Məhkəmə qərarları › İş №2-1(120)-731/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-731/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-731/2020 19.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı, üçüncü şəxs X3, üçüncü şəxs X11 vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı ünvan 1 saylı ünvanda yerləşən bağ evinə dair X3 adına verilmiş 05 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsibarədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin X3 adına olan xüsusi mülkiyyət hüququ ilə qeydə alınması üzrə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və X3 adına 05 seriyalı qeydiyyat vəsiqəsinin və xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı reyestrdən çıxarışın və X11 adına xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarına dair qeydlərin ləğvi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı ünvan 1 saylı ünvanda yerləşən bağ evinə dair X3 adına verilmiş 05 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, mərhum atası X23 neft sənayesi sahəsində işləyərkən ona X35 İşləri İdarəsində bağçılıq-bostançılıq Birliyinin üzvü olması ilə əlaqədar, Əli Bayramlı (hazırkı Şirvan) şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981 -ci il tarixli 3 N-li protokolu ilə X35 İşləri İdarəsi üçün ayrılmış torpaq sahəsində 91 N-li yer, cəmi 6 sot torpaq sahəsi verilmişdir. Təxminən 1985-ci ildə ailə həyatı qurduğu vaxtdan ünvan 2 saylı ünvanda yerləşən torpaq sahəsində mərhum atası tərəfindən tikilməyə başlamış və həmin evdə yaşamağa başlamışdır. İş yerindən ona verilmiş olan, Şirvan şəhəri M.Rəsulzadə küçəsində yerləşən binadan verilmiş 2 otaqlı mənzili 1990-cı ildə iki min ABŞ dollarına satmış, əldə olunmuş pul vəsaiti ilə mərhum atasına məxsus olan, yaşadıqları ünvan 1 ünvanda yerləşən yaşayış evinin 2-ci mərtəbəsini əlavə tikdirib orada yaşamağa davam etmiş və hazırda da həmin evdə yaşayır. X23 2003-cü ildə, anam X12 2012-ci ildə vəfat etmişdirlər. Səhhətində yaranmış fəsadlarla bağlı həyat yoldaşı X7 ilə birlikdə Türkiyə Respublikasına getməli olmuş, hazırda da müalicəsini yarımçıq qoyub qayıtmalı olmuşdur, oğlum Elvin Məlikov həyat yoldaşı Rövşanə Rəhimova ilə birlikdə Bakı şəhərinə köçüb kirayədə yaşayırlar. Onlara məxsus olan ünvan 1 saylı evə 2019-cıı ilin fevral ayında kənar adamların giribyaşaması, evdən oğurluq hadisəsinin törədilməsi barədə bizə çatan məlumatlar faktlar təsdiqini tapmışdır. Aparılmış ilkin araşdırmalarla, əldə olunmuş ilkin sənədlərlə yalnız hazırda onlara məlum olmuşdur ki, qardaşı X8 yaşadıqları ünvan 1 ünvanda yerləşən evi hansı üsullarlasa, qanunsuz yollarla xx.xx.2015-ci il tarixdə öz adına rəsmiləşdirmiş, sonradan xx.xx.2015-ci il tarixdə vermiş olduğu etibarnaməyə əsasən həmin evi X2. Zülfüqar Məlikov demək olar ki, hazıda adıgedən ev tikilən vaxtdan Rusiya Federasiyası ərazisində yaşayır, Azərbaycana 1-2 dəfə gəlmişdir. Daimi yaşayış yeri kimi yaşadıqları evin onların heç birinin xəbərləri və razılıqları olmadan Zülfüqar Məlikovun adına sənədləşdirilmiş olması onlar üçün bu gün də müəmmalı və qaranlıqdır. Bu sənədləşmə qanunsuz bir üsulla həyata keçirilmişdir. İş üzrə cavabdeh AR ƏMDK DƏDRX-nin 13 saylı Şirvan şəhər ərazi idarəsinin əməkdaşları heç bir araşdırma aparmadan, miras əmlak üzrə digər vərəsələrin olmasını araşdırmadan adıgedən evə RX seriyalı ******* saylı çıxarış verərək Zülfüqar Məlikovun xüsusi mülkiyyət hüququnu rəsmiləşdirmişdirlər. Bu məsələ verilmiş vəkil sorğusuna xx.xx.2019-cu il tarixli **********08 saylı cavab məktubunda cavablandırılmamışdır. Evin, həmçinin Vüqar Məmmədova satılmış olmasından heç birinin məlumatı və razılığı olmamışdır. Halbuki, göstərdiyi kimi, ev tikiləndən sonra ailə üzvləri həmin evdə daimi yaşamışlar, istifadə etmişlər, bu gün də həmin evdə yaşamalıyıq. Ata anası vəfat edənə qədər cavabdehlə onların arasında münasibət pis olmamışdır. Bu səbəbdən də evin Zülfüqarın adına rəsmiləşdiriləcəyi barədə heç bir danışıq olmamışdır. Əksinə, Zülfüqar Məlikov adıgedən evdən özünə düşməli olan paya görə 2012-ci ilin mart ayının sonlarında 18.000 ABŞ dolları məbləğində vəsaiti ondan almışdır. Cavabdeh AR ƏMDK DƏDRX-nin 13 saylı Şirvan şəhər ərazi idarəsinin əməkdaşlarının və Zülfüqar Məlikovun qanunsuz hərəkətləri ilə yaşadıqları evi öz adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçirmiş və sonradan digər cavabdehə satmışdır. Göründüyü kimi, adıgedən evin cavabdehin adlarına özəlləşdirilməsi üçün əsas olmuş mümkün sənədlər işin həqiqi hallarına uyğun deyildir və bu səbəbdən həmin evə dair üçüncü şəxsin adına olan ilkin hüquqi sənəd, yəni “Qeydiyyat vəsiqəsi” ləğv edilməlidir. Ona görə də iddia tələbində dəqiqləşdirmə apararaq iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı ünvan 1 saylı ünvanda yerləşən bağ evinə dair X3 adına verilmiş 05 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi kimi qəbul edilməsini və qeyd olunan iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X8 iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən evi atasının və anasının sağlığında o, tikmişdir. 2004-cü ildə anasının sağlığında və onun razılığı ilə həmin evə dair öz adına mülkiyyət sənədlərini almışdır. Bu barədə hamının xəbəri var idi. Özü Rusiya Federasiyasına getmiş və anasına baxdığı üçün İddiaçı qeyd olunan evdə müvəqqəti yaşamağa icazə vermişdir. Həmin evin həyətyanı sahəsi 20 sotdan çox idi. İddiaçı həmin torpaq sahəsindən xeyli hissəni satmış, nəticədə hazırki ölçüdə, yəni 6 sot torpaq sahəsi qalmışdır. Hətta müəyyən borcları olduğu üçün bu evin satılması üçün 2014-cü ildə Vaqifə etibarnamə də vermişdir. İddiaçı və onun ailə üzvlərinin bu evin ona məxsus olmasından 2004-cü ildən məlumatı vardır. Odur ki, iddianın əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X11 vəkili X9 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin nümayəndəsi və digər üçüncü şəxs X18 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin nümayəndəsinin və digər üçüncü şəxs X11 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, Şirvan şəhəri, H.Əliyev küçəsi 3A, 27-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan X35 X13 İttifaqı Komitəsinin reyestr tərəfindən təsdiq edilmiş arayışın surətindən görünür ki, X23 həqiqətən X35 İşləri İdarəsində bağçılıq-bostançılıq birliyinin üzvüdür. Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 3 nömrəli protokolu ilə X35 İşləri İdarəsi üçün ayrılmış torpaq sahəsində 91 nömrəli “yer” cəmi “6” sot X16 məxsusdur. İşdə olan xx.xx.2003-cü il tarixli, V-ЖГ 348192 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 118 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 05 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əli Bayramlı şəhəri, Energetik küçəsində yerləşən ümumi sahəsi 226,2 kv.m, yaşayış sahəsi 123,4 kv.m, 4 otaqdan ibarət 331 saylı fərdi ev X3 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşdə olan xx.xx.2012-ci il tarixli, AZ-İ 533479 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Məlikova Rəxşəndə Vəkil qızı xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 167 nömrə ilə qeyd edilmişdir. İşdə olan Rusiya Federasiyası, Altaq Vilayəti, Barnaul şəhərinin notariat kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, X8 mülkiyyət hüququ ilə özünə məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evinin satılmasını və ya girov qoyulmasını İddiaçı etibar etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 X3 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan X3 etibarnamə üzrə nümayəndəsi X17 ilə X18 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin reyestr tərəfindən təsdiq edilmiş arayışın surətindən görünür ki, satıcı ünvan 1, istifadəsində olan 0.0137 ha. torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 226.2 kv.m, yaşayış sahəsi, 123.4 kv.m yardımçı sahəsi, 102.8 kv.m olan 4 otaqlı bağ evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən alıcı X11 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 X11 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********19 nömrəli məktubunda qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını aparan, habelə qeydiyyata alınmış hüququ ləğv edən orqandır. Qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən X3 mülkiyyət hüququnu ləğv etmək üçün “qanuni qüvvəyə minmiş məhkəmə qərarı”nın təqdim edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ədilə bilməz. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat İdarəsinin xx.xx.2019-cu il tarixli, 05/6364-11 nömrəli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən İnqilab Məlikovun adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılmadığımüəyyən edilmişdir. İşdə olan Şirvan şəhər Polis şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış X7 izahatında göstərmişdir ki, ...”X27 2012-ci ilin mart ayının sonunda 18 min dollar (1440) pul vermiş, pulu verən zaman yanında həyat yoldaşı Vaqif və Musayeva Şəfiqə olmuş, Məlikov Zülfiqara pulu Şirvan şəhəri, Enegetik küçəsi, ev 331-də olan mənzilin qonaq otaqında vermişdir. Məlikov Zülfiqar pulu almış və evi verəcəyini öz öhdəsinə götürmüşdür. Zülfiqar Rusiyaya getdikdən sonra etibarnamə verəcəyini vəd etmiş, 2012-ci ilin aprel ayında Zülfiqar Rusiyaya getmiş, Zülfiqar Rusiyaya getdikdən sonra anası Rəğşəndə vəfat etmişdir.” Araşdırma zamanı təkrar izahatı alınmış X7 izahatında göstərmişdir ki,...”2011-ci ildə qaynı X22 şəhəri, Enegetik küçəsi, ev 331-i ona 18.000 dollara satmasını bildirmişdir.” İşdə olan Şirvan şəhər Polis şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı təkrar izahatı alınmış X7 izahatında göstərmişdir ki, ..2011-ci ildə qaynı X28 şəhəri, Energetik küçəsi, ev 331-i ona 18000 dollara satmasını bildirmişdir.” İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 438 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhəri “Bağ evləri” yaşayış massivində yerləşən torpaq sahələri 1980cı illərdə bağçılıq-bostançılıq məqsədi ilə əhaliyə paylanmışdır. Sonradan göstərilən ərazidə vətəndaşlar tərəfindən fərdi yaşayış evləri tikilmişdir. “Bağ evləri” yaşayış massivinin bir hissəsinə 2003-cü ildə Energetik küçəsi adı verilmişdir. Nümayəndəlikdə olan məlumata əsasən Energetik küçəsi 331 ünvanda qeydiyyatda heç kim yoxdur. Aparılan şifahi sorğu nəcitəsində məlum olmuşdur ki, ünvan 1 saylı ünvanda İddiaçı, X7, X24, Məlikova Rövşanə Ədalət qızı, X25 qeydiyyatsız yaşayır. İşdə olan Şirvan şəhər Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, 305-24108-1220 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olan və olmuş vətəndaşlar barədə məlumat yoxdur. İş materiallarında olan sübutlarla və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, X10 Bayramlı Qazma İşləri İdarəsində bağçılıq-bostançılıq birliyinin üzvü olmuş, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 3 nömrəli protokolu ilə X35 İşləri İdarəsi üçün ayrılmış torpaq sahəsində 91 nömrəli “yer” cəmi “6” sot X16 məxsus olmuşdur. X23 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Əli Bayramlı şəhəri, Energetik küçəsində yerləşən ümumi sahəsi 226,2 kv.m, yaşayış sahəsi 123,4 kv.m, 4 otaqdan ibarət 331 saylı fərdi ev X3 adına mülkiyyət hüququ əsasında qeydə alınmış və onun adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 05 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. X3 etibarnamə üzrə nümayəndəsi X17 tərəfindən bağlanmış xx.xx.2015-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 1-də yerləşən bağ evinin X1. ünvan 1-də yerləşən yaşayış evi X11 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmış və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2016-cı il tarixli, RX ******* nömrəli çıxarış verilmişdir. Məhkəmə iddianın mümükün sayılmaması ilə bağlı qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın hərəkəti 2004-cü ildə baş vermişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. (Həmin norma xx xxxx 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). İşin faktiki hallarından göründüyü kimi iddiaçı, cavabdeh inzibat orqan tərəfindən ünvan 1 saylı ünvanda yerləşən bağ evinə dair X3 adına verilmiş 05 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi xahiş edir. Başqa sözlə, iddiaçıinzibati orqanın bundan təxminən 16 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Məhkəmə qeyd edir ki, müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. İddiaçı izahatında bildirir ki, yaşadığı evin üçüncü şəxsin adına özəlləşdirilməsindən xəbəri olmamışdır. Lakin məhkəmə hesab edir ki, qeyd olunan fərdi yaşayış evinə dair üçüncü şəxsin adına verilmiş 05 nömrəli qeydiyyat vəsiqəsindən iddiaçının məlumatı olmuşdur. Məhkmə mübahisəli evə dair üçüncü şəxsin adına verilmiş 05 nömrəli qeydiyyat vəsiqəsindən iddiaçının məlumatlı olması qənaətini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: İddiaçının yaşadığı evin hüquqi rejimi ilə 16 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının evə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Çünki iddiaçının qeyd olunan evdən istifadə üçün məzmununa etimad göstərdiyi hər hansı inzibati akt və ya oraya müvəqqəti yaşamasını üstün hüquq tanıyan hüquqi əsas yoxdur. Yalnız bu cur əsas olduğu halda qəbul etmək olardı ki, iddiaçı həmin etimada əsaslanmaqla evin sonrakı hüquqi rejimini araşdırmamışdır. Bundan başqa, iddiaçı izahatında cavabdeh inzibati orqanın digər vərəsələrin olması barədə araşdırma aparmadığını bildirsə də, ötən müddət ərzində o, miras əmlakının qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmiş və vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat İdarəsinin xx.xx.2019-cu il tarixli, 05/6364-11 nömrəli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən İnqilab Məlikovun adına respublikanın notariat ofislərində vərəsəlik işi açılmamışdır. Bununla yanaşı, iddiaçı 2004-cü ildən hal-hazıradək Energetik küçəsi 331 saylı ünvanda yerləşən bağ evində yaşadığını bildirsə də, qeyd olunan müddət ərzində nə o, nə də onun ailə üzvləri həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Eyni zamanda iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarda iddiaçının arvadı X5 izahatlarından müəyyən olunur ki, həm onun (X7), həm də iddiaçının ünvan 1 saylı ünvanda yerləşən bağ evinin üçüncü şəxsə məxsus olduqlarından xəbəri olmuşdur, Əks halda, iddiaçının arvadı X7 həm ilkin, həm də təkrar izahatlarında bildirməzdi ki, “2011-ci ildə ünvan 1 saylı ünvanda yerləşən bağ evini almaq üçün X6 18000 dollar vermiş və yanında əri İddiaçı də olmuşdur”. Məhkəmə iclasında iddiaçı və şahid kimi dindirilən X7 qeyd olunan məbləği evi almaq üçün deyil, borc kimi verdiklərini bildirsələr də, məhkəmə hesab edir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarda qeyd olunan xüsusatlara dair verilən izahatlar hazırkı inzibati işdə onların mənafeyinə uyğun olmadığından onlar (iddiaçı və şahid Məlikova Təhminə) həmin izahatların təhqiqatçı tərəfindən təhrif olunduğunu bildirirlər. Məhkəmə qeyd edir ki, iddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gələrkən, həmçinin aşağıda qeyd olunan yuxarı məhkəmələrin hüquqi mövqeyini (məhkəmə təcrübəsini) də nəzərə almışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) qeyd olunmuşdur ki, “İnzibati orqanların x xxxxxx 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsininİnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-820/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında, eyni zamanda işin bütün faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qanunla müəyyən olunmuş müddətdə verilmədiyindən mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı ünvan 1 saylı ünvanda yerləşən bağ evinə dair X3 adına verilmiş 05 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsibarədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı ünvan 1 saylı ünvanda yerləşən bağ evinə dair X3 adına verilmiş 05 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsibarədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar