Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-734/2021 19.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “bank hesabından silinmiş 11545,55 manat pul vəsaitinin geri qaytarılması” barədə iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “bank hesabından silinmiş 11545,55 manat pul vəsaitinin geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün 19 aprel 2021-ci il tarixdə, saat 11:30da məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında iddia tələbinin mümkünsüz sayılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin xahiş hissəsindən görünür ki, iddiaçı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 02.11.2020-ci il tarixli **********660400 №-li və 16.11.2020-ci il tarixli **********587300 №-li qərarlarının ləğv edilməsi”ni xahiş etmişdir. İş materiallarında olan iddiaçının izahatının xahiş hissəsindən görünür ki, “cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 02.11.2020-ci il tarixli **********660400 №-li və 16.11.2020-ci il tarixli **********587300 №-li qərarları ləğv edilməsi və onun qanunsuz sərəncamları əsasında bank hesabından silinmiş və ödəniş kartından ödənilmiş ümumilikdə 11545,55 manat pul vəsaitinin ona dərhal qaytarılması barədə qərar qəbul edilməsi” xahiş olunmuşdur. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2- 1(120)-515/2021 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 02.11.2020-ci il tarixli **********660400 №-li və 16.11.2020-ci il tarixli **********587300 №-li qərarların ləğv edilməsi» tələbinə dair 2-1(120)-515/2021 nömrəli iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə araşdrması zamanı iş materialında olan sənədlərdən və tərəflərin verdiyi izahatdan məyyən olunur ki, İddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 02.11.2020-ci il tarixli, **********660400 nömrəli və 16.11.2020-ci il tarixli, **********587300 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı həmin qərarların ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin inzibati iş 2-1(120)-515/2021 nömrə ilə qeydiyyata alınaraq məhkəmənin icraatına qəbul olunmuşdur. Həmin iş üzrə 22.02.2021-ci il tarixdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının geri qaytarılmasını tələb etdiyi 11545,55 manat məbləğində pul vəsaitinin bank hesabından silinməsinə əsas olan sənəd “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 02.11.2020-ci il tarixli, **********660400 nömrəli və 16.11.2020-ci il tarixli, **********587300 nömrəli qərarlardır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına aşağıda qeyd edilən hüquq normaları əsasında hüquqi qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən qərarların ləğvi ilə bağlı inzibati işin nəticələri hazırkı işin nəticəsi ilə bağlıdır və iddiaçının hüquqi marağına hazırki iddia deyil, məhz yuxarıda qeyd edilən iddia xidmət etmiş olur. Yəni, iddiaçı məqsədinə sözügedən qərarların ləğv edilməsi ilə çata bilər. Başqa sözlə 11545,55 manat məbləğində pul vəsaitinin bank hesabından silinməsinə əsas olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 02.11.2020-ci il tarixli, **********660400 nömrəli və 16.11.2020-ci il tarixli, **********587300 nömrəli qərarlar ləğv olunduğu təqdirdə iddiaçının hazırki tələbi üzrə işə baxılmasına zərurət aradan qalxacaqdır. Məhkəmə fikrini daha dəqiq ifadə edərək bildirir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 02.11.2020-ci il tarixli, **********660400 nömrəli və 16.11.2020-ci il tarixli, **********587300 nömrəli qərarlar ləğv edilmədiyi, yəni qüvvədə olduğu müddətdə həmin qərarlar əsasında hesablanmış vergi borcu şəxsi hesabdan silinə bilməz və həmin qərarların icrası məqsədi ilə bank hesabından silinmiş pul vəsaiti geri qaytarıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin məcəllənin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 02.11.2020-ci il tarixli, **********660400 nömrəli və 16.11.2020-ci il tarixli, **********587300 nömrəli qərarlar ləğv olunduğu təqdirdə, məhkəmə, iddiaçının tələbi ilə həmin qərarların icrasının nəticələrini aradan qaldıra və ya həmin qərarların icrası əsasında silinmiş pul vəsaitinin geri qaytarılması öhdəliyini cavabdehin üzərinə qoya bilər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçıya yazılı şəkildə və məhkəmə iclasında şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi aparılmamışdır və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməyinə və müraciətindən imtina olunmasına dair sübutlar əlavə olunmamışdır. Hansı ki, öhdəliyin icrası və məcburetmə haqqında iddia növündə olan tələblərdə iddiaçı məhkəməyə müraciət etməmişdən öncə həmin tələblə bağlı cavabdeh inzibati orqana müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “bank hesabından silinmiş 11545,55 manat pul vəsaitinin geri qaytarılması” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “bank hesabından silinmiş 11545,55 manat pul vəsaitinin geri qaytarılması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-734/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-734/2021
19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver