Məhkəmə qərarları › İş №2-1(120)-707/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-707/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-707/2024 31.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 оğlunun katibliyi, Cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızının iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi və 1258.02 manat pul məbləğinin geri qaytarılması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “pensiyadan tutulmuş 1258,02 manat pulun geri qaytarılması və hal-hazırda azaldılmış pensiya məbləğinin düzgün baxılaraq bərpa olunması ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 1969-cu ildən (50 (əlli) ildən çox) müəllim işləmiş, 2013-cü ildə 63 yaşında pensiya hüququ qazanmış, 2013-cü ildən 2020-ci ilə kimi müqavilə əsasında müəllimliyini davam etdirmişdir. Onun işlədiyi illər ərzində toplanmış pensiya kapitalına əsasən ona 2021-ci il pensiyaların artımına əsasən 531,23 manat məbləğində əmək pensiyası hesablanmışdır və 2021-ci ilin mart ayında onun pensiyası 516,39 manata endirilərək pensiyaların verilməsi zamanı ona məxsus kartda 412,65 manat məbləğin olduğu müəyyən edilmişdir. Qeyd olunanlara aydınlıq gətirilməsi üçün aidiyyəti qurumlara müraciət etmişdir. Müraciətlərinə şablon olaraq eyni cavablar verilmiş, tələb etdiyi araşdırmanın öz iştirakı ilə aparılması aidiyyəti qurumlar tərəfindən təmin edilməmiş və cavablarda bildirilmişdir ki, əmək pensiyası hüquqi qazanıldıqdan sonra işlədiyi 6 il müddət ayla 72 ay tamam olmadan və 2 ay sonra 72 ay tamam olduğu üçün 1348 manat artıq hesabat aparılmışdır burda belə sual ortaya çıxır mən 2 ay ərzində 1348,62 manat əlavə pul almışam? Bunun nə elmi nə məntiqi izahı olmamışdır. Müraciətlərinə baxmayaraq onun aylıq əmək pensiyasından 103,74 manat tutulmalar davam etmiş və ümumi olaraq 1348,62 manat məbləğin qanunsuz olaraq tutulması ilə nəticələnmişdir. Bununla bağlı bir çox müraciəti olmuşdur. Onun 2021-ci ildə etdiyi müraciətdən sonra 516,39 manata salınmış pensiya məbləği yenidən 532,66 manata çatdırılmışdır. Lakin ona verilən cavab məktubunda saxlanan məbləğin hər ay əlavə olaraq geri ödəniləcəyi barədə qeydlər olsada bu öz təsdiqini tapmamışdır. xx.xx.2022-ci il tarixdə yenidən iştirakı təmin edilməklə pensiya məbləğinin düzgün hesablanmasından ötrü DSMF-na müraciət etmiş, müraciətinə göstərilən qurum tərəfindən iştirakı təmin edilmədən baxılaraq yenə əvvəlki cavablara oxşar cavab hazırlayaraq Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən X5 Sistemində qeyd edilmiş xx.xx.2021-ci il tarixli sərəncəma əsasən hesablama aparılmış 1258,02 manat məbləğin tutulmalı olduğu halda 1348,62 manatın tutulduğu, hal-hazırda aldığı pensiya məbləğinində 550,77 manatdan 544,66 manata endirildiyi, son 3 ay ərzində 55,47 manat əskik vermə pensiyaya əlavə olaraq verildiyi qeyd edilmiş və 2022-ci ilin sentyabr-oktyabr aylarında pensiya kartına köçürülmüşdür. Onun ilk öncədən bütün müraciətləri X5 Sistemində qeyd edilmiş xx.xx.2021-ci il tarixli sərəncamının düzgün olmadığını bildirir, qarşı tərəf isə hər dəfə onu əsas götürürərək cavab verir. Qeyd edilənləri nəzər alaraq tərəfindən hər müraciətdə qurum tərəfindən araşdırma aparılıb bir öncə təsdiqlənmiş məbləğə dəyişiklik edildiyi müəyyən edilir və bu ümumiyətlə araşdırmanın düzgün getmədiyinin sübutudur. Həmçinin razılığı və məhkəmə qərarı olmadan əmək pensiyasından tutulma aparılmış bu hal isə Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 39.1 bəndinin tələblərini (Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.) kobud şəkildə pozulduğunu özündə əks etdirir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(120)-2798/2023 nömrəli qərardadı ilə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul edilməsi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi cavabdeh sırasından çıxarılması, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi və 1258.02 manat pul məbləğinin geri qaytarılması” kimi baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızı məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə İddiaçı lazımi qaydada xəbərdar edilmişdir. Lakin, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Cəlilabad rayonu, Seyidbazar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Araşdırma məlumatına əsasən bildiririk ki, pensiyanız Qanunun qeyd olunan maddəsinin düzgün tətbiq edilməməsi nəticəsində 01 iyul 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək 296,01 manat əvəzinə 400,86 manat, 1 yanvar 2020-ci il tarixindən 13 iyun 2020-ci il tarixinədək 345,15 manat əvəzinə 467,40 manat, 13 iyun 2020-ci il tarixindən (işdən azad olunduğunuz) 31 dekabr 2020-ci il tarixinədək 463,55 manat əvəzinə 476,87 manat, 01 yanvar 2021-ci il tarixindən 28 fevral 2021-ci il tarixinədək 516,39 əvəzinə 531,23 manat məbləğində hesablanmışdır. Nəticədə sizə qanunvericiliyə uyğun olmayan artıq pensiya vəsaiti ödənilmişdir. “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun 67.1 -ci, 67.2-ci və 67.6.3-cü maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödənilmiş məbləğ əmək pensiyanızdan tutulacaqdır. Həmin Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-218110/2023 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmuş məbləğin geri qaytarılması və azaldılmış pensiya məbləğin bərpa edilməsi” tələbinə dair 2-1(120)-2798/2023 nömrəli inzibati iş vardır. İddiaçı iddia ərizəsində iddiaçı pensiyasından tutulmuş 1258.02 manat məbləğində pul vəsaitinin geri qaytarılması və azaldılmış pensiya məbləğinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hal hazırda ona ödənilən pensiya məbləğinin düzgün hesablanmadığını, yenidən hesablanmadan sonra daha artıq məbləğdə pensiya təyin edilməli olduğunu və cavabdeh tərəfindən onun pensiyasından tutulma aparılmasının qanunsuz olduğunu iddia edir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiyasının hüququ yarandığı tarixdən əvvəl yenidən hesablanması nəticəsində 01 iyul 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək 296,01 manat əvəzinə 400,86 manat, 1 yanvar 2020-ci il tarixdən 13 iyun 2020ci il tarixədək 345,15 manat əvəzinə 467,40 manat, 13 iyun 2020-ci il tarixdən (işdan azad olunduğu) 31 dekabr 2020-ci il tarixədək 463,55 manat əvəzinə 476,87 manat, 01 yanvar 2021 -ci il tarixdən 28 fevral 2021-ci il tarixədək 516,39 əvəzinə 531,23 manat mablağinda məbləğində artıq pensiya məbləği ödənildiyi müəyyən edilmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər hər ay pensiyasından 103.74 manat məbləğində tutularaq Fondun hesabına köçürülmüşdür. Hesab edirik ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixdən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Həmin Qanununun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (xx.xx.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir.) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı= 144 ay. Sözügedən Qanunun 10.3cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun əsasən: 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı müraciətinin araşdırılması zamanı onun əmək pensiyası Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli, ********** nömrəli qərarına əsasən xx.xx.2018-ci il tarixdən aşağıdakı qaydada yenidən hesablanmışdır: - xx.xx.2018-xx.xx.2018 = hesablanmayanadək 278.58 manat, hesablandıqdan sonra 287.39 manat, - xx.xx.2019-xx.xx.2019=hesablanmayanadək 286.94 manat, hesablandıqdan sonra 296.01 manat, - xx.xx.2019-xx.xx.2019=hesablanmayanadək 400.86 manat, hesablandıqdan sonra 296.01 manat, - xx.xx.2020-xx.xx.2020=hesablanmayanadək 467.40 manat, hesablandıqdan sonra 345.15 manat, - xx.xx.2020-xx.xx.2020=hesablanmayanadək 467.40 manat, hesablandıqdan sonra 463.55 manat, - xx.xx.2021=ömürlük hesablanmayanadək 531.23 manat, hesablandıqdan sonra 516.39 manat, Beləliklə, Fondun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qeyd olunan maddəsinin düzgün tətbiq edilməməsi nəticəsində 01 iyul 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək 296,01 manat əvəzinə 400,86 manat, 1 yanvar 2020-ci il tarixdan 13 iyun 2020ci il tarixədək 345,15 manat əvəzinə 467,40 manat, 13 iyun 2020-ci il tarixdən (işdən azad olunduğu) 31 dekabr 2020-ci il tarixədək 463,55 manat əvəzinə 476,87 manat, 01 yanvar 2021-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək 516,39 əvəzinə 531,23 manat məbləğində hesablanmışdır. Nəticədə iddiaçıya qanunvericiliyə uyğun olmayan artıq pensiya vəsaiti ödənilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Sözügedən Qanunun 63.4-cü maddəsinə əsasən inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarı ilə İddiaçı əmək pensiyasının məbləği dəyişdirilərək 542.9 manat müəyyən edilmişdir. “İnzibati icraat haqqına” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, O, İsmayılovun əmək pensiyasından xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər hər ay 103.74 manat məbləğində tutulma aparılmışdır. X3 xx.xx.2021-ci il tarixli, **********5 nömrəli; xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarları ilə İddiaçı əmək pensiyası yenidən hesablanmış və pensiya məbləği xx.xx.2022-ci il tarixdən başlayaraq 544.66 manata çatdırılmışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, icraatınızda olan 2-1(120)- 2798/2023 nömrəli iş üzrə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “artıq ödənilmə ilə bağlı qərarın ləğvi və yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarından görünür ki, İddiaçı hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən pensiya təyin olunmuş, əmək pensiyasının məbləği 544.66 manat qeyd olunmuşdur. Həmçinin həmin qərarın qeyd hissəsində vətəndaşın müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, artıq ödəmə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olmuşdur. Əlavə olaraq sonradan işdən azad olma hesablanarkən PSK-ın KT-si düzgün müəyyən olunmamış, PSK 80-ə bölünməli olduğu halda 77-ə bölünmüşdür. 2021-ci ilin iyul ayında qeyd olunmuş ötən dövr məbləği olan 216.09 manat ilə indiki artıq ödəmə əvəzləşdirilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, İddiaçı hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən pensiya təyin olunmuş, əmək pensiyasının hazırkı məbləği 544.66 manat qeyd olunmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın qeyd hissəsində vətəndaşın müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, artıq ödəmə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olmuşdur. Əlavə olaraq sonradan işdən azad olma hesablanarkən PSK-ın KT-si düzgün müəyyən olunmamış, PSK 80-ə bölünməli olduğu halda 77-ə bölünmüşdür. 2021-ci ilin iyul ayında qeyd olunmuş ötən dövr məbləği olan 216.09 manat ilə indiki artıq ödəmə əvəzləşdirilmişdir. xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərar ilə 1258.02 manat pul məbləği ondan tutulmuşdur. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində (qərarın 6-cı səhfəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci abzaslarında) qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Bundan başqa xüsusilə qeyd olunmalıdırır ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-cu maddəsi üzrə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, həmin maddə də tutulmanın hansı qaydada həyata keçirilməsinin mexanizmi də xüsusi yer almışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması yalnız şəxsin razılığı ilə mümkündür, belə razılıq olmadıqda isə həmin pul vəsaiti yalnız məhkəmə qaydasında tutulmalıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçının belə razılığının (nə şifahi nədəki yazılı) olması müəyyən olunmamışdır. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də, iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə gəlmiş olduğu nəticəni ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələblərinin təhlil olunmasını zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi, hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həlledici əhəmiyyət daşımasa da, pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıbqaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hərhansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da, mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də, göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də, ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə, inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalara (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması hazırkı iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə vurğulayır ki, əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə iddiaçı tərəfindən iddia qaldırılmaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşır. Məhkəmə eləcə də, iddiaçının tələbinin “pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsini də, əsaslı hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsaən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı barəsində əlverişsiz nəticə yaradan xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarı yuxarıda qeyd olunanlara əsasən mübahisələndirilən hissədə qanunsuz hesab edilməklə ləğv olunduğundan onun nəticələri mübahisələndirilən hissədə də, aradan qaldırılmalı və iddiaçıya ödənilən əmək pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarı artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilsin və həmin qərar əsasında iddiaçıdan tutulmuş 1258.02 manat pul vəsaiti geri qaytarılsın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar