Məhkəmə qərarları › İş №2-1(120)-744/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-744/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-744/2024 27.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Naziliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Naziliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991 ci il tarixdən təxris olunduğu xx.xx.N-cı il tarixinədək hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində döyüşən ordunun tərkibində olan N və N saylı hərbi hissədə xx.xx.1991-ci il tarixindən 12 may 1994-cü il tarixində Atəşkəs elan edilənədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və tərxis olunduğu xx.xx.N-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsinin xx.xx.2019-cu il tarixli 9/2-233 nömrəli arxiv arayışında qeyd edilib ki, N və N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 279 nömrəli əmrilə şəxsi heyyətinin siyahısına daxil edilməyi barədə məlumat vardır və 5-ci taburun şəxsi heyətinin siyahısına daxil edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 500 nömrəli nizami hissə üzrə əmrlə onu, yəni İddiaçı N saylı hərbi hissəyə xidməti ezamiyyətə göndərilmişdir. Lakin həmin arxiv arayışın dördüncü abzasında qeyd edilir ki, N saylı hərbi hissə komandirinin avqust N-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün onun hərbi xidməti barədə əlavə araşdırma apara bilmirlər. Maraqlısı budur ki, Müdafiə Nazirliyinin Arxiv İdarəsi 40 min döyüşçüyə girişini qeyd etsə də, çıxışları haqqında məlumat vermir. Bu isə Azərbaycan Respublikasının Ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi və Konstitusiya quruluşu uğrunda o, dövrdə gəncliklərini itirərək döyüşən ordunun tərkibində xidmət etmiş Müharibə Veteranlarına, Şəhid ailələrinə və Qarabağ Əlillərinə soyuq və biganə münasibət bəsləmək və Konstitusion hüquqlarını pozmaq və hərbi xidmət keçmək haqqında əsasnaməyə qarşı çıxmaq deməkdir. Sözügedən təbəqənin və gənc nəslin Vətən sevgisini unutdurmaqdır. Necə olur ki, eyni təbəqədə olan insanların arxiv arayışı şablon üzrə eyni cavab olmaqla (yəni çıxışı haqqında məlumat verə bilmirik və yaxud hərbi hissənin nizami hissə üzrə əmrləri daxil olunmadığına görə məlumat verə bilmirik və yaxud atasının adı Cəfər yox Məmməd yazılmışdır sözləri ilə və s.) cavablandıraraq 1-ci Qarabağ Müharibəsinin döyüşçülərinə hörmətsizlik edərək ədalətsizlik edirlər. xx.xx.1991-ci il tarixdən xx.xx.1994cü il tarixinədək Nazirlər Kabinetinin Müharibə Veteranları üçün 216 saylı Qərarı var, həmin qərar əsasında Hakimlər qərar qəbul etmir. Müdafiə Nazirliyinin iddia ərizəsinə qarşı etiraz və yaxud münasibətini əsas götürərək Prosessual qanun pozuntularına yol verirlər və ədalətsiz qərar qəbul edirlər. Halbuki, ərizəyə əlavə olunan hərbi biletinin səhifəsində göstərilmişdir ki, o Azərbaycan Respublikası SHXÇDX-nin Hacıqabul rayon şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu, xx.xx.N-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan 706, N saylı hərbi hissələrdə həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidməti zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşən ordunun tərkibində N saylı hərbi hissələrdə döyüş əməliyyatlarında 12 may 1994-cü il tarixində Atəşkəs elan edilənədək iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-ci il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Onun da yuxarıda göstərdiyi kimi, hərbi biletində 12 may 1994-cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmət etdiyi və xx.xx.1994-cü il tarixli 300 nömrəli nizami hissə üzrə əmrlə onun N saylı hərbi hissəyə xidməti ezamiyyətə göndərilməyini təsdiq edən qeydlər vardır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. X1 göndərilən Arxiv Arayışında göstərilənlərlə də təsdiq olunur ki, onun hərbi xidməti barəsində Arxivdə məlumatın olmaması onun təqsiri ucbatından olmamışdır. Əgər hərbi hissə həmin vaxtı əhatə edən sənədləri Arxivə göndərməyibsə onun təqsiri nədir. Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərinin də olduğu qərargah yanıb. Dəhşətlisi də odur ki, Arxiv Arayışında da göstərilmişdir ki, bu halları araşdıra bilmirik. Bəs bunları kim araşdırmalıdır. Halbu ki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı iddianın mümkün sayılmaması barədə ərizə ilə müraciət etmişdir. İddianın mümkün sayılmaması barədə ərizədə qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Arxiv Arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bərədə” iddiası üzrə inzibati işə baxılır. Müdafiə Nazirliyi iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı səbəblərə görə mümkün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərinin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə təsbit edilən məcburetmə haqqında iddiadır. Qanunvericilikdə bu kateqoriya iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair “Qərarın 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirməlidir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunrnasl və s) də mövcudluğu yoxlanılmalıdır. Bununla əlaqədar qeyd etmək istəyirik ki, Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 20 yanvar 2019-cu il tarixdə 9/2-233 nömrəli arayış göndərilmişdir. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ‘Arxiv arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati iş üzrə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE 0******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu, Kolanı kəndində anadan olmuş, Hacıqabul rayonu, Kolanı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin Arxiv Arayışnda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas səh 34, sıra 254, məlumatda adı Səmid yazılmışdır) xx.xx.1981-ci il tarixdə Hacıqabul RHK-dan çağırılmış xx.xx.1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 279 nömrəli əmrilə səxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır və şəxsi heyətin siyahısından çıxma qrafasında “Уволен 141» yazılmışdır. N nömrəli hissə komandirinin xx.xx.1993-cü il tarixli, 279 nömrəli nizami hissə üzrə əmirlə (əsas səh 26, 9, sıra 7, əmrdə adı Səmid yazılmışdır) 1973-cü il təvəllüdlü X5 5-ci taburun şəxsi heyətinin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü tarixli, 300 nömrəli nizami hissə üzrə əmrlə (əsas səh 33, 9 sıra, 197 əmrdə adı Samid yazılmışdır) X7 N nömrəli hərbi hissəyə xidməti ezamiyyətə göndərilmişdir. Qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin avqust N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2018-ci tarixli 9/2-20759 nömrəli məktubla İddiaçı xidməti barədə ünvanına cavab göndərilmişdir. xx.xx.1991-ci il tarixli, НЗ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.N-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Hcıqabul rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Hacıqabul rayonu Kolanı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1973-cü il təvəllüdlü İddiaçı barədə tərəfimizdən yoxlama aparılaraq Hacıqabul RPŞ-də barəsində heç bir təqsirləndirici məlumat, material və cinayət işinin olması,hər hansı bir prosessual qərar qəbul edilməsi barədə hər hansı bir məlumat əldə olunmamışdır. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon bölməsinə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi ilə əlaqədar ərizəsi müvafiq sənədlərlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuşdur. Yaranmış zərurətlə əlaqədar olaraq, xx.xx.1973-cü il təvəllüdlü vətəndaş İddiaçı N-cı ildə hərbi hissədən ehtiyata buraxılması barədə məlumatı “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərilməsini Sizdən xahiş edirəm. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2017-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Arxiv arayışına əsasən N nömrəli liərbi hissədə xidmətiniz tam təsdiqlənmədiyindən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə baxılır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq və qanuni mənafelərinin məhkəmədə müdafiə olunması məqsədi ilə, iddiaçının müraciətinə baxılması ilə əlaqədar toplanmış inzibati icraat materiallarının təsdiq olunmuş surətlərinin Hüquq İdarəsinə təqdim edilməsi üçün göstəriş verməyiniz Sizdən xahiş olunur. Azərbaycan Respublikası Hacıqabul rayon Hərbi Komisarlığının xx.xx.N-ci il tarixli, 107 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Hacıqabul rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.1994-cü ilə qədər Ağdam, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak edib. N-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 141 saylı, xx.xx.N-cı il tarixli Əmri əsasında ordudan təxris olunub. Əsas; N saylı Hərbi hissənin 555 nömrəli, xx.xx.N-cı il tarixli göndərişi. Hacıqabul rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1973-cü ildə Sabirabad rayonu Kolanı kəndində anadan olmuş, Hacıqabul rayonu Kolanı kəndində qeydiyatda olmaqla yaşayan (ş/v AA5114594) İddiaçı Məhkumluğları barədə məlumat aşkar olunmamışdır. Barəsində Hacıqabul RPŞ-də heç bir təqsirləndirici məlumat və material yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 703 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.1995 (4), səh-34, sıra-254, məlumatda adı “Samid”, çağırıldığı yer “Hacıqabul RHK-ğı” yazılmışdır) xx.xx.N -ci il tarixdə Hacıqabul RHK-dan çağırılmış, xx.xx.1973-cü il təvəllüdlü X3 hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat qeyd olunmş və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılma qrafasında “Уволен 141” yazılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-9, səh-26, sıra-7, əmrdə adı “Samid” yazılmışdır) hərbi hissənin 4-cü motoatıcı taborunun əsgəri, 1973-cü il təvəllüdlü X5 5-ci tabura dəyişdirilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 300 №-li əmrində (əsas: §-9, səh-33, sıra-197, əmrdə adı Samid yazılmışdır) N №-li hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab olunan 5-ci motoatıcı taborun hərbi qulluqçularının siyahısında X3 adı qeyd olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, 1994-cü il tarixli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti ezamiyyətdə olması, N №-li hərbi hissə komandirinin 1992-ci il, yanvar-noyabr 1993-cü il, fevral-dekabr 1994-cü il, iyulsentyabr N-cı il tarixli nizami hissə üzrə əmrlərində xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin N -ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş müharibə veteranları X12, X14 və X13 bildirmişlər ki, İddiaçı ilə bilikdə N saylı hərbi hissənin tərkibində 1993-cü il tarixdən N-cı il tarixədək xidmətlərini və döyüş əməliyyatlarında iştiraklarını təsdiq etmişlər. Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Haciqabul Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 107 nömrəli arayış Hacıqabul rayon şöbəsində mövcud olan uçot kartasına əsasən verilmişdir və məktuba əlavə edilmiş iddiaçıya məxsus uçot kartasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı N saylı hərbi hissənin tərkibində 1993-cü il tarixdən N-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1994-cü il tarixdə Ağdam və Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2132 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı aid N №-li hərbi hissənin xx.xx.N-ci il tarixli 555 №-li göndərişi və göndərişin tərtib olunmasına əsas olan sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə veteran adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, НЗ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.N-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Eyni zamanda şahidlər də məhkəmə iclasında bildirmişlər ki, İddiaçı ilə bilikdə N saylı hərbi hissənin tərkibində 1993-cü il tarixdən N-cı il tarixədək xidmət etmişlər. Həmçinin Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Haciqabul Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş iddiaçıya məxsus uçot kartasının təsdiq edilmiş surətindən də görünür ki, İddiaçı N saylı hərbi hissənin tərkibində 1993-cü il tarixdən N-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1994-cü il tarixdə Ağdam və Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra cavabdeh inzibati orqanın yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarını iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar