Məhkəmə qərarları › İş №2-1(120)-741/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-741/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-741/2020 07.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı adının və soyadının əvvəlki Qocayev Zamin ad və soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı adının və soyadının əvvəlki Qocayev Zamin ad və soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul rayonu, Muğan qəsəbəsində anadan olmuş və həmin ünvanda yaşayır. Evlidir iki uşağı var. xx.xx.2012-ci ildə X3 ilə evlənmiş və xx.xx.2012-ci ildə Yusif, xx.xx.2015-ci ildə isə Qəribə adlı uşaqları anadan olmuşdur. Onun əvvəlki adı və soyadı Qocayev Zamin olmuş, adını və soyadını dəyişmək qərarına gəlmişdir. Buna görə də ərizə ilə Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş, müəyyən müddət sonra Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi xx.xx.2018-ci ildə adını və soyadını İddiaçı dəyişdirmişdir. Dəyişəndən sonra bəzi sənədləri düzəltsə də, diplomda və atestatda bunu dəyişə bilməmişdir. İndi də iş düzəlmək istəyir, ona çətinliklər yaranır. Ona görə də yenidən əvvəlki Qocayev Zamin ad və soyadına qayıtmaq istəyir. Buna görə yenidən Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona adının və soyadının dəyişdirilməsindən imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına Аzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul rayon Polis şöbəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X5 Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının ad və soyadının dəyişdirilməsindən imtina etmişdir. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsaslı deyil. Belə ki, iddiaçının ilkin adı Zamin, soyadı isə Qocayev olmuşdur. Sonradan adını və soyadını “İddiaçı”ə dəyişdirmişdir. Hazırda o, növbəti dəfə ad və soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin qoyulmasını xahiş edir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Qazı-Məmməd rayonunda anadan olmuş və Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.2018-ci il tarixli, AZ-İ 022849 nömrəli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə doğulmuş X1 “Abdullayev”ə, adı “Zakir”ə dəyişdirilmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, onun soyadının və adının dəyişdirilməsi barədə ərizəsinin icrasından imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Qanunvericiliyə görə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddələri) hər bir şəxsin öz adını və soyadını dəyişdirmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmçinin qeyd olunmalıdır ki, həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə(ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirirsə, onun yetkinlik yaşna çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndnə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atasının adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də, yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin “iddiaçının adının və soyadının dəyişdirilməsi”ndən imtinası qanuna zidd sayıla bilməz. Belə ki, ad və soyadın növbəti dəfə dəyişdirilməsi ilə bağlı qanunvericiliyin (Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların) nəzərdə tutduğu hallar iddiaçıya münasbətdə müəyyən edilmir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyası xx.xx.2019-cu il tarixli 2-1(102)-2535/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı adının və soyadının əvvəlki Qocayev Zamin ad və soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı adının və soyadının əvvəlki Qocayev Zamin ad və soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar