Məhkəmə qərarları › İş №2-1(120)-725/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-725/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-725/2023 14.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Sİ-N-M” kiçik müəssisəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il təarixinədək olan dövrlər üzrə işlədiyi illəri iş stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyaının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək Sİ-N-M” kiçik müəssisəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il təarixinədək olan dövrlər üzrə işlədiyi illəri iş stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyaının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “hüququnun yarandığı tarixindən ona işlədiyi illəri nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. 65 yaşı tamam olduğuna görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional ərazi filialına müraciət etmiş və iş stajına dair 000015 saylı əmək kitabçasını təqdim etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı müraciətinə xx.xx.2022-ci il tarixli, **********2 saylı məktubla cavab vermiş və məktubda göstərmişdir ki, onun 23 il 07 ay əmək stajımın təşkil etdiyi, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabında sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı, “Si-N-M” kiçik müəssisəsinin xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərinin arxiv sənədlərinin saxlanıldığı ünvanın müəyyən olunmadığı üçün əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulan (25 i) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsaslanaraq ona xx.xx.2022-ci il tarixli, **********2 saylı imtina məktubu göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı onun “Si-N-M” kiçik müəssisəsinin xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlər üzrə işlədiyi illəri əsassız olaraq staj hesab etmədiyindən ona yaşa görə pensiya təyin etməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubunda bildirilmişdir ki, təqdim edilən əmək kitabçasının,hərbi biletin və arayışların surətlərinə əsasən ümumi stajınız 23 il 7 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. xx.xx.1957-ci il təvəllüdlü Ədi lov Ələkpər Əbil oğlunun yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixdə yaranır. ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2. -ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluqundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yasa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1 -ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında iddiaçıya məxsus olan xx.xx.1975-ci il tarixli 000015 nömrəli əmək kitabçasının və ******* nömrəli hərbi biletin surətlərinə əsasən İddiaçı ümumilikdə mübahisəsiz sosial sığorta stajı 23 il 7 ay təşkil edir. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “Si-N-M” kiçik müəssisəsində işlədiyini iddia edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalan”nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Əmək kitabçasında qeyd edilən İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “Si-N-M” kiçik müəssisəsində işlədiyi əmək fəaliyyəti dövrünün (6 il 2 ay 8 gün) araşdırılması zərurəti yaranmışdır. Araşırma zamanı məlum olmuşdur ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il aktına əsasən “Si-N-M” kiçik müəssisəsinin xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək olan dövrlərinin (6 il 2 av 8 gün) arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmamışdır. Belə olan halda iddiaçının “Si-N-M” kiçik müəssisəsində işlədiyi illərin (xx.xx.1999xx.xx.2005) sosial sığorta stajına daxil edilməsi qeyri-mümkündür. Qeyd olunan qanunvericilik normalarına əsasən qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının olmamasından ona pensiya kapitalı nəzərə alınaraq ona avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin etmək qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Belə ki, İddiaçı əmək kitabçasında xx.xx.2005-ci il tarixdən xx.xx.2010cu il tarixədək “Palma” müəssisəsində işlədiyi qeyd olunmuşdur. Həmin dövrlər üçün iddiaçının hesabına məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir ki, belə olduğu halda həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının mübahisələndirilən sığorta stajına xx.xx.1999cu il tarixdən xx.xx.2005-ci il tarixədək “Si-N-M” kiçik müəssisəsində işlədiyi dövrlər (6 il 2 ay 8 gün) və xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Palma” müəssisəsində işlədiyi dövrlər (4 il 8 ay 22 gün) daxildir. İddiaçının ümumi mübahisələndirilən stajı 10 il 11 ay təşkil edir. Bu halda İddiaçı mübahisələndirilməyən ümumi stajı 23 il 1 ay təşkil edir ki, bu halda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarıda olan xx.xx.1975-ci il tarixli 000015 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.2010-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. Bundan başqa iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 100/02-333 nömrəli arayışından görünür ki, İddiaçı Ədil oğlu xx.xx.1984xx.xx.1985-ci il Əmr № 65 k Avadanlıqalar şöbəsində ekspeditor, xx.xx.1985-xx.xx.1987-ci il Əmr № 09 k Material təchizat şöbəsində ekspeditor, xx.xx.1987-xx.xx.1988-ci il Əmr № 212 Mexanika şöbəsində ekspeditor (yük daşınması üzrə), xx.xx.1988-xx.xx.1988-ci il Əmr № 132 Maliyyə şöbəsində baş xəzinədar, xx.xx.1988-xx.xx.1999-cu il Əmr № 18 Mühasibat şöbəsində xəzinədar vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim eedilmiş əmək kitabçasının, hərbi biletinin və arayışın surətlərinə əsasən sığorta stajınız (11,05.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz dövr) 23 il 7 ay təşkil edir. Həmçinin bildirirlər ki, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirirlər ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1999-cu il tarixindən xx.xx.2005ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 21,06.2022-ci il tarixli aktına əsasən “Si-N-M” kiçik müəssisəsinin xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərinin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirirlər ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2022-cı il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********399200 nömrəli məktubundan görünür ki, “Si-N-M” kiçik müəssisəsi xx.xx.1993cü il tarixdə 1018 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********643500 nömrəli məktubu ilə xx.xx.1993-cü il tarixdə 1018 nömrə ilə dövlət qeydiyyatından keçmiş “Si-N-M” kiçik müəssisəsinin qeydiyyat sənədləri qoşma vasitəsilə məhkəməyə təqdim edilmiş və hüquqi varisliyi barədə məlumatın olmadığı müəyyən edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək 2 il 2 gün hərbi xidmətdə olduğu müddət, əmək kitabçasına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992ci il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun ümumi sığorta stajı 23 il 7 ay 2 gün təşkil edir. Eyni zamanda sözügedən şəxsin xx.xx.2006-cı il tarixinədək 23 il 7 ay 2 gün ümumi iş stajına uyğun olaraq 19.176,31 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək “Si-N-M” kiçik müəssisəsində işləməsi barədə məlumatlar əmək kitabçasında qeyd olunsa da, sözügedən müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması səbəbindən araşdırılması mümkün olmamışdır. Bu səbəbdən mübahisələndirilən 6 il 2 ay 8 gün onun xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına daxil edilməmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək 2 il 2 gün hərbi xidmətdə olduğu müddət, əmək kitabçasına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun ümumi sığorta stajı 23 il 7 ay 2 gün mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2022-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - iddiaçının “Si-N-M” kiçik müəssisəsində xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərinin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmaması; - xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Palma” müəssisəsində işlədiyi qeyd edilsə də, həmin dövrlər üçün iddiaçının hesabına məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi; - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər üç əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olubolmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan əmək kitabçalarına nəzər yetirdikdə məlum olur ki, iddiaçı: - xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək 2 il 2 gün hərbi xidmətdə olduğu müddət, əmək kitabçasına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984cü il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun ümumi sığorta stajı 23 il 7 ay 2 gün təşkil edir. - xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək “Si-N-M” kiçik müəssisəsində işləmişdir. - xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Palma” müəssisəsində işləmişdir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək “Si-N-M” kiçik müəssisəsində işlədiyi dövrün əmək haqlarının yoxlanılmasının mümkün olmadığını əsas götürmüşdür. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının işlədiyi xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək “Si-N-M” kiçik müəssisəsi ilə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********399200 nömrəli məktubundan görünür ki, “Si-N-M” kiçik müəssisəsi xx.xx.1993-cü il tarixdə 1018 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********643500 nömrəli məktubu ilə xx.xx.1993-cü il tarixdə 1018 nömrə ilə dövlət qeydiyyatından keçmiş “Si-N-M” kiçik müəssisəsinin qeydiyyat sənədləri qoşma vasitəsilə məhkəməyə təqdim edilmiş, həmin sənədlərə tərəflərin iştirakı ilə baxış keçirilmiş və hüquqi varisliyi barədə məlumatın olmadığı müəyyən edilmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi “Si-N-M” kiçik müəssisəsində işlədiyi illərlə bağlı əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********399200 nömrəli məktubundan göründüyü kimi “Si-N-M” kiçik müəssisəsi xx.xx.1993-cü il tarixdə 1018 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.1999cu il tarixindən xx.xx.2005-ci il tarixinədək Si-N-M” kiçik müəssisəsində işlədiyi illəri onun sığorta stajına daxil edir. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, imtinada qeyd edilən 2-ci hal üzrə, yəni iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Palma” müəssisəsində işlədiyi illər üzrə əlavə araşdırılma aparılmasına ehtiyac yoxdur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 23 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Sİ-N-M” kiçik müəssisəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək olan dövrlər üzrə işlədiyi illəri iş stajı kimi müəyyən edərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyaının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar