Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-724/2021 01.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı 10.11.2018-ci il tarixli, 072 əç nömrəli əmrin ləğv edilməsini və əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı hərbi xidmətdən tərxis olunması və s. barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh kimi N nömrəli hərbi hissənin qeyd olunmasını, iddia tələbində isə hərbi hissə komandirinin 10.11.2018-ci il tarixli, 072 əç nömrəli əmrinin ləğv edilməsini və əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(120)-724/2021 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə cavabdeh siyahısından çıxarılaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə cavabdeh kimi müəyyən olunmuş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı 10.11.2018-ci il tarixli, 072 əç nömrəli əmrin ləğv edilməsini və əvvəlki vəzifəsinə bərpa edilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinə yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin 10.11.2018-ci il tarixli 072 əç nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndi ilə ehtiyata buraxılmışdır. İddiaçı barədə təqdimat səlahiyyəti olan vəzifəli şəxlər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və müvafiq əmrə əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. N nömrəli hərbi hissə komandirinin 10.11.2018-ci il tarixli 072 əç nömrəli əmri ilə tanış olmuşdur və ehtiyata buraxılmadan əvvəl onunla söhbət aparılmışdır. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmiş və 2 (iki) il 3 (üç) aydan çox vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətinə qaldırıla bilər. «İnzibati icraat» haqqında Azərbaycan Respublikası Qanununun İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətlidir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qeyd olunana əsasən iddiaçı qüvvədə olmuş mülki-prosessual, və qüvvədə olan inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və N nömrəli hərbi hissə hesab edir ki, məhkəmə, ilk növbədə, iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Belə ki, hüquqi mübahisənin bütün mərhələsində (iddia məhkəməyə daxil olduqda, məhkəmə baxışının vaxtı təyin edildikdə, məhkəmə baxışına hazırlıq aparıldıqda, məhkəmə qərarına apellyasiya və ya kassasiya şikayətinə əsasən yenidən baxdıqda) məhkəmə daim işin faktiki hallarını nəzərdən keçirməli, iddianın mümkünlüyünü yoxlamalıdır. İddianın əsaslığının araşdırılması üçün əsas şərt iddianın mümkün olmasıdır. Yəni məhkəmənin iddianın mahiyyəti üzrə qərar qəbul edə bilməsi üçün mümkünlük şərtləri mövcud olmalıdır. Çünki, Azərbaycan Respublikasının “İnzibati-Prosessual Məcəlləsinin” kommentariyasında iddia müddəti haqda 38-ci maddənin şərhində iddia müddətinə əməl olunması bəndində (səhvə 149) göstərilmişdir ki, “həm mübahisələndirmə, həm də məcburetmə haqqında iddia növündə 30 günlük müddət ərzində iddia ərizəsinin məhkəməyə təqdim olunması iddia müddətinə əməl olunma kimi qiymətləndirilir. İddiaçı iddia ərizəsini məhkəməyə deyil, inzibati icraatda və ya şikayət instansiyasında inzibati işə baxmış inzibati orqana təqdim edilə bilər. Ərizənin 30 gün ərzində müvafiq inzibati orqana təqdim edilməsi də, iddia müddətinə riayət olunduğu hal kimi qiymətləndirilməlidir”. Beləliklə hesab edirik ki, məhkəmə iddianı mümkün saymamalıdır. Belə ki, 10.11.2018-ci ildə olan münasibətlərə dair mübahisə 2 il 3 ay sonra qaldırılmışdır. Bu cür mübahisələrə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin münasibəti də eynidir. Misal üçün: İddiaçı H.Heydərovun Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi” tələbinə dair iddiası üzrə Azərbaycan Respublikasını Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 19.06.14-cü il tarixli qərarını (hakimlər sədrlik edən Kəmaləddin Bədəlov, İlqar Dadaşov, Azər Hüseynov) ilə iddia müddətinin ötürülməsi səbəbindən iddia mümkün sayılmamışdır. Belə ki, iddiaçı H.Heydərov 06.08.2011-ci il tarixli inzibati aktı 25,06.2013-cü il tarixdə mübahisələndirmişdir. Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən hakim hər bir halda xidməti vəzifəsinə görə işin mahiyyəti üzrə qərar qəbul etmək üçün iddianın mümkünlüyü şərtlərini yoxlamalıdır. Eyni zamanda İPM-in 24.4-cü maddəsinin tələbinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə də verilə bilməz. Avropa Məhkəməsi “Miraqall Eskolano və digəriləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il arixli qərarında da məhz vurğulamışdır ki, şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır və məhkəmə mübahisəsi üzrə tərəflər bunu nəzərə almalıdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materialını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin 10.11.2018-ci il tarixli, 072 əç nömrəli əmrindən çıxarışdan görünür ki, 2-ci Ordu Korpusunun əlahiddə əməliyyat taborunun (879 №-li hərbi hissə) motoatıcı bölüyünün (BTR-82A) motoatıcı taqımının döyüş maşınları heyətinin sürücüsü əsgər İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin məhkəməyə ünvanladığı 29.03.2021-ci il tarixli, 319 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayonu, Bağbanlar kənd sakini 19.05.1993-cü il təvəllüdlü İddiaçı 03.07.2012-ci il tarixdən 01.01.2014-cü il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə, 06.02.2017-ci ildən 10.11.2018-ci il tarixə kimi müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş və 10.11.2018-ci il tarixdə “ Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış və 14.11.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 14.11.2018-ci il tarixdən mübahisələndirdiyi əmrdən məlumatı olmuş və müddətin axımı onun hərbi qeydiyyata alındığı vaxtdan, yəni 14.11.2018-ci il tarixdən başlamışdır. İddia ərziəsi isə 2021-ci ilin fevral ayında tərtib edilmiş və 24.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (2 ildən artıq müddət) məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı 10.11.2018-ci il tarixli, 072 əç nömrəli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-724/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-724/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver