Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-691/2022 01.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı1 vəkili İddiaçı2 iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı «Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamının ləğv edilməsi» tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdehnə və Sabirabad “Asan xidmət” Mərkəzinə qarşı “sərəncamın və doğum haqqında şəhadətnamənin ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(120)-691/2022 nömrəli qərardadı ilə iddiaçının və Cavabdeh olduğu kimi saxlanılması, Sabirabad “Asan xidmət” Mərkəzinin cavabdeh sırasından çıxarılması, iddia tələbinə “Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamın ləğv edilməsi” kimi baxılması, Sabirabad “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin və X1 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X2 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nigahından xx.xx.2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailədə olan söz-söhbətlər səbəbindən nigahları Sabirabad rayon məhkəməsinin 2(056)-197/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il tarixli, 184 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, övladı Ugur Babayevin saxlanılması üçün hər ay ondan sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment alınması qət edilmişdir. Aliment pulunu hər ay vaxtlı-vaxtında ödəməsinə baxmayaraq qarşı tərəf övladı ilə onun ünsiyyət saxlamasına maneələr törətdiyi üçün məcbur qalıb pozulmuş hüquqlarının müdafiəsi üçün “uşaqla ünsiyyət hüququnun verilməsi” iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sabirabad rayon Məhkəməsinin 2(056)-1471/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, ona övladı Ugur Babayev ilə anasının iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan 14:00-dək görüş vaxtı müəyyən edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1965/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, ona görüş vaxtının ananın iştirakı olmadan verilməsi qət edilmişdir. Üçüncü şəxs X2 ərizə verərək qanunsuz olaraq uşağın soyadını dəyişmişdir. Bu barədə yaxın müddətlərdə xəbər tutmuş və xəbər tutan kimi də araşdırma aparmışdır ki, uşağın soyadı hansı sənədlər əsasında dəyişdirilib. Uşağın soyadının qanunsuz dəyişdirildiyini bilən kimi, dərhal Azərbaycan Respublikası Baş Prokurorluğunun qaynar xəttinə müraciət etmiş və bu məsələ ilə bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin rədd edilməsi barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul olunmuşdur. Həmin qərarda qeyd edilir ki, Ailə Məcəlləsinin 54.1 və 54.2-ci maddələrinin tələbləri pozularaq, onun razılığı olmadan qanunsuz olaraq övladı Ugur Babayevin soyadı “Məmmədzadə” soyadına Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi əsasında Cavabdeh Başçısının 31 may 2021-ci il tarixli, 61 nömrəli Sərəncamı əsasında dəyişdirilmişdir. Həmin Sərəncam əsasında da, Sabirabad “Asan xidmət” Mərkəzində övladına yeni doğum haqqında şəhadətnamə verilmiş və övladının soyadı “Babayev” soyadından “Məmmədzadə” soyadına dəyişdirilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh Başçısının 31 may 2021 -ci il tarixli, 61 nömrəli Sərəncamının ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkilinin izahatında bildirmişdir ki, cavabdeh öz səlahiyyətinə aid olmayan qərar qəbul etmiş, iddiaçının ata kimi hüquqları pozulmuş, iddiaçıya xəbər vermədən, onun məlumatı olmadan övladının soyadı dəyişdirilmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. İşə iddiaçının AZE ******** saylı ş/v-nin surəti, Sabirabad rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(056)-197/2020 nömrəli qətnaməsinin surəti, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1965/2021 nömrəli qətnaməsinin surəti, Sabirabad rayon Prokurorluğunun 15 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surəti əlavə olunmuşdur. Həmçinin məhkəmənin sorğusu əsasında Sabirabad “Asan xidmət” Mərkəzinin xx.xx.2022-ci il tarixli, 05/181-76 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Cavabdeh xx.xx.2022-ci il tarixli, 4/453 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Sabirabad “Asan xidmət” Mərkəzinin xx.xx.2022-ci il tarixli, 05/364-76 nömrəli məktubunun, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1965/2021 nömrəli məktubunun, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 1/3495 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh, üçüncü şəxslər Sabirabad “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi və X3 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə Cavabdeh, üçüncü şəxslər Sabirabad “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsinin və X1 iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mükünlüyü: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 dekabr 2015-ci il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Prosessual Məcəllənin göstərilən normalarını nəzərə alaraq hesab edir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. İPM-də iddiaçının “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş mənada etibarsız hesab etdiyi inzibati aktdan şikayət verməsi üçün bir neçə imkan nəzərdə tutulmuşdur. O, inzibati akta qarşı mübahisələndirmə haqqında iddia, yaxud onun etibarsızlığının tanınmasına dair iddia qaldıra bilər. Bu iki imkan arasındahəlledici fərq ondan ibarətdir ki, mübahisələndirmə haqqında iddia uğurlu olacağı təqdirdə müvafiq inzibati akt ləğv olunur. Sözügedən qayda etibarsız inzibati aktlara münasibətdə də şamil olunur. Belə hallarla bağlı çıxarılan məhkəmə qərarının əsaslandırıcı hissəsində məhkəmə inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş mənada, ümumiyyətlə, etibarlı olub-olmaması məsələsinə də toxunacaqdır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Konstitusiya Məhkəməsinin də qeyd etdiyi kimi, İPM-in 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İPM-də öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olubolmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (sərəncamını) xx.xx.2021-ci il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada maraqlı tərəf kimi iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. İddia əsaslıdır. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-54.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarıhəyata keçirməsi müəyyən edilmişdir. İş materiallarında olan sənədlərdən müəyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının (uşağın atasının) olduğu yeri müəyyənləşdirməsinin mümkün olmamasına, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayınmasına dair hər hansı araşdırma aparmadan və bir valideyin kimi iddiaçının razılığı olmadan hazırda mübahisələndirlən inzibati aktı qəbul etmişdir. Eyni zamanda iddiaçı valideynlik hüquqlarından məhrum edilməmiş və fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, uşağın soyadının dəyişdirlməsi zamanı buna səlahiyyətli olan orqan uşağın digər valideyinin (hazırki halda iddiaçının) rəyini nəzərə almaq məcburiyyətində olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə Yerli icra hakimiyyətləri başçılarının uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilməsi səlahiyyəti qeyd olunmamışdır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəıi olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3.) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. (65.1.4.) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5.) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6.) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə müvafiq olaraq etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati akt qəbul etmiş inzibati orqan bu qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirməkimkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-691/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-691/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver