Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-692/2021 28.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «xx.xx.2020-ci il tarixli 236 nömrəli əmrin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsi ilə (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə DSX-nin rəisinin xx.xx.2020-ci il tarixli, 236 saylı əmrinin dəyişdirilərək öz xahişinə əsasən hərbi xidmətdən tərxis olunmağı barədə əmrin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-xx.xx.2018-ci illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 2018-ci ilin oktyabr ayından 2020-ci ilin iyun ayına qədər isə DSX-nin N saylı hərbi hissəsində gizir kimi hərbi xidmətə başlamışdır. Bir müddət hərbi xidmət göstərdikdən sonra ailə problemləri yaranmış və bununla əlaqədar olaraq o, hərbi xidmətini ailə problemlərinə görə üzrlü səbəbdən davam etdirə bilməyəcəyini görərək hərbi hissə rəhbərliyinə müraciət etmiş və hərbi xidmətdən ailə vəziyyəti ilə əlaqədar olaraq tərxis olunmağını xahiş etmişdir. Ona hərbi hissə rəhbərliyi tərəfindən müraciətinin təmin olunacağı bildirilmişdir. Lakin bir müddət sonra o, hərbi xidmətdən ehtiyata buraxılan zaman hərbi biletinə baxanda gizir kimi xidmət etməsinə baxmayaraq onun rütbəsi sıravi kimi qeyd olunmuş, əsasən isə hərbi xidmətdən ehtiyata buraxılmağı səbəbi öz xahişinə əsasən deyil, DSX-nin rəisinin xx.xx.2020-ci il tarixli, 236 saylı əmrinə əsasən xidməti uyğunsuzluğ görə silahlı qüvvələrdən ehtiyata buraxılması qeyd edilmişdir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi məhkəmə hazırlıq iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, İddiaçı müqavilə əsasında xx.xx.2018-ci il tarixli 1540 ş/h nömrəli əmrlə kiçik çavuş hərbi rütbəsində Dövlət Sərhəd Xidmətində 3 il müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək, müvafiq kursa cəlb olunmuş, kursu bitirdikdən sonra xx.xx.2019-cu il tarixli 175 ş/h nömrəli əmrlə kiçik gizir hərbi rütbəsi verilməklə Dövlət Sərhəd Xidmətində 5 il gizir qismində həqiqi hərbi xidmətə keçirilmiş və eyni tarixli 176 ş/h nömrəli əmrlə N nömrəli hərbi hissəsinin 10-cu sərhəd zastavasının 1-ci qrupunun komandiri vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi müddətdə nöqsanlara yol vermiş, ona verilmiş tövsiyələrdən heç bir nəticə çıxarmamışdır. Həmçinin xx xxx 2020-ci il tarixdə iddiaçı hərbi hissə komandanlığına raportla müraciət edərək onun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrinin ehtiyatına buraxılması və hərbi qeydiyyata SHXÇDX-nin Sabirabad rayon şöbəsinə göndərilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportunda onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrinin ehtiyatına buraxılmasına etirazının olmadığını qeyd etmişdir. Bundan sonra hərbi hissə komandanlığı tərəfindən xx xxx 2020-ci il tarixdə iclas keçirilmiş və iddiaçının hərbi rütbədən məhrum olunmaqla DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir. Dövlət Sərhəd Xidmətinin rəis müavini-X3 xx.xx.2020-ci il tarixli 084 №-li əmrilə kiçik gizir hərbi rütbəsindən məhrum edilməklə eyni tarixli 236 ş/h nömrəli əmrlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları 2007 №-li Hərbi Hissə komandirinin “Hərbi rütbədən məhrum etmə barədə” xx xxxx 2020-ci il tarixli 0152 №-li Nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, xidməti vəzifələrin icrasına məsuliyyətsiz yanaşaraq hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyinə görə 10-cu sərhəd zastavası 1-ci qrupun komandiri kiçik gizir İddiaçı Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq “kiçik gizir” hərbi rütbəsindən məhrum edilmişdir. Əsas: Dövlət Sərhəd Xidməti rəisinin müavini – X3 xx xxxx 2020-ci il tarixli 084 ş/h №-li əmri. İş materialında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları 2007 №-li Hərbi Hissə komandirinin “Şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılması haqqında” xx xxxx 2020-ci il tarixli 0152 №-li Nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq: əsgər İddiaçı 10-cu sərhəd zastavası 1-ci qrupun komandiri vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, xx xxxx 2020-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilmişdir. Əsgər İddiaçı 2020-ci ilin hesabına növbəti məzuniyyətdən tam istifadə edib. 2020-ci ildə nəzərdə tutulmuş məzuniyyət müavinəti və maddi yardımı alıb. xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək birdəfəlik pul müavinətini almağa layiq deyil. Əsgər İddiaçı xx xxxx 2020-ci il tarixə olan xidmət illəri: Təqvimi: 03 il, 02 ay, 00 gün. Əsas: Dövlət Sərhəd Xidməti rəisinin müavini-X3 xx.xx.2020-ci il tarixli 236 ş/h №-li əmri. İş materialında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 517 nömrəli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Sabirabad rayonu Yenikənd kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Sabirabad rayon şöbəsində hərbi qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin müavini-X3 xx.xx.2020-ci il tarixli 236 ş/h №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, xx xxxx 2020-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində hərbi qeydiyyatdadır. Hazırda iddiaçı qeyd olunan əmrin dəyişdirilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Məhkəmə hesab edir ki, iddiaçının tələbi mübahisələndirmə haqqında iddiaya aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, qanunun qeyd edilən tələbindən və işin yuxarıda qeyd edilən hallarına əsasən, müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Göründüyü kimi, İddiaçı ehtiyata buraxılmasını bilmiş, lakin 5 (beş) aydan artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir: «İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: «Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «xx.xx.2020-ci il tarixli 236 nömrəli əmrin dəyişdirilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «xx.xx.2020-ci il tarixli 236 nömrəli əmrin dəyişdirilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-692/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-692/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver