Məhkəmə qərarları › İş №2-1(120)-749/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-749/2020

22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-749/2020 22.05.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «qərarın ləğv edilməsi barədə» tələbinə dair işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «İcraata başlamaq haqqında» qərarının ləğv edilməsini xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 412/2018 saylı mülki iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" BOKT ASC-nin ona, X1, X4, X5, X2 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilərək xərclərin əvəzinin alınması, əmlakın açıq hərracda satılması, fərdi yaşayış evindən məcburi çıxarılma, evin boşaldılması, borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi mümkün olmadıqda həmin borcun cavabdehin digər əmlakına yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, X3 "xxxx" BOKT ASCyə 13 mart 2013-cü il tarixli, 441A saylı kredit müqaviləsi üzrə 1648,93 manat məbləğində əsas borc, 1108,21 manat məbləğində hesablanmış faiz, 15 manat məbləğində dəbbə pulu, 06 fevral 2015-ci il tarixli, 992 saylı kredit müqaviləsi üzrə 3998,07 ABŞ dolları məbləğində əsas borc, 3558,21 ABŞ dolları məbləğində hesablanmış faiz, 25 ABŞ dolları məbləğində dəbbə pulu borcunun ipoteka predmeti olan, Ağcabədi rayonu Avşar kəndində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 140,8 kv/metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 20000 manat, Ağcabədi rayonu, Aşağı Avşar kəndində 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 431,4 kv/metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 30000 manat müəyyən edilməklə tutmanın həmin əmlaklara yönəldilməsi, ipoteka müqavilələri ilə yüklü edilmiş əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan puldan X3 "xxxx" BOKT ASC-yə 13 mart 2013-cü il tarixli, 441A saylı kredit müqaviləsi üzrə 1648,93 manat məbləğində əsas borc, 1108,21 manat məbləğində hesablanmış faiz, 15 manat məbləğində dəbbə pulu, 06 fevral 2015-ci il tarixli, 992 saylı kredit müqaviləsi üzrə 3998,07 ABŞ dolları məbləğində əsas borc, 3558,21 ABŞ dolları məbləğində hesablanmış faiz, 25 ABŞ dolları məbləğində dəbbə pulu borcu, həmçinin 22 manat dövlət rüsumu əvəzinin "xxxx" BOKT ASC-yə ödənilməsi, satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan digər şəxslərin yaşayış sahəsini bir ay müddətində yaşayış sahəsindən çıxarılmaları, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şikayəti əsasında Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-117/2019 saylı mülki iş üzrə yeni qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmişdir. Cavabdeh icra məmuru, 3-cü dərəcəli ədliyyə qulluqçusu, X6 «İcraata başlamaq haqqında» 28 yanvar 2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış, icra üçün 10 gün müddət müəyyən edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Belə ki, qərar qəbul edilərkən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Qərarda Şirvan Apelyasiya Məhkəməsinin 2(106)- 117/2019 saylı mülki iş üzrə 19.06.2019-cu il tarixli icra vərəqinə istinad edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-117/2019 saylı mülki iş üzrə 19.06.2019-cu il tarixli icra vərəqinə istinad edilməsi mümkünsüzdür. Çünki icra vərəqi qanuni qüvvəyə minməmiş qətnamə əsasında verilməklə mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı və Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən qəbul edilmiş 28.01.2020-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın təsdiq olunmuş surətindən görünür ki, Şirvan Aprelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)-117/2019 saylı, 19.06.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qərarının icra olunmasına dair icra sənədi kimi qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı və onun əsasında verilmiş icra vərəqəsi çıxış edir. «İcra haqqında» Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfındən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. «Kletsovanın Rusiya Federasiyasına qarşı» məhkəmə işi üzrə 12 aprel 2007-ci il tarixli qərarlarında Avropa Məhkəməsi qərara gəlmişdir ki, çıxarılmış məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi ədalətli məhkəmə araşdırılması hüququnun mahiyyətini pozur. Fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin təminatı kimi məhkəmə qərarlarının məcburi icrası haqqında oxşar qaydalar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Sıpçenkonun Rusiya Federasiyasına qarşı» 01.03.2007-ci il tarixli, «Tarverdiyevin Azərbaycana qarşı» 26.07.2007-ci il tarixli, «Hornsbi Yunanıstana qarşı» 19.03.1997-ci il tarixli və digər qərarlarında da öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, icra vərəqəsini icra etmək icra məmurunun vəzifəsi olduğu üçün icra məmuru da «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq öz vəzifəsinin icrası məqsədilə məhkəmənin icraya yönəldilmiş icra vərəqəsini icra etmək üçün icraata başlamaq barədə qərar qəbul etməlidir. Hazırkı iş üzrə İddiaçı ərizəsindən aydın olur ki, o, haqqında olan icra sənədinin icrası ilə bağlı Cavabdeh tərəfindən qəbul edilmiş 28.01.2020-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra haqqında» Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək və s. vəzifələrini yerinə yetirir. «İcra haqqında» Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət-bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırıİmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunu məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafıq sahələrə (mülki prosessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Azərbaycan Respublikası Qanunu deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Tesnifatı»nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyen etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu tesdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair» 10 oktyabr 2017-ci il tarixli qərarında da göstərilmişdir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Həmin qərarda Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: «...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, «İcra haqqında» Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, «İcra haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin «İcra haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir». Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qəbul edilmiş 28.01.2020-ci il tarixli qərar Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-117/2019 saylı, 19.06.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsinə yönəlmişdir. Ona görə də, İddiaçı onun barəsində verilmiş icra sənədinin icrası ilə bağlı Cavabdeh tərəfindən qəbul edilmiş «İcraata başlamaq haqqında» qərardan icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca iddia qaldırmışdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü bəndində qeyd olunur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən 20 fevral 2020-ci il tarixli 2-1(120)-749/2020 saylı məktubla İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilsə də, münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edilərsə, qəbul olunmayan elan edilə bilər. İş üzrə prosessual xərclər yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdehnə qarşı «qərarın ləğv edilməsi barədə» iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar