Məhkəmə qərarları › İş №2-1(120)-751/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-751/2020

31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-751/2020 31.05.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı və 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı «icarə müqaviləsinin müddətinin uzadılmasının cavabdehə həvalə edilməsi» tələbinə dair işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onunla qanunauyğun iki tərəfli icarə müqavilələri imzalanmasını, icarə müqavilələrinin müddətinin qanunauyğun olaraq maksimum olmasını, torpaq istifadəsi üzərində maksimum istifadə üsullarına icazə verilməsini, ona gəlir əldə etməyə və hissə-hissə əmələ gələn borcu ödəməyə şərait yaradılmasını və əks halda onun zərərinin ödənilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılımışdır ki, onunla Hacıqabul rayon Torpaq şöbəsinin müdiri Qafarov Mamed arasında bağlanmış əqdə əsasən torpaq almaq üçün tərəfindən ona 10000 ABŞ dolları pul verilmişdir ki, qanuni yolla sənədləri işlənsin və hazırlansın. Lakin bu, yalnız DTF-dən icarə müqaviləsi bağlanması yolu ilə mümkün olacağını bildikdə o, müqavilə şərtləri ilə tanış olduqda bəzi məqamlarla razılaşmadı:

1. Torpaq icarəsi maksimum müddətə yazılmamışdır (alqı-satqı mümkün olmadıqda icarə müqaviləsi 99 ilə kimi ola bilərdi).

2. Torpaq sahəsi su ilə təmin olunmurdu ki, su anbarı tikildikdən sonra bu mümkün ola bilərdi. Təmirin bitəcəyi vaxt məlum deyildir. Beləliklə, bir-iki ilə təmirin bitəcəyini söz verən icra başçısı icarə haqlarının hələlik keçirilməsini xahiş etdiyi üçün o, 3 ilə kimi torpaqların ərazisini təhvil belə almadan icarə haqlarını ödədi. Lakin torpaq istifadə etmədən gəlir əldə etmək mümkün olmadığı üçün su təminatı olana kimi o, ödənişi dayandırdı. Su olmadığına görə onun yaratdığı 35 baş iri buynuzlu təsərrüfatı məhv oldu. 2009-cu ildən o, ciddi xəstələndi və nəticədə 2012-ci ildə ürək şuntlama əməliyyatı keçirdi ki, bir neçə il işləyə bilmədi. Müqavilələrə xitam verilməmişdir (5 saylı Ərazi Vergilər İdarəsi **********290000-04.08.2017) və ona külli miqdarda icarə haqqı hesablanmışdır. Halbuki 2009-cu ildə bu borcun onun şəxsi firmasına olan artıq ödədiyi vergilər hesabına silinməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 məhkəmə hazırlıq iclasında izahat verərək, bildirdi ki, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Hacıqabul Rayon İcra Hakmiyyəti ilə İddiaçı arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nə əsasən İddiaçı 26.02.2005-ci ildən 26.02.2020-ci il tarixədək 150 ha torpaq sahəsi, 15.03.2005-ci ildən 15.03.2020-ci il tarixədək 411 ha torpaq sahəsi, 22.09.2005-ci ildən 22.09.2020-ci il tarixədək 50 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı 26.02.2005ci ildən 26.02.2020-ci il tarixədək icarəyə verilmiş 150 ha torpaq sahəsi və 15.03.2005-ci ildən 15.03.2020-ci il tarixədək icarəyə verilmiş 411 ha torpaq sahəsi üzrə icarə müqavilələrinə 27.04.2017-ci il tarixdə xitam verilmişdir. Hal-hazırda İddiaçı torpaq sahələrinin icarəsi üzrə dövlət büdcəsinə 5305,76 manat borcu qalmışdır. Odur ki, İddiaçı 5 saylı Ərazi Vergilər İdarəsinin ona əsassız olaraq icarə haqqı hesablandığını bildirməsi hissəsində tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Azərbaycan Respublikasının Yerli İcra Hakimiyyəti Orqanları inzibati orqan statusuna malik olsalar da, hazırkı iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində (icarə müqaviləsindən) yaranmışdır ki, burada da onlar mülki hüququn bərabər hüquqlu subyektləridirlər. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər mülki hüququn bərabər hüquqlu subyektləri olduğu üçün mübahisəyə də aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Predmet üzrə aidiyyətə görə isə yalnız inzibati mübahisəyə və onunla bağlı əmlak tələblərinə inzibati icraat qaydasında baxıla bilər və bu halda icraat üzrə rəhbər qaydaların, yəni prosessual prinsiplərin müəyyən edilməsi də İnzibati Prosessual Məcəllənin tənzimləmə predmeti sırasına daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci maddəsində qeyd olunur ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Bundan əlavə iş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2-2(106)-21/2020 saylı qətnaməsinin surətindən görünür ki, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli e-2-2(086)-468/2019 saylı qətnaməsi ilə iddiaçı Hacıqabul Rayon İcra Hakimiyyətinin cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə pulunun ödənilməsi və ərazidən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, Hacıqabul Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 15 mart 2005-ci il tarixli 13 nömrəli və 22 sentyabr 2005-ci il tarixli, 53 nömrəli icarə müqavilələrinə xitam verilməsi, İddiaçı hər iki müqavilə üzrə ödənilməmiş 9002,16 (doqquz min iki manat on altı qəpik) manat torpaq icarə haqqının, 30 (otuz) manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması və onun müqavilələr üzrə istifadəsində olan həmin torpaq sahəsindən məcburi çıxarılması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2-2(106)-21/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli e-2-2(086)-468/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunmuşdur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı «icarə müqaviləsinin müddətinin uzadılmasının cavabdehə həvalə edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 49 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı «icarə müqaviləsinin müddətinin uzadılmasının cavabdehə həvalə edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar