Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-705/2025 14.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanaraq mərhum ailə başçısı vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan 1337 manat əmək pensiyasının 80 faizi həcmində hesablanmış məbləğ və hesab arasındakı fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanaraq mərhum ailə başçısı vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan 1337 manat əmək pensiyasının 80 faizi həcmində hesablanmış məbləğ və hesab arasındakı fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddələrinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İş üzrə təyin olunmuş şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X5 2008-ci ilin avqust ayından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən polis mayoru rütbəsində yaşa görə pensiyaya çıxmışdır. Onun əmək pensiyasının məbləği 2023-cü ilin yanvar ayından 1337 manat təşkil etmişdir. 12 avqust 2023-cü il tarixdə həyat yoldaşı vəfat etmişdir. 19 avqust 2023-cü il tarixdən ona ailə başçısını itirməyə görə 857 manat əmək pensiyası təyin edilmişdir. Halbuki 1337 manatın 80 faizi 1069 manat təşkil edir. Pensiya məbləğinin necə hesablanması ilə maraqlanarkən “Qaynar xətt” vasitəsi ilə ona bildirilmişdir ki, mərhum həyat yoldaşının əmək pensiyasına 2022-ci ilin yanvar ayından hesablanmış “maddi yardım” və 2023-cü ilin yanvar ayından hesablanmış “indeksləşdirmə faizi” əmək pensiyamın təyinində nəzərə alınmamışdır. Qanunvericiliyin tələblərinin nəzərə alınaraq, ailə başçısının vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan pensiya məbləğini (təminat xərcliyini) təşkil edən 1337 manatın 80 faizini (1069 manat) təyin etməklə əmək pensiyasını yenidən hesablanması xahişi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan müraciətinə xx.xx.2023-cü il tarixli 3-17- 1/2-H-249416/2023-cü il tarixli imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, ona 19 avqust 2023-cü il tarixdə əmək pensiyası təyin edildiyi üçün 1 yanvar 2022-ci il tarixədək əmək pensiyası təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına həmin tarixdən pensiya məbləğinin 10 faizi həcmində aylıq maddi yardımın verilməsini nəzərdə tutan “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2022-ci il tarixli sərəncamının tətbiq edilməsi mümkün deyildir. Həmçinin, cavabdeh eyni əsaslara görə 1 yanvar 2023-cü il tarixədək əmək pensiyası təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına həmin tarixdən sözügedən maddi yardımın da daxil olduğu pensiya məbləğinin orta aylıq nominal əmək haqqınin 14.6 faiz indeksləşdirilməsini nəzərdə tutan “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamının da ona şamil edilməsini qeyri-mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan ona təyin edilmiş əmək pensiyasının mərhum həyat yoldaşının vəfat etdiyi tarixə olan əmək pensiyasının deyil, xx.xx.2020-ci il tarixədək olan təminat xərcliyinin 80 faizi məbləğində hesablamasında hansı hüquq normasına əsaslandığını göstərməmiş, pensiyanın düzgün hesablanmamasnı sübut edən dəlillərin hamısını cavabsız buraxmışdır. Xüsusilə qeyd edilməlidir ki, cavabdehin bu yanaşması heç bir hüquqi əsasa söykənməməklə bərabər, həm də qeyri-humanist və ədalətsizdir. Belə ki, ailə başçısını itirmiş şəxsin pensiya hüququ onun özünün bilavasitə qazandığı deyil, varislik əsasında əldə etdiyi hüquqdür. Ona görə də bu hüququn qazanılması üçün 2 növ şərt tələb olunur: 1) ailə başçısını itirməyə görə ailə başçısının artıq qazandığı pensiya hüququnun əldə edilməsini əsaslandıran şərtlər, 2) bilavasitə ailə başçısının bu və ya digər pensiya hüququnun qanunla qazanmasını əsaslandıran şərtlər. Göründüyü kimi, təməl pensiya hüququnu ailə başçısını itirmiş şəxs deyil, ailə başçısı qazanmış olur. Ailə başçısını itirmiş şəxs isə hüquqi varislik prinsipi əsasında ailə başçısının qazandığı pensiya hüququnun müəyyən faizlə ifadə olunan hissəsini əldə edir. Başqa sözlə, bilavasitə pensiya hüququnun qazanılması ilə bağlı münasibətlərin subyektləri ailə başçısı və dövlət orqanları olduğu halda, ailə başçısnı itirmiş şəxs isə artıq qazanılmış pensiya hüququn müəyyən faizlə ifadə olunan hissəsinin əldə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin subyekti ola bilir. Bu baxımdan, ona təyin edilən pensiya məbləği ailə başçısının vəfat etdiyi tarixədək almış olduğu son pensiya məbləğinin 80 faizindən aşağı ola bilməz. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, mərhum ailə başçısının vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan 1337 manat əmək pensiyasının 80 faizi həcminə çatdırmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı 19 avqust 2023-cü il tarixdən mərhum X1 müvafiq təminat xərcliyinin (1071,55 manat) 80 faizi- 857,24 manat məbləğində hərbi qulluqçunun (xüsusi rütbəli şəxs) ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. Həmin qanunun həmin dövrdə qüvvədə olan 20.17-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə, ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilir. Göründüyü kimi, əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım yalnız 1 yanvar 2022-ci il tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə şamil edildiyindən iddiaçıya münasibətdə maddi yardım ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamına əsasən orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdirilməsi həyata keçirilir. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası 19 avqust 2023-cü il tarixindən təyin edildiyindən əmək pensiyasının 1 yanvar 2023-cü il tarixindən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edirlər. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 19 avqust 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum X1 müvafiq təminat xərcliyinin (1071,55 manat) 80 faizi-857,24 manat məbləğində hərbi qulluqçunun (xüsusi rütbəli şəxs) ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildiririk ki, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmanla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilir. Göründüyü kimi, əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım yalnız 1 yanvar 2022-ci il tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə şamil edildiyindən sizə maddi yardım ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamına əsasən orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdirilməsi həyata keçirilir. Qeyd olunanlara əsasən, sizə əmək pensiyası 19 avqust 2023-cü il tarixindən təyin edildiyindən əmək pensiyanızın 1 yanvar 2023-cü il tarixindən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 19 avqust 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum X1 müvafiq təminat xərcliyinin (1071,55 manat) 80 faizi- 857,24 manat məbləğində hərbi qulluqçunun (xüsusi rütbəli şəxs) ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə onun müvafiq kart hesabına köçürülür. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alanəmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilir. Göründüyü kimi, əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım yalnız 1 yanvar 2022-ci il tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə şamil edildiyindən sizə maddi yardım ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamına əsasən orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdirilməsi həyata keçirilir. Qeyd olunanlara əsasən, adıçəkilən şəxsə əmək pensiyası 19 avqust 2023-cü il tarixindən təyin edildiyindən onun əmək pensiyasının 1 yanvar 2023-cü il tarixindən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bildiririk ki, mərhum X2 təyin olunmuş əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq 1337,88 manat təşkil etmişdir. Əlavə olaraq, İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini sizə təqdim edirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum X2 xx.xx.2008-cü il tarixdən Mərkəzi Filial tərəfindən 575,25 manat məbləğində hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilib. xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-85885/2024 nömrəli xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı 19 avqust 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum X1 müvafiq təminat xərcliyinin (1071,55 manat) 80 faizi-857,24 manat məbləğində hərbi qulluqçunun (xüsusi rütbəli şəxs) ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə onun müvafiq kart hesabına köçürülür.Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşmə ilə əlaqədar İddiaçı əmək pensiyası xx.xx.2024-cü il tarixindən 953,25 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, AZ-İİ№ 368333 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X3 pensiya işinə dair sənədlərin və ona ödənilmiş aylıq pensiya məbləğləri barədə “X9”ndən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən İddiaçı ailə başçısını itirməyə görə pensiya məbləği 953.25 manata çatdırılıb. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.5-ci bəndinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Qanunun 14.1-ci maddəsinə görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2.18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3.təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. 20.17. Bu Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla ailə başçısının təminat xərcliyinin məbləğinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanuna uyğun olaraq təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər təyin edilir. Həmin qanunun həmin dövrdə qüvvədə olan 20.17-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.1. Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə, ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilir. İş materiallarından müəyyən olunur ki, iddiaçının mərhum əri X2 xx.xx.2008cü il tarixdən Mərkəzi Filial tərəfindən 575,25 manat məbləğində hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. F.Salayev vəfat etdikdən sonra onun yoldaşı İddiaçı 19 avqust 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum əri X1 müvafiq təminat xərcliyinin (1071,55 manat) 80 faizi miqdarında, yəni 857,24 manat məbləğində hərbi qulluqçunun (xüsusi rütbəli şəxs) ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hal-hazırki tələbi ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq mərhum ailə başçısının vəfat etdiyi xx.xx.2023-cü il tarixə olan 1337 manat əmək pensiyasının 80 faizi həcmində hesablanmış məbləğ və hesab arasındakı fərqin ödənilməsindən ibarətdir. Məhkəmə tələbə münasibətdə yuxarıda sadalanan qanunvericilik normalarına istinadən qeyd edir ki, əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım yalnız 1 yanvar 2022-ci il tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə şamil edildiyindən iddiaçıya münasibətdə maddi yardım ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İstinad olunan normalardan görünür ki, ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir və əgər vəfat etmiş şəxs həmin Qanunun 20-ci maddəsində nəzərə tutulan şəxslərin dairəsinə aiddirsə, sığorta hissəsinin üzərinə həmçinin vəfat edənin qulluq stajına görə əlavə təyin edilir, hansı ki həmin əlavənin məbləği vəfat edənin təminat xərcliyinə əsasən müəyyən edilir. Həmçinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli sərəncamına əsasən orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indeksləşdirilməsi həyata keçirilir. İddiaçı əmək pensiyası 19 avqust 2023-cü il tarixindən təyin edildiyindən əmək pensiyasının 1 yanvar 2023-cü il tarixindən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarından görünür ki, cavabdeh də iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edərkən vəfat etmiş F.Salayevin təminat xərcliyinin 80 faizi nəzərə alınmaqla hesablama aparmış, bu hesablama yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mərhum F.Salayevin vəfat etdiyi günə ödənilən 1337 manat məbləğində əmək pensiyasının 80 faizi məbləğində iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi barədə tələbin hüquqi əsası yoxdur, belə ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmişdir, buna görə də təəb təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 33.1, 52, 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-705/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-705/2025
14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver