Məhkəmə qərarları › İş №2-1(120)-721/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-721/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-721/2025 14.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X7 müavini Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2023-cü il tarixli 80 nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2023cü il tarixli əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2379/2024 nömrəli qərardadı ilə iddia tələbinə “X7 müavini Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2023-cü il tarixli 80 nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 may 2015-ci ildən 22 noyabr 2023-cü il tarixindək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 44 günlük Vətən Müharibəsinin iştirakçısı və veteranı, həmçinin 2023-cü ilin sentyabr ayında aparılmış antiterror tədbirlərinin iştirakçısıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müfaviq Sərəncamına əsasən “Fizulinin azad edilməsinə görə” medalı ilə və Baş Nazirin Qərarına əsasən “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur. 29 sentyabr 2023-cü il tarixində doğma torpaqların azad olunmasından sevinc hisslərimi saxlaya bilməyib ata-baba yurdu olan Xocavənd şəhərində ona məxsus mobil telefondan 10 saniyəlik çəkiliş aparmışdır. Həmin çəkiliş başqa şəxs tərəfindən WhatsApp şəbəkəsində paylaşılıb. O, bunu onun icazəsi və xəbəri olmadan etmişdir. Bununla bağlı Müdafiə Nazirliyində araşdırma aparılmış və xx.xx.2023-cü il tarixində “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə” nin 156cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmsına dair X7 müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmri imzalanmışdır. Həmin əmr barədə xx.xx.2023-cü il tarixində ona məlumat verilmişdir, lakin əmrin özünü ona təqdim etməyiblər və onu görməmişdir. Barəsində bu cür əmrin imzalanması ilə razı deyil. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edir. 2015-ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan əlavə, çavuşların nalayiq hərəkətlərinə çavuşların şərəf məhkəmələrində baxıla bilər. Əgər mən hərbi intizamı pozmuşdumsa və ya nalayiq hərəkət etmişdimsə araşdırma nəticəsində günahım sübuta yetirildiyi halda Nizamnamənin tələblərinə əsasən bu məsələ çavuşların yığıncağında müzakirə edilməli və ya çavuşların Şərəf məhkəməsində baxıla bilərdi. Əfsuslar olsun ki, bütün bunlar baş verməmişdir; Azərbaycan Respublikası Silahlı X1 44-cü maddəsinə əsasən, hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə komandirlərin (rəislərin) qərarları ilə çavuşların nalayiq hərəkətləri taborların, divizionların, gəmilərin və bunlara müvafiq bölmələrin çavuşlarının yığıncaqlarında müzakirə edilə bilər. İntizam Nizamnaməsinin 50-ci maddəsinə əsasən müddətdən artıq xidmət çavuşlarına: a)məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) əlaçı döş nişanından məhrum etmə; öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq; d)aşağı vəzifəyə keçirmə; ə) hərbi rütbəsini bir pillə aşağı salma; c) hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə; z) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; i) sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma cəzaları verilə bilər. Qeyd edir ki, həmin çəkilişlə bağlı ona müvafiq komandirin əmrinə əsasən hər hansı intizam cəzası verilməmişdir. Əgər cavabdeh inzibati orqan araşdırma apararaq ona cəzalandırmaq qərarına gəlmişdisə, Nizamnamədə göstərilən ən ağır cəzalardan birini verə bilərdi. Lakin, göründüyü kimi, inzibati orqan araşdırma nəticəsində günahının sübuta yetiriləcəyi təqdirdə Nizamnamədə qeyd olunmuş hətta ən ağır cəzaları belə ona tətbiq etməyə cəhd etməyərək birbaşa, heç bir qanuni əsas olmadan ehtiyata buraxılmasına dair əmr imzalamışdır ki, bu da tam olaraq qanunsuz və əsassız bir haldır; Qeyd olunan çəkiliş başqa şəxs tərəfindən yayılmışdır. Həmin çəkilişdə yalnız azad olunmuş Xocavənd şəhəri əks olunmuşdur. Orada hər hansı hərbi texnika, silah növü, hərbi birləşmələrin fəaliyyətləri, mövqeləri və s. əks olunmur. Yəni, həmin 10 saniyəlik çəkiliş heç bir halda dövlətimizin müdafiə və təhükəsizliyinə hər hansı bir şəkildə xələl gətirməmişdir; Həmin çəkiliş 29 sentyabr 2023-cü il tarxində, yəni xx.xx.2023-cü il tarixli antiterror tədbirlərindən düz 10 (on) gün sonra aparılmışdır, həmin zaman hər hansı döyüş əməliyyatları və ya onlara hazlrlıq tədbirləri həyata keçirilməmişdir; Müdafiə Nazirliyinin Hüquq İdarəsində məsələ araşdırılmış, həmin İdarənin rəisi ədliyyə polkovniki Elçin Əliyev şəxsən onu qəbul edərək dinləmiş və ona bildirmişdir ki, “get ver məhkəməyə, udacaqsan” “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 161-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış xəbərdar edilirlər. Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılır. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Qeyd edir ki, ehtiyata buraxılma barədə onunla yalnız bir söhbət apılmış və həmin zaman “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılmasına öz etirazını bildirmişdir. Qeyd olunan çəkilişlə bağlı Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsində araşdırma aparılmış, o cümlədən ona məxsus mobil telefon tədqiq olunaraq hər hansı pozuntunun aşkar olunmaması qənaətinə gəlinmişdir. Bu barədə xidmət keçdiyi hərbi hissə komandanlığı Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli rəsmi məktubla məlumatlandırılmışdır. Oxşar iddia tələbinə dair Ali Məhkəmənin 2-1(102)- 1839/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının kassasiya instansiyasi məhkəməsinin mövqeyi hissəsində qeyd olunur ki, beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçı ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında söhbətlər aparmamış, iddiaçı ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməmiş, hərbi-həkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilməmişdir. Beləliklə, cavabdeh orqan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə riayət etməmiş, zəruri inzibati icraat aparmamış, inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulmasına yol vermişdir. Hazırkı qərarın 27-28-ci bəndlərində göstərilən normaların məzmunundan isə aydın olur ki, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, qanunsuz inzibati akt isə məhkəmə qaydasında ləğv oluna bilər. Ailəlidir, ailə tərkibi 4 (dörd) nəfərdən ibarətdir, övladı xəstədir, ailədə işləyən yeganə şəxs odur, müxtəlif banklarda 13000 (on üç min) manatadək kredit borcu var, Şəhid ailəsinin üzvü və məcburi köçkündür. Əfsuslar olsun ki, cavabdeh barəsində qanunsuz əmr imzalayarkən bütün bu halların heç birini nəzərə almadan tələm-tələsiy şəkildə və qanunsuz əmr imzlamışdır. Göründüyü kimi, cavabdeh orqan ehtiyata buraxılmasına dair əmr imzalamazdan əvvəl “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə riayət etməmiş, zəruri inzibati icraat aparmamış, inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulmasına yol vermişdir. Belə olan halda onun imzaladığı əmr də ədalətsiz, qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və pozulmuş hüquqlarım məhkəmə tərəfindən bərpa olunmalıdır. Qeyd edilənlərin nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1, 38.1, 45 və 46-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən ehtiyata buraxılmağıma dair X7 müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli müvafiq əmrinin ləğv olunmasına və hərbi xidmətə bərpa olunmasına dair məhkəmə qərarı qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli əmri ilə ehtiyata buraxılması haqqında əmri mübahisələndirmişdir. Həmin əmrin ləğv edilməsi barədə iddia ərizəsini xx.xx.2023-cü il tarixdə poçta təqdim etmiş və xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Daha sonra məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X7 müavini Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2023-cü il tarixli 80 nömrəli əmri ilə işdən kənarlaşdırılmışdır. Bundan sonra iddia tələbinə dəqiqləşmə verərək, X7 müavini Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2023-cü il tarixli 80 nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “X7 müavini Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2023-cü il tarixli, 80 nömrəli əmrindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan İ-69146 nömrəli vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250 s nömrəli sərəncamı ilə “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-3521 nömrəli vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan M/V 102560 nömrəli vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. İş materiallarında olan AA 240088 nömrəli vəsiqədən görünür ki, İddiaçı Xocavənd rayonundan məcburi köçkündür. İş materiallarında olan AD ******* nömrəli şəxsi vəsiqədən, söhbət vərəqəsindən və xidmət vərəqəsindən görünür ki, İddiaçı 26 iyul 2019-cu il tarixdən N nömrəli hərbi hissə komandirinin əmri ilə kiçik çavuş rütbəsi verilmiş, hərbi xidmətini davam etdirmiş, 22 noyabr 2023-cü il tarixdən ehtiyata buraxılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 0266əç nömrəli əmrdən görünür ki, çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin təqdimatının əsaslandırma hissəsindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, xx.xx.2015-ci il tarixdən N nömrəli hərbi hissədə, xx.xx.2023-cü il tarixdən isə rabitə bölüyünün radio taqımının 1-ci komanda-qərargah maşınları manqasının manqa komandiri-maşın komandiri vəzifəsində xidmət edir. Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Ordusunun Baş Qərargah rəisinin İnformasiya təhlükəsizliyi ilə bağlı əmr və sərəncamlarını kobud şəkildə pozaraq xx.xx.2023-cü il tarixdə Xocavənd rayonu ərazisində çəkiliş edərək həmin görüntülərin müxtəlif sosial şəbəkələrdə yayılmasına, bununlada düşmən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının ölkəmizə qarşı aktiv pozuculuq fəaliyətinin mümkünlüyünə şərait yaratmışdır. X7 müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 10 oktyabr 2023-cü il tarixli, 80 №-li əmrinin icrasını təmin etmək məqsədi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. Ehtiyata buraxıldıqdan sonra sənədləri qeydiyyata alınması üçün SHXÇDX-nin Xocavənd rayon şöbəsinə göndərilməlidir. İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün həmin hərbi hissənin komandiri tərəfindən təqdimat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-25-4/2-1184/2024 nömrəli etirazında qeyd edilmişdir ki, iddiaçı X3 cavabdeh Azərvaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması” tələbinə dair iddia ərizəsi Hüquq İdarəsinə daxil olmuş və öyrənilmişdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıakı səbəbdən təmin edilə bilməz. Belə ki, inzibati işin tam və hərətəfli araşdırılması, həmçinin, Məhkəmənin 21 dekabr 2023-cü il tarixli 2-1(120)- 5303/2023 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə tərəfimizdən müvafiq sorğular verilmişdir. Şəxsi Heyət Baş İdarəsinin 09 fevral 2024-cü il tarixli 14/695 nömrəli müşayiət məktubu ilə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr və əmrin verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Belə ki, X7 müavini - Azərbaycan Ordusunun Baş Qəragah rəisinin 22 noyabr 2023-cü il tarixli müvafiq əmri ilə çavuş X4 “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Ordusunun Baş Qərargah rəsinin dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyi sahəsini tənzimləyən hüquqi aktların tələblərinin dəfələrlə çatdırılması, həmçinin istənilən səbəbdən foto, video çəkilişlərinin qadağan edilməsinə dair iltizam vermələrinə, eləcə də bu məzmunda X7 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəsinin göstərişinə əsasən hərbi hissələrə N sentyabr 2023-cü il tarixli müvafiq telefonaqramalar göndərilməsinə baxmayaraq çavuş E.Ş.Şəmilzadə vəzifə borcunun icrasından yayınaraq 28 sentyabr 2023-cü tarixdə Xocəvənd rayonu ərazisində çəkiliş edərək həmin görüntülərin müxtəlif sosial şəbəkələrdə yayılmasına, bununlada düşmən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının ölkəmizə qarşı aktiv pozuculuq fəaliyətinin mümkünlüyünə şərait yaratmışdır. X7 müavini - Azərbaycan Ordusunun Baş Qəragah rəisinin 22 noyabr 2023-cü il tarixli müvafiq əmri ilə çavuş X4 “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Beləliklə də iddiaçı E.Ş.Şəmilzadə Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Ordusunun Baş Qəragah rəisinin dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyi sahəsini tənzimləyən hüquqi aktların tələblərinin dəfələrlə çatdırılması, həmçinin istənilən səbəbdən foto, video çəkilişlərinin qadağan edilməsinə dair iltizam vermələrinə, eləcə də bu məzmunda X7 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəsinin göstərişinə əsasən hərbi hissələrə N sentyabr 2023-cü il tarixli müvafiq telefonaqramalar göndərilməsinə baxmayaraq çavuş İddiaçı vəzifə borcunun icrasından yayınaraq 28 sentyabr 2023-cü tarixdə Xocəvənd rayonu ərazisində çəkiliş edərək həmin görüntülərin müxtəlif sosial şəbəkələrdə yayılmasına, bununlada düşmən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının ölkəmizə qarşı aktiv pozuculuq fəaliyətinin mümkünlüyünə şərait yaratdığına görə çavuş E.Ş.Şəmilzadə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış, əmr verilərkən hər hansı pozuntuya yol verilməmiş və bununla da əmrin ləğvi və iddiaçının hərbi xidmətə bərpası üçün uyğun əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 38, 48.2ci maddələrini rəhbər tutaraq, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı həqiqi hərbi xidmətə bərpa tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edəsiniz. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dindirilmiş şahid – X5 ifadəsində bildirmişdir ki, xx.xx.1962-ci ildə Ağacabədi şəhərində anadan olmuşdur. İddiaçı tanıyır, onunla eyni hərbi hissədə işləmiş, hərbi hissə komandirinin müvafiq əmri ilə işğaldan azad edilmiş ərazilərə baxmağa getmişdirlər. Həmin vaxt İddiaçı Xocavənd rayonundan məcburi köçkün olduğu üçün sevindiyindən kəndi qısa video çəkiliş etmişdir. Həmçinin sözügedən video çəkilişi kiməsə göndərməsini, heç bir sosial şəbəkədə, heç bir şəxsin telefonunda görməmiş, həmçinin öz telefonunda da belə video çəkiliş olmadığını bildirmişdir. Tətbiq edilən hüquq: Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Həmin Qanun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanununun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə görə, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» “Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə uyğun olaraq ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Həmin Əsasnamənin 156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həmin Əsasnamənin 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Qeyd edilməlidir ki, hərbi qulluqçulara intizam cəzalarının verilmə qaydası Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 ilə müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Həmin Nizamnamənin 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Həmin Nizamnamənin 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Həmin Nizamnamənin 87-ci bəndinə əsasən komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. Həmin Nizamnamənin 88-ci bəndinə əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Əsaslandırma hissəsi: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının barəsində intizam icraatı aparan zaman qəbul edilmiş olduğu əmrin əsasını 28 sentyabr 2023-cü tarixdə Xocəvənd rayonu ərazisində çəkiliş edərək həmin görüntülərin müxtəlif sosial şəbəkələrdə yayılmasına, bununlada düşmən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının ölkəmizə qarşı aktiv pozuculuq fəaliyətinin mümkünlüyünə şərait yaratması qeyd edilmişdir. Həmin çəklişin hansı vasitələrlə yayılması və ya hansı sosial şəbəkələrdə yayılması, düşmən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının həmin çəkilişin əldə etməsinə şərait yaradan halların müəyyən olunması nə intizam icraatı materialları ilə nədə məhkəmə icraatı zamanı sübuta yetirilməmişdir. Dəfələrlə məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğular verilərək həmin video çəkilişin yayılması hansı vasitələrlə, hansı sosial şəbəkə və ya kütləvi informasıya vasitələrində yayılmasına dair sübutlar tələb edilsədə cavabdeh həmin sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının özü və cavabdeh inzibati orqan məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim etmiş video görüntüyə iddiaçının iştirakı ilə məhkəmə iclasında baxış keçirilmiş, iddiaçının özünün, digər hərbi qulluqçuların kimiliyi müəyyən olunmamış, hər hansı hərbi texnika və ya hərbi birləşmələrin mövqeləri və s öz əksini tapmamışdır. Sadəcə məhkəmə prosesində iddiaçı video görüntüdə olan səsin ona məxsus olmasını bildirmişdir. Qeyd edilənlərlə yanaşı iddiaçının barəsində intizam icraatı aparılarkən onun hərbiçilərin şərəf məhkəməsinə təqdim edilməsinə dair sübutlar öz əksini tapmamışdır. İş materialları ilə sübuta yetirilir ki, əmrin qəbul edilməsinə əsas olan 25 saniyə müddətində aparılmış video çəkiliş 28 sentyabr 2023-cü il tarixdə qeydə alınmışdır. Antiterror əməliyyatları 19 sentyabr 2023-cü il tarixdə başlamış 23 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də əldə olunan razılığa əsasən dayandırılmışdır. İddiaçı tərəfindən aparılması ehtimal olunan video çəkiliş hərbi əməliyyatlar başa çatdıqdan müəyyən qədər vaxt (8 gün) keçdikdən sonra qeydə alınmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı 14 may 2015-ci ildən Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, 44 günlük Vətən Müharibəsinin iştirakçısı və veteranı olmuş, həmçinin 2023-cü ilin sentyabr ayında aparılmış antiterror tədbirlərinin iştirakçısıdır. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Fizuli rayonun azad edilməsinə görə” medalı ilə və “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur. Belə olan halda onun barəsində aparılmış intizam icraatı çərçivəsində hər hansı bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınmayaraq onun barəsində ən ağır intizam cəzası tətbiq edilmişdir. Cavabdeh inzibati orqanın əsaslı dəlil və sübutları olmadan Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 prinsiplərinə zidd qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi inzibati akt, yəni onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə X7 müavini Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2023-cü il tarixli 80 nömrəli əmri iddiaçıya aid hissədə qanunsuz olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu üçün iddiaçıya aid hissədə ləğv edilməli və bu səbəbdən də, iddiaçı əvvəlki hərbi vəziəfsinə bərpa edilməlidir. «İnzibati icraaat haqqında» Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində qeyd olunmuşdur ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.5-ci maddəsinə əsasən vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X7 müavini Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2023-cü il tarixli 80 nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. “X7 müavini Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2023-cü il tarixli 80 nömrəli əmri İddiaçı aid olan hissədə ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar