Məhkəmə qərarları › İş №2-1(120)-710/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-710/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-710/2024 22.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclasının katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2802/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi ilə əvəz edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində (adi cəlbetmə qaydasında) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. Onun oğlu X12, 30 oktyabr 1994-cü ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. O, N saylı hərbi hissədə hərbi xidmətdə olarkən vəfat etmişdir. X12 hərbi xidmətdə olarkən vəfat eldiyi üçün ona səhid adının və səhid ailəsi statusunun verilməsini istəyir. Buna görə də o, Müdafiə Nazirliyinə dəfələrlə ərizə ilə müraciət etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli Müdafiə Nazirliyinə bu barədə etdiyi müraciətə xx.xx.2018-ci il tarixli 1/A7085 saylı cavabda qeyd edilir ki, "Şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 1.2.6-cı bəndinə müvafiq olaraq atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İddiaçı 2019-cu ildə etdiyi müraciətə də 22 aprel 2019-cu ildə 02 may 2019-cu il tarixli 1/A5583 saylıməktubla da eyni məzmunlu cavab verilmişdir. Daha sonra məktubda qeyd olunur ki, təqdim edilmiş sənədlərdən məlum olur ki, 1975-ci ildə anadan olmuş övladı X12 1995-ci il tarixdə Füzuli rayonunda avtomobil qəzası nəticəsində həlak olmuşdur. Odur ki, övladı Tərlan Fərziyevin həlak olması döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmadığından ona "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunu”nu şamil etmək olmaz. İddiaçı Müdafiə Nazirliyinin bu cavabı ilə razı deyildir. Çünki Müdafiə Nazirliyi heç bir araşdırma aparmadan ona bu cavab verir. Halbuki o, Astara rayonu Hərbi Komissarlığı tərəfindən şəhid kimi, şəhid əskərə layiq bütün atributlara əməl edilməklə dəfn olunmuşdur. Onun məzar daşında bu gün də şəhid adı yazılaraq əbədiləşdirilir. Müdaliə Nazirliyi onların təqdim etdikləri sənədlərə əsasən deyil, özünün apardığı araşdırmalarla onlara cavab verməli idi. Belə ki, Tərlan Fərziyevlə qulluq edən döyüşçülər bildirirlər ki, onlar döyüş tapşırığını yerinə yetirməyə gedərkən baş vermiş avtomobil qəzası nəticəsində xəsarət alıb şəhid olmuşdur. Tərlan Fərziyevə ölümü barədə verilən sənədlər də bir-birinə ziddiyyət təşkil edir. Belə ki, N saylı hərbi hissənin qəbul seçmə tağımının baş ordinatoru tibb xidmət baş leytinantı Bəşirov A.H. tərəfindən N sentyabr 1995-ci il tarixdə verilmiş ölüm şəhadətnaməsinin alınması üçün verilmiş arayışda qeyd olunur ki, ölümün səbəbi "Maşının üstündə yoxlanış məntəqəsindən keçərkən başı şlaqbauma dəymiş, həyatla uyğunlaşmayan travma alımışdır", Tərlan Fərziyevə hərbi hissədən belə diaqnoz qoyulmuşdur. Müdafiə Nazirliyi araşdırmır ki, Tərlan Fərziyev həmin maşında niyə olmuşdur, hara gedirmiş və yolda niyə şlaqbaum qurulub. Göründüyü kimi, Tərlan Fərziyev avtoqəza nəticəsində ölməmişdir və ilkin verilən sənəddə də onun ölümünün səbəbi avtoqəza deyil, hərbi xidmət zamanı aldığı travma olmuşdur. Lakin sonradan N saylı hərbi hissənin qərargah rəisi H.U.Nəbiyevin Astara rayon hərbi Komissarlığına ünvanladığı N sentyabr 1995-ci il tarixli 101 saylı bildirişində qeyd olunur ki, X12 avtomobil qəzası nəticəsində həlak olmuşdur. Hərbi hissənin qərargah rəisi bu məlumatı hardan əldə edib və diaqnozu hardan yazıb məlum deyildir. Əgər N sentyabr 1995-ci ildə həqiqətən avtomobil qəzası baş veribsə və qəzada adam ölübsə onda həmin avtomobil qəzasına dair cinayət işi başlanmalı idi və onun valideynləri zərərçəkıniş şəxsin hüquqi varisi kimi tanınmalı idilər. Lakin belə bir cinayət işi də olmamışdır. Müdafiə Nazirliyi bu məsələni araşdırmalı idi və bu barədə onun valideynlərinə doğru-düzgün məlumat verməli idilər. Müdafiə Nazirliyi araşdırmalı idi ki, niyə onun hərbi hissələri bir-birinə zidd arayışlar veriblər. X20 avtomobil qəzasında həlak olmuşdursa, niyə onu Hərbi Komissarlıq şəhid kimi dəfn etmişdir? X10 19 sentyabr 1995-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə ölümün səbəbi tamamilə fərqli, "amaun vəziyyətlə əlaqədar mərkəzi muneu tənnəfüs ürək damar çatışmamazlığı' səbəb kimi qeyd edilmişdir. Bütün bu ziddiyyətlər müvafiq dövlət orqanı tərəfindən aydınlaşdırılmır və yalnız qanunun müddəalarını sadalamaqla öz işlərini bilmiş hesab edirlər. İddiaçı bir anadır, o, 18 il bir övlad böyüdüb vətənə xidmətə göndərmişdir. Lakin bu gün onun hüquqları tapdalanır, onun övladının layiq olduğu adı ona vermək istəmirlər. Tərlan Fərziyev döyüş tapşırığını yerinə yetirməyə gedərkən şəhid olmuşdur. Bu ad da ona verilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə etdiyini və qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. Həmçinin, iddia tələbi iddaya cavab verməli olan inzibati orqana qarşı yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının oğlu siravi əsgər olduğundan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon bölməsinndə hərbi qeydiyyatda olduğundan hazırki tələbə cavab verməli inzibati orqan məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon bölməsidir. Məhkəmə iddiaçı tərəfi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beə ki, iddiaçı oğlu X4 şəhid adının verilməsi və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan olan N nömrəli hərbi hissənin xx.xx.1995-ci il tarixli, 101 nömrəli bildirişində qeyd edilmişdir ki, 1795-ci il təvəllüdlü, siravi X12 xx.xx.1995-ci il tarixdə Füzuli rayonu ərazisində avtomobil qəzası nəticəsində həlak olmuşdur. Astara rayon Hərbi Komisarlığının 4/294 nömrəli arayışında qeyd edilmişdir ki, 1975ci il təvəllüdlü, siravi X12 N saylı hərbi hissədə xx.xx.1995-ci ildə xidməti borcunu yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 1.2.6-ci bəndinə müvafiq olaraq atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Təqdim etdiyiniz sənədlərdən məlum olur ki, 1975-ci ildə anadan olmuş övladınız X12 1995-ci il tarixdə Füzuli rayonunda avtomobil qəzası nəticəsində həlak olmuşdur. Odur ki, övladınız T.Z.Fərziyevin həlak olması döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmadığından ona “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikasının Qanunu şamil edilə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 1.2.6-u bəndinə müvafiq olaraq atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Təqdim etdiyiniz sənədlərdən məlum olur ki, 1975-ci ildə anadan olmuş övladınız X12 1995-ci il tarixdə Füzuli rayonunda avtomobil qəzası nəticəsində həlak olmuşdur. Odur ki, övladınız T.Z.Fərziyevin həlak olması döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmadığından ona “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər" haqqında Azərbaycan Respublikasının Qanunu şamil edilə bilməz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli fərmanında 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Fərmanın 5-ci bəndinə əsasən həmin kateqoriyaya aid olan şəxslərin ümumi siyahısı aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək üç ay müddətinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməlidir. Hərbi qulluqçunun adının ümumi siyahıda olub-olmaması müəyyən edildikdən sonra bu Fərmandan irəli gələn digər tələblər nəzərə alınmaqla birdəfəlik ödəmənin verilməsinə ve ya bundan imtina edilməsinə dair qərar qəbul edilməsi müəyyən edilmiş qaydada aidiyyəti üzrə həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 98 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü əsgər X12 həqiqətən xx.xx.1994-cü ildə keçmiş Astara RHK-ğı tərəfindən hərbi xidmətə çağırılmış və N saylı hərbi hissədə hərbi xidmətdə olarkən xx.xx.1995-ci ildə avtomobil qəzası nəticəsində vəfat etmişdir. xx.xx.1995-ci il tarixli İİ-ЖГ nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1995-ci il tarixdə mərkəzi tipli tənəffüs ürək damar çatışmamazlığı səbəbindən Füzuli rayonu, Əhmədbəyli kəndində vəfat etmişdir (ölmüşdür). xx.xx.1995-ci il tarixli, 26 nömrəli Ölüm haqqında akt qeydindən görünür ki, X12 xx.xx.1995-ci il tarixdə mərkəzi tipli tənəffüs ürək damar çatışmamazlığından vəfat etmişdir (ölmüşdür).Ölüm akt qeydi N saylı hərbi hissənin xx.xx.1995-ci il tarixli arayışı əsasında tərtib edilmişdir. Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı 3-3-12/2-30-8278/23 nömrəli məktubunda qeyd edilmişdir ki, əsgər X5 hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edib-etməməsi, xx.xx.1995-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən vəfat etməsi (səbəbi, hadisə ilə bağlı araşdırmanın nəticələri) barədə məlumat və sənədlərin əslinin və ya təsdiq olunmuş surətlərinin göndərilməsi qeyd olunmuşdur. Bildirir ki, Respublika Hərbi Prokurorluğu tərəfindən əsgər X5 vəfat etməsi hadisəsi ilə bağlı araşdırmanın nəticələri barədə məlumatın verilməsi mümkündür. Məktubunuzda qeyd edilmiş digər məsələlərlə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1565 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında mərhum X12 barəsində heç bir məlumat yoxdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 721 nömrəli əmrindən görünür ki, X12 xx.xx.1995-ci il tarixdən N nömrəli hərbi hissənin 3-cü motoatıcı taburunun şəxsi heyətinin siyahısına salınıb, bütün müavinatlarla təmin olunmaqla xidməti vəzifələrinin icrasına başlanmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 869 nömrəli əmrində qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin 3-cü motoatıcı taburunun əsgəri, siravi X12 xx.xx.1995-ci il tarixdə avtomobil qəzasında həlak olduğu üçün şəxsi heyətin siyahısından və bütün növ müavinatlarından çıxarılsın, dəfn mərasiminin təşkili üçün müəyyən olunmuş normaya müvafiq olaraq ərzaq buraxılsın. Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı 3-3-12/2-30-8278/23 nömrəli və digər eyniməzmunlu məktublarında qeyd edilmişdir ki, hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda hər hansı bir məlumat aşkar edilməmişdir, cinayət işi açılmamış, istintaq olunmamış və material araşdırılmamışdır. Nəzərinizə çatdırıram ki, yol-nəqliyyat hadisələri ilə bağlı ilkin araşdirmalarin aparılması Respublika Yol Polisinin istintaq və təhqiqat şöbəsinin səlahiyyətlərinə aiddir. Həmin araşdırma zamanı hadisədə günahkar şəxsin hərbi qulluqçu olması sübut edildikdən sonra toplanmış material və ya başlanmış cinayət işi hərbi prokurorluq orqanlarına göndərilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Astara rayonu Hərbi Komisarına ünvanladığı xx.xx.1999-cu il tarixli, 24/25 nömrəli məktubunda hərbi qulluqçular X6, X7, X5 və X3 döyüş əməliyyatları ilə heç bir əlaqəsi olmayan bədbəxt hadisə nəticəsində həlak olduqlarını və müvafiq qanunvericilik aktlarının tələblərinə zidd olduğuna görə şəhid statusu verilməsi mümkün olmsmsdı bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahı”nm təsdiq edilməsi barədə” DİN-in xx.xx.2015-ci il tarixli müvafiq əmrinə əsasən yol-nəqliyyat hadisələrinə (qəzalarına) dair yazışmalar (arayış, məlumat) 3 (üç) ildən gec olmayan müddətdə məhv edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 947 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu mərhum X5 vəfat etdiyi xx.xx.1995-ci il tarixli avtomobil qəzası barədə hal hazırda hərbi hissədə heç bir qeydiyyat yoxdur. N saylı hərbi hissənin N sentyabr 1995-ci il tarixli arayışında da qeyd edilmişdir ki, maşının üstündə yoxlanış məntəqəsindən keçərkən başı şlaqbauma dəymiş, həyatla uyğunlaşmayan travma almışdır.Məhkəmənin əvvəlki iclaslarında iddiaçının nümayəndəsi və vəkili də məhz bu arayışı mötəbər hesab etdiklərini bildirmişdir. Ölüm haqqında 798 nömrəli Həkim Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X11 xx.xx.1995-ci il tarixdə ölmüş və ölüm səbəbi qapalı kəllə-beyin travması nəticəsində sol təpə nahiyyəsinin subdural hepatologiyası, kəllə tacı sümüklərinin sınığı və basılmış sümüklərin üçüncü dərəcəli kontuziyadan sonra kompressiyası, anallik vəziyyətlə əlaqədar mərkəzi tipli tənəffüs ürək damar çatışmazlığı olmuşdur. Məhkəmənin əvvəlki iclasında dəvət olunmuş şahidlərin ümumi izahatlarında da Tərlan Fərziyevin avtomobil qəzası zamanı ölmədiyi, ehtiyatsızlıqdan başının şlaqbauma dəydiyi və hadisədən sonra xəstəxanaya aparılaraq orada dünyasını dəyişdiyi və həmin vaxt döyüş əməliyyatlarında olmadıqları faktı müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Göründüyü kimi normatiq hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının oğlu X1 və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış, xx.xx.1995-ci il tarixdən N nömrəli hərbi hissənin 3-cü motoatıcı taburunun şəxsi heyətinin siyahısına salınmışdır. Onun ölümü ilə bağlı məhkəmə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, X5 həlak olması xx.xx.1995-ci il tarixdə başının şlaqbauma dəyərək ciddi travma alması nəticəsində baş vermişdir. Başqa sözlə məhkəmə, X12 barəsində tərtib edilmiş xx.xx.1995-ci il tarixli, 26 nömrəli Ölüm haqqında akt qeydini və həmin akt qeydiyinin tərtib olunmasına əsas olmuş N saylı hərbi hissənin xx.xx.1995-ci il tarixli arayışını mötəbər sübut kimi qiymətləndirir. Bu fakt şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən deyil, xx.xx.1995-ci il tarixdə ehtiyatsızlıq nəticəsində başının şlaqbauma dəyərək travma alması nəticəsində vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. X5 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir və onun ölümünün səbəbli əlaqəsi ona şəhid statusu verilməsi üçün əsas ola bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respuiblikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar