Məhkəmə qərarları › İş №2-1(120)-751/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-751/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-751/2022 14.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və nümayəndəsi və vəkili X1, Cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsinə qarşı “İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonu Bəcirəvan bələdiyyəsinin 95610,0 manat məbləğində mədən vergisi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə həmin Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 saylı qərarı ilə İmişli rayonu Bəcirəvan kənd Bələdiyyəsinin inzibati ərazisində qum-çınqıl karxanası kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs "xxxx" MMC-nin 95.610 manat məbləğində mədən vergisi üzrə borcun məcburi qaydada alınaraq İmişli rayon Bəcirəvan Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmış və qərar icra olunması üçün İmişli rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən İmişli rayonu üzrə İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” Qərarı ilə vergi borcunun ödənilməsindən boyun qaçırdığı üçün İmişli rayon Bəcirəvan Bələdiyyəsinin inzibati ərazisində qum-çınqıl karxanası kimi fəaliyyət göstərən "xxxx" MMC-nin 95.610 manat mədən vergisi borcunun məcburi qaydada alınaraq Bələdiyyənin büdcəsinə ödənilməsi, həmin borcu ödəmək üçün 10 gün müddət müəyyən olunmuşdur. Hesab edirlər ki, "xxxx" MMC-nin mədən vergisi üzrə 95.610 manat borcun İmişli rayon Bəcirəvan Bələdiyyəsinin büdcəsinə ödənilməsinə dair cavabdehin xx.xx.2021-ci il tarixli, 12 saylı qərarı əsassızdır. Belə ki, "xxxx" MMC hər il öz fəaliyyəti sahəsində yaranmış mədən vergisi üzrə borcunu cavabdehin hesabına ödəmişdir. "xxxx" MMC-nin cavabdehə 95.610 manat məbləğində mədən vergisi üzrə borcu yoxdur. Cavabdeh heç bir vergi hesablanması qaydalarına və mühasibatlıq haqqında qanunun tələblərinə uyğun olmayan qaydada, öz subyektiv mülahizələri əsasında əsassız məbləğ hesablamışdır. Həmin məbləğdə vergi borcunun hesablanması üçün heç bir əsas mövcud deyildir. Mübahisənin məhkəmədənkənar qaydada həll edə bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 və nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın əsassız oldunun bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli rayonu Bəcirəvan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclas protokolunun Qərarının surətindən görünür ki, "xxxx" MMC-nin 2021-ci ilin avqust-sentyabr və oktyabr aylarında yaranan 95610 manat mədən vergisi borcunun İmişli rayon Bəcirəvan Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin iclas protokolunun qərarından aydın olur ki, "xxxx" MMC Araz çayı sahilindən qum istehsal edir, satır, lakin mədən vergisini və mədən vergi borcunu ödəmir. İş materiallarında olan İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının surətindən görünür ki, İmişli rayonu Bəcirəvan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 12 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 95610,0 manat mədən vergisi tutulub İmişli rayonu Bəcirəvan Bələdiyyəsinin hesabına ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 9/4348 nömrəli ekspert rəyindən görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-440/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Cavabdeh İmişli rayonu Bəcirəvan Bələdiyyəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə qəbul edilmiş 16 sentyabr 2020-ci il tarixli, 13 saylı qərara əsasən müəyyən edilmiş mədən vergisi vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmışdırmı. 2. İstehsal ərazisində quraşdırılmış video müşahidə və həmin əraziyə təhkim edilmiş şəxslər tərəfindən tərtib edilmiş aktlar əsasında iddiaçının 6 (altı) illik dövriyyəsinin müəyyən edilməsi və həmin dövrlər üçün iddaçının ödəməli olduğu mədən vergisinin həcminin düzgün hesablanması mümkündürmü? 3. İş materiallarında olan sənədlərə və iddiaçı tərəfindən tərtib edilmiş maliyyə uçot sənədlərinə, mədən vergisi bəyannamələrinə əsasən iddiaçının yoxlama ilə əhatə olunan dövründə dövriyyəsi nə qədər olmuşdur? 4. İş materiallarında olan sənədlərə və iddiaçı tərəfindən tərtib edilmiş maliyyə uçot sənədlərinə, mədən vergisi bəyannamələrinə əsasən iddiaçının yoxlama ilə əhatə olunan dövründə ödəməli olduğu mədən vergisinin məbləği nə qədərdir? 5. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə uçot sənədlərinə və mədən vergisi bəyannamələrinə əsasən iddiaçının ödədiyi mədən vergisinin məbləgi nə qədərdir? 6. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə uçot sənədlərinə və mədən vergisi bəyannamələrinə əsasən iddiaçının mədən vergisinə görə borcu yaranırmı, əgər yaranırsa nə qədərdir? 7. İddiaçı tərəfindən aparılmış maliyyətəsərrüfat əməliyyatları mühasibat uçotunda əks edilmişdirmi və onlar qüvvədə olan normativ aktlara uyğundurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 09 avqust 2021-ci il tarixli, 9/4348 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: birinci-yeddinci suallar üzrə-rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla cavabdeh İmişli rayonu Bəcirəvan Bələdiyyəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə qəbul edilmiş 16 sentyabr 2020-ci il tarixli, 13 saylı qərara əsasən müəyyən edilmiş mədən vergisi vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmadığı müəyyən olunur. Yəni Vergi Məcəlləsində belə qaydada vergi hesablanması nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilir ki, istehsal ərazisində quraşdırılmış video müşahidə və həmin əraziyə təhkim edilmiş şəxslər tərəfindən tərtib edilmiş aktlar əsasında iddiaçının 6 (altı) illik dövriyyəsinin müəyyən edilməsi və həmin dövrlər üçün iddaçının ödəməli olduğu mədən vergisinin həcminin hesablanması ilə bağlı müddəalar Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında mühasibat və hesabat sənədləri tam şəkildə olmadığından 3-7-ci suallar üzrə tədqiqat aparmaq mümkün olmadı. Göstərilənlərlə yanaşı qeyd edilir ki, təqdim edilmiş iş materiallarında müəssisənin vergilər üzrə vərəqəsi öz əksini tapmışdır ki, həmin vərəqədə müəssisə tərəfindən vergi ödənişlərinin aparıldğı öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə görə vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) və bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: - (maddə 8.1.1) bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; - (maddə 8.1.2) fiziki şəxslərin əmlak vergisi; - (maddə 8.1.3) yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; - (maddə 8.1.4) bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin Məcələnin 10-cu maddəsinə görə vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır: bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər, bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikasının dövlət vergi orqanları, Azərbaycan Respublikasının gömrük orqanları, bu Məcəllə ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları, bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər. Həmin Məcəllənin 11-ci maddəsinə görə vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Həmin Məcəllənin 85.1-ci maddəsinə görə hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 85.4-ci maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 1.2-ci bəndinə görə bələdiyyələrin vergi xidməti orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, "Büdcə sistemi haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, bələdiyyələrin qərarlarını və bu Əsasnaməni rəhbər tutur. Əsasnamənin 3.1-ci bəndinə görə bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: - (3.1.1-ci yarımbənd) yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; - (3.1.2-ci yarımbənd) yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; - (3.1.3-cü yarımbənd) yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; - (3.1.12-ci yarımbənd) bələdiyyələrin qərarlarını icra edir. Əsasnamənin 3.2-ci bəndinə görə bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: - (3.2.1-ci yarımbənd) Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; - (3.2.2-ci yarımbənd) bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək; - (3.2.3-cü bənd) Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək. Əsasnamənin 5.3-cü bəndinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinbə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İşin müəyyən edilmiş hallarından və 03 noyabr 2021-ci il tarixli, 12 saylı qərarın məzmunundan görünür ki, Bələdiyyə həmin qərarı (inzibati aktı) qəbul edərkən "xxxx" MMC vergi borcunun ödənilməsindən boyun qaçırdığı üçün ödənilməmiş vergi borcunu ödəmək üçün verilmiş 10 gün müddət ərzində ödənilmədiyini göstərməklə kifayətlənmiş, Bələdiyyə tərəfindən inzibati icraat aparılmamışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Bələdiyyə tərəfindən inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının icraatda iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmişdir. Başqa sözlə, cavabdeh vergi ödəyicisi barəsində qərarı yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla aparılmış inzibati icraat nəticəsində qəbul edə bilərdi. Hazırkı halda bu, baş verməmiş, bu qərarın yuxarıda göstərilən normaların tələbləri pozulmuşdur. Cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsi "xxxx" MMC barəsində mədən vergisini hesablayan səlahiyyətli qurum (vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçısı) kimi 95610,0 manat mədən vergi borcunun hesablanması barədə əlverişsiz inzibati akt qəbul edərkən vergi qanunvericiliyinin tələblərinə əməl edilməmiş, eləcə də cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 24, 25 və 61-ci maddələrinə ziddir. Qeyd olunanlarla yanaşı, məhkəmənin icraatında olmuş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə üzrə ilə alınmış müvafiq ekspert rəyi ilə vergi orqanının vergi ödəyicisi kimi iddiaçıya qərara əsasən müəyyən edilmiş mədən vergisi vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmadığının müəyyən olunduğu, yəni Vergi Məcəlləsində belə qaydada vergi hesablanması nəzərdə tutulmadığı, həmçinin istehsal ərazisində quraşdırılmış video müşahidə və həmin əraziyə təhkim edilmiş şəxslər tərəfindən tərtib edilmiş aktlar əsasında iddiaçının dövriyyəsinin müəyyən edilməsi və həmin dövrlər üçün iddaçının ödəməli olduğu mədən vergisinin həcminin hesablanması ilə bağlı müddəalar Vergi Məcəlləsində nəzərdə tutulmadığı qeyd edilmişdir. Bu da öz növbəsində cavabdeh tərəfin iddiaçıya əlavə mədən vergi borcunun hesablanmasının əsaslı olmamasına ehtimalı artırır. Qeyd olunanlar, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 12 saylı qərarın qanuna zidd sayılması qənaətinə gəlmək üçün yetərli əsaslardır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar