Məhkəmə qərarları › İş №2-1(120)-735/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-735/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-735/2024 06.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********036500 saylı kameral vergi yoxlamasının nəticələrinə dair qərarının qismən-əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində ləğv edilməsi” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********241100 saylı qərarının qismən-əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində ləğv edilməsi, həmin məbləğdə hesablanmış vergilərin iddiaçının şəxsi vərəqəsindən silinməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(120)-2878/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22 dekabr 2023-cü il tarixli, 9/8202 nömrəli rəy verilərək inzibati iş məhkəməyə geri qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(120)-735/2024 saylı qərardadı ilə iddiaçı kimi iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə isə “6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********036500 saylı kameral vergi yoxlamasının nəticələrinə dair qərarının qismən-əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********241100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə X1 2021-ci il üzrə 92715 (doxsan iki min yeddi yüz on beş) manat 66 qəpik gəlir vergisi hesablanmışdır. İddiaçı tərəfindən həmin dövr üzrə təqdim edilmiş bəyannamədə 19713 (on doqquz min yeddi yüz on üç) manat 50 (əlli) qəpik gəlir vergisi hesablanmışdır. Yəni, vergi orqanı tərəfindən əlavə olaraq 73002 (yetmiş üç min iki) manat 16 (on altı) qəpik əlavə vergi hesablanmışdır. Həmin qərarın qismən - əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 (on altı) qəpik hissəsində ləğv edilməsini və verginin azaldılmasını zəruri hesab etmişdir. Vergilərin hesablanmasına səbəb, iddiaçı tərəfindən idxal edilmiş dartıcı yük maşınları və qoşquların idxalı və özgəninkiləşdirilməsi nəticəsində iddiaçının ehtimal olunan gəlirləri olmuşdur. İddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitələrinin çoxunun qəzalı, detalları yararsız və çürük vəziyyətdə olmuşdur. Həmin nəqliyyat vasitələri onun tərəfindən təmir edilmiş və istismara yararlı hala gətirilmiş, bundan sonra satılmışdır. İddiaçının izahatında göstərdiyi xüsusatları müvafiq sənədlərlə təsdiq edilə bilməsə də, həqiqətə uyğundur. Bu hal, qeyd olunan nəqliyyat vasitələrinin satılmazdan əvvəl iddiaçı tərəfindən yararlı hala gətirildiyini, lakin iddiaçı tərəfindən çəkilmiş həmin xərcləri sənədlər əsasında birbaşa müəyyən etməyin mümkün olmadığını təsdiq edir. Nəqliyyat vasitələrinə çəkilmiş xərclərin birbaşa müəyyən etməyin mümkünsüz olduğunu təsdiq edən digər bir hal, həmin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları tərəfindən qiymətləndirilməsidir. Belə ki, həmin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi aşağıdakı ümumi gömrük dəyəri ilə göstərilmişdir: xx.xx.2021-ci il tarixli **********5458 saylı bəyannamədə 23800; xx.xx.2021-ci il tarixli **********5488 saylı bəyannamədə 23800; xx.xx.2021-ci il tarixli **********8545 saylı bəyannamədə 23800; xx.xx.2021-ci il tarixli **********8573 saylı bəyannamədə 23800; xx.xx.2021-ci il tarixli **********8577 saylı bəyannamədə 8500; xx.xx.2021-ci il tarixli **********8641 saylı bəyannamədə 11900; xx.xx.2021-ci il tarixli **********1570 saylı bəyannamədə 23800; xx.xx.2021-ci il tarixli **********1679 saylı bəyannamədə 11900; xx.xx.2021-ci il tarixli **********7486 saylı bəyannamədə 25500; xx.xx.2021-ci il tarixli **********7504 saylı bəyannamədə 25500; xx.xx.2021-ci il tarixli **********7633 saylı bəyannamədə 9350; xx.xx.2021-ci il tarixli **********7699 saylı bəyannamədə 8500; xx.xx.2021-ci il tarixli **********7713 saylı bəyannamədə 14450; xx.xx.2021-ci il tarixli **********7720 saylı bəyannamədə 25500; xx.xx.2021-ci il tarixli **********9168 saylı bəyannamədə 25500; xx.xx.2021-ci il tarixli **********9188 saylı bəyannamədə 14450; xx.xx.2021-ci il tarixli **********1772 saylı bəyannamədə 23800; xx.xx.2021-ci il tarixli **********1791 saylı bəyannamədə 20400; xx.xx.2021-ci il tarixli **********2667 saylı bəyannamədə 25500; xx.xx.2021-ci il tarixli **********2679 saylı bəyannamədə 14450; xx.xx.2021-ci il tarixli **********2662 saylı bəyannamədə 25500; xx.xx.2021-ci il tarixli **********2714 saylı bəyannamədə 15300; xx.xx.2021-ci il tarixli **********7533 saylı bəyannamədə 25500; xx.xx.2021-ci il tarixli **********7585 saylı bəyannamədə 14450; xx.xx.2021-ci il tarixli **********4526 saylı bəyannamədə 15300; xx.xx.2021-ci il tarixli **********4608 saylı bəyannamədə 23800; xx.xx.2021-ci il tarixli **********5510 saylı bəyannamədə 34000; xx.xx.2021-ci il tarixli **********5514 saylı bəyannamədə 20400; Cəmi: 558450 (beş yüz əlli səkkiz min dörd yüz əlli) manat. Bəyannamələrdən də göründüyü kimi, malların idxal edilməsinə faktiki çəkilmiş xərclər, invoys məlumatlarında göstərilən 141415 (yüz qırx bir min dörd yüz on beş) manatdan dəfələrlə artıqdır. Beləliklə, nəqliyyat vasitələrinin idxalı ilə əlaqədar çəkilmiş xərcləri dəqiq müəyyən edən sənədlər olmadığından, iddiaçının əldə etdiyi gəliri birbaşa müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Qeyd olunduğu kimi, nəqliyyat vasitələrinin idxal edilməsinə çəkilmiş xərcləri təsdiq edən sənədlər yoxdur. Bu səbəbdən, hazırki hüquq münasibətlərinə vergi ödəyicisinin gəlirini müəyyən etməyin mümkün olmaması ilə bağlı normalar tətbiq olunmalıdır. Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli393 sayl; Fərmanının 1.8-ci bəndinə əsasən həmin Məcəllənin 23.1.3- cü, 23.1.15-2ci, 23.1.15-4-cü (məcburi nişanlama ilə nişanlanmalı olan mallara münasibətdə), 38.6-cı, 50.1.9-cu (məcburi nişanlama ilə nişanlanmalı olan mallara münasibətdə), 50.7-ci, 71-1.2ci maddələrində, 72.2-ci maddəsinin üçüncü abzasında, 76-1-ci (birinci halda), 83.9-cu, 87.4-cü, 90.3-cü (ikinci hissədə), 98.3-cü, 102.1.14.1-ci, 102.1.14.2-ci, 102.8-ci, 109.3-cü, 109.7-ci, 111.3-cü, 164.1.22-ci, 175.1.3- cü, 175.8-ci, 190.2-ci, 190.5-ci, 198.1.1-ci maddələrində, 206.1-1-ci maddəsinin ikinci cümləsində, 206.2-ci, 212.6-cı, 212.6.1-ci, 212.6.2-ci, 217.6-cı, 218.5.5-ci və 220.8.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. AR NK-nin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1 və 6.1.1-ci bəndlərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan), və ya vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında müəyyən edir. İddiaçının fəaliyyəti ilə əlaqədar xərcləri barədə məlumatlar vergi orqanlarında mövcud olmadığı üçün onun əldə etdiyi gəlir, fəaliyyəti ilə əlaqədar etdiyi satış dövriyyəsi əsasında müəyyən edilməlidir. Qaydalara əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri əsasında mənfəətin müəyyən edilməsi düsturu aşağıdakıdır: M = G : ( 100 + R) x R Burada: M vergi ödəyicinin mənfəəti; G - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İddiaçının yoxlanılan dövr ərzində fəaliyyəti ilə əlaqədar etdiyi satış dövriyyəsi vergi orqanı tərəfindən 591405 manat müəyyən edilmişdir (qərarın birinci səhifəsinin sonuncu abzası). Şərti rentabellik normasının 20 % olduğunu nəzərə alsaq, düsturu aşağıdakı kimi qurulmalıdır: Mənfəət = 591405 : (100 % + 20 %) x 20 % = 98567,5 yəni gəlir, dövriyyənin altıya bölünməsi yolu ilə tapılır. Beləliklə, kameral vergi yoxlamasının keçirildiyi dövrdə iddiaçının mənfəəti 98567,5 manat təşkil etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Kameral vergi yoxlamasının əhatə etdiyi dövrdə iddiaçının mənfəət vergisi 19713,5 (on doqquz min yeddi yüz on üç tam onda beş) manatdır – 98567,5 x 20 % = 19713,5. Göstərilən səbəblərdən iddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisinin bəyannaməsində verginin məbləği məhz 19713,5 (on doqquz min yeddi yüz on üç tam onda beş) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Göstərilənlərə əsasən, İPM-nin 45, 46, 47, 68, 69, 70-ci maddələrinə uyğun olaraq, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023cü il tarixli **********241100 saylı qərarının qismən - əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində ləğv edilməsi, həmin məbləğdə hesablanmış vergilərin iddiaçının şəxsi vərəqəsindən silinməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh nümayəndəsi X6 izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********241100 saylı qərardan görünür ki, İddiaçı 2021-ci il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 92.715,66 manat hesablanmışdır. İş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********036500 saylı qərardan görünür ki, İddiaçı 2021-ci il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 92.715,66 manat hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 9/8202 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: - Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarına və ekspert qarşısında qoyulmuş suallara əsasən bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı X2 barəsində qəbul edilmiş «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında» xx.xx.2023-cü il tarixli, **********241100 nömrəli qərara əsasən hesablanmış vergi məbləğinin vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmadığı, vergi ödəyicisi X2 tərəfindən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə göstərilən xərclərinin ilkin sənədlərlə tam müəyyən olunmadığı, o cümlədən onun tərəfindən 2021-ci il üzrə aparılmış əməliyyatlara görə 591405 manat satış dövriyyəsindən, AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən ona hesablanmalı gəlir vergisi məbləğinin 19713,51 manat olması, xx.xx.2023-cü il tarixli, **********241100 nömrəli qərarda göstərilənlərə əsasən həmin məbləğin də vergi ödəyicisi tərəfindən bəyan edilməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, **********376000 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı (bundan sonra iddiaçı) (VÖEN: **********) cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********241100 nömrəli Qərarın ləğv edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır: Uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2020-ci il tarixdən ƏDV məqsədləri üçün dövlət qeydiyyatına alındığı və əsas fəaliyyət növünün “mağaza, çadır və bazarlardan kənarda sair pərakəndə satış” olduğu, vergi orqanında qeydiyyata olan aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması üçün aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin hesabat ilində invoys dəyəri ilə ümumilikdə 141415,00 manat (ƏDV-siz) dəyərində mallar idxal etmiş və elektron qaimə faktura ilə 1191,48 manat (ƏDV-siz) mal, iş və xidmət almış, sosial sığorta üzrə xərci 175,00 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim etdiyi ƏDV bəyannamələri üzrə satış dövriyyəsi 591405,25 manat (ƏDV-siz) təşkil etmiş və gəlir vergisi bəyannaməsi üzrə məlumatlara əsasən dövrün sonuna mal qalığı qalmamışdır. Qeyd olunanlara əsasən vergi orqanında olan baza məlumatlarına əsasən müəyyən olunmuş göstəricilər əsas götürülməklə 2021-ci ilin gəlir vergisi bəyannaməsinin göstəricilər olmadan təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********721200 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 89724,75 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********464800 nömrəli Qərar qəbul olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş və yaranmnış kənarlaşma ilə bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 80667,20 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********595900 nömrəli Qərar qəbul olunmuşdur. Şikayətin araşdırılması məqsədi ilə fərdi sahibkarın araşdırmada şəxsən (şikayət verən fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri) və ya səlahiyyətli nümayəndəsi (qanuni nümayəndəniz) və ya vəkili vasitəsilə iştirak etməsi ilə bağlı “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********967100 nömrəli məktub göndərilərək xx.xx.2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, fərdi sahibkar İddiaçı xx.xx.2022-ci il tarixdə araşdırmada iştirak etmiş və araşdırma ilə bağlı müvafiq izahat təqdim etmişdir. Fərdi sahibkar izahatında aldığı nəqliyyat vasitələrinin və qoşquların çoxunun qəzalı, motoru vurmuş, “karobkası” dağılmış, paslı və ya çürük, təmirə ehtiyacı olan vəziyyətdə olduğunu, bəzilərinin “apornı” disklərinin baraban olduğuna görə dəyərinin aşağı olduğunu, bəzi maşınların isə “adblue” sistemi işlək olmadığına görə avro 5 standartına cavab vermədiyi üçün Avropada istifadə edilə bilmədiyindən dəyərindən çox ucuz satıldığını, onları aldıqdan sonra təmir edib, müəyyən xərc çəkib satdığını, Gömrük orqanının idxal olunmuş malların real vəziyyətini nəzərə almadan ilinə baxaraq qiymət müəyyənləşdirdiyini, idxal olunmuş texnikaları təmir edərək bazarda əhaliyə satdığını və hər maşından 3500,00-4000,00 manat arası qazanc əldə etdiyini bildirərək hesablanmış məbləğin azaldılmasını xahiş etmişdir. Belə ki, iddiaçı tərəfindən 2021-ci il ərzində ümumi gömrük dəyəri 574506,57 manat dəyərində (ƏDV-siz) olan 28 ədəd (14 komplekt) texnika idxal edildiyi, 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsi ilə bağlı 572617,00 manat gəlir əldə edildiyi və gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən xərclər bölməsində malların dəyərinin 544751,00 manat göstərildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində iddiaçı tərəfindən idxal edilmiş malların invoys dəyərinin 141414,95 manat (ƏDV-siz) olduğu halda 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin 1 N-li Əlavəsinin 1.3.2. Mallar sətrinin Dövr ərzində daxil olmuşdur sütununda 574798,00 manat göstərildiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçı idxal edilmiş malların təmiri ilə bağlı xərclər çəkdiyini bildirsə də, qeyd olunan xərclərlə bağlı heç bir təsdiqedici sənəd təqdim edə bilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunanların araşdırılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə xx.xx.2022-ci il tarixli **********969500 nömrəli “Məlumatın təqdim edilməsi haqqında” sorğu göndərilmiş lakin, sorğuya cavab alınmamışdır. Belə ki, Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Beləliklə, iddiaçı tərəfindən 2021-ci il ərzində idxal edilmiş malların invoys dəyərinin 141414,95 manat olduğunu, nəqliyyat vasitələrinin yararsız vəziyyətdə olmaları səbəbindən invoys dəyərinin aşağı olmasını iddia olunmasına baxmayaraq, bunu təsdiq edəcək heç bir təsdiqedici sənədin inzibati araşdırmaya təqdim edilmədiyini nəzərə alaraq, vergi ödəyicisinin şikayəti təmin edilməməli və 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********595900 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 94-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. 162.2-ci maddəsinə əsasən bu Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən sübutları, işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan etirazda göstərilən dəlillərə uyğun “vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” haqqında xx.xx.2023-cü il tarixli **********036500 nömrəli qərarın qəbul edilməsində və vergi borcunun hesablanmasında haqlı olmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 9/8202 saylı ekspert rəyinin nəticə hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarına və ekspert qarşısında qoyulmuş suallara əsasən bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı X2 barəsində qəbul edilmiş «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında» xx.xx.2023-cü il tarixli, **********241100 nömrəli qərara əsasən hesablanmış vergi məbləğinin vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmadığı, vergi ödəyicisi X2 tərəfindən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə göstərilən xərclərinin ilkin sənədlərlə tam müəyyən olunmadığı, o cümlədənonun tərəfindən 2021-ci il üzrə aparılmış əməliyyatlara görə 591405 manat satış dövriyyəsindən, AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən ona hesablanmalı gəlir vergisi məbləğinin 19713,51 manat olması, xx.xx.2023-cü il tarixli, **********241100 nömrəli qərarda göstərilənlərə əsasən həmin məbləğin də vergi ödəyicisi tərəfindən bəyan edilməsi müəyyən edilmişdir. Məhkəmə hazırkı işlə bağlı təqdim edilmiş ekspert rəyini yuxarıda qeyd edilən hüquq normalarının tətbiqi və işin faktiki halları baxımından mötəbər sübut kimi qiymətləndirir. Ən azından bunun əksini təsdiq edəcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan bu rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********036500 nömrəli qərarı yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********036500 saylı kameral vergi yoxlamasının nəticələrinə dair qərarı qismən-əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində (inizbati akt) ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati mübahisəyə dair məhkəmə mühasibatlıq ekpertizası təyin edilərkən xx.xx.2023-cü il tarixli **********241100 saylı qərar mövcud olmuşdur. Həmin qərar əsasında mühasibatlıq ekspertizası keçirilmiş, xx.xx.2024-cü il tarixdə ekspert tərəfindən tərtib olunmuş rəy məhkəməyə daxil olmuşdur. Məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********036500 saylı kameral vergi yoxlamasının nəticələrinə dair qərarı məhkəməyə təqdim olunmuşdur. Həmin qərarda iddiaçının vergi borcunun azaldığı müəyyən olunmuş, lakin iddiaçı və onun nümayəndəsi iddia tələbini dəqiqləşdirərək həmin qərarı mübahisələndirmiş, əlavə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığını ilkin ekspertiza zamanı tərtib edilmiş rəylə razı olduğunu bildirmişdirlər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********036500 saylı kameral vergi yoxlamasının nəticələrinə dair qərarı qismən-əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində ləğv edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 200 (yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********036500 saylı kameral vergi yoxlamasının nəticələrinə dair qərarı qismən-əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar