Məhkəmə qərarları › İş №2-1(120)-745/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-745/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-745/2020 23.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 13.01.1963-cü il tarixdə doğulmuşdur. İddiaçı 1981-1986-cı illərdə Azərbaycan X1 təhsil almışdır. İddiaçı 27.09.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası alır. İddiaçıya əmək pensiyası təyin edilərkən 1981-1986-cı illərdə Azərbaycan X1 təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı 1981-1986-cı illərdə Azərbaycan X1 təhsil aldığı illər sığorta stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanıb ödənilməsi üçün cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 14.02.2020-ci il tarixli **********3 saylı məktubunda 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət növlərində əyani təhsil alındığı dövrün əmək pensiyası təyin edilərkən sosial sığorta stajına əlavə olunmadığını qeyd edərək, iddiaçının təhsil aldığı illərin sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01.09.1981-26.06.1986-cı illərdə Azərbaycan X1 təhsil aldığı illər nəzərə alınmaqla hüququnun yarandığı 27.09.2016-cı il tarixdən təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 13.01.1963-cü ildə anadan olmuşdur. 01.09.1981-26.06.1986-cı illərdə X1 təhsil almışdır. 27.09.2016-cı ildən ikinci qrup əlil kimi pensiya alır. Onun pensiyası hesablanarkən təhsil illəri nəzərə alınmamışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətindən imtina olunmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri tamamilə əsassızdır. Belə ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyə əsasən təhsil illəri sosial sığorta stajına daxil edilir. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin 10.03.2020-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 21-ci maddəsinə əsasən təhsil illəri sığorta stajına daxil edilmir. Bu səbəbdən də iddiaçının iddia etdiyi 01.09.1981- 26.06.1986-cı illər üzrə təhsil dövrü nəzərə alınmaqla hüququnun yarandığı 27.09.2016-cı il tarixdən təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinə etiraz edilmiş və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, diplomunun notarial qaydada təsdiq olunmuş surətini və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına iddiaçının əmək pensiyası alması barədə Dövlət Sosial X2 rayon şöbəsinin məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı 13.01.1963-cü il tarixdə doğulmuşdur. İddiaçı 27.09.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası alır. İddiaçıya əmək pensiyası təyin edilərkən 1981-1986-cı illərdə Azərbaycan X1 təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı 1981-1986-cı illərdə təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınaraq, hüququnun yarandığı 27.09.2016-cı il tarixdən təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsini xahiş edir. İddiaçının 1981-26.06.1986-cı illərdə Azərbaycan X1 təhsil alması ona məxsus НВ 013985 nömrəli diplom ilə təsdiq olunur. Məhkəmə НВ 013985 nömrəli diplomu iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı 1981-1986-cı illərdə Azərbaycan X1 təhsil aldığından məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, 1992-ci il tarixdə qəbul edilmiş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununda vətəndaşların ali təhsil müddətlərinin onların iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə normanı tətbiq etməyə borcludur. İddiaçı 1981-1986-cı illərdə Azərbaycan X1 təhsil almış və bu barədə ona məxsus diplomda müvafiq qeydlər aparılmışdır. Cavabdeh inzibati orqan isə mövcud qanunvericilikdə əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin nəzərdə tutulmadığını əsas gətirərək, iddiaçının tələbindən imtina etmişdir. Halbuki cavabdeh inzibati orqanın hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanuna əsaslanması iddiaçının vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının hüquqlarına müdaxilə edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı 1981-1986-cı illərdə Azərbaycan X1 təhsil aldığı illər nəzərə alınmaqla, hüququnun yarandığı 27.09.2016-cı il tarixdən təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 1981-1986-cı illərdə Azərbaycan X1 təhsil aldığı illər (Diplom: НВ 013985) sosial sığorta stajı kimi nəzərə alınaraq təyin olunmuş əmək pensiyasının 27.09.2016-cı il tarixdən yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı 1981-1986-cı illərdə Azərbaycan X1 təhsil aldığı illər (Diplom: НВ 013985) sosial sığorta stajı kimi nəzərə alınaraq təyin olunmuş əmək pensiyasının 27.09.2016-cı il tarixdən yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar