Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-70/2025 03.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə qarşı «mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə qarşı «mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə qarşı «Kürdəmir rayonu Mollakənd kəndində yerləşən mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili X2 ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Nümayəndə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Özbəkistan Respublikasından məcburi köçkün kimi Azərbaycan Respublikasına gələrək Kürdəmir rayonunun Mollakənd kəndində məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 562 saylı 22 avqust 2001-ci il tarixli fərmanı ilə Kürdəmir rayonunun Mollakənd kəndində 77 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı ev verilmiş və mənzil üzərində mülkiyyət hüququna dair Kürdəmir rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixində verilmiş 16 saylı qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Ona məxsus Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən mənzil üzərində əvvəllər yaranmış hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar Ərazi idarəsinə müraciət olunmuş, lakin cavabdeh idarə tərəfindən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının imtina edilməsinə dair bildiriş verilərək Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən mənzilə dair Kürdəmir rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixində verilmiş 16 saylı qeydiyyat vəsiqəsi ilə bağlı Xidmətin 16 saylı Ucar Ərazi idarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmadığı və bu səbəbdən də ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Qeyd etmək istəyir ki, Kürdəmir rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixində verilmiş 16 saylı qeydiyyat vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin 562 saylı 22 avqust 2001-ci il tarixli fərmanı əsasında verilmişdir. Qeydiyyat vəsiqəsi ilə bağlı məlumatın aşkar edilməməsi vətəndaşın günahı ucbatından baş verməmişdir. Bunu həmin vaxt qeydiyyata alan məsul şəxsin günahıdır ki, qeydiyyat vəsiqəsini qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında qeydiyyata almamışdır. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, Abdullayevə Mariyajonun nümayəndəsi Həsənov X4 rayonu, Mollakənd kəndində yerləşən mənzil üzərində Abdullayevə Mariyajonun əvvəllər yaranmış hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən mənzilə dair Kürdəmir rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixində verilmiş 16 saylı qeydiyyat vəsiqəsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar Ərazi idarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmadığı üçün ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus Kürdəmir rayonu. Mollakənd kəndində yerləşən mənzil üzərində əvvəllər yaranmış hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizənizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar Ərazi idarəsində baxılmışdır. Ərizənizə əsas kimi Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən mənzil üzərində mülkiyyət hüququna dair Kürdəmir rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixində verilmiş 16 saylı qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən mənzilə dair Kürdəmir rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixində verilmiş 16 saylı saylı qeydiyyat vəsiqəsi ilə bağlı Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmamışdır. Bu səbəbdən də ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli, 01 nömrəli reyestr kitabında, 01 səhifədə, 16 reyestr nömrəsi ilə qeydə alınmış 16 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Kürdəmir rayonu, Mollakənd kəndində divarı taxta, 5 otaqlı, 77 kv.m yaşayış sahəsindən ibarət ev İddiaçı adına qeydə alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına verilmiş xx.xx.2004-cü il tarixli, 16 nömrəli qeydiyyat vəsiqəsi və 2004-cü il tarixli texniki pasporta dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar Ərazi İdarəsinin arxivində hər hansı bir sənəd aşkar edilməmişdir. Lakin, İddiaçı Ərazi İdarəsinə müraciət edərkən təqdim etdiyi sənədlərin surəti (sənədlərin əsli vətəndaş tərəfindən ərizə ilə geri götürülmüşdür) arxiv qovluğunda mövcuddur. Əlavə olaraq bildiririk ki, İddiaçı müraciəti ilə əlaqədar inzibati icraat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci və 15-ci maddələrinə əsaslanaraq aparılmışdır. Aprel 2004-cü il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportundan (inventrar nömrəsi 647) görünür ki, Kürdəmir rayonu, Mollakənd kəndində payı tam, 5 otaqlı, 137.93 kv.m ümumi sahəsi, 76.61 kv.m yaşayış sahəsi, 61.32 köməkçi sahədən ibarət fərdi yaşayış evinə Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportu verilmişdir. Kürdəmir Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 108 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına verilmiş xx.xx.2004-cü il tarixli,16 nömrəli qeydiyyat vəsiqəsinin və aprel 2004-cü il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu və onlara aid olan hər hansı bir sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsində aşkar edilmədi. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına verilmiş xx.xx.2004-cü il tarixli, 16 nömrəli qeydiyyat vəsiqəsi və 2004-cü il tarixli texniki pasporta dair ‘Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin16 saylı Ucar Ərazi İdarəsinin arxivində hər hansı bir sənəd aşkar edilməmişdir. Lakin, Mariyajon Abdullayevə Ərazi İdarəsinə müraciət edərkən təqdim etdiyi sənədlərin surəti (sənədlərin əsli vətəndaş tərəfindən ərizə ilə geri götürülmüşdür) arxiv qovluğunda mövcuddur. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Molla kənd Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin Kürdəmir rayonu. Mollakənd kəndində torpaq sahəsinin (həyətyanı və pay torpağı) olmasına dair təsərrüfatbaşına kitabında heç bir qeydiyyat yoxdur. Milli Arxiv İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaşa aid olan daşınmaz əmlakın qeydiyyat vəsiqəsi və X10 Arxivlərində mühafizə edilmir. Qeyd edilən arxiv sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə arxivində saxlanılır. Kürdəmir Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına verilmiş xx.xx.2004-cü il tarixli, 16 nömrəli qeydiyyat vəsiqəsinin və aprel 2004-cü il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu və onlara aid olan hər hansı bir sənədlərlə bağlı araşdırılma aparılmış Kürdəmir rayon Dövlət Arxiv İdarəsində heç bir məlumat aşkar edilməmişdir.Eyni zamanda nəzərə çatdırılır ki,vətəndaşa aid olan Daşınmaz Əmlakın Qeydiyyat Vəsiqəsi və X10 Arxivlərində mühafizə edilmir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3871 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: X11 İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 16 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abdullayevə Mariyajona məxsus Kürdəmir rayonu Mollakənd kəndində yerləşən divarı taxta, 5 otaqlı, 77 kv.m 2 mərtəbəli yaşayış binası olmaqla, taxta materiallardan inşa edilmişdir, lakin həmin tikilinin tikinti- texniki normalara və şəhərin ( həmin ərazinin) baş planına uyğun inşa olunmasını və təyinatı üzrə istismara yararlı olubolmamasının adiyyatı üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. Qərardadın ikinci və üçüncü sualı üzrə: X11 İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 16 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abdullayevə Mariyajona məxsus Kürdəmir rayonu Mollakənd kəndində yerləşən divarı taxta, 5 otaqlı, 77 kv.m yaşayış sahəsinin faktiki yerində olan vəziyyəti ilə sənədlər arasında uyğunsuzluq yoxdur. Baxış zamanı mənzilin Nümayəndə istifadəsində olduğu mütəxəssis tərəfindən müşahidə edilmişdir. Qərardadın dördüncü sualı üzrə: X11 İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 16 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abdullayevə Mariyajona məxsus Kürdəmir rayonu Mollakənd kəndində yerləşən divarı taxta, 5 otaqlı, 77 kv.m yaşayış sahəsində hər hansı əlavə tikililər və yenidənqurma işlərinin görülməsi mütəxəssis tərəfindən aşkar edilməmişdir. Qərardadın beşinci sualı üzrə: X11 İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 16 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abdullayevə Mariyajona mıxsus Kürdəmir rayonu Mollakənd kəndində yerləşən divarı taxta, 5 otaqlı, 77 kv.m yaşayış sahəsində əlavə əsaslı dəyişikliklər və ya artırmaların edilməsi mütəxəssis tərəfindən aşkar olunmamışdır. Qərardadın altıncı sualı üzrə: Tikilinin tikinti-texniki normalara və şəhərin (həmin ərazinin) baş planına uyğun 6 inşa olunması və təyinatı üzrə istismara yararlığı, eləcə də insanların həyatı və sağlamlığı üçün təhlükə törədib-törətməməsi, həmin tikili üçüncü şəxslərin hüquqlarının pozulub-pozulmaması ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. Qərardadın yeddinci sualı üzrə: X11 İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 16 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abdullayevə Mariyajona məxsus Kürdəmir rayonu Mollakənd kəndində yerləşən divarı taxta, 5 otaqlı , 77 kv.m yaşayış sahəsinin Nümayəndə istifadəsində olduğu mütəxəssis tərəfindən müşahidə edilmişdir. Naturada aparılmış çöl ölçmə işləri kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X8rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X12rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15-ci maddəsinə əsasən : 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddənin tələbinə əsasən qanunvericinin əhatə dairəsini müəyyən etdiyi hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/3871 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Və həmin rəyə əsasən müəyyən edilir ki, X11 İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 16 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abdullayevə Mariyajona məxsus Kürdəmir rayonu Mollakənd kəndində yerləşən divarı taxta, 5 otaqlı, 77 kv.m 2 mərtəbəli yaşayış binası olmaqla, taxta materiallardan inşa edilmişdir, həmin yaşayış sahəsinin faktiki yerində olan vəziyyəti ilə sənədlər arasında uyğunsuzluq yoxdur. Baxış zamanın mənzilin Nümayəndə istifadəsində olduğu mütəxəssis tərəfindən müşahidə edilmişdir, yaşayış sahəsində hər hansı əlavə tikililər və yenidənqurma işlərinin görülməsi, əlavə əsaslı dəyişikliklər və ya artırmaların edilməsi mütəxəssis tərəfindən aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, arxiv sənədlərində həmin qeydiyyat vəsiqəsinin və texniki pasportun saxlanılmaması iddiaçının təqsiri nəticəsində baş verməmişdir və bu səbəbdən də onun məsuliyyət sferasına aid edilə bilməz və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Əks halda bu iddiaçının konstitusion hüquqlarının, yəni bərabərlik və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmiş olar. Həmçinin yuxarıda qeyd olunan faktiki və hüququ əsaslar nəzərə alınmaqla iddiaçının qanunla nəzərdə tutulmuş etimad və qanuni gözlənti hüququ yaranmışdır. Etimad hüququnun qorunması Konstitusiyadan və X16 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmin Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X16 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan Kürdəmir rayonu Mollakənd kəndində yerləşən divarı taxta, 5 otaqlı, 77 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin qanuni əsaslarla əldə edilidyi, hal-hazırda iddiaçının nümayəndəsi tərəfindən istifadə edildiyi, heç bir uyğunsuzluğun və ya üçüncü şəxslərin mülkiyyət hüququ ilə bağlı iddiasının olmadığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin fərdi yaşayış evinə dair sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından mötəbər sayılır. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Kürdəmir rayonu Mollakənd kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Kürdəmir rayonu Mollakənd kəndində yerləşən 5 otaqlı, 77 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-70/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-70/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver