Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-747/2020 16.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «xx.xx.1990-xx.xx.1995-ci illərdə “N.Tusi” adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajı kimi müəyyən edilərək 2-ci qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 02 dekabr 1972-ci il tarixdə Cəlilabad rayonu, Bədirli kəndində anadan olmuşdur. xx.xx.1990-xx.xx.1995-ci illərdə “N.Tusi” adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası alır. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərkən xx.xx.1990-xx.xx.1995-ci illərdə “N.Tusi” adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı xx.xx.1990-xx.xx.1995-ci illərdə “N.Tusi” adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illər nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 12 fevral 2020-ci il tarixli **********9 saylı məktubla iddiaçının təhsil illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1990-xx.xx.1995-ci illərdə “N.Tusi” adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin 03 aprel 2020-ci il tarixli **********0 nömrəli münasibət (etiraz) məktubunda qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsil illərinin sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri sırasına daxil edilmədiyi üçün həmin illər sosial sığorta stajına daxil etməmişdir. İddiaçı və cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, diplomunun təsdiq olunmuş surətini, diplomun əslini, əlillik arayışından çıxarışının təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı hal-hazırda əlilliyə görə əmək pensiyası alır. İddiaçının xx.xx.1990-xx.xx.1995-ci illərdə “N.Tusi” adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alması ona məxsus qeydiyyat nömrəsi 982, xx.xx.1997-ci il tarixli №AB-İ 051682 nömrəli diplomla təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı xx.xx.1990-xx.xx.1995-ci illərdə təhsil aldığından məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını da nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda vətəndaşların ali təhsil müddətlərinin onların iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İddiaçı xx.xx.1990-xx.xx.1995-ci illərdə “N.Tusi” adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almış və bu barədə ona məxsus diplomda müvafiq qeydlər aparılmışdır. Cavabdeh inzibati orqan isə hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyini əsas gətirərək, iddiaçının tələbindən imtina etmişdir. Halbuki, cavabdeh inzibati orqanın hazırda qüvvədə olan qanuna əsaslanması iddiaçının vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının hüquqlarına müdaxilə edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı xx.xx.1990-xx.xx.1995-ci illərdə “N.Tusi” adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illər nəzərə alınmaqla, əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə xx.xx.1997-ci il tarixli № AB-İ 051682 nömrəli diplomu iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1990xx.xx.1995-ci illərdə “N.Tusi” adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınaraq təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı xx.xx.1990-xx.xx.1995-ci illərdə “N.Tusi” adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınaraq təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-747/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-747/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver