Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-754/2021 14.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına 14 sentyabr 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N nömrəli hərbi hissədən tərxis olunmağı ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18.05.2020-ci il tarixli əmrin ləğv olunması və işə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddia tələbinin “onun N nömrəli hərbi hissədən tərxis olunmağı ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18.05.2020-ci il tarixli əmrin ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 17.05.2020-ci il tarixdə bazar günü yol qəzası keçirmişdir və sağ qolunun bazu sümüyü sınmışdır. 18.05.2020-ci il tarixdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən kəskin ağrılarla qan içində Azərbaycan Ordusunun Baş Kiliniki Hospitalına göndərilmişdir. Növbətçi həkim tərəfindən X2 Üzrə müavini tibb xidməti polkovniki Vüqar Mürsəlova məruzə olunmuşdur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş gizir Şükürov gəlib, avtoqəzaya düşüb, qolu sınıb və pis vəziyyətdədir qəbul edək. Tibb xidməti polkovniki Vüqar Mürsəlov növbətçi həkimə cavabında qovun getsin qəbul eləməyin 17.05.2020-ci il tarixdə Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmrinə əsasən təxris olunub, fikirləşmir kimin əmridir. 18.05.2020-ci il tarixdə kəskin ağrılarla Beyləqan rayonuna xidmət etdiyi N nömrəli hərbi hissəyə qayıtmış, nəzarət buraxılış məntəqəsində növbətçi hərbi hissə komandirinə məruzə etmiş, hərbi hissə komandiri növbətçi vasitəsi ilə demişdir ki, kamkor deyib hərbi hissəyə girməsin, qovun rədd olsun, hələ də o bilmir kimin əmri ilə təxris olub. O, da həmin gün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına qayıtmış, sonra 19.05.2020-ci il tarixdə Cənab Prezidentə teleqram ünvanladıqdan sonra 24.05.2020-ci il tarixdə hərbi hissədən göndərişlə Baş Kiliniki Hospitala getmişdir. 10.06.2020-ci il tarixdə cərrahiyyə şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Eldəniz Hacıyevin və tibb xidməti kapitanı Türkel Hüseynovun yüksək və keyfiyyətli işlərinin nəticəsində bu günkü gündə qolu yaxşıdır, işləyir. Hərbi hissə komandirinə araşdırılmadan, yalnış məlumatlar verilmişdir ki, guya onlar sərxoş olmuşlar. X3 Nazirliyinə məxsus yol polisi qovub, içərisində olduqları avtomobil şaqmanla toqquşub, üç nəfər ölüb, bir nəfər isə yəni o, komada ağır vəziyyətdə olduğu deyilmişdir. 18.05.2020-ci il tarixdə, saat 05:00 radələrində hərbi hissə komandiri ilə mobil telefonla danışmış, dördünün də sağ olduğunu demiş, bircə qolu sınan odur, Şahid Elçin oğlunun isə qıç sümüyünün çartladığını demişdir. Ondan sonra hərbi hissə komandiri onlarla özü şəxsən danışmış və sağ olduqlarını bilmişdir. 18.05.2020-ci il tarixdə Respublika Yol Polisinin müstəntiqi tərəfindən araşdırma aparılmış və araşdırmanın nəticəsində sükanda idarə etmənin itməsi nəticəsində avtomobilin aşmasına səbəb olduğu qeyd edilmişdir. Respublika və Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılmış, bazar günü olduğu üçün onların işində heç bir fərarilik, cinayət tərkibi olmadığı qeyd edilmişdir. Qəzanın səhəri günü onlara Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmrinə əsasən Ordu sıralarından təxris olunduqları bildirilmişdir. Həmin gün N nömrəli hərbi hissənin kadrlar rəisi kapitan Eldar Mahmudova Baş Qərargah Rəisinin göstərişidir, təcili təqdimat gəlsin deyildiyinə görə kadrlar rəisi söhbətləşməni onunla Biləsuvar rayonunda yolda aparmış, söhbətləşmədə ona müəyyən suallar verilmiş və bütün söhbətləşmədə şikayət, təkliflərini öz sözləri ilə qeyd etsə də və xidmət edəcəyini yazsa da, heç bir nəticə olmamışdır. Hətta 19.10.2020-ci il tarixdə, saat 15:10 radələrində Müdafiə Nazirliyinin Kadrlar İdarə rəisinin qəbuluna fıkirlərini çatdırmaq üçün getmiş, lakin nəzarət buraxılış məntəqəsində onunla rütbəli şəxslərdən biri telefon vasitəsi ilə danışaraq müxtəlif bəhanələr gətirərək qəbula alınmadığını deyərək geri qayıtmağını və kimin əmri ilə təxris olunduğunu bilirsən, mənasız yerə Cənab Prezidentə, Milli Məclisin Deputatlarına və digər qurumlara məktub ünvanlama, səninlə bağlı bütün məktublar bura yönləndirilir, cavab onların tərəfindən verilir və eyni cavabı alacaqsan, cənab polkovnik Şərif Ərəblinski dedi ki, ona çatdırın nə qədər burdadır, geri qayıtması mümkün olmayacaq deyilərək, 17 il 4 ay xidməti heçə sayılaraq geri qaytarılmışdır. O, döyüşlər zamanı Cənab Prezidentə, Birinci- Vitse Prezidentə, X1 və lazimi qrumlara məktub və teleqramlar göndərsə də, əfsuslar olsun ki, kadrlar idarə rəisinin müavini-şöbə rəisi polkovnik Şərif Ərəblinski Baş Qərargah Rəisi general polkovnik Nəcməddin Sadıkovun əmrini Ali Baş Komandanın döyüş əmrindən üstün tutaraq eyni cavabları verərək qayıtmağını, döyüşlərdə iştirak edə bilməyəcəyi cavabını vermişdir. Sonradan bilmişdir ki, Kadırlar İdarəsinin rəisi generalmayor Elçin Xəlilov yol qəzası keçirib və Silahli Qüvvələrin Baş Kiliniki Hospitalında müalicə alır. İdarə rəisinin müavini polkovnik Şərif Ərəblinski tərəfindən cavab verildiyini və İdarə Rəisinin xidməti yerinə qayıtdığını bildikdən sonra yenidən general mayor Elçin Xəlilova məktub ünvanlamış və ünvanladığı məktub öz əksini tapmamaqda yenidən bərpa olunmağı barədə cavab gəlməməkdə polkovnik Şərif Ərəblinski tərəfindən götürülərək idarə rəisinə çatdırılmayıb. Ünvanladığı məktub general mayor Elçin Xəlilova çatsaydı ədalətli qərarla yuxarı komandanlıq qarşısında vəsatət qaldıraraq yenidən xidmətə bərpa olunardı. İddiaçı göstərilənlərə əsaslanaraq, onun N nömrəli hərbi hissədən tərxis olunmağı ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18.05.2020-ci il tarixli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissədən təxris olunması barədə Müdafiə Nazirliyinin 18.05.2020-ci il tarixli əmrin ləğv edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İlk növbədə qeyd etmək istəyirlər ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 18.05.2020-ci il tarixli, 0108gm nömrəli əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinatı almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 18.05.2020-ci il tarixli, 0108gm nömrəli əmrilə tanış olmuşdur və əmri icra etmişdir. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmişdir və 1 il 2 aydan çox vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardır. Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətinə qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətlidir. («İnzibati icraat» haqqında Qanunun şərhi). Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qeyd olunana əsasən iddiaçı qüvvədə olmuş mülkiprosessual və qüvvədə olan inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və Müdafiə Nazirliyi hesab edir ki, məhkəmə, ilk növbədə, iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Belə ki, hüquqi mübahisənin bütün mərhələsində (iddia məhkəməyə daxil olduqda, məhkəmə baxışının vaxtı təyin edildikdə, məhkəmə baxışına hazırlıq aparıldıqda, məhkəmə qərarına apellyasiya və ya kassasiya şikayətinə əsasən yenidən baxdıqda) məhkəmə daim işin faktiki hallarını nəzərdən keçirməli, iddianın mümkünlüyünü yoxlamalıdır. İddianın əsaslığının araşdırılması üçün əsas şərt iddianın mümkün olmasıdır. Yəni məhkəmənin iddianın mahiyyəti üzrə qərar qəbul edə bilməsi üçün mümkünlük şərtləri mövcud olmalıdır. Çünki, Azərbaycan Respublikasının “İnzibati-Prosessual Məcəlləsinin” kommentariyasında iddia müddəti haqda 38-ci maddənin şərhində iddia müddətinə əməl olunması bəndində göstərilmişdir ki, “həm mübahisələndirmə, həm də məcburetmə haqqında iddia növündə 30 günlük müddət ərzində iddia ərizəsinin məhkəməyə təqdim olunması iddia müddətinə əməl olunma kimi qiymətləndirilir. İddiaçı iddia ərizəsini məhkəməyə deyil, inzibati icraatda və ya şikayət instansiyasında inzibati işə baxmış inzibati orqana təqdim edə bilər. Ərizənin 30 gün ərzində müvafiq inzibati orqana təqdim edilməsi də, iddia müddətinə riayət olunduğu hal kimi qiymətləndirilməlidir”. Beləliklə hesab edirlər ki, məhkəmə iddianı mümkün saymamalıdır. Belə ki, 18.05.2020-ci ildə olan münasibətlərə dair iddia 1 il 2 ay sonra qaldırılmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən hakim hər bir halda xidməti vəzifəsinə görə işin mahiyyəti üzrə qərar qəbul etmək üçün iddianın mümkünlüyü şərtlərini yoxlamalıdır. Eyni zamanda İPM-in 24.4-cü maddəsinin tələbinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə də verilə bilməz. Avropa Məhkəməsi “Miraqall Eskolano və digəriləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da məhz vurğulamışdır ki, şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır və məhkəmə mübahisəsi üzrə tərəflər bunu nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunur. Məhkəmənin 07.05.2021-ci il tarixli qərardadı ilə N nömrəli hərbi hissə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etdi və bildirdi ki, 17.05.2020-ci il tarixdə bazar günü keçirdiyi avtomobil qəzası zamanı əsassız yerə tərxis olunmağı ilə əlaqədar müraciətini sağ qolunun bazu sümüyünün açıq qəlpəli sınığının və açıq əməliyyatla qolunda mil olduğu üçün Silahlı Qüvvələrin Hərbi Poliklinikası tərəfindən səhhəti ilə bağlı müraciətindən sonra verilən məzuniyyətə görə N nömrəli hərbi hissənin siyahısında olduğu üçün müraciətinin gecikməsini bilməmişdir. Ona görə prosessual müddətin buraxılması üzürlü sayılmalıdır. Məhkəmə iddiaçını dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 18 may 2020-ci il tarixli, 0108gm nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişinə uyğun olaraq ölkədə tətbiq olunan karantin rejiminin, Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 yanvar 2020-ci il tarixli, 32 nömrəli əmrinin və Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27 fevral 2020-ci il tarixli, 3 nömrəli sərancamından irəli gələn tələbləri pozulduqlarına görə 702-ci Mərkəzləşdirilmiş briqadanın (702 №-li hərbi hissə) baş giziri İddiaçı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Əsasnamənin 61-ci maddəsinin “ə” bəndinə əsasən bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin 14.06.2021-ci il tarixli, 577 nömrəli arayışından görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı 16.08.2004-cü il tarixdən 18.05.2020-ci il tarixə kimi gizir qismində xidmət etmiş və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən bağlaşma ləğv edilərək, xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və 12.06.2020ci il tarixdə hərbi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin 12.08.2021-ci il tarixli, 852 nömrəli arayışından görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı 16.08.2004-cü il tarixdən 18.05.2020-ci il tarixə kimi gizir qismində xidmət etmiş və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən bağlaşma ləğv edilərək, xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və 09.06.2020ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinə daxil olmuş Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 18 may 2020-ci il tarixli, 0108gm nömrəli əmrinə və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən daxil olmuş şəxsi işinə əsasən 12.06.2020-ci il tarixdə hərbi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin 14.08.2021-ci il tarixli, 2249 nömrəli arayışından görünür ki, N nömrəli Hərbi Hissənin hərbi qulluqçusu baş gizir İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 18 may 2020-ci il tarixli müvafiq əmrinə əsasən intizam qaydasında Azərbaycan Ordusu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb, lakin bu günədək müalicə müəssisələrində müalicə aldığı üçün şəxsi heyətin siyahısından çıxarılması mümkün olmamışdır. Həmçinin bildiririlər ki, 16.07.2021-ci il tarixində 1066 manat pul məvacibi almışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Göründüyü kimi, hazırda qüvvədə olan mövcud qanunvericilik inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi ilə verilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Həmçinin mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 18.05.2020-ci il tarixli, 0108gm nömrəli əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış ehtiyata buraxılmış, həmin əmr iddiaçıya elan edilmiş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinatı almışdır. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə 03.03.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (9 aydan artıq müddət) qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı 17.05.2020-ci il tarixdə bazar günü keçirdiyi avtomobil qəzası zamanı sağ qolunun bazu sümüyünün açıq qəlpəli sınığının və açıq əməliyyatla qolunda mil olduğu, eləcə də Silahlı Qüvvələrin Hərbi Poliklinikası tərəfindən səhhəti ilə bağlı müraciətindən sonra verilən məzuniyyətə görə və adının N nömrəli hərbi hissənin siyahısında olduğuna görə müddəti ötürdüyünü qeyd etmişdir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı birinci hal kimi, keçirdiyi avtomobil qəzası zamanı sağ qolunun bazu sümüyünün açıq qəlpəli sınığına görə əməliyyat olunduğunu əsas göstərməklə buraxdığı prosessual müddətin bərpa edilməli olduğunu irəli sürmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, müddəti buraxmasının üzrlü səbəbi kimi göstərdiyi hal qərar vermə və müvafiq iddianı hazırlamaq qabiliyyətinə təsir edəcək hal deyildir. Belə ki, təqdim etdiyi sənədlərdən İddiaçı yalnız 24.05.2020-ci il tarixdən 24.06.2020-ci il tarixədək stasionar müalicədə olduğu, digər vaxtlarda isə ambulator müalicə aldığı müəyyən olunmaqdadır; özü də məhkəmə iclasında bu halı təsdiq etmişdir. İddiaçı ikinci hal kimi, qolundan əməliyyat olduğu üçün Silahlı Qüvvələrin Hərbi Poliklinikası tərəfindən səhhəti ilə bağlı müraciətindən sonra verilən məzuniyyətə görə N nömrəli hərbi hissənin siyahısında olduğunu əsas göstərməklə buraxdığı prosessual müddətin bərpa edilməli olduğunu irəli sürsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 18.05.2020-ci il tarixli, 0108gm nömrəli əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış ehtiyata buraxılmış, həmin əmr iddiaçıya elan edilmiş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinatı almış, mübahisələndirilən 18.05.2020-ci il tarixli, 0108gm nömrəli əmrlə tanış olmuş və əmri icra etmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında öz izahatı ilə bir daha təsdiq etmişdir ki, mübahisələndirilən əmr 18.05.2020-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri tərəfindən ona elan edilmişdir. Göründüyü kimi, o, məhkəməyə müraciət etmək hüququndan məlumatlı idi. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ-cü bəndinə istinadən qeyd edir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Qanunvericiliyi Azzərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlar üçün əlçatandır. Belə ki, bütün normativ-hüquqi aktlar dövri mətbu nəşrlərində çap olunaraq hamı üçün əlçatandır. Bu isə onu deməyə əsas verir ki, şəxs qanunu bilməməyin məsuliyyətini özü daşıyır və buna görə hər hansı şəxsə üstünlük verilməsi işlərə məhkəmələrdə baxılmasının bərabərlik prinsipinin pozulmasına gətirib çıxara bilər ki, bu da yolverilməzdir. Belə ki, məhkəmələrdə işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, özü bu halı bir daha izahatı ilə təsdiq etmiş və iddia müddətinin ötürülməsi hər hansı üzrlü səbəblərdən baş verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya hazırda mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 18.05.2020-ci il tarixli, 0108gm nömrəli əmrin məzmunu elan olunduğundan, iddiaçı əmrin məzmunu, tarixi və nömrəsi barədə məlumatlı olduğundan, habelə iddia müddətinin ötürülməsi üçün hər hansı üzrlü səbəb olmadığından, bununla da iddiaçı mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 18.05.2020-ci il tarixli, 0108gm nömrəli əmrinin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 (otuz) günlük iddia müddətini üzrsüz ötürdüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və «əmrin ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-754/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-754/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver