Məhkəmə qərarları › İş №2-1(120)-71/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-71/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-71/2020 17.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarına uyğun olaraq torpağın mülkiyyətə verilməsinə dair 11 aprel 2005-ci il tarixli, JN- 196 A kodu 80221028 olan şəhadətnaməyə əsasən verilmiş Lənkəran rayonunun Vel kəndində yerləşən, sahəsi 0,11 ha olan həyətyanı torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarına uyğun olaraq torpağın mülkiyyətə verilməsinə dair 11 aprel 2005-ci il tarixli, JN-196 A kodu 80221028 olan şəhadətnaməyə əsasən verilmiş Lənkəran rayonunun Vel kəndində yerləşən, sahəsi 0,11 ha olan həyətyanı torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu XDS-nin Rəyasət Heyətinin 12 mart 1996-cı il tarixli 16 saylı qərarı (akt) ilə ona fərdi mənzil tikintisi üçün Vel kəndinin ərazisindən 0,06 ha torpaq sahəsi ayrılmış, həmin vaxtlardan orada fərdi yaşayış evi tikməklə yaşamağa başlamış, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarına uyğun olaraq verilmiş Lənkəran rayonunun Yel kəndində yerləşən həmin 0,06 ha torpaq sahəsi də daxil olmaqla, 0,11 ha ) həyətyanı torpaq sahəsi mənə verilmiş, bu barədə torpağın mülkiyyətə verilməsinə dair adıma 11 aprel 2005-ci il tarixli JN-196 A kodu 80221028 olan şəhadətnamə verilmişdir. Hazırda orada inşa edilmiş, ümumi sahəsi 220 kv.metr, yaşayış sahəsi 50 kv.metr olan ikimərtəbəli 3 otaqlı fərdi yaşayış evində yaşayır. Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarına uyğun olaraq Torpağın mülkiyyətə verilməsinə dair 11 aprel 2005-ci il tarixli JN- 196 A kodu 80221028 olan şəhadətnaməyə əsasən verilmiş Lənkəran rayonunun Vel kəndində yerləşən sahəsi 0,11 ha olan həyətyanı torpaq sahəsinin, həmçinin həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 220 kv.metr, yaşayış sahəsi 50 kv.metr olan ikimərtəbəli 3 otaqlı fərdi yaşayış evinin üzrərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarinə müraciət etmiş, adına verilmiş Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarına uyğun olaraq Torpağın mülkiyyətə verilməsinə dair 11 aprel 2005-ci il tarixli JN-196 A kodu 80221028 olan şəhadətnamə barədə idarədə məlumatın olmaması əsası ilə sonuncu 02 avqust 2019-cu il tarixli **********72 nömrəli məktubla ərizənin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 05 noyabr 2018-ci il tarixli məktubunda isə imatinanm əksinə olaraq xx.xx.1999-cuil tarixli 10 saylı qərara təsdiq olunmuş siyahıda adının olduğu, lakin qanuni istifadəsində nə qədər torpaq sahəsinin olması barədə hər hansı bir məlumatın olmaması qeyd olunmuşdur. Bu səbəblərdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilən münasibəti (etirazı) və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə göndərdiyi 08 oktyabr 2019-cu il tarixli, **********00 nömrəli məktubuna və 28 oktyabr 2019-cu il tarixli, **********64 nömrəli məktubuna əlavə olunmuş Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1999cu il tarixli 10 saylı qərarından çıxarışdan, protokoldan və cədvəldən görünür ki, Lənkəran rayonu, Vel kəndində yerləşən torpaq sahəsinin özəlləşdirilməsi qərara alınmış və cədvəldə X1 adı qeyd olunmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 03 may 1977-ci il tarixdə Lənkəran rayonu, Vel kəndində anadan olmuş, hal-hazırda Lənkəran rayonu, Vel kəndində qeydiyyatdadır. İşdə olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin 02 avqust 2019-cu il tarixli, **********72 saylı məktubdan görünür ki, İddiaçı müraciətinin təmin olumasından imtina edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin məhkəməyə göndərdiyi 30 oktyabr 2019-cu il tarixli, **********14 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2019-cu il 11 sentyabr tarixli, 2- 1(086)-2291/2019 saylı mülki iş üzrə sorğunun icrası olaraq Lənkəran rayonu, Siyavar kənd sakini Abbasova (Həsənova) Elnara Mirəli qızına JN-196A nömrəli “Şəhadətnamə” əsasında ayrılmış 0.11 ha həyətyanı torpaq sahəsinə dair (Lənkəran rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ayrılmış torpaq sahəsinə dair) vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması öhdəliyinin üzərimizə qoyulmasına münasibətdə, tərəfimizdən həmin əmlaka sair arxiv və baza məlumatları üzrə aidiyyəti hissədə araşdırma aparıldı.Ərazi İdarəsi olaraq bildiririk ki, mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarında da sözü gedən JN-196A nömrəli “Şəhadətnamə” barədə heç bir məlumat yoxdur. Eyni zamanda tərəfimizdən aparılan araşdırmaların nəticəsi olaraq məlum oldu ki, Lənkəran rayonu Vel kəndi üzrə həyətyanı torpaq sahələrinin verilməsinə dair Şəhadətnamələrin qeydiyyatı kitabında siyahı üzrə 20719A qrafasında hazırki sorğu ilə yanaşı təqdim etdiyiniz JN-196A nömrəli “Şəhadətnamə” ilə tam mülkiyyət hüququ üzrə Abbasova-İddiaçı barəsində müvafiq qeyd aparılmışdır. Lakin həmin siyahıda torpaq sahəsinin ümumi ölçüsü barədə aidiyyəti qrafada sual işarəsi qoyulmaqla müvafiq qeydlərin aparıldığı da məlum olmuşdur. Həmçinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsindən təhfil alınmış arxiv sənədlərinin sırasında da sözü gedən JN-196A nömrəli "Şəhadətnamə” barədə məlumat aşkarlanmadığı səbəbindən və yuxarıda qeyd olunanlara əsasən sərəncamın 2-ci bəndində qoyulan tələbin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq həmin şəhadətnamə üzrə göstərilən həyətyanı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) qanunamüvafiq olaraq etiraz edirik.Məlumat üçün bildiririk ki, məlum səbəblərdən hazırki iş üzrə sərəncamın qəbul edilməsinə səbəb olmuş aidiyyəti mübahisənin həlli ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir.Hal-hazırda, sözü gedən mübahisəli (həyətyanı və pay torpağından çıxarılma, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, ilkin sənədlərdə dəyişiklik edilməsi, ilkin hüquqmüəyyənedici sənədlərdə olan məlumatlarla xəritə məlumatları arasında olan uyğunsuzluq və s.) məsələlərin həlli ilə bağlı (şəhadətnamə, dövlət aktı və plan ölçü üzrə) qəbul edilmiş qərarların və sərəncamların icrası ilə əlaqədar səlahiyyətli qurum olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməyiniz qanunamüvafiqdir. (Ünvan: Bakı şəhəri, Şəfayət Mehdiyev, 269)Hazırki sərəncamın icrası olaraq bildiririk ki, qeyd edilən qurumun aidiyyəti Ərazi idarələri cəlb olunmaqla iddia tələbinə dair (Lənkəran rayonu, Vel kəndi ərazisində hazırki iş üzrə iddiaçıya ayrılmış 0.11 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-196A nömrəli “Şəhadətnamə”nin qanuniliyi və əsaslılığı baxımından) mübahisənin tam araşdırılması (məhkəmə torpaqşünaslıq ekspertizasının keçirilməsi şərtilə) barədə qanunamüvafiq məhkəmə qərarı qəbul edildiyi təqdirdə tərəfimizdən baxıla bilər. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Siyavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 avqust 2018-ci il tarixli, 12/27-281 saylı arayışından görünür ki, Lənkəran rayonunun Siyavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 7 nömrəli təsərrüfatbaşına kitabının 14-cü səhifəsində Vel kəndində 0,11 ha həyətyanı torpaq sahəsində 1996-cı ildə İddiaçı tərəfindən inşa edilmiş 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 220,0 kv.m, yaşayış sahəsi 50,0 kv.m olan fərdi yaşayış evi barədə qeyd vardır. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Siyavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 mart 2019-cu il tarixli, 12/27-103 saylı arayışından görünür ki, aqrar islahat komissiyasının qərarı ilə torpağın mülkiyyətə verilməsinə dairşəhadətnaməyə əsasən (JN-196A) İddiaçı verilmiş 0.11 ha torpaq sahəsi Lənkəran rayonunun Vel kəndi ərazisində yerləşir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-196, kod 80221028 nömrəli şəhadətnamədən notarial qaydada təsdiq olunmuş surətindən və torpaq sahəsinin plan çizgisindən görünür ki, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli, 10 saylı qərarı ilə 0.11 ha torpaq sahəsi Lənkəran rayonu, Vel kənd sakini X1 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin sərhədləri müəyyənləşdirilərək plan çizgisi tərtib edilmişdir. İşdə olan AZ-İ 235852 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Həsənov Hicran Şükür oğlu ilə X2 xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş və sonuncu “Həsənova” soyadını qəbul etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin göndərdiyi 05 noyabr 2018-ci il tarixli, **********12 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran Rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-ci il tarixli, 10 nömrəli qərarı ilə Sizə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinə tərtib edilmiş JN-196A (kod:********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv məlumatları əsasında araşdırılıb elektron bazada qeydə alınmasına köməklik göstərilməsi barədə xx.xx.2018-ci il tarixli müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Arxivdə apardığımız araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlı yerli aqrar islahatı komissiyası tərəfindən tərtib edilmiş və Lənkəran Rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş siyahıda Sizin adınız qeyd olunsa da, qanuni istifadənizdə nə qədər torpaq sahəsinin olması barədə hər hansı bir qeyd aparılmamışdır. Qeyd olunanları nəzərə alaraq, JN-196A (kod:********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin elektron bazada qeydiyyata alınması mümkün olmamışdır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, “Torpaq islahatı haqqında’’ Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı ilə bağlı mübahisələrin həlli barədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilərlər. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin məhkəməyə göndərdiyi 10 dekabr 2019-cu il tarixli, **********34 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2019-cu il 28 noyabr tarixli, 2- 1(086)-2291/2019 saylı mülki iş üzrə sorğunun icrası olaraq Lənkəran rayonu, Siyavar kənd sakini Abbasova (Həsənova) Elnara Mirəli qızına JN-196A nömrəli “Şəhadətnamə” əsasında ayrılmış 0.11 ha həyətyanı torpaq sahəsinin (Lənkəran rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ayrılmış torpaq sahəsinə dair) hüquqi rejimi, torpaq sahəsinin mülkiyyətçiləri, həmin torpaq sahəsinin hal-hazırda iş üzrə iddiaçının istifadəsində olub-olmaması, sözü gedən torpaq sahəsinin digər mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi, iddiaçı ilə qonşu olan torpaq sahələri barədə aidiyyəti məlumatların verilməsinə münasibətdə, tərəfimizdən həmin əmlaka dair arxiv və baza məlumatları üzrə aidiyyəti hissədə araşdırma aparıldı. Ərazi İdarəsi olaraq bildiririk ki, mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarında hazırki iş üzrə iddiaçıya məxsus sözü gedən JN-196A nömrəli “Şəhadətnamə” barədə heç bir məlumat yoxdur. Eyni zamanda tərəfimizdən aparılan araşdırmaların nəticəsi olaraq məlum oldu ki, Lənkəran rayonu Vel kəndi üzrə həyətyanı torpaq sahələrinin verilməsinə dair “Şəhadətnamət”lərin qeydiyyatı kitabında siyahı üzrə 20719A qrafasında hazırki sorğu ilə yanaşı təqdim etdiyiniz JN-196A nömrəli “Şəhadətnamə” ilə tam mülkiyyət hüququ üzrə Abbasova-İddiaçı barəsində müvafiq qeyd aparılmışdır. Lakin həmin siyahıda torpaq sahəsinin ümumi ölçüsü barədə aidiyyəti qrafada sual işarəsi qoyulmaqla müvafiq qeydlərin aparıldığı da məlum olmuşdur. Həmçinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsindən təhfil alınmış arxiv sənədlərinin sırasında da sözü gedən JN-196A nömrəli “Şəhadətnamə”nin arxiv nüsxəsi barədə məlumat aşkarlanmadı. Hazırki sorğuda qoyulan digər sualların cavablandırılmasına münasibətdə isə bildiririk ki, məlum səbəblərdən bu kimi işlər üzrə aidiyyəti mübahisələrin həlli ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Halhazırda, sözü gedən mübahisəli (həyətyanı və pay torpağından çıxarılma, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, ilkin sənədlərdə dəyişiklik edilməsi, ilkin hüquqmüəyyənedici sənədlərdə olan məlumatlarlaxəritə məlumatları arasında olan uyğunsuzluq və s.) məsələlərin həlli ilə bağlı (şəhadətnamə, dövlət aktı və plan ölçü üzrə) qəbul edilmiş qərarların və sərəncamların icrası ilə əlaqədar səlahiyyətli qurum olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməyiniz qanunamüvafiqdir. (Ünvan: Bakı şəhəri, Şəfayət Mehdiyev, 269) Hazırki sorğunun icrası olaraq bildiririk ki, qeyd edilən qurumun aidiyyəti Ərazi İdarələri cəlb olunmaqla iddia tələbinə dair (Lənkəran rayonu, Vel kəndi ərazisində hazırki iş üzrə iddiaçıya ayrılmış 0.11 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-196A nömrəli “Şəhadətnamə”nin qanuniliyi və əsaslılığı baxımından) mübahisənin tam araşdırılması (məhkəmə torpaqşünaslıq ekspertizasının keçirilməsi şərtilə) barədə qanunamüvafiq məhkəmə qərarı qəbul edildiyi təqdirdə tərəfimizdən baxıla bilər. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyətinin 19 mart 2020-ci il tarixli, 10-49/1-2535 saylı məktubuna əlavə olunmuş Lənkəran rayonu, Vel kənd inzibati ərazi vahidliyinin 342 nömrəli təsərrüfatbaşına kitabdan görünür ki, həmin kitabın siyahısında X2 və onun ailə üzvlərinin adları qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarına əsasən İddiaçı Lənkəran rayonunun Vel kəndində yerləşən, sahəsi 0,11 ha olan həyətyanı torpaq sahəsi veilmiş və həmin torpaq sahəsi üzərində iddiaçının adına “Torpağın mülkiyyətə verilməsinə dair 11 aprel 2005-ci il tarixli, JN-196 A kodu 80221028 olan şəhadətnamə” tərtib edilmişdir. İddiaçı həmin şəhadətnamə əsasında torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” 11 aprel 2005-ci ildə onun adına qeydə alınmışdır. İddiaçı yeni nümunəli çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə 11 aprel 2005-ci ildə qeydə alınmış torpağa mülkiyyət hüququna dair “Torpağın mülkiyyətə verilməsinə dair 11 aprel 2005-ci il tarixli, JN-196 A kodu 80221028 olan şəhadətnamə” torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X3 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarına uyğun olaraq torpağın mülkiyyətə verilməsinə dair 11 aprel 2005-ci il tarixli, JN-196 A kodu 80221028 olan şəhadətnaməyə əsasən verilmiş Lənkəran rayonunun Vel kəndində yerləşən, sahəsi 0,11 ha olan həyətyanı torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 12 noyabr 1999-cu il tarixli 10 saylı qərarına uyğun olaraq “Torpağın mülkiyyətə verilməsinə dair 11 aprel 2005-ci il tarixli, JN- 196 A kodu 80221028 olan şəhadətnamə”yə əsasən verilmiş Lənkəran rayonunun Vel kəndində yerləşən, sahəsi 0,11 ha olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar