Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-710/2021 06.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İslamov Tamerlan Cəlil oğlunun katibliyi, Üçüncü şəxs X2 (ünvan 1 ünvanda qeydiyyatda olan) və Üçüncü şəxs X3 (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı «pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* №-li çıxarışa əsasən Lənkəran şəhəri, X13 küçəsi, ev 78/5 ünvanında yerləşən 48 saylı mənzildən X3, X2 və X1 qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi məhkəməyə daxil olduğu gündən qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(120)-710/2021 saylı qərardadı ilə X7, X8 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, X13 küçəsi, ev 78/5 ünvanında yerləşən 48 saylı mənzil, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li çıxarışa əsasən ona məxsusdur. Həmin mənzildə o və ailə üzvləri yaşayırlar. Lakin ona məlum olmuşdur ki, ona məxsus olan mənzildə, mənzilin əvvəlki sahibi ilə birlikdə qeydiyyatda olan şəxslərdən olan X7, X8 və X6 hələ də qeydiyyatdadırlar. 02.02.2021-ci il tarixdə ərizə ilə Lənkəran ŞRPŞ-yə müraciət edərək ona məxsus həmin mənzildə qeydiyyatda olan kənar şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, buna cavab olaraq verilmiş məktubda bunun mümkün olmadığı və eləcə də bu barədə məhkəməyə müraciət etməyi bildirilmişdir. Odur ki, mülkiyyətçi kimi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Üçüncü şəxs X8 şifahi məhkəmə baxışı iclasında izahat verərək, bildirdi ki, həmin mənzil alqı-satqı qaydasında iddiaçıya satılmışdır. Onun iddiaçının mənzilində qeydiyyatı formal xarakter daşıyır. Onun mənzilin pasport qeydiyyatından çıxarılmasına etirazı yoxdur. Odur ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X7 şifahi məhkəmə baxışı iclasında X2 izahatını təsdiq edərək, iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddiaçı, cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə və üçüncü şəxs X4 şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin 21.04.2021-ci il tarixli məktubunda İddiaçı qeydiyyatdan çıxarılma tələbinə dair inzibati iş üzrə məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsinə etirazlarının olmadığı bildirilmişdir. Həmçinin üçüncü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinə və Lənkəran bələdiyyəsinə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxs X1 iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materialında olan 8 may 2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X5 ilə İddiaçı arasında Lənkəran şəhəri, X13 küçəsi, ev 78/5, mənzil 48 ünvanında yerləşən ümumi sahəsi 81 kv/metr, yaşayış sahəsi 60,6 kv/metr, yardımçı sahəsi 20,4 kv/metr olan 4 otaqlı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 13-cü bəndindən görünür ki, satıcı X5 08.06.2015-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materialında olan 27.05.2015-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Lənkəran şəhəri, X13 küçəsi, ev 78/5, 48 saylı mənzil (ümumi sahəsi 86,5 kv/metr, yaşayış sahəsi 60,6 kv/metr və yardımçı sahəsi 25,9 kv/metr, 4 otaqlı) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 128 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 17 mart 2021-ci il tarixli **********12 nömrəli məktubunda qeyd olunmuşdur ki, X3, X2 və X1 qeydiyyatda olduqları Lənkəran şəhəri, X13 küçəsi, ev 78/5, mənzil 48 ünvanda yerləşən əmlaka dair istifadə hüquqları barədə hər hansı bir məlumat aşkarlanmamışdır. İş materialında olan Lənkəran şəhər-rayon Polis şöbəsinin 25.03.2021-ci il tarixli məktubundan görünür ki, X7 23.11.2010; X8 23.11.2010; X6 isə 21.01.2004-cü il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadırlar. Həmin şəxslərin qeyd olunmuş ünvana qeydiyyata alınmalarına əsas verən sənədlər saxlama müddətləri bitdiyinə görə məhv edildiklərindən təqdim olunması mümkün deyildir. İş materialında olan Lənkəran şəhər-rayon Polis şöbəsinin İddiaçı ünvanladığı 03.02.2021-ci il tarixli məktubdan görünür ki, X3, X2 və X1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünluk verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Yenə həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında çıxarılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X5 ilə İddiaçı arasında Lənkəran şəhəri, X13 küçəsi, ev 78/5, mənzil 48 ünvanında yerləşən ümumi sahəsi 81 kv/metr, yaşayış sahəsi 60,6 kv/metr, yardımçı sahəsi 20,4 kv/metr olan 4 otaqlı mənzilə dair 8 may 2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin mənzil tam mülkiyyət hüququ üzrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin müqavilənin 13-cü bəndindən görünür ki, satıcı X5 08.06.2015-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bununla da X5 hazırda iddiaçının mülkiyyətində olan mənzili satmaqla həmin evə olan özünün və digər şəxslərin mülkiyyət hüququnu, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnu da itirmiş hesab olunur. Lakin həmin mənzildə, yəni hazırda iddiaçıya məxsus olan evdə X3, X2 və X1 pasport qeydiyyatında qalması müəyyən olunmuşdur. X3, X2 və X1 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Eyni zamanda həmin şəxslərin hal-hazıra qədər evdən istifadə etməmələri, orada yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları onların mənzildən qeydiyyatdan çıxarılmasına əsas verir. Buna görə də cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin X3, X2 və X1 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, X13 küçəsi, ev 78/5, mənzil 48 ünvanından X3, X2 və X1 pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75-79 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, X13 küçəsi, ev 78/5, mənzil 48 ünvanından X3, X2 və X1 pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-710/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-710/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver