Məhkəmə qərarları › İş №2-1(120)-686/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-686/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-686/2021 06.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı JN- 1264A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək “X21” adının şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1264A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək “X21” adının şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən iddiaçının mülkiyyətində olan 0,05 ha həyətyanı torpaq sahəsinə 28.03.2006-cı il tarixdə JN-1264A nömrəli şəhadətnamə tərtib edilmiş və 925 nömrə ilə kitabda qeyd edilmişdir. Şəhadətnamədə iddiaçının adından başqa tanımadığı X9 adı qeyd edildiyindən iddiaçı cavabdeh orqana müraciət edərək X10 adının şəhadətnamədən çıxarılmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh orqanın 02.02.2021-ci il tarixli **********3 nömrəli imtina məktubunda iddiaçıya şəhadətnamədə mülkiyyətçi adının çıxarılması ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsi, X16, X18, X19, X22 və X20 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsinin, X2, X4, X5, X11 və X6 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19.04.1999-cu il tarixli 027 nömrəli qərarı ilə ailə üzvləri kimi ona, arvadı X7, oğlu X17, X12, qızı X13 və oğlu X14 JN 1264A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Masallı şəhərində 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin qeyd edilən torpaq sahəsi onlara verilərkən torpaq sənədlərində texniki səhv nəticəsində onların ailə üzv olmayan və heç vaxt belə adda övladı olmayan X21 adlı şəxsin adı da şəhadətnamədə qeyd edilmişdir. Halbu ki onun bu adda uşağı olmamışdır. Ailə üzvləri kimi ona Masallı şəhərində həyətyanı torpaq sahəsi verilsə də, müəyyən sənədləşmə işlərini aparmaq üçün “Asan” xidmətin notariat kontoruna müraciət etmiş, həmin şəhadətnamədə qeyd edilən şəxslərin adlı siyahısında tanımadığı şəxs olduğundan notariat kontorunda sənədləşmə edə bilməmiş və DƏDRX-in 8 saylı ərazi idarəsi həmin şəhadətnamənin adlı siyahısında texniki səhv nəticəsində yazılmış X10 adının çıxarılmaqla adlı siyahıya düzəlişin edilməsini bildirdiyində, ona bildirilmişdir ki, islahat vaxtı verilən torpaq sahəsidir və sistemdə həmin adamın adı qeyd edildiyindən həmin şəxsin adını çıxarmaqla adlı siyahıya düəzliş edə bilməzlər. Bununla bağlı ona məktubda verərək düzəliş aparılmasından imtina etdilər, lakin məktubda düzəliş aparılmasının onların idarələrinə heç aid olmadığını qeyd etmişlər. Ailə üzvü olmayan və tanımadığı şəxs olan X10 adının texniki səhv nəticəsində şəhadətnamənin adlı siyahsında adı olduğundan dövlət idarələrində hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı JN-1264A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək “X21” adının şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan JN-1264A KOD 80501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19.04.1999-cu il tarixli, 027 nömrəli qərarına əsasən 0,05 ha həyətyanı torpaq sahəsi İddiaçı, onun ailə üzvləri X1, X15, X10, X3, X8 və X6 mülkiyyətinə verilmiş və kitabda 925 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Masallı rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 14.01.2005-ci il tarixdə təsdiq edilmiş Masallı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 1264-cü sırasında 7 nəfərdən ibarət ailə tərkibində İddiaçı, X1, X15, X10, X3, X8 və X6 adları və onların qanuni istifadəsində 0,04 ha həyətyanı sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Masallı rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli, 2(050)- 1150/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19.04.1999-cu il tarixli, 027 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0,05 hektar torpaq sahəsinin verilməsinə dair JN1264A, kod 80501004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X7, X13, X12, X17 və X14 məxsus olması faktı müəyyən edilmişdir. Qeyd olunan qətnamə 05.12. 2020-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 24.02.2020-ci il tarixli, 396 nömrəli arayışından görünür ki, İddiaçı X21 adlı övladı yoxdur. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin 27.02.2020-ci il tarixli, 568/5 nömrəli arayışından görünür ki, X21 haqqında Masallı rayon Qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 12.03.2021-ci il tarixli, 111 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı şəhər sakini İddiaçı X21 adlı övladı yoxdur və Masallı şəhər ərazisində X21 adlı şəxs qeydiyyatda yoxdur və yaşamır. Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 27.02.2020-ci il tarixdə İddiaçı verilmiş 650 nömrəli arayış ev təsərrüfatlarının uçotu kitabına əsasən verilmişdir. İş materiallarında olan Masallı rayon Polis şöbəsinin 05.03.2021-ci il tarixli, 156- 7739-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, X10 qeydiyyatı barədə Masallı RPŞ-nin kartotekasında məlumat aşkarlanmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi İddiaçı X21 adlı övladı olmamış, X21 haqqında Masallı rayon Qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar edilməmiş və Masallı şəhər ərazisində X21 adlı şəxs qeydiyyatda yoxdur və yaşamır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə JN- 1264A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək “X21” adının şəhadətnamədən çıxarılması öhdəliyi qoyulmalıdır. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin üzərinə 1264A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək “X21” adının şəhadətnamədən çıxarılması öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar