Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-700/2021 01.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1993-cü ilin noyabr ayından 1994-cü ilin oktyabr ayınadək döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 1993-cü ilin noyabr ayından 1994-cü ilin oktyabr ayınadək döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə sərəncam ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.2-ci inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddiası “məcbuetmə haqqında” iddialara aid edilsə də, mübahisə hərbi qulluqçu kimi onunla inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətlərindən yarandığından, işin aidiyyəti İPM-in 8.1.3-cü maddəsinə uyğun həll edilməlidir. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.3-cü maddəsinin müddəaları tətbiq edilməklə iddiaçının yaşayış yeri üzrə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddsəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 3-cü maddəsinə görə 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti göstərilir, 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxanda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin bir neçə yaşayış yerini olmasını mümkün saysa da, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı yaşayış yeri (bir neçə yaşayış yeri olduqda, onlardan biri) üzrə qeydiyyata alınmasını zəruri sayır. Bu qeydiyyat isə, ona verilmiş şəxsiyyət vəsiqəsində əksini tapır. Hazırkı İddiaçı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, onun yaşayış yeri Ucar rayonu, Bağman kəndidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə İnzibati məhkəmələrin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının xx xxxxx 2017-ci il tarixli 2 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və İnzibati məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ucar rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Odur ki, məhkəmə hazırkı işə Şəki İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 8-ci və 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1993-cü ilin noyabr ayından 1994-cü ilin oktyabr ayınadək döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-700/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-700/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver