Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-748/2021 05.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına qarşı «işə bərpa və ona dəyən maddi və mənəvi ziyana görə cavabdeh orqanın rəhbərləri barəsində məsuliyyət tədbiri görülməsi üçün araşdırma aparılması» tələbinə dair iddiası üzrə iş materiallarına 05 avqust 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əvvəlki vəzifəsinə qaytarılması, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə qarşı ona dəyən maddi və mənəvi ziyana görə barələrində məsuliyyət tədbiri görülməsi üçün araşdırma aparılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin müvafiq sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü ildən Ağcabədi Şəhər Xəstəxanasının doğum şöbəsində “MAMA” vəzifəsində çalışmışdır. 2017-ci ildə övladı dünyaya gəldiyi üçün analıq məzuniyyətinə çıxmışdır. 2021-ci ilin birinci ayında məzuniyyəti bitdiyi üçün xəstəxanaya işə başlaya biləcəyi haqqında məlumat verməyə getdikdə, Ağcabədi Şəhər Xəstəxanasının kadrlar şöbəsinin müdiri Bədəl müəllim tərəfindən ona vəzifəsindən azad olunduğu və poliklinika şöbəsində tibb bacısı vəzifəsinə keçirildiyi deyilmişdir. Bundan sonra onlara bildirmişdir ki, məzuniyyətdə olanın hüquqları qorunub toxunulmaz olduğu halda nəyə görə ona Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən rəsmi olaraq xəbərdarlıq olunmayıbdır? Heç bir səbəb göstərmədən vəzifədən azad etmisiniz. O, əvvəlki vəzifəsinə geri qaytarılmasını tələb etdikdə, kadrlar şöbəsinin müdiri Bədəl müəllim demişdir ki, “bizlik deyil, hər şey sığortanın “Təbib”in öhdəliyindədir, ya sənə verilən vəzifədə çalış, ya da işdən azad ol”. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərini kobud surətdə pozaraq, onun əmək hüququnu tapdalamış, dəfələrlə etdiyi müraciətlərə heç bir reaksiya verməyərək, hüquqi hərəkətsizliklər etmişlər. Göstərilənlərə əsaslanaraq, onun əvvəlki vəzifəsinə qaytarılması, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə qarşı ona dəyən maddi və mənəvi ziyana görə barələrində məsuliyyət tədbiri görülməsi üçün araşdırma aparılması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X2 gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, hazırki tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına baxılır. Göründüyü kimi, iddiaçının tələbi aşağıdakılardan ibarətdir: - əvvəlki vəzifəsinə bərpa edilməsi. - ona dəyən maddi və mənəvi ziyana görə cavabdeh orqanın rəhbərləri barəsində məsuliyyət tədbiri görülməsi üçün araşdırma aparılması. Məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsinə (əvvəlki vəzifəsinə bərpa edilməsi) inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Belə ki, iddiaçı iddia edir ki, 2003-cü ildən Ağcabədi Şəhər Xəstəxanasının doğum şöbəsində “MAMA” vəzifəsində işləmiş, 2017-ci ildə övladı dünyaya gəldiyi üçün analıq məzuniyyətinə çıxmış, 2021-ci ilin birinci ayında məzuniyyəti bitdiyi üçün xəstəxanaya işə başlaya biləcəyi haqqında məlumat verməyə getdikdə, ona vəzifəsindən azad olunduğu və poliklinika şöbəsində tibb bacısı vəzifəsinə keçirildiyi bildirilmişdir. Həmin əmri qanunsuz hesab edən iddiaçı inzibati məhkəmə icraatı qaydasında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh Ağcabədi Rayon Mərkəzi Xəstəxanası inzibati orqan olsa da, tərəflər arasında yaranmış mübahisə inzibati orqanın inzibati fəaliyyətini həyata keçirilməsi ilə bağlı yaranmış inzibati mübahisə deyil, əmək münasibətlərindən əmələ gələn mübahisə hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan olsa da mübahisə onun inzibati fəaliyyəti ilə əlaqədar yaranmamışdır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun maddə - 2.0.2). Hazirki mübahisənin predmetini isə işə bərpa təşkil edir ki, bu da əmək münasibətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr tərəfindən baxırlır. Bununla yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 nömrəli qərarının 12-ci bəndi ilə müəyyən edilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. İddiaçının işlədiyi “MAMA” vəzifəsi dövlət qulluğunda olan vəzifə hesab edilmədiyindən və onun dövlət qulluqçusu statusu olmadığından onunla cavabdeh arasında yaranmış mübahisəyə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalı deyildir. İddia tələbinin digər “ona dəyən maddi və mənəvi ziyana görə cavabdeh orqanın rəhbərləri barəsində məsuliyyət tədbiri görülməsi üçün araşdırma aparılması” hissəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu hissədə də tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə görə bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Qeyd olunmalıdır ki, həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Qərarın 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmənin mövqeyi belədir ki, iddiaçı ona dəyən maddi və mənəvi ziyana görə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin barəsində məsuliyyət tədbiri görülməsi üçün araşdırma aparılmasını tələb etdiyindən, iddiaçının tələbində qaldırdığı məsələ cinayət mühakimə icraatı qaydasında və inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqanın səlahiyyətləri daxilindədir. Odur ki, bu hissədə də tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı cavabdehin hüquqi ünvanı üzrə olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına qarşı «işə bərpa və ona dəyən maddi və mənəvi ziyana görə cavabdeh orqanın rəhbərləri barəsində məsuliyyət tədbiri görülməsi üçün araşdırma aparılması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-748/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-748/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver