Məhkəmə qərarları › İş №2-1(120)-71/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-71/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-71/2025 30.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Hacıqabul Bələdiyyəsinə qarşı “Hacıqabul rayon Muğan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarının etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Hacıqabul rayon Muğan Bələdiyyəsinə qarşı “Hacıqabul rayon Muğan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarının etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Ağayev Aydın Əfsər oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli “Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə” protokolu ilə xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Hacıqabul və Muğan qəsəbə bələdiyyələrinin əhatə etdiyi Hacıqabul şəhərində və Balıqçı, Muğan qəsəbələrində Hacıqabul bələdiyyəsi yaradıldığından cavabdeh Hacıqabul rayon Muğan bələdiyyəsi əsl cavabdeh Hacıqabul bələdiyyəsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 06 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Sonradan onun torpaq sahəsinə bitişik ərazidən Hacıqabul rayon Muğan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 nömrəli qərarı ilə Muğan qəsəbə sakini Ağayev Aydın Əfsər oğluna sahibkarlıqla məşğul olmaq üçün 0,35 ha torpaq sahəsi verilmişdir. Nəticədə ona məxsus fərdi həyətyanı torpaq sahəsinə isə digər alternativ yolun olmaması fərdi həyətyanı torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Tərəfindən bələdiyyənin hərəkətlərinin qanunsuz olması ilə bağlı AR Baş prokurorluğuna müraciət edilmiş və iş aidiyyəti üzrə araşdırılması üçün Hacıqabul Rayon Prokurorluğuna göndərilmişdir. Araşdırma nəticəsində Aydın Ağayevin ona icarəyə torpaq sahəsinin verilməsinə dair ərizə ilə bələdiyyəyə müraciət etmədiyi, iclas rotokolunun möhürlə təsdiqlənmədiyi, həmçinin bələdiyyənin iclas protokolunda xx.xx.2007-ci il tarixli iclasda bələdiyyənin 9 nəfər üzvündən 8 nəfərinin iştirak etdiyi və onlardan hər birinin gündəlik məsələnin lehinə səs verdiyi qeyd edilsə də, həmin şəxslərdən izahatlar alınarkən onların xx.xx.2007-ci il tarixli iclasda ümumiyyətlə iştirak etmədikləri və həmin qərardan məlumatsız olduqları, eyni zamanda DTXK-nin Hacıqabul rayon şöbəsi tərəfindən torpaq sahəsi ilə bağlı plan və ölçü alınmadığından rəy və qiymət arayışı verilmədiyi aşkar edilmişdir. Hacıqabul rayon Prokurorluğu tərəfindən həmin dövrdə Muğan bələdiyyəsinin sədri olmuş Tofiq Kərimov barəsində AR CM-nin 313-cü maddəsi ilə cinayət işi başlanmış, lakin müddətin keçməsi ilə əlaqədar olaraq cinayət işinin başlanması rədd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Muğan qəsəbə Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli cavab məktubundan da göründüyü xx.xx.2007-ci il tarixli 10 saylı qərar Muğan bələdiyyəsində qeydiyyata alınmamış və həmin sənədi Muğan bələdiyyəsi tanımamışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2015-ci il tarixli məktubundan da göründüyü kimi Hacıqabul rayon Bələdiyyəsinin müvafiq qərarın qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyi, həmin qərarın ləğv edilməsi, zəbt olunmuş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması üçün Şirvan regional ədliyyə şöbəsi vasitəsilə xx.xx.2015-ci il tarixli 09/4-46 saylı məktubla Muğan bələdiyyəsinə təklif olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli 10611 saylı məhkəmə tikinti- texniki ekspertizasının rəyindən də göründüyü kimi “1) xx.xx.2017-ci il tarixli 10 saylı qərarı ilə ona ayrılmış Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin Hacıqabul Aqrar islahat komissiyasının xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə ona verilmiş 0,08 ha torpaq sahəsi ilə JN-693 A kod 91000018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən üst-üstə düşmədiyi miiəyyən edilir. 2) xx.xx.2017-ci il tarixli 10 saylı qərarı ilə ona ayrılmış Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin Hacıqabul Aqrar islahat komissiyasının xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə İddiaçı verilmiş 0,08 ha torpaq sahəsindən (həmçinin yoldan) səmərəli istifadəsinə maneə yaratdığı müəyyən edilir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti Kadastr və yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin 13 saylı Şirvan Layihə Tədqiqat İdarəsinin rəisi tərəfindən verilmiş mütəxəssis rəyindən də görüdüyü kimi “1) xx.xx.2017-ci il tarixli 10 saylı qərarı ilə Ağayev Aydın Əfsər oğluna ayrılmış Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin Hacıqabul Aqrar islahat komissiyasının xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə İddiaçı verilmiş 0,08 ha torpaq sahəsi ilə JN-693 A kod 91000018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən üstüstə düşmür. 2) xx.xx.2017-ci il tarixli 10 saylı qərarı ilə ona ayrılmış Hacıqabıd rayonu, Muğan qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin Hacıqabul Aqrar islahat komissiyasının xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə ona verilmiş 0,08 ha torpaq sahəsindən (həmçinin yoldan) səmərəli istifadəsinə maneə yaradır. 3) Muğan bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılarkən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması Qaydaları” haqqında Əsasnaməsinin 18-19-cu bəndlərinin tələbləri düzgün yerinə yetirilməmiş, yerin quruluşu planı konkret miqyas əsasında verilməmiş, torpaq sahəsinin en və uzunluq ölçüləri sonradan sənəd üzərində düzəliş edilməklə göstərilmişdir. Eyni zamanda o da məlum oldu ki, Ağayev Aydın Əfsır oğluna ayrılmış torpaq sahəsinin ortasından magistral yola paralel istiqamətdə orta təzyiqli qaz xətti və kabel xətti keçir. Naturada Bakı-Qazax magistral yolunun mühafizə zonası saxlanılmamışdır. ” Ekspert və mütəxəssis rəyindən də göründüyü kimi ona verilmiş torpaq sahəsi onun torpaq sahəsindən istifadəsinə maneə yaradır. Həmçinin ona qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılmaya” dair iddiə ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-347/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən də göründüyü kimi “müasir ölçü cihazı ilə ölçü aparıldıqdan sonra tərəfindən Aydın Ağayevin torpaq sahəsindən yol çəkdiyi, başqa torpaq sahəsinin zəbt edilmədiyi” qeyd edilsə də iddia tələbi tam təmin edilmişdir. Qeyd olunan hallar onun mübahisəli qərar əsasında hüquqlarının pozulduğunu bir daha təsdiq edir. Ekspert və mütəxəssis rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar Hacıqabul rayon Muğan Bələdiyyəsinin xx.xx.2007 tarixli, 10 saylı qərarın etibarsız olduğunu bir daha təsdiqləyir. Hazırda tərəfindən Aydın Ağayev və Muğan Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsinə” dair iddia ərizəsi ilə müraciət edilmişdir. İcarə müqaviləsinin etibarsız hesab edilməsi Hacıqabul rayon Muğan Bələdiyyəsinin xx.xx.2007 tarixli, 10 saylı qərarın etibarsız hesab edilməsindən bilavasitə asılı olduğu üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu öz əksini Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-3083/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində də tapmışdır. Yuxarıda göstərilənlərə əsasən Hacıqabul rayon Muğan Bələdiyyəsinin xx.xx.2007 tarixli, 10 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Hacıqabul rayon Muğan Bələdiyyəsinin nümayəndəsi və üçüncü şəxs Ağayev Aydın Əfsər oğlu məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-693A (kod ********) nömrəli Şəhadətnamənin surətindən görünür ki, Hacıqabul rayonu Muğan qəsəbə sakini İddiaçı və ailə üzvlərinə Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2004-cü il tarixli, 06 saylı qərarı ilə 0,08 hektar həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hacıqabul rayon Muğan qəsəbə bələdiyyə şurasının xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu Muğan qəsəbə sakini Ağayev Aydın Əsrəf oğluna sahibkarlıqla məşğul olmaq üçün 50 illik icarə müqaviləsi ilə 0,35 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 01 nömrəli Torpaq icarəsi müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayon Muğan qəsəbə bələdiyyəsinin sədri ilə Muğan qəsəbə sakini Ağayev Aydın Əsrəf oğlu arasında 0,35 hektar torpaq sahəsinin 50 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(071)-347/2014 nömrəli qətnaməsi ilə Ağayev Aydın Əsrəf oğlunun İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Ağayev Aydın Əşrəf oğluna məxsus xx.xx.2007-ci il tarixli, 01 saylı icarə müqaviləsinə əsasən verilmiş 0,35 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi ona təhvil verilməsi qət etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Hacıqabul rayonu, Muğan qəsəbə sakini İddiaçı Muğan qəsəbə Bələdiyyə Şurasının xx.xx.2007-ci il tarixli, 10 saylı qərarının saxta olması barədə rayon prokurorluğuna ünvanladığı müraciəti asında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(106)-172/2015 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul rayon məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli 2(071)-347/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-2120 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(106)-172 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-870/2016 nömrəli qərarı ilə 3-cü şəxs Aydın Əfsər oğlu Ağayevin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iş üzrə xx.xx.2016-cı il tarixli, 2-1(106)- 70/2016 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-3083/2021 nömrəli qətnaməsi ilə üçüncü şəxs Ağayev Aydın Əşrəf oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-300/2021 nömrəli qətnaməsi icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə ləğv edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 131 nömrəli məktubundan görünür ki, Hacıqabul rayon Mugan qəsəbə Bələdiyyəsinin xx.xx.2016-ci il tarixdə, Aktla təhvil verdiyi sənədlər arasında, 2007ci ilə aid sənədlərdə, 11 ədəd protokollarda, Ağayev Aydın Əfsər oğlunun adına xx.xx.2007-ci il tarixdə icarəyə verilmiş 0.35 ha. torpaq sahəsinin protokolu aşkar edilməmişdir. Lakin 2007-ci ilə aid sənədlərdə Ağayev Aydın Əfsər oğlunun adına sahibkarlıq məqsədilə icarəyə verilmiş 0.35 ha. torpaq sahəsinə aid sənədin əsli və yaxud notarial qaydada təsdiq olunmuş surəti yox, yalnız surəti aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2907/2022 nömrəli qərarı İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-3083/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-32/2-867-S-01-23 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 28 dekabr 2016-cı il tarixli, 19-N nömrəli qərarı ilə təsdiq edilmiş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimafda edilmiş dəyişikliklərdən sonra bələdiyyə aktları Bakı şəhəri üzrə X2, regionlar üzrə isə Regional Ədliyyə İdarələrinə təqdim edilir. Odur ki, sorğu məktubunda qeyd olunan bələdiyyə aktının və digər zəruri sənədlərin surətlərinin məhkəməyə təqdim olunması üçün Ədliyyə Nazirliyinin X2 müraciət edə bilərsiniz. Bələdiyyə qərarlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda qeydiyyata alınmadığı təqdirdə həmin qərarların hüquqi qüvvəsi məsələləri ilə bağlı qeyd olunur ki, «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən mütləq təqdim olunan bələdiyyə aktları qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə görə isə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsi inzibati məsuliyyətə səbəb olur. Bundan başqa məlumat üçün bildiririk ki, 2015-ci ildə İddiaçı fərdi yaşayış evinə gedən yolun Aydın Ağayev tərəfindən zəbt olunması barədə daxil olmuş müraciətinə Bələdiyyələrlə iş mərkəzində baxılmışdır. Məyyən olunmuşdur ki, Muğan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclasında Aydın Ağayevə 0,35 ha torpaq sahəsinin icarəyə verilməsi dair qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, həmçinin həmin dövrdə bələdiyyə sədri olmuş Tofiq Kərimov tərəfindən vəzifə saxtakarlığına yol verilərək təkbaşına qərar verilmişdir. Həmin qərarın ləğv olunması Şirvan regional ədliyyə şöbəsi vasitəsi ilə 13 mart 2015-ci il tarixli, 09/4-46 saylı məktubla bələdiyyəyə təklif olunsa da lakin bələdiyyə tərəfindən təklif təmin olunmamışdır. Mərkəz tərəfindən sözügedən qərarın ləğv olunması ilə bağlı Şirvan İnzibati- İqtisadi Məhkəməsinə müraciət olunmuş, eləcə də Aydın Ağayev tərəfindən 0.35 ha torpaq sahəsinin zəbt olunmasına görə torplanmış material hüquqi qiymət verilməsi üçün Hacıqabul rayon prokurorluğuna göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/2947/2025 nömrəli məktubu ilə iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumatı göndərmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına və yuxarıda qeyd edilənlər əsasən iddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisə tərəflər arasında olan mülki iş ilə bağlıdır ki, qeyd edilən hal mülki xarakterlidir və tələbdə qeyd edilən arayış inzibati akt hesab edilmədiyindən onun tərtib olunduğu zaman inzibati orqan tərəfindən hər hansı inzibati araşdırmanın aparılması nəzərdə tutulmamışdır. Qanunsuz qeydiyyata alınma ilə bağlı isə məhkəmə qeyd edir ki, qeydiyyata alınma ilə bağlı hərəkətlər nümayəndəlik tərəfindən həyata keçirilmədiyindən qeydiyyatın ləğvi də nümayəndəlik tərəfindən həyata keçirilə bilməz. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının hansı hüququnun pozulduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçının tələbində Hacıqabul rayon Muğan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarının etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri normativ aktların, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların, bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların, birdəfəlik yerli vergilərin və rüsumların tətbiqi barədə aktların, yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların, bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların, bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların, qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 5.0.1ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir («Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanunu maddə 1, 3.1, 5.0.1, 6.0, 8.3, 8.4, 8.5). Məhkəmə qeyd edir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bələdiyyələrin normativ aktlarının və bu Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda İnzibati nəzarət icraatının başlanması üçün əsas olur. Məhkəmə qeyd edir ki, inzibati aktın etibarsız sayılması, İnzibati Prossesual Məcəlləsinin 65-ci maddəsini (İnzibati aktın etibarsız sayılmasına) əsas götürülərək əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinizə çatdırılır ki, həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri müəyyənləşdirilmişdir. Sizin bələdiyyə qərarının etibarsız sayılması barədə tələbiniz inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında iddia növünə aiddir. Nəzərinizə çatdırılır ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. Tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından həmin tələbinin əsaslandırılmasını təmin etməmişdir. Aşağıdakıları nəzərinizə çatdıraraq bildirilir: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İş materiallarına baxılan zaman hal-hazırda mübahisələndirilən Hacıqabul rayon Muğan Bələdiyyəsinə qarşı “Hacıqabul rayon Muğan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarının qüvvədə olduğu müəyyən edilir. İddiaçı hər nə qədər qərarın etibarsızlığın irəli sürsə də, araşdırma nəticəsində hüquqi marağının qərarının ləğv edilməsi olduğu müəyyən edilir. Bu hissə də tərəfə hüquqi yardımlar edilmiş, iclaslar zamanı qanunvericiliyin tələbləri izah edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarına əlavə edilən sənədlərə və sübutlara əsasən iddiaçının qeyd edilən qərardan uzun müddətdir məlumatlı olduğu müəyyən edilir. Tərəfin iddianı qaldarmıqda subyektiv hüququnun olub-olmaması hissəsində araşdırma üzrə aşağıdakılar qeyd edilir: İlk öncə qeyd edilməlidir ki, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Tərəflər arasında mübahisənin uzun dövrü əhatə etdiyi müəyyən edilir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən bir çox məhkəmələrdə tərəflər arasında qeyd edilən torpaq sahələri üzrə mübahisələr olmuşdur. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(071)-347/2014 nömrəli qətnaməsi ilə Ağayev Aydın Əsrəf oğlunun İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Ağayev Aydın Əşrəf oğluna məxsus xx.xx.2007-ci il tarixli, 01 saylı icarə müqaviləsinə əsasən verilmiş 0,35 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi ona təhvil verilməsi qət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(106)-172/2015 nömrəli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-2120 nömrəli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Eləcə də, Hacıqabul rayon prokurorluğunun xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Hacıqabul rayonu, Muğan qəsəbə sakini İddiaçı Muğan qəsəbə Bələdiyyə Şurasının xx.xx.2007-ci il tarixli, 10 saylı qərarının saxta olması barədə rayon prokurorluğuna ünvanladığı müraciəti asında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Sənədlərin tədqiqi nəticəsində iş materiallarına əlavə edilən 10611 nömrəli, 08 may 2017-ci il tarixli ekspert rəyinə əsasən Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılan 0,08 hektar həyətyanı torpaq sahəsi ilə Hacıqabul rayon Muğan qəsəbə bələdiyyə şurasının xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarına əsasən Hacıqabul rayonu Muğan qəsəbə sakini Ağayev Aydın Əsrəf oğlunun icarəsinə verilən 0,35 hektar torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Tərəflər arasında mübahisənin isə yoldan səmərəli istifadə edilməsi, şəxslərə gedən yolun zəbt edilməsi və yolun açılması hissələrində olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən mübahisə qərar üzrə deyil müvafiq tərəflər arasında gediş-gəliş yolu üzrə “yoldan səmərəli istifadə edilməsi, şəxslərə gedən yolun zəbt edilməsi və yolun açılması” hissəsində olmuşdur ki, həmin hissə də mübahisə yuxarıda qeyd edilənlərə əsasən inzibati xarakterli deyil və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçıya bir daha izah olunur ki, onun, aidiyyət qaydalarına uyğun olaraq mülkiyyətində olan torpaq sahəsinə yolun bağlanacağı təqdirdə gediş-gəliş yolunun məcburi açılması barədə hüququnu pozan şəxslərdən rayon (şəhər) məhkəməsində iddia qaldırmaq hüququ vardır. Məhkəmə qeyd edir ki, iş materiallarına və yuxarıda qeyd edilənlər əsasən iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə tərəflər arasında olan mülki iş ilə bağlıdır ki, qeyd edilən hal mülki xarakterlidir və tələbdə qeyd edilən arayış inzibati akt hesab edilmədiyindən onun tərtib olunduğu zaman inzibati orqan tərəfindən hər hansı inzibati araşdırmanın aparılması nəzərdə tutulmamışdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının hansı hüququnun pozulduğunu müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011 -ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Həmçinin iddiaçı iddia ərizəsində qeydiyyata alınmanın qanunsuz yolla edildiyini bildirmişdir ki, qeyd edilən hal cinayət xarakterli olduğundan iddiaçıya həmin faktlarla bağlı əldə etdiyi sübutlarla bir yerdə cinayət təqibini həyata keçirən müvafiq orqana və qeydiyyatın ləğvi ilə bağlı isə digər müvafiq orqana müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya 13 avqust 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Hacıqabul Bələdiyyəsinə qarşı “Hacıqabul rayon Muğan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarının etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar