Məhkəmə qərarları › İş №2-1(120)-692/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-692/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-692/2020 19.08.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 (Bakı şəhəri, Səbail rayonu, Mərdanov qar. küçəsi, ev 6, mənzil 24-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka əmlakı ilə təmin edilmiş öhdəliyinin yerinə yetirildiyini, girov saxlayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatının razılığını nəzərə alaraq mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 96 kv.m yaşayış, 35,7 kv.m köməkçi sahədən ibarət yaşayış evini ipoteka yüklülüyündən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2-1(120)-692/2020 nömrəli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 30 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixli, MH №0002318 seriyalı, ********** qeydiyyatlı, **********34-10301 reyestr nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 96 kv.m yaşayış, 35,7 kv.m köməkçi sahədən ibarət yaşayış evi İKA MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ona məxsus ipoteka əmlakı ilə təmin edilmiş öhdəlik yerinə yetirildiyinə görə əmlakının yüklülükdən azad edilməsi üçün İKA MMC-yə müraciət etmişdir. Həmin təşkilat tərəfindən ona əmlakının yüklülüyündən azad olunması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə müraciət edildiyi bildirilmişdir. Əmlakın girovdan azad olunması ilə bağlı tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə rəsmi qaydada məktubla müraciət etməsinə bağmayaraq ona aid əmlakın yüklülükdən azad olunmasından imtina edilmişdir. O, ipoteka müqaviləsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatları Kreditləri üzrə Dövlət Agentliyi ilə deyil, İKA MMC ilə bağlamış və həmin müqavilədə ona aid girov əmlakının yüklülükdən azad olunmasının hansısa təşkilatın razılığı əsasında baş tutacağı haqda heç bir müddəa qoyulmamış və ya adı çəkilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatları Kreditləri üzrə Dövlət Agentliyinin razılığı ilə şərtləndirilməmişdir. Hesab edir ki, belə əsaslarla onun əmlakının yüklülükdən azad olunmaması kobud qanun pozuntusudur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin onun əmlakının yüklülükdən azad olunmasına imtinası onun vətəndaş kimi əmlak üzərində olan mülkiyyət hüququna birbaşa ziddir. Əgər ipoteka əmlakı ilə təmin edilmiş öhdəlik yerinə yetirilibsə və girov saxlayan əmlakın yüklülükdən azad olunmasına etiraz etmədiyini yazılı şəkildə bəyan edirsə hesab edir ki, Ərazi İdarəsinin imtinası əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən iddanın təmin olunması məhkəmədən xahiş olunmuşdur. İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 30 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixli, MH №0002318 seriyalı, ********** qeydiyyatlı, **********34-10301 reyestr nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 96 kv.m yaşayış, 35,7 kv.m köməkçi sahədən ibarət yaşayış evi İKA MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə ki, halhazırda İddiaçı əmlakına görə öhdəlik tam yerinə yetirildiyinə görə ona məxsus olan əmlakın ipoteka yüklülüyündən azad olunmasını mümkün hesab edirlər. İddianın təmin olunmasına etiraz etmir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Beyləqan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə inzibati orqana eyni məzmunlu tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı ipoteka əmlakı ilə təmin edilmiş öhdəliyinin yerinə yetirildiyini, girov saxlayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatının razılığını nəzərə alaraq mülkiyyətindəki ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 96 kv.m yaşayış, 35,7 kv.m köməkçi sahədən ibarət yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi ilə müvafiq qeydiyyatın aparılmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan xx.xx.2012-ci il tarixli 30/6 nömrəli ipoteka müqaviləsi ilə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə alınan krediti öz üzvlərinin sahibkarlıq fəaliyyətinə yönəltmək məqsədilə 36 ay müddətinə, illik 10,25 faizlə, 270.000 manat məbləğində kredit xətti açmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 30/6 nömrəli ipoteka müqaviləsi ilə müəyyən olunur ki, ipoteka predmeti xx.xx.2008-ci il tarixli, MH №0002318 seriyalı, ********** qeydiyyatlı, **********34-10301 reyestr nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 96 kv.m yaşayış, 35,7 kv.m köməkçi sahədən ibarət yaşayış evindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, **********40 nömrəli məktubda qeyd edilmişdir ki, sizin İddiaçı adına 26 Yanvar 2008-ci il tarixli ********** qeydiyyat nömrəli fərdi yaşayış evinin girovdan azad olması barədə müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır.Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan daşınmaz əmlaklar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri Dövlət Agentliyinin xx.xx.2015-ci il tarixli 29/02-065 nömrəli məktubu əsasında daşınmaz əmlaklar üzərində hər hansısa bir əməliyyatın aparılmasına qadağa qoyulduğundan - Kənd Təsərrüfatı Kreditləri Dövlət Agentliyinin razılıq məktubu ilə birgə müraciət olunması zərurəti yaranmışdır.Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir.Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri Dövlət Agentliyinin razılıq məktubu ilə birgə təkrar müraciət ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.Məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyyə edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 24 aprel 2020-ci il tarixli, 22/01/05-864 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Səttar oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “ipoteka ilə yüklü edilmiş evin ipotekadan azad edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Kredit şöbəsində araşdırma aparılaraq müəyyən olundu ki, "xxxx" (İKA) MMC Bank Olmayan Kredit Təşkilatı 2015-ci ilin son aylarından dövlət büdcəsinə vəsait ödəməmiş və İddiaçı Səttar oğlu ilə bağlı Agentliyə borcun ödənilməsi barədə heç bir məlumat İKA tərəfindən daxil olmamışdır. Bu səbəbdən xahiş edirik ki, "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatı tərəfindən vəsait ödənilənə qədər mübahisəli mənzil üzərindən yüklülük götürülməsin. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatının Beyləqan rayon Dövlət Notariat Kontoruna ünvanladığı 19 noyabr 2019-cu il tarixli, 947 saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında imzalanmış 11 iyul 2012-ci il tarixli, 30 saylı kredit müqaviləsinin təminatı kimi qeydə alınmış və 11 iyul 2012-ci il tarixli 30/6 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı məxsus olan Beyləqan şəhəri, Məşədi Əzizbəyov küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 96.0 kv.m yaşayış, 35.7 kv.m, köməkçi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinin (reyestr № **********34-10301) yüklülükdən azad edilməsini Sizdən xahiş edirik. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə ünvanladığı 19 noyabr 2019-cu il tarixli, 948 saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında imzalanmış 11 iyul 2012-ci il tarixli 30 saylı kredit müqaviləsinin təminatı kimi qeydə alınmış və 11 iyul 2012-ci il tarixli 30/6 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı məxsus olan Beyləqan şəhəri, Məşədi Əzizbəyov küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 96,0 kv.m yaşayış, 35,7 kv.m. köməkçi sahədən İbarət 59 nömrəli fərdi yaşayış evinin (reyestr № **********34-103011 yüklülükdən azad edilməsini və əmlaka aid təşkilatımız tərəfindən qoyulmuş məhdudiyyətləri, o cümlədən ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişinin ləğv edilməsini xahiş edirik. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beyləqan rayon Dövlət Notariat Kontoruna ünvanladığı 19 noyabr 2019-cu il tarixli, 947 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında imzalanmış 11 iyul 2012-ei i! tarixli, 30 saylı kredit müqaviləsinin təminatı kimi qeydə alınmış və 11 iyul 2012-ci ü tarixli 30/6 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı məxsus olan Beyləqan şəhəri, Məşədi Əzizbəyov küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 96.0 kv.m yaşayış, 35.7 kv.m. köməkçi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evinin (reyestr №: **********34-10301) yüklüİükdən azad edilməsini Sizdən xahiş edirik. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatına ünvanladığı 04 noyabr 2019-cu il tarixli, 184 saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin rəhbərliyi yazaraq Sizə bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 11 iyul 2012-cu il tarixli 30 saylı kredit müqaviləsi üzrə borc öhdəliyi götürmüş İddiaçı və 26 oktyabr 2009-cu il tarixli 18 saylı kredit müqaviləsi üzrə borc öhdəliyi götürmüş X4 borc öhdəliyini tam yerinə yetirərək qurtarmışdır. Ona görə də Sizdən xahiş edirik ki, həmin kredit müqaviləsi üzrə bağlanmış 30/6 saylı ipoteka müqaviləsinin sahibi Tofiq Səttər oglu Namazova məxsus olan Beyləqan şəhəri, M.Əzizbəyov küçəsi ünvanda yerləşən yaşayış evini və 18-4 saylı müqavilə üzrə girov qoyulmuş X3 məxsus olan Sarı-su kəndində yerləşən 8,20 ha torpaq sahəsini yüklülükdən və girovluqdan azad etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan rayon Ərazi idarəsinə, Beyləqan rayonu 1 saylı Dövlət Notariat Kontoruna müvafiq məktub göndərilməsini xahiş edirik. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatının məhkəməyə ünvanladığı 12 mart 2020-ci il tarixli, 149 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı Səttar oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı mülkiyyətində olan Beyləqan şəhəri, M.Əzizbəyov küçəsi, 59 №-li evin ipoteka yüklülüyündən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı (İKA MMC) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Sizin 11 fevral 2020-ci il tarixli 2-1(120)-692/2020 №-li sorğunuzla bağlı bildiririk ki, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-cu il tarixli 30 №-li kredit müqaviləsi üzrə öhdəliklərin təminatlarında biri kimi İddiaçı Səttar oğlu onunla bağlanmış xx.xx.2012-cu il tarixli 30/1 №-li ipoteka müqaviləsinə əsasən özünə məxsus olan Beyləqan şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 59 №-li fərdi yaşayış evini İKA MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. "xxxx" MMC tərəfindən adı çəkilən kredit müqaviləsi üzrə kredit öhdəliyi tam yerinə yetirilmiş və bu səbəbdən də girovsaxlayan kimi tərəfimizdən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yüklülükdən azad edilməli olan İddiaçı Səttar oğluna məxsus olan ipoteka əmlakının ipoteka yüklülüyündən azad edilməsi qərara alınmışdır. Eyni zamanda "xxxx" MMC tərəfindən İddiaçı Səttar oğlunun kredit borcu olmadığı barədə 04 noyabr 2019-cu il tarixli 184 №-li məktubla "İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatına müraciət edilərək onun tərəfindən kredit verilmiş İddiaçı Səttar oğlunun öz növbəsində aldığı kredit üzrə heç bir borc öhdəliyinin qalmadığını bildirərək ona məxsus olan ipoteka əmlakının ipoteka yüklülüyündən azad olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə müraciət edilməsini xahiş edilmişdir. Qeyd olunan əsaslarla İddiaçı Səttar oğluna məxsus Beyləqan şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 59 №-li fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad olunması üçün tərəfimizdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə və Beyləqan Rayon Dövlət Notariat Kontoruna müraciət edilmişdir. Göründüyü kimi, bağlanılan kredit və ipoteka müqavilələri “kredit verən” və “girovsaxlayan” "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı, borcalan "xxxx" MMC və girovqoyan İddiaçı Səttar oğlu arasında bağlanılmışdır və bu müqavilələrdə adı çəkilən şəxslərdən başqa digər şəxslər iştirak etməmişdir. Onu da qeyd etmək istərdik ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin belə məntiqdənkənar mövqeyi birinci deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********00 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı Səttar oğlunun Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı fərdi yaşayış evininn yüklülükdən azad edilməsi barədə iddiasına baxılmışdır. İcraatınızda olan işlə əlaqədar olaraq bildiririk ki, iddaçı İddiaçı Səttar oğlunun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi hazırda tərəflər arasında bağlanmış ipoteka müqaviləsi əsasında "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri Dövlət Agentliyinin xx.xx.2015-ci il tarixli 29/02-065 nömrəli məktub göndərilərək məktubda adları qeyd edilən şəxslərin "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş əmlakların onların razılığı olmadan azad edilməməsi barədə məlumat verilmişdir. Bu səbəbdən də qeyd edilən əmlak üzərinə müvəqqəti nəzarət qoyulmuşdur. Qeyd edilənləri nəzərə alaraq İddiaçı Səttar oğlunun ərazi idarəsinə qarşı fərdi yaşayış evinin yüklülükdən azd edilməsi barədə iddiasına barədə etiraz edirik. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 272-ci maddəsinə əsasən, girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Həmin Məcəllənin 294.1.1-ci maddəsinə görə, girovla təmin edilmiş öhdəliyə xitam verilməsi girova xitam verilməsi üçün əsaslardan biridir. Bundan başqa, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə görə, əsas öhdəliyə xitam verilməsi ipotekaya xitam verilməsi üçün əsaslardan biridir. Həmin Qanunun 48.2-ci maddəsində deyilir ki, bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 20.4-cü maddəsində deyilir ki, ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2007-ci il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən, Dövlət Xidmətinin vəsaitləri layihə və proqramların həyata keçirilməsində iştirak üçün seçiləcək banklar və bank olmayan kredit təşkilatları tərəfindən öz adlarına və öz riskləri hesabına yerləşdirilir. Müvəkkil kredit təşkilatları Dövlət Xidməti qarşısında borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublukası Prezidentinin xx.xx.2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 1.3-cü bəndinə əsasən, kreditlərin və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Hər iki sənəddən görünür ki, sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə verilən dövlət vəsaitləri həmin kredit təşkilatlarının adından və onların öz riskləri hesabına verilir. Başqa sözlə, dövlət vəsaitinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qaytarılmasına görə məsuliyyəti müvəkkil kredit təşkilatları daşıyır. Göründüyü kimi, iddiaçı öz əmlakını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə deyil, "xxxx" MMC BOKT-a ipoteka qoymuşdur. Həmin kredit öhdəlikləri ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, yaxud Nazirliyin başqa bir qurumu ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmamış, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin hər hansı bir qurumu qarşısında heç bir öhdəlik götürməmişdir. Eyni zamanda, iddiaçı ilə "xxxx" MMC BOKT arasında bağlanmış ipoteka müqaviləsində iddiaçının Aqrar Kredit və İnkişaf Agentliyi qarşısında hər hansı öhdəlik götürməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ipoteka hüququna xitam verilməsinin dövlət qeydiyyatının aparılmamasını tələb edə bilməz və cavabdeh həmin Agentliyin məktubuna əsaslanaraq, qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-ə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-in 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 96 kv.m yaşayış, 35,7 kv.m köməkçi sahədən ibarət yaşayış evi ilə bağlı ipoteka hüququna xitam verilməsinin (ipoteka yüklülüyündən azad edilməsinin) dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərəvəİnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85cimaddələrinəəsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 96 kv.m yaşayış, 35,7 kv.m köməkçi sahədən ibarət yaşayış evi ilə bağlı ipoteka hüququna xitam verilməsinin (ipoteka yüklülüyündən azad edilməsinin) dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar