Məhkəmə qərarları › İş №2-1(120)-74/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-74/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-74/2020 29.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı «xxxx» məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X1 («xxxx» MMCnin qanuni təmsilçisi, Lənkəran şəhəri, Mehmandarov küçəsi, ev 35-də yaşayan) və Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 (6 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsində baş hüquqşünas, 3-cü dərəcəli müfəttiş, ünvan 1 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı «xxxx» məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı «xxxx» məhdud məsuliyyətli cəmiyyəti cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2018-ci il üçün əlavə olaraq kameral qaydada «xxxx» MMC barədə vergi və faizlərlə birlikdə əlavə olaraq hesablanmış cəmi 1446,54 (bir min dörd yüz qırx altı manat əlli dörd qəpik) manat məbləğin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəmənin dəftərxanasına daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəməyə iddiaçının nümayəndəsinin iddia tələbinin dəyişdirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli ərizəsi daxil olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəyişdirilib, «xxxx» MMC barədə xx xxx 2019-cu il tarixli, **********504300 saylı qərarın ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(120)-74/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx xxx 2019-cu il tarixli **********504300 nömrəli qərarla əlavə olaraq kameral qaydada 2018-ci il üçün rəhbərlik etdiyi «xxxx» MMC-yə 1103,88 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Belə ki, 2018-ci il üçün təqdim etdiyi bəyannamə, yəni hesabatlar üzrə müəssisənin xərcləri nəzərə alınmayaraq cəmi 601,32 manat məbləğ göstərilməklə, vergi orqanı tərəfindən 2018-ci il üçün aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi isə 1705,20 manat hesablanmaqla 1705,20 manat – 601,32 manat = 1103,88 manat vergi borcunun «xxxx» MMC barəsində olması haqqında qərar verilmişdir. «xxxx» MMC-nin YDM-ə 2018-ci il ərzində 557650 litr Aİ-92 markalı benzin və 112550 litr dizel yanacağı mədaxil olunmuşdur. Nisbətən soyuq və qış aylarını nəzərə almasaq, təkcə 2018-ci ilin may-avqust ayları ərzində YDM-ə mədaxil olunmuş 181255 litr Aİ-92 markalı benzin yanacağının daşınması, çənlərə boşaldılması və buxarlanması nəticəsində vaxtaşırı inventarizasiyası zamanı Aİ-92 markalı benzindən faktiki və təqdim olunmuş analiz sənədinə əsasən 3625 litr yanacaq itkisi buxarlanaraq baş vermiş və bu da alış qiyməti ilə dəyər ifadəsində (3625 litr x 0,82 manat) 2972,50 manat məbləğində təşkil edir. Bakı və Sumqayıt şəhərinin ticarət mərkəzlərindən alınan mallara görə hesab-fakturaları, o cümlədən YDM operatorlarının mövsümi geyim formalarına görə ümumiyyətlə heç bir sənəd verilmədiyindən həmin mallar icra və alış aktları vasitəsilə alınmış və həmin sənədlər də 6 saylı X6 təqdim olunmuşdur. Adları qeyd edilən bazarların heç birində nəzarət-kassa aparatları qoyulmamışdır, satılan malların əmlakların elektron qaiməsi təqdim olunmur. Hansı səbəbdən adları qeyd edilən bazarlarda Vergilər Nazirliyi bu günədək göstərilən problemləri – nöqsanları həll edə bilmir. Onu da qeyd etmək lazımdır ki, rayonumuzda ilin fəsillərindən asılı olmayaraq elektrik enerjisi tez-tez və saatlarla kəsilir və bu da məcburən mühərrikdən (generatordan) istifadə edilməsinə gətirib çıxarır və bunun əsasında da mühərrikə sərf edilən yanacaq üçün də yanacaq sərfiyyatı barədə sənədin – hesabatın tərtib edilməsinə əsas verir. Yəni bildirmək istəyirəm ki, 2018-ci il ərzində aylar üzrə YDM-də 1882 litr benzin x 0,90 manat = 1693,80 manat məbləğində vəsait «xxxx» MMC-nin hesabına xərc kimi daxil olmuş, həmin xərci təsdiq edən sənədlərin surəti vergi orqanına təqdim olunmuş, lakin vergi orqanı həmin sənədləri təsdiqləyici xərc sənədi kimi qəbul etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli, **********056200 saylı iddia tələbinə etiraz məktubunda qeyd edilmişdir ki, «xxxx» MMC-nin YDM üçün lazım olan texniki material və satışına az təsadüf edilən bəzi avadanlıqların alışı zamanı e-qaimə almaq mümkün olmadığından həmin mallar icra və alış aktları vasitəsilə alınmışdır. Qeyd edilən xərc sənədləri kameral vergi yoxlaması zamanı nəzərə alınmamışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda “malların alış aktı” tərtib edilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Nəticə etibarı ilə qeyd edirik ki, iddiaçının iddia ərizəsində xərc sənədləri kimi qeyd etdiyi malların alış aktı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” xx xxxxx 2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 saylı qərarına əsasən ciddi hesabat blankları hesab edilmir. Digər tərəfdən də yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən aydın olur ki, malların alış aktı yalnız mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda tərtib oluna bilər. Lakin «xxxx» MMC-nin təqdim etdiyi, iddia ərizəsində qeyd etdiyi malları müxtəlif bazarlardan vergi ödəyicilərindən almışdır. Həmçinin iddia ərizəsində qeyd etmişdir ki, “elektrik enerjisi tez-tez kəsilməsi səbəbindən məcburən mühərrikdən (generatordan) istifadə edilməsinə gətirib çıxarır və bunun əsasında da mühərrikə sərf edilən yanacaq üçün də yanacaq sərfiyyatı barədə sənədin – hesabatın tərtib edilməsinə əsas verir. Yəni bildirmək istəyirəm ki, 2018-ci il ərzində aylar üzrə YDM-də 1882 litr benzin x 0,90 manat = 1693,80 manat məbləğində vəsait «xxxx» MMC-nin hesabına xərc kimi daxil olmuş, həmin xərci təsdiq edən sənədlərin surəti vergi orqanına təqdim olunmuş, lakin vergi orqanı həmin sənədləri təsdiqləyici xərc sənədi kimi qəbul etməmişdir.” Bununla əlaqədar olaraq bildiririk ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xərclər (1693,80 manat) onun tərəfindən təqdim olunmuş 2018-ci il üçün cari və dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələrinin Xərclər bölməsinin 221.9-cu sətrində-yanacaq xərcləri hissəsində və həmin bəyannamənin 1 saylı əlavəsinin 1.3.2-ci sətrində-silinmiş mallar bölməsində öz əksini tapmamışdır. Əlavə olaraq bildiririk ki, təqdim olunan xərc sənədi (xx.xx.2019-cu il tarixdə vergi orqanına daxil olan YDM-də işlədilən generatorun 2018-ci il üçün yanacaq sərfiyyatı barədə sənəd) heç bir mötəbər sübutla təsdiqlənmədiyi üçün (2018-ci il üçün elektrik enerjisinin verilməsi fasilələrini təsdiq edən müvafiq qurumun rəsmi sənədi və generatorun texniki pasportu) vergi orqanı tərəfindən təsdiqləyici xərc sənədi kimi nəzərə alınması mümkün olmamışdır. Kameral vergi yoxlaması zamanı müəyyən edilmiş-yayındırılmış əlavə vergilərin hesablanmasının əsasları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirik. Cəmiyyət tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə vergi orqanında olan uçot-baza məlumatlarına əsasən sənədlərlə təsdiqini tapmayan gəlirdən çıxılan xərclərlə bağlı uyğunsuzluq yaranmışdır. Qeyd olunan uyğunsuzluqla bağlı cəmiyyətə 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlamasının başa çatdırılması məqsədi ilə xx.xx.2019-cu il tarixli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Göndərilmiş uyğunsuzluq məktubuna cəmiyyət tərəfindən əsaslandırılmış izahat, təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamədə gəlirdən çıxılmalara aid edilən, lakin sənədlərlə təsdiqini tapmayan xərclər əsaslandırılmamışdır. Nəticədə kameral vergi yoxlaması zamanı sənədlə təsdiqini tapmayan 88,2 manat dəyərində rabitə xərci və 5431,19 manat digər xərclər, ümumilikdə 5519,39 manat xərc nəzərə alınmamaqla (470204,66 manat gəlirlər və həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən xərclər 461678,67 manat müəyyən edilərək, mənfəət olaraq 8525.99 manat (470204,66- 461678,67* 20%=1705,20 manat) vergi ödəyicisinin 2018-ci il üçün təqdim etdiyi mənfəət vergisi bəyannaməsində mənfəət vergisi olaraq göstərdiyi 601,32 manat nəzərə alınmaqla 1103,88 manat əlavə vergi məbləği hesablanmış və bu barədə cəmiyyətə xx.xx.2019-cu il tarixli **********504300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar qəbul edilərək həmin tarixdə də iddiaçının elektron qutusuna göndərilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi iddia tələbinə dair verilmiş etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İş materialında olan 6 saylı X3 xx xxx 2019-cu il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarından görünür ki, 2018-ci il üzrə «xxxx» məhdud məsuliyyətli cəmiyyətinə 1103,88 manat əlavə vergi məbləği hesablanmışdır. İş materialında olan «xxxx» məhdud məsuliyyətli cəmiyyətinin rəhbəri İ.M.Fərziyev tərəfindən 6 saylı X4 ünvanlanmış ərizədə 2018-ci il üçün əlavə olaraq kameral qaydada «xxxx» MMC barədə düzgün hesablanmamış 1103,88 manat məbləğində mənfəət vergisinin ləğv edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. İş materialında olan cavabdeh tərəfindən «xxxx» məhdud məsuliyyətli cəmiyyətinə ünvanlanmış araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktubda müraciətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin təqdim edilməsi xahiş olunmuş, araşdırmada şəxsən və ya vəkil vasitəsilə iştirak etmədiyi təqdirdə inzibati icraatın iştirakı olmadan aparılacağı göstərilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 1503 nömrəli ekspert rəyinə əsasən, müəssisə üzrə 2018-ci ildə materialların alınmasına dair hazırkı ekspertizaya təqdim olunmuş alış aktları və digər sənədlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmamış, müəssisənin mühasibat şöbəsində tərtib olunmuş analitik uçotda işlənilməmiş və sintetik hesablar üzrə dövriyyə cədvəllərində və baş kitabda əks etdirilməmişdir. Həmçinin müəssisə tərəfindən xərc sənədi kimi təqdim edilən alış aktları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” xx xxxxx 2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 saylı qərarına əsasən ciddi hesabat blankları hesab edilmir. Göstərilən səbəblərdən hazırkı ekspertizaya təqdim olunmuş alış aktları və digər sənədlər hüquqi gücə malik olan mühasibat sənədləri kimi qəbul edilmir. Ona görə də müəssisəyə xx.xx.2019-cu il tarixli, **********504300 nömrəli qərarla kameral vergi yoxlamasına əsasən 6 saylı X8 tərəfindən 2018-ci il üzrə əlavə olaraq hesablanmış 1103,88 manat məbləğində mənfəət vergisi öz təsdiqini tapır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kameral vergi yoxlaması zamanı 2018-ci il üzrə 6 saylı X3 xx xxx 2019-cu il tarixli qərarı əsasında «xxxx» məhdud məsuliyyətli cəmiyyətinə 1103,88 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı malları alış aktları əsasında aldığına əsaslanıb, həmin qərarın qanunsuz və əsassız olduğunu hesab edərək, ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1-23.1.1-ci maddələrinə əsasən, vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə görə, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Müəssisə tərəfindən xərc sənədi kimi təqdim edilən alış aktları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” xx xxxxx 2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 saylı qərarına əsasən ciddi hesabat blankları hesab edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 1503 nömrəli ekspert rəyinə əsasən, müəssisəyə xx.xx.2019-cu il tarixli, **********504300 nömrəli qərarla kameral vergi yoxlamasına əsasən 6 saylı X8 tərəfindən 2018-ci il üzrə əlavə olaraq hesablanmış 1103,88 manat məbləğində mənfəət vergisi öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, 2018-ci il üzrə «xxxx» məhdud məsuliyyətli cəmiyyətinə 1103,88 manat əlavə vergi məbləği düzgün hesablanmışdır. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat «xxxx» məhdud məsuliyyətli cəmiyyətindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: «xxxx» məhdud məsuliyyətli cəmiyyətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx xxx 2019-cu il tarixli, **********504300 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat «xxxx» məhdud məsuliyyətli cəmiyyətindən tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar