Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-7/2025 19.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 оğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “72 №-li torpaq sahəsi-1,10 ha üzrə hüquqverici çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-299/2021 nömrəli qərardadı ilə Beyləqan rayonu Şərq bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-34/2023 nömrəli qərardadı ilə X4 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-7/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbi barədə iddia ərizəsi iddia tələbinə “72 №-li torpaq sahəsi-1,10 ha üzrə hüquqverici çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, onun məhkəmə tərəfindən rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Beyləqan rayon Şərq Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05 saylı iclas protokolundan çıxarışdan görünür ki, Beyləqan rayon Şərq kənd sakinləri İddiaçı və onun ailə üzvlərinə X14, X13 və X5 04 mart 2005-ci il tarixdə torpaq payı almaq hüquq olan pay torpağı verilməsi barədə ərizəsi nəzərə alınmış, Şərq Bələdiyyəsinin ehtiyat fondunun 72 saylı konturunda yerləşən 1,10 ha, 73 saylı konturda yerləşən 3,30 hektar yararlı torpaqdan İddiaçı və onun ailə üzvlərinə X14, X13 və X11 hər birinə 1,10 ha olmaqla yanaşı 4,40 ha torpaq payı verilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Bşaçısının 17 dekabr 2007ci il tarixli, 122 nömrəli sərəncamından görünür ki, Beyləqan rayonu Şərq bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 05 nömrəli iclas protokolu əsas götürülərək Şərq bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 05 saylı iclas protokolu nəzərə alınmış, Şərq kəndi ərazisində torpaq islahatı aparılarkən adları texniki səhv nəticəsində torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməyən kənd sakinləri İddiaçı, X12, X10 və X9 Şərq Bələdiyyəsinin ehtiyat fondunun yararlı torpağından ərazidə olan torpaq payı normasına uyğun olaraq torpaq payının verilməsi qanuna uyğun hesab edilmişdir. İş materiallarında olan 17 avqust 2006-cı il tarixli aktdan görünür ki, Beyləqan rayonu Şərq Bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 05 saylı iclas protokolundan çıxarışa əsasən, Şərq kəndi sakinləri, İddiaçı və onun ailə üzvlərinə X12, X10 və X9 Şərq bələdiyyəsinin ehtiyat fondunun 72 saylı konturundakı torpaq sahəsindən 1,10 ha, 73 saylı konturundakı torpaq sahəsindən 3,30 hektar torpaq sahəsini, orta pay normasına uyğun olaraq hər birinə 1,10 hektar olmaqla, cəmi 4, 40 hektar torpaq sahəsi ölçüb ayrılmışdır. İş materiallarında olan A № 025689 nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Beyləqan rayonu, Şərq qəsəbəsi sakinləri İddiaçı, X12, X10 və X9 Beyləqan rayon İcra Hakimiyyətinin 17 dekabr 2007-ci il tarixli, 122 saylı sərəncamı və Beyləqan rayon Şərq Bələdiyyəsinin 25 mart 2007-ci il tarixli, 05 saylı qərarı ilə kənd təsərrüfatı məqsədi üçün verilmiş 10000 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, **********36 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı Beyləqan rayon Şərq bələdiyyəsinin 2005-ci il tarixli, 05 saylı qərarı və Beyləqan rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2007-ci il tarixli, 122 saylı sərəncamı ilə Beyləqan rayonu Şərq kəndi ərazisində yerləşən bələdyyənin ehtiyat fondu torpaqlarından 1.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını öz iddia ərizəsində xahiş etmişdir. Qeyd edilənlərlə bağlı bildirmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi təqdim edilən sənədlər əsasında hüquqların dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. Yuxarıda qeyd edilən torpaq sahəsinə baxış və müayinə zamanı həmin torpaq sahəsinin bir hissəsinin silos xəndəklərinin üzərinə düşməsi müəyyən edilmişdir. Həmin silos quyuları islahat aparılan zaman kiminsə əmlak payı olaraq mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Raspublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasısının 1 saylı protokolunun 1-ci maddəsinin tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən manesiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bununla yanaşı iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciəti zamanı həmin torpaq sahəsinə dair təqdim etdiyi ləğv edilmiş DT və XK-si tərəfindən tərtib edilmiş AN 025689 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasında olub olmaması, müsbət halda elektron məlumat bazasında (serverdə) yerləşdirilməsi və torpaq sahələrinin hansı kəndin inzibati ərazisində yerləşməsi barədə məlumat verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə sorğu göndərilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin xx.xx.2020-ci il tarixli ********** saylı cavab məktubuna əsasən elektron məlumat bazasında AN 025689 və 025688 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinə aid hər hansı bir məlumat aşkarlanmamışdır. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə uyğun olaraq Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda sözü gedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan bir torpaq sahəsidir və iddiaçının həmin torpaq sahəsi üzərində hüquq müəyyənedici sənəd kimi yalnız təqdim etdiyi bələdiyyənin ehtiyat fondu torpaqlarından 1.10 ha torpaq sahəsinin iddiaçı və onun üzvlərinə verilməsinə dair Beyləqan rayon Şərq bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05 saylı qərarı olmuşdur. Həmin bələdiyyə qərarının isə bildiyimiz kimi, hər hansı hüquqi əsaslara malik deyildir. Belə ki, bələdiyyələr “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyə fondunda olan kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı bir şəkildə ayıraraq (məhkəmə qətnaməsi əsasında olan hallar istisna olmaqla) əvəzsiz olaraq mülkiyyətə verməsi səlahiyyətinə malik olmayıb. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərə dair Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Bununla yanaşı Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları həmin müqavilənin 55-ci maddəsinin tələblərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Eyni zamanda həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq torpaq üzründə hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər “Daşınmaz əmlakın Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində öz əksini tapmışdır. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan başqa daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Bu maddədə qeyd edilən əsaslardan heç biri iddiaçıda olmadığından iddiaçı tərəfindən təqdim edilən həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması qanun pozuntusu olaraq qəbul edilməlidir. Bununla yanaşı Torpaq Məcəlləsinin 68-ci maddəsində Torpaq sahələri üzərində hüquqların yaranması vaxtı qeyd edilmişdir. Həmin maddədə göstərilir ki, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bütün bunlar əsas verir ki, iddiaçının mülkiyyət üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizə verdiyi zaman təqdim etməli olduğu sənədləri yəni həmin torpaq sahəsinin hansı bir orqan tərəfindən ona qanuni yolla ayrılmasına dair sənədləri Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən tələb edilsin. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən Beyləqan rayonu Şərq kəndi ərazisində yerləşən bələdiyyənin ehtiyat fondu torpaqlarından 1.10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddia ərizəsinə etiraz edirik və hesab edirik ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8789 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: Beyləqan rayonu Şərq bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 05 saylı qərarına əsasən, Şərq kənd sakinləri İddiaçı və ailə üzvlərinə Şərq bələdiyyəsinin ehtiyyat fondunun 72 saylı konturunda yerləşən 1.10 ha, 73 saylı konturunda yerləşən 3.30 ha yararlı torpaqdan İddiaçı və onun ailə üzvlərinə, X14, X13, X14 və X5 hər birinə 1.10 ha olmaqla yanaşı 4.40 ha pay torpaq sahəsinin ilkin yerquruluşu sənədləri əsasında naturada yeri müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İddiaçı və ailə üzvlərinə torpaq sahəsi ayrılarkən Beyləqan rayonu Şərq bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi olmuşdur. Qeyd: Şərq bələdiyyəsinin mülkiyyətinə aid 3.30 ha torpaq sahəsi (mübahisəli ərazi) Türklər kəndində (keçmiş R.Canlarov adına təsərrüfat) “Torpaq islahatı” aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında qeyd olunmuş, bunun da əsasında həmin ərazi Türklər kənd sakinlərinə pay torpağı kimi paylanılmışdır. Qərardadın ücüncü sualı üzrə: Beyləqan rayonu Şərq bələdiyyəsinin mülkiyyətinə aid 4.40 ha torpaq sahəsinin 3.30 ha hissəsindən İddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsi, qərardadın ikinci sualında qeyd olunan səbəblərə görə Türklər kənd sakinləri X6 (2.21 ha hissəsi) və X3 (1.09 ha hissəsi) mülkiyyətlərində olan torpaq sahələri ilə üst-üstə düşür. Qərardadın dördüncü sualı üzrə: Beyləqan rayonu Şərq bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 05 saylı qərarına əsasən, Şərq kənd sakini İddiaçı Şərq bələdiyyəsinin 72 saylı konturunda yerləşən 1.10 ha torpaq sahəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması digər şəxslərin hüquqlarının pozulmasına səbəb olmasının səlahiyyətlərimizə aid olmadığı üçün rəy vermək mümkün deyildir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/8320 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: Beyləqan rayonu Şərq bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 05 saylı qərarına əsasən, Şərq kənd sakinləri İddiaçı və ailə üzvlərinə Şərq bələdiyyəsinin ehtiyyat fondunun 72 saylı konturunda yerləşən 1.10 ha, 73 saylı konturunda yerləşən 3.30 ha yararlı torpaqdan İddiaçı və onun ailə üzvlərinə, X14, X13, X14 və X5 hər birinə 1.10 ha olmaqla yanaşı 4.40 ha pay torpaq sahəsinin ilkin yerquruluşu sənədləri əsasında naturada yeri müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İddiaçı və ailə üzvlərinə torpaq sahəsi ayrılarkən Beyləqan rayonu Şərq bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi olmuşdur. Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayonu Şərq bələdiyyəsinin mülkiyyətinə aid 4.40 ha torpaq sahəsinin 3.30 ha hissəsindən İddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsi, qərardadın 2- ci sualında qeyd olunan səbəblərə görə Türklər kənd sakinləri X4 (2.21 ha hissəsi) və X3 (1.09 ha hissəsi) mülkiyyətlərində olan torpaq sahələri ilə üst-üstə düşür. Qərardadın dördüncü sualı üzrə: Beyləqan rayonu Şərq 25 mart 2005-ci il tarixli, 05 saylı qərarına əsasən, Beyləqan rayonu Şərq kənd sakini İddiaçı Şərq bələdiyyəsinin 72 saylı konturunda yerləşən 1.10 ha torpaq sahəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestrtndə qeydiyyata alınması digər şəxslərin hüquqlarının pozulmasına səbəb olmasının müəyyən edilməsi məhkəmə tikintitexniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Beyləqan rayonu Şərq Bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 05 saylı qərarı ilə Şərq kəndi ərazisində torpaq islahatı aparılarkən adları texniki səhv nəticəsində torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməyən kənd sakinləri İddiaçı, X12, X10 və X9 Şərq Bələdiyyəsinin ehtiyat fondunun yararlı torpağından ərazidə olan torpaq payı normasına uyğun olaraq torpaq payının verilməsi qanuna uyğun hesab edilmiş, İddiaçı və onun ailə üzvlərinə pay torpağı verilməsi barədə ərizəsi nəzərə alınmış, Şərq Bələdiyyəsinin ehtiyat fondunun 72 saylı konturunda yerləşən 1,10 ha, 73 saylı konturda yerləşən 3,30 hektar yararlı torpaqdan İddiaçı və onun ailə üzvləri X12, X10 və X9 hər birinə 1,10 ha olmaqla yanaşı 4,40 ha torpaq payı verilmişdir. İddiaçı oğlu ona ayrılmış 1.10 ha torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair təqdim etdiyi ləğv edilmiş DT və XK-si tərəfindən tərtib edilmiş AN 025689 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasında olub-olmaması, müsbət halda elektron məlumat bazasında (serverdə) yerləşdirilməsi və torpaq sahələrinin hansı kəndin inzibati ərazisində yerləşməsi barədə məlumat verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə sorğu göndərildiyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin xx.xx.2020-ci il tarixli ********** saylı cavab məktubuna əsasən elektron məlumat bazasında AN 025689 və 025688 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinə aid hər hansı bir məlumat aşkarlanmadığı üçün və bundan başqa həmin bələdiyyə qərarının isə hər hansı hüquqi əsaslara malik olmadığı yəni bələdiyyələr “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyə fondunda olan kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı bir şəkildə ayıraraq (məhkəmə qətnaməsi əsasında olan hallar istisna olmaqla) əvəzsiz olaraq mülkiyyətə verməsi səlahiyyətinə malik olmadığı üçün ərizənin təmin olunmasından imtina olunmuşdur. Məhkəmə cavabdehin imtinasının və etirazının birinci dəlilinə münasibətdə qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin elektron məlumat bazasında AN 025689 və 025688 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinə aid hər hansı bir məlumat aşkarlanmadığı iddiaçının təqsiri ucbatından vaş berməmişdir. Torpqa sahəsinə dair dair məlumatlar bələdiyyə və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən elektron məlumat bazasına daxili edilir. Bundan başqa cavabdeh inzibati orqanın mütəxəssisinin tərtib etdiyi rəydən müəyyən edilir ki, Şərq bələdiyyəsinin ehtiyyat fondunun 72 saylı konturunda yerləşən 1.10 ha torpaq sahəsinin ilkin yerquruluşu sənədləri əsasında naturada yeri müəyyən edilmişdir. 73 saylı konturda yerləşən 3.30 ha torpaq sahəsində üçüncü şəxslərlə məxsus torpaq sahələri ilə üst-üstə düşmə halı müəyyən edildiyi halda iddiaçıya məxsus olan 72 saylı konturunda yerləşən 1.10 ha torpaq sahəsində belə halın olmadığı müəyyən edilmişdir. Məhkəmə cavabdehin imtinasının və etirazının ikinci dəlilinə münasibətdə qeyd edir ki, bələdiyyə qərarının hər hansı hüquqi əsaslara malik olmadığı yəni bələdiyyələr “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyə fondunda olan kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı bir şəkildə ayıraraq (məhkəmə qətnaməsi əsasında olan hallar istisna olmaqla) əvəzsiz olaraq mülkiyyətə verməsi səlahiyyətinə malik olmamışdır. İddiaçı Azadov X7 rayonu Şərq Bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 05 nömrəli iclas protokolu qərarına etimad göstərmiş, həmin torpaq sahəsinə hazırki vaxta qədər sahiblik və istifadə edir. Beyləqan rayonu Şərq Bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 05 nömrəli iclas protokolu qərarının qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyini, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini, cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilməməmişdir. Bundan başqa iş materiallarında olan və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 10/8789 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8320 nömrəli ekspert rəyi ilə sözügedən torpaq sahəsinin koordinatlarının mühafizə-sanitariya zolağına yəni magistral avtomobil yolunun, qaz xəttinin, su boru xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə (qorunma) zolağına düşmədiyi müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “72 №-li torpaq sahəsi-1,10 ha üzrə hüquqverici çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatların dəyəri 100 (yüz) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. 72 №-li torpaq sahəsi-1,10 ha üzrə hüquqverici çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-7/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-7/2025
19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver