Məhkəmə qərarları › İş №2-1(120)-698/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-698/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-698/2021 12.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı (Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi ev 24-də yaşayış yeri üzrə qeydiyyatda olan) cavabdehin nümayəndəsi X6 (Ağdam şəhəri, 20 Yanvar küçəsi ev 9, mənzil 6-da qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı 12.02.1976-cı ildən 05.07.1999-cu il tarixədək Lənkəran 1 saylı Avtomobil Nəqliyyat müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi ev 24-də yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 08 fevral 2021-ci il tarixli, **********1 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.02.1976-cı ildən 05.07.1999-cu il tarixədək Lənkəran 1 saylı Avtomobil Nəqliyyat müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1955-ci ildə anadan olmuş, qanunla müəyyən edilmiş pensiya yaşına çatdığı üçün, ona pensiya təyin olunmasından ötrü Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına müraciət etmişmişdir. Lakin əmək kitabçasında qeyd olunmuş dövr olan, 12.02.1976-cı ildən 05.07.1999-cu il tarixədək Lənkəran 1 saylı Avtomobil Nəqliyyat müəssisəsində (ATP-1) aldığı əmək haqları barədə arayışı təqdim etmişdir. Lakin həmin müəssisənin müvafiq dövrdə olan əmək haqları barədə cədvəl saxlanılmamışdır. Ona görə də qeyd olunan dövrdə aldığı əmək haqları barədə idarəyə müvafiq arayış təqdim edə bilməmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialı tərəfindən ona 22.12.2020-ci il tarixli, **********7 saylı məktubla cavab verilmişdir ki, müvafiq dövrdə aldığı əmək haqları barədə idarəyə arayış təqdim edə bilmədiyi üçün ona pensiya təyin etmək idarənin imkan xaricindədir. Qeyd edilənləri nəzərə alaraq 12.02.1976-cı ildən 05.07.1999-cu il tarixədək Lənkəran 1 saylı Avtomobil Nəqliyyat müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı 12.02.1976-cı il tarixdən 05.07.1999-cu il tarixədək Lənkəran 1 saylı Avtomobil Nəqliyyat müəssisəsində (ATP-1) işlədiyini iddia etdiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 08.02.2021-ci il tarixində DSMF publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının Lənkəran rayon Qəbul Şöbəsinə müraciət etmiş və pensiyanın təyin edilməsi ilə bağlı imtina məktubu almışdır. Həmin imtina məktubunda “X11” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinə əsasən Qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, eləcədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sosial sığorta stajına daxil edilir. “X11” Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşma çatmış qadınların (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan ppensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa iddiaçının, həqiqətən də, real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruridir. Lakin iddiaçı tərəfindən bu illərə dair həmin sənədlərin təqdim olunmaması iddiaçının işləməsini ciddi şübhə altına alır. Bununla da, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür. Beləliklə, iddiaçının sosial sığorta stajı ona yaşa görə pensiyanın təyin edilməsi üçün yetərli deyildir. İddiaçı oğlunun cavabdeh DSMF-nin 7 saylı regional ərazi filialına qarşı “işlədiyi illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (7 saylı regional ərazi filialı) Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və 27.04.2020-cu il tarixdə 64 yaş 6 ayı (1 iyul 2019-30 iyun 2020-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaş 6 aydır) tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi ev 24-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 24.02.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 12.02.1976-cı ildən 05.07.1999-cu il tarixədək Lənkəran 1 saylı Avtomobil Nəqliyyat müəssisəsində əmək fəaliyyətində olmuşdur. İşdə olan 31.10.1973-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 04.11.1973-cü il tarixdən 26.09.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 08.02.2021-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, əmək kitabçasına əsasən 12.02.1976-cı il tarixdən 05.07.1999-cu il tarixədək işləməyinə dair əmək haqları barədə arayışı təqdim edə bilmədiyi üçün əmək pensiyasını təqdim etmək filialın imkan xaricindədir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Lənkəran şəhər Statistika İdarəsinin 04.03.2021-ci il tarixli, 39 nömrəli məktubundan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti 1976-1999-cu illər də daxil olmaqla 2019-cu ilə qədər fəaliyyət göstərmişdir. Hal-hazırda fəaliyyətini dayandırmışdır. Bu müəssisə X5 reyestrində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 09.03.2021-ci il tarixli, **********377700 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 19.01.1998-ci il tarixli, 102 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran şəhərində yerləşən X1 Müəssisəsinin bazasında “xxxx” ATSC yaradılıb və onun hüquqi varisidir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 10.03.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran şəhəri Ü.Hacıbəyov küçəsi 24 sakini İddiaçı 08.02.2021-ci il tarixdə şöbəyə yaşa görə əmək pensiyası almaqdan ötrü müraciət etmişdir. Əskərov.R.H.oğlunun pensiya hüquqi 27.04.2020-iltarixdən yaranır.Təqdim etdiyi sənədlərə əsasən əmək kitabçasında 23 il 4 ay 22 gün,hərbi xidmət dövrü 2il 22 gün(cəmi 25il 05 ay 14gün) təşkil edir. 12.02.1976-cı il tarixdən 05.07.1999-cu il tarixədək ATP-1 idarəsində işləməyinə dair əmrlər kitabların saxlanılmadığı üçün və yoxlamaq mümkün olmadığından, Əskərov.R.H.oğluna yaşa görə əmək pensiyası təyin etmək filialın imkan xaricindədir. “X11 “Qanunun 21 -ci madəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasindan əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəsisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin eləcə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “X11” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İşdə olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 10.03.2021-ci il tarixli, 07 nömrəli arayışından görünür ki, İddiaçı 1976-1993-cü illərdə əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 09.06.2021-ci il tarixli, **********670700 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 19.01.1998-ci il tarixli, 102 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran şəhərində yerləşən X1 Müəssisəsinin bazasında “xxxx” ATSC yaradılması və onun hüquqi varisi olması barədə məlumat mövcuddur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17.06.2021-ci il tarixli, **********11 nömrəli məktubunda qeyd edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti keçmiş Dövlət Əmlak Komitəsinin sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin ünvan 1 ünvanında yerləşən X1 Müəssisəsinin bazasında təsis edilmiş və səhmləri tam özəlləşdirilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X9, pensiya təminatı şöbəsinin baş mütəxəssisi X8, “xxxx” ASC-nin sədri X10 iştirakı ilə tərtib edilmiş 11.03.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı Lənkəran ATP-1 müəssisəsinə aid 1976-1999-cu illəri əmrlər kitabları “xxxx” ASC-nin arxivində saxlanılmamışdır. İddiaçı adına verilmiş 10.03.2021-ci il tarixli, 07 nömrəli əmək haqqı arayışı əmək haqqı kitabları ilə üzləşdirilmiş və düzgünlüyü təsdiq olunmuşdur. İşdə olan Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında qeydiyyatda olan X4 ərizəsində qeyd etmişdir ki, 02.02.1976-cı ildən “xxxx” ASC-də avto elektrik işləmişdir. 12.02.1976-cı il tarixdən onunla bərabər “xxxx” ASC-də İddiaçı da sürücü vəzifəsində işləyib, birlikdə əmək haqqı almışdırlar. İddiaçı 05.07.1999-cu il tarixdə işlədiyi vəzifədən azad olunmuşdur. İşdə olan Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olan X7 ərizəsində qeyd etmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı həqiqətəndə 1976-cı ildən 1999-cu il tarixə qədər ATP Lənkəran şəhər Meyvə-Tərəvəz Avtobazasında sürücü vəzifəsində çalışmışdır. İşdə olan Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ünvan 5 ünvanında qeydiyyatda olan X2 ərizəsində qeyd etmişdir ki, 30.03.1978-ci ildən “xxxx” ASC-də sürücü işləmişdir. İddiaçı da sürücü vəzifəsində işləyib, birlikdə əmək haqqı almışdırlar. İddiaçı 05.07.1999-cu il tarixdə işlədiyi vəzifədən azad olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “X11” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “X11” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “X11” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə 24.02.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının 12.02.1976- 05.07.1999-cu illərdəki işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «X11» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «X11» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «X11» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «X11» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «X11» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «X11» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 12.02.1976-cı ildən 05.07.1999-cu il tarixədək Lənkəran 1 saylı Avtomobil Nəqliyyat müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Lənkəran 1 saylı Avtomobil Nəqliyyat müəssisəsinin 12.02.1976-cı ildən 05.07.1999-cu il tarixədək məcburi dövlət sosial sığorta haqları ödəməməsi,eyni zamanda iddiaçının iş illərinə dair əmək haqqı və əmr kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 12.02.1976-cı ildən 05.07.1999-cu il tarixədək Lənkəran 1 saylı Avtomobil Nəqliyyat müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 12.02.1976-cı ildən 05.07.1999-cu il tarixədək Lənkəran 1 saylı Avtomobil Nəqliyyat müəssisəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar