüm haqqında Akt qeydinin surətindən görünür ki, İddiaçı 28.08.1971-ci ildə “ürəyin fəaliyyətdən düşməsi” səbəbindən Kəlbəcər rayonunda (Yaylaqda) vəfat etmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin məhkəməyə ünvanlanmış 23.12.2021-cü il tarixli, 05/2-11802/13 nömrəli məktubunda göstərilmişdir ki, araşdırma nəticəsində xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ölümünün 03.12.1971-ci ildə Ağcabədi rayon Hindarx kənd icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. İş materillarında olan Ağcabədi Rayon İHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25.11.2021-ci il tarixli, 547 saylı arayışından görünür ki, Ağcabədi rayon Hindarx qəsəbə sakini İddiaçı hal-hazırda Hindarx qəsəbəsində yaşayır. İş materillarında olan Ağcabədi Rayon İHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18.01.2022-ci il tarixli, 18 saylı arayışından görünür ki, Ağcabədi rayon Hindarx qəsəbə sakini İddiaçı aşağıda göstərilən tərkibdə ailə üzvləri olmuşdur: atası-1937-ci il təvəllüdlü X7 (29.03.2013-cü ildə vəfat edib); anası-1936-cı il təvəllüdlü X15 (26.05.1997-ci ildə vəfat edib); qardaşı-1956-cı il təvəllüdlü X5 (08.09.2010-cu ildə vəfat edib); özü-1962-ci il təvəllüdlü İddiaçı; bacısı-1964-cü il təvəllüdlü X3; bacısı-1966-cı il təvəllüdül X6; qardaşı-1969-cu il təvəllüdlü X8; qardaşı-1971-ci il təvəllüdlü X12; qardaşı- 1973-cü il təvəllüdlü X2; qardaşı-1975-ci il təvəllüdlü X4; qardaşı-1978-ci il təvəllüdlü X9 (14.02.2014-cü ildə vəfat edib). İş materillarında olan ЦВ № 836286 saylı, 02.12.1991-ci il tarixli Diplomun surətindən görünür ki, İddiaçı 1986-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş və 1991-ci ildə Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Aqrar Universitetinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 11.02.2022-ci il tarixli, MİHO/1.2.15-2- 2022-69 saylı məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. İş materillarında olan Azərbaycan Dövlət Aqrar Universitetinin məhkəməyə ünvanlanmış 11.02.2022-ci il tarixli, MİHO/1.2.15-2-2022-69 saylı məktubuna əlavə edilmiş 09.02.2022-ci il tarixli, 12/22 saylı Arxiv Arayışından görünür ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (əvvəllər Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1991-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universiteti) arxivində saxlanılan sənədlərə müvafiq olaraq, İddiaçı həqiqətən 1986-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “iqtisadiyyat və təşkili” ixtisası üzrə qiyabi təhsil formasının birinci kursuna qəbul olmuş (əmr № 238, 26.03.1086-cı il) və 1991-ci ildə həmin ixtisasın qiyabi təhsil formasını bitirmişdir (əmr № 1009, 02.12.1991-ci il). Dövlət İmtahan Komissiyasının 23 noyabr 1991-ci il tarixli (protokol № 4) qərarına əsasən ЦВ № 836286 seriyalı adi diplom verilmişdir (qeydiyyat nömrəsi 237014). İş materillarında olan № 007226 saylı, 06.08.2002-ci il tarixli Diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının yenidənhazırlanma kursuna 02 yanvar 2002-ci ildə daxil olmuş və 20 iyul 2002-ci ildə “Riyaziyyat və informatika” ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirmişdir. İş materiallarında olan Ağcabədi rayonu Q.Əliyev adına Hindarx qəsəbə 3 saylı ümumi orta məktəbin 12.02.2020-ci il tarixli, 236 saylı Arayışından görünür ki, İddiaçı həqiqətən Ağcabədi rayonu Q.Əliyev adına Hindarx qəsəbə 3 saylı ümumi orta məktəbində 17.10.2005-ci ildən hal-hazır kimi riyaziyyat və informatika müəllimi işləyir. Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 446 nömrəli 17.08.2006-cı il tarixli Fərmanı ilə (1.6-cı bənd) hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları əsasında hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələri yaradılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsasnamənin 1-ci bölməsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: - (maddə 65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; - (maddə 65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; - (maddə 65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; - (maddə 65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; - (maddə 65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; - (maddə 65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşdə olan sübutlar əsasında müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə Ağcabədi rayon Hindarx kəndində anadan olmuş, orta məktəbi həmin kənddə oxuyub qurtardıqdan sonra, 1986-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “iqtisadiyyat və təşkili” ixtisası üzrə qiyabi təhsil formasının birinci kursuna qəbul olmuş, 1991-ci ildə həmin ixtisasın qiyabi təhsil formasını bitirmiş, həmçinin 02 yanvar 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının yenidənhazırlanma kursuna daxil olmuş və 20 iyul 2002-ci ildə “Riyaziyyat və informatika” ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirmiş, hal-hazırda Ağcabədi rayonu Q.Əliyev adına Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayır və Ağcabədi rayonu Q.Əliyev adına Hindarx qəsəbə 3 saylı ümumi orta məktəbində 17.10.2005-ci ildən hal-hazır kimi riyaziyyat və informatika müəlimi işləyir. Belə olan halda, İddiaçı ölümünün 03.12.1971-ci ildə Ağcabədi rayon Hindarx kənd icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmasına dair 47 saylı ölüm haqqında akt qeydi iddiaçının mülki hüquqlarına və manefələrinə uyğun gəlməyən hal kimi qiymətləndirilməsinə əsas verir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Ağcabədi rayon Hindarx kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1962-ci il tarixdə doğulmuş İddiaçı adına tərtib edilmiş 03.12.1971-ci il tarixli, 47 saylı ölüm haqqında akt qeydi etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62.3-cü, 69-cu, 75-ci, 78-79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Ağcabədi rayon Hindarx kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1962-ci il tarixdə doğulmuş İddiaçı adına tərtib edilmiş 03.12.1971-ci il tarixli, 47 saylı ölüm haqqında akt qeydi etibarsız sayılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar