Məhkəmə qərarları › İş №2-1(120)-733/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-733/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-733/2023 16.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2021-ci il tarixdən ona və ailə üzvlərinə verilməli olan məcburi köçkün kimi vahid aylıq müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X1 cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyətinə qarşı “X4 və X2 vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməsi, X5 isə vahid aylıq müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan, İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2021-ci il tarixdən ona və ailə üzvlərinə verilməli olan məcburi köçkün kimi vahid aylıq müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, onlar bir ailənin üzvləri olmaqla Laçın rayonundan olan məcburi köçkünlər, Bərdə şəhəri, H.Aslanov küçəsində (maşın bazarının yaxınlığında) tikdiyi fərdi yaşayış evində məskunlaşıb yaşayırlar. Yaşadıqları evi öz vəsaitləri hesabına və məcburi köçkün kimi müvəqqəti məskunlaşmaq üçün tikmişdirlər. Evin yerləşdiyi ərazi isə Tərtər çayının yatağının kənarı-Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan torpaq sahəsidir. Hər birinin qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi köçkün hesab edilməklə vahid formalı məcburi köçkün vəsiqəsi ilə təmin olunmuşdurlar. Laçın rayonundan olan məcburi köçkünlər kimi onlara dövlət tərəfindən 2012-ci ilədək vahid aylıq müavinət verilmişdir. Lakin heç bir əsas olmadan onların adları 2012-ci ildə məcburi köçkün kimi vahid aylıq müavinət (çörək pulu) alanların siyahısından çıxarılmış və onlara vahid aylıq müavinət verilməsi həmin vaxtdan dayandırılmışdır. Ötən 10 il ərzində dəfələrlə bu barədə Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına-Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinə və Laçın rayon İcra Hakimiyyətinə yazılı müraciətlər etsələr də nəticəsi olmamış, müraciətlərinə ya cavab verilməmiş, ya da mahiyyəti üzrə cavab verilməmiş, yaxud müraciətləri bir təşkilatdan digərinə göndərilməklə süründürməçilik edilmişdir. Müraciət etdikləri səlahiyyətli dövlət orqanlarından heç biri onlara adlarının məcburi köçkünü kimi vahid aylıq müavinət alan şəxslərin siyahısından çıxarılmasının səbəbini bildirən yazılı cavab verməmişdir. Sonuncu dəfə tərəflərindən xx.xx.2022-ci il tarixli birgə ərizə ilə Laçın rayon İcra Hakimiyyətinə müraciət edilərək onların adlarının çıxarıldıqları tarixdən məcburi köçkün kimi vahid aylıq müavinət olan şəxslərin siyahısına əlavə edilməsini, bununla da qanunsuzluğa son qoyulmasını və hüquqlarının bərpa edilməsini xahiş etmişdirlər. Həmin ərizələri Laçın rayonu İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli sifarişli poçt göndərişi ilə göndərilmiş və onun göndərildiyi vaxtdan təxminən 4 ay müddət keçmişdir. Lakin bu günədək həmin yazılı müraciətlərinə rəsmi qaydada, yəni qanunla müəyyən edilmiş müddətdə cavab verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin İ hissəsi ilə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır və hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Yanlız şifahi surətdə Laçın rayon İcra Hakimiyyətinin Bərdə rayonundakı nümayəndəliyindən onlara bildirilmişdir ki, güya ailə başçısı İddiaçı1 adına xüsusi mülkiyyət hüququ ilə fərdi yaşayış evi olduğu üçün onların adlarının müavinət alanların siyahısından çıxarılıb. Halbuki, DƏDRX-nin 7 saylı Bərdə Ərazi idarəsindən verilmiş 15 iyul 2022-ci il tarixli, 3287 nömrəli arayışda da Respublika üzrə heç bir yerdə onun adına fərdi yaşayış evi və ya mənzil qeyd edilməmişdir. Lakin cavabdeh Laçın rayon İcra Hakimiyyəti qanunsuz hərəkətlərini davam etdirərək onların adlarını sözügedən siyahıya yenə də əlavə etmir. Odur ki, hazırki iddia ərizəsi ilə aidiyyatı üzrə Şirvan İnzibati Məhkəməsinə Laçın rayon İcra hakimiyyətinə qarşı iddia tələbi ilə müraciət etməyimi əsaslı olmaqdan başqa, həm də Azərbaycan Respublikasının qanunvericilik aktarı baxımından qanuni hesab edirəm. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbir edilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia əizəsində inzibati aktın qəbul edilməsinə və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqan hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında,öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və cavabdehin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı6 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır və iddia tələbi təmin edilməlidir. İşdə olan Laçın rayonu İcra Hakimiyyətinin Bərdə rayonu üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli arayışından görünür ki, İddiaçı1 Laçın rayonundan məcburi köçkündür. Bərdə şəhəri, H.Aslanov küçəsi maşın bazarının yaxınlığında yaşayır və ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 vardır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, 3287 nömrəli arayışından görünür ki, İddiaçı1 Respublika üzrə onun adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTKX tərəfindən təqdim edilmiş elektron məlumat bazasında mənzil və fərdi yaşayış evi haqqında məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2023-cü il tarixli, 5-64/2-80/2023 nömrəli məktubundan görünür ki, İddiaçı1 və onun ailə üzvləri ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla, məcburi köçkün kimi Bərdə şəhəri, Həzi Aslanov küçəsində müvəqqəti məskinlaşmışlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı 2017-ci il 1 yanvar tarixdən qüvvəyə minmişdir. Bununla əlaqədar məlum olmuşdur ki, İddiaçı1 ünvan 3 ünvanda mənzil qanunvericiliyinə əsasən ayrıca yaşayış sahəsi əldə etmişdir. Ona görə də İddiaçı1 və onun ailə üzvlərinə vahid aylıq müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1 -ci bəndinə əsasən 2017-ci il 1 yanvar tarixdən şamil olunmur. Bu barədə dəfələrlə İddiaçı1 müvafiq izahat və düzgün istiqamət verilmişdir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: - Hamı qanun və məhkəmə qarşısında bərabərdir. - Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. - Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. - Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 4-cü bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: - "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; - Ər və ya arvaddan biri "məcburi köçkün" statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; - Faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); - Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara; "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 5-ci bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: - Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla); - Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; - Müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; - Həbsdə olan məcburi köçkünlərə; - "Məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; - "Məcburi köçkün" statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); - Pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslərə; - Səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2- ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçının hazırkı iddiasının mahiyyəti (hüquqi marağı) pozulmuş hüquqlarının bərpa olunmasıdır. İddiaçının hazırda məcburi köçkün statusunda olması işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2023-cü il tarixli, 5-64/2-80/2023 nömrəli məktubunda İddiaçı1 ünvan 3 ünvanda mənzil qanunvericiliyinə əsasən ayrıca yaşayış sahəsi əldə etdiyi üçün İddiaçı1 və onun ailə üzvlərinə vahid aylıq müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən 2017-ci il 1 yanvar tarixdən şamil olunmur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85- 86). Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, İddiaçı1 Laçın rayonundan məcburi köçkündür. Bərdə şəhəri, H.Aslanov küçəsi maşın bazarının yaxınlığında yaşayır və ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 vardır. Laçın rayonundan olan məcburi köçkünlər kimi onlara dövlət tərəfindən 2012-ci ilədək vahid aylıq müavinət verilmişdir. Lakin heç bir əsas olmadan onların adları məcburi köçkün kimi vahid aylıq müavinət (çörək pulu) alanların siyahısından çıxarılmış və onlara vahid aylıq müavinət verilməsi həmin vaxtdan dayandırılmışdır. İmtinanın əsasını İddiaçı1 ünvan 3 ünvanda mənzil qanunvericiliyinə əsasən ayrıca yaşayış sahəsi əldə etməsi olmuşdur. Məhkəmə araşdırması zamanı qeyd edilən mənzilin xx.xx.2008-ci il tarixdən X3 məxsus olduğu, qeyd edilən şəxsin evin sahibi olduğu müəyyən edilmişdir. Belə olan halda cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1084/2021 saylı, 2-1(102)-1645/2021 saylı, 2-1(102)-616/2023 saylı, 2- 1(102)-863/2023 saylı qərarlarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə və ya qanunvericilikdə qeyd edilməyən hallara istinad etməklə iddiaçıya aylıq müavinətin verilməməsi iddiaçının konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz hesab olunmalı və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə xx.xx.2021-ci il tarixdən hesablanaraq verilməlidir. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 xx.xx.2021-ci il tarixdən ona və ailə üzvlərinə verilməli olan məcburi köçkün kimi vahid aylıq müavinətin bərpa olunması öhdəliyi cavabdeh Laçın rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar