Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-718/2020 14.05.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı (Lənkəran rayonu, Şovu kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) və vəkili Musazadə Elşən Möhrab oğlunun (Lənkəran rayonu, Xarxatan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Əliyev” soyadının “Nəcəfəli” soyadı ilə dəyişdirilməsi, eləcə də soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Əliyev” soyadının “Nəcəfəli” soyadı ilə dəyişdirilməsi, eləcə də soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu, Şovu kəndində anadan olmuşdur. X1r. Atasının adını yaşatmaq üçün soyadı kimi daşımaq istəyir. Ona görə də soyadını dəyişib, “Nəcəfəli” soyadını daşımaq istəyir. Daşıdığı “Əliyev” soyadının “Nəcəfəli” soyadına dəyişdirilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin həmin şöbə tərəfindən soyadının dəyişdirilməsindən imtina edilmiş və soyadının dəyişdirilməsindən ötrü məhkəməyə müraciət etməsi izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyə görə o, öz soyadının dəyişdirilməsi hüququna malikdir və bununla bağlı müraciətinə Cavabdeh tərəfindən verilmiş verilmiş imtina cavabı əsassızdır. Belə ki, hazırda qüvvədə olan ailə qanunvericiliyi şəxsin öz soyadını dəyişdirməsi imkanını bir hüquq kimi təsbit etməklə bunun üçün yeganə məhdudiyyət olaraq 18 yaşına çatma şərtini müəyyən edir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili Musazadə Elşən Möhrab oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və məktubla məhkəməyə müraciət edərək şöbədə iş yükünün çox olmasını nəzərə alaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə məhkəmədə iddia qaldırmaq üçün şəxsiyyət vəsiqəsinin surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına Аzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Lənkəran rayon İcra və Probasiya şöbəsinin və “Lənkəran rayon Mərkəzi Xəstəxanası” X12 məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X6 Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının ad və soyadının dəyişdirilməsindən imtina etmişdir. İddianın əsaslılığı : Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AZE seriyalı 16808581 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu, Şovu kəndində anadan olmuş və Lənkəran rayonu, Şovu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Cavabdeh xx.xx.2019-cu il tarixli, 2069 nömrəli arayışından şörünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu, Şovu kəndində anadan olmuş, atası X7, anası X2r. İşdə olan Аzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, 5/473 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı barədə Dövlət Sərhəd Xidmətində nüfuzdansalıcı məlumatlar mövcud deyil. İşdə olan “Lənkəran rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2020-ci il tarixli, 2/2-193 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu, Şovu kəndində anadan olmuş və Lənkəran rayonu, Şovu kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Əliyev X5 Rayonlararası Psixiatriya Xəstəxanəsında 2000-ci ildən qeydiyyatdadır. İşdə olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu mil tarixli, 216 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu, Şovu kəndində anadan olmuş və Lənkəran rayonu, Şovu kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatında məhkəmə qərardadı yoxdur. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 682 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran ŞRPŞ-dən əsaslandırılmamış rəy daxil olduğundan soyadın dəyişdirilməsi məsələsinə baxıla bilmədiyi üçün müvafiq məhkəməyə mütaciət etmək tövsiyə edilmişdir. İşdə olan Lənkəran ŞRPŞ-nin Q və ŞVB-nin xx.xx.2019-cu il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi ilə əlaqədar müraciətin baxılmasına dair rəyin surətindən görünür ki, Lənkəran Rayonlararası Psixiatriya dispanserinə və Lənkəran Rayonlararası Narkoloji dispanserinə İddiaçı qeydiyyatda olması barədə sorğular edilmiş və qeydiyyatda olması aşkar olunmamış, hesab edilmişdir ki, Lənkəran rayonu, Şovu kəndində yaşayan İddiaçı soyadının “Nəcəfəliyev” soyadına dəyişdirilməsinə baxıla bilməz. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Qanunvericiliyə görə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddələri) hər bir şəxsin öz adını və soyadını dəyişdirmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə ilk növbədə qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən qərar formasında inzibati akt qəbul edilməli idi (Qaydaların 1.5 və 6.18-ci bəndləri). İddiaçının müraciəti əsasında yazılı formada inzibati aktın qəbul edilməli olması həm də “İnzibati icraat haqqında” Qanunun tələblərindən irəli gəlir. Həmin Qanunun müddəalarına görə: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Lakin işin hallarından görünür ki, cavabdeh iddiaçının müraciəti əsasında belə bir inzibati akt qəbul etməmiş və ona yalnız məktubla cavab vermişdir. Cavabdeh, həmçinin “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə riayət etməyərək qəbul etməli olduğu inzibati aktın əsaslandırılmasını da həyata keçirməmişdir. Belə ki,cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, 682 nömrəli məktub formal baxımdan yazılı inzibati aktın rekvizitlərinə (“İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsi) cavab verməməklə yanaşı, həmin məktubda hər hansı əsaslandırmaya da yer verilməmiş, inzibati orqan nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Yuxarıda sadalanmış qanunvericilik iddiaçıya soyadını dəyişdirmək imkanını konstitusion hüquq kimi vermişdir. İnzibati orqan belə bir qərar qəbul etməkdən imtina edirsə, bunun hansı faktiki hallara əsaslandığını bildirməli və hüquqi istinadını göstərməlidir. Məhkəmə qeyd edir ki, işin hallarından müəyyən olunduğu kimi, iddiaçı soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etdikdən sonra “İnzibati icraat haqqında” Qanunun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh tərəfindən ümumiyyətlə həyata keçirilməmişdir. Halbuki, həmin Qanunun 28.1.1-ci maddəsinə görə, iddiaçının soydanın dəyişdirilməsi ilə bağlı ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. Göstərilən Qanunun 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Beləliklə, cavabdeh inzibati orqan olaraq iddiaçının ərizəsi əsasında inzibati icraata başlamalı və həmin icraatı “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına uyğun olaraq aparmalı və icraatın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməli olduğu halda, bunu etməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, 682 nömrəli məktubdan müəyyən olunur ki, iddiaçı inzibati orqana xx.xx.2019-cu il tarixdə müraciət etmiş, inzibati orqan tərəfindən hər hansı inzibati icraat aparılmadan, Lənkəran ŞRPŞ-nin Q və ŞVB-nin xx.xx.2019-cu il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi ilə əlaqədar müraciətin baxılmasına dair rəyi əsas gətirilərək xx.xx.2019-cu il tarixdə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının müraciətinin təmin edilməsindən imtinaya səbəb olan Lənkəran ŞRPŞ-nin Q və ŞVB-nin xx.xx.2019-cu il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi ilə əlaqədar müraciətin baxılmasına dair rəyi öz-özlüyündə ziddiyyətlidir. Belə ki, həmin rəy ilə Lənkəran Rayonlararası Psixiatriya dispanserinə və Lənkəran Rayonlararası Narkoloji dispanserinə İddiaçı qeydiyyatda olması barədə sorğular edilmiş və qeydiyyatda olması aşkar olunmadığı müəyyən edildiyi halda, Lənkəran rayonu, Şovu kəndində yaşayan İddiaçı soyadının “Nəcəfəliyev” soyadına dəyişdirilməsinə baxılmamalı olduğu qeyd edilmişdir. Halbuki, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçini iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Bundan başqa, Qaydaların: 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.15-ci bəndinə görə ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.16-cı bəndinə görə rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. 6.17-ci bəndinə görə qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). Göründüyü kimi “Qaydalar”da hansı halllarda ərizə verən şəxsin soyadının dəyişdirilməsinə yol verilmədiyi açıq şəkildə qeyd olunmuşdur. Odur ki cavabdeh inzibati orqan məhz həmin halları (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, götürülməmiş və ya ödənilməmiş məhkumluğun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi) müəyyən etmək üçün inzibati icraat üzrə zəruri araşdırmanı aparmalıdır. Yuxarıda da göstərildiyi kimi cavabdehin imtina məktubunda hər hansı əsaslandırma olmadığı üçün imtinanın faktiki və hüquqi halları qeyri-müəyyən olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbini təmin etmək işin hazırkı vəziyyətində mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-nin 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir.Ödənilmiş dövlət rüsumu iddiaçının tərəfindən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-718/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-718/2020
14.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver