Məhkəmə qərarları › İş №2-1(120)-757/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-757/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-757/2025 06.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2490/2024 nömrəli qərardadı ilə Cavabdeh2 cavabdeh sırasından çıxarılması qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı vaxtı ilə Xocavənd rayonunun Xocavənd kəndində yaşayan vaxtı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Xocavənd kənd özünü müdafiə dəstələrinin tərkibində erməni quldur birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Dəfələrlə Xocavənd rayonu İcra Başçısına müraciət etmişdir. Başçı ona demişdir ki, siyahını Azərbaycan Respublikası Səfərbərlik Dövlət Xidmətinə vermişdir. Adlı siyahıda onun adı gedir. Ona arayış versin ki, veteran vəsiqəsini ala bilsin. Vaxtı ilə yaşadığı Xacavənd rayonu Xocavənd kəndində İcra nümayəndələri siyahını gec vermişdir. Yuxarıda qeyd etdiklərini əsas tutaraq məhkəmədən ərizəsinin təmin edilməsi və ona Müharibə Veteranı verilməsi üçün qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Cavabdeh2nə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1ci hissəsinin doqquzuncu abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1- dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakıı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bildiririk ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Əlavə olaraq bildiririk ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 61/2023 nömrəli Qərarının 32-ci bəndində qeyd edilmişdir ki, iddiaçının istinad etdiyi siyahı da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad edilən Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. Analoji iş üzrə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-422/2024 nömrəli Qərarının 35-ci bəndində qeyd edilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, order və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi həmin sənədlərin hər hansı biri ilə sübut olunmadığından iddia əsaslı sayıla bilməz. Hesab edirik ki, İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən mötəbər sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-70-ci maddələrini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İddiaçı və cаvаbdеh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Xocavənd rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Xocavənd rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh2 Başçısının Xocavənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin “26” oktyabr 2023-cü il tarixli, 5-52-5/2-344/2023 nömrəli arayışında qeyd edilmişdir ki, Xocavənd rayon Xocavənd kənd sakini İddiaçı həqiqətən o, xx.xx.1990-xx.xx.1991-ci illərdə Xocavənd rayon Xocavənd kənd könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh2 Başçısının iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 2-409 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin “Xocavənd kənd sakini İddiaçı müharibə veteranı adının verilməsi haqqında” Azərbaycan Respublikasının Baş naziri cənab Novruz Məmmədova ünvanladığınız və baxılması üçün Cavabdeh2 başçısı aparatına daxil olmuş xx.xx.2019-cu il tarixli A-5-115 nömrəli müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə uyğun olaraq Xocavənd rayonu üzrə 1988-ci il fevral ayının 1-dən 1991-ci ilin oktyabr ayının 9-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı kənd özünümüdafiə dəstələrinin tərkibində iştirak ermiş vətəndaşların adlı siyahısı aidiyyəti üzrə kənd inzibati ərazi dairələrindən toplanaraq, Cavabdeh2 başçısı tərəfindən xx.xx.2016-cı ildə təsdiq edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda keçmiş DQMV ərazisində, habelə Ermənistanla həmsərhəd rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 10/A-221 nömrəli məktubunda qeyd edilmişdir ki, X4, Sizin müraciətiniz “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.10-cu maddəsinə uyğun olaraq hərtərəfli və obyektiv araşdırılması üçün 2019-cu il 11 mart tarixli 10/A-221 nömrəli göstərişlə aidiyyəti üzrə Cavabdeh2nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, N/1990 nömrəli məktubunda qeyd edilmişdir ki, daxil olmuş ərizə və sənədlərə baxılmışdır. Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə “Müharibə veteranı” statusu müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasının rəyi ilə verilir. Odur ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməyinizi sübut edən arxiv materiallar və ya əsasverici sənədlər olduğu təqdirdə, Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Bu səbəbdən sənədlər ünvanınıza geri qaytarılır. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-4/2-322/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayon Xocavənd kənd sakini xx.xx.1969-cu il təvəllüdlü istefada olan çavuş İddiaçı barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində olan xx.xx.1993-cü il tarixli HZ-5053278 nömrəli qeydiyat kartasındakı məlumatlara əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi keçmiş sovet ordusunda hərbi xidmətdə olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi, yaralanması, xidmət yerini özbaşına tərk etməsi, fərariliyi, və digər cinayətlərə görə cinayət məsliyyətinə cəlb edilməsi barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xocavənd rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-82/2-843/2024 nömrəli məktubununda qeyd edilmişdir ki, Xocavənd rayonu Xocavənd kənd sakini İddiaçı məhkumluğunun olub-olmaması Azərbaycan Respublikasının DİN-in sistemində istifadə edilən Vahid Məlumat-Axtarış Sistemində yoxlanılmış və məhkumluğu qeydə alınmamışdır. Məlumat üçün bildiririk ki, məktubda qeyd olunan digər xüsusatlar barədə Xocavənd RPŞ-də heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh2 başçısının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-52/2-247/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Xocavənd rayon üzrə 01 fevral 1988-ci tarixindən 09 noyabr 1991-ci il tarixinədək özünümüdafiə dəstələrinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş lakin “Müharibə veteranı” vəsiqəsi almamış şəxslər barədə məlumatlar kənd inzibati ərazi dairələrinin təqdim etdiyi siyahılar əsasında tərtib olunmuş adlı siyahı 08 noyabr 2016 cı il tarixdə Cavabdeh2 başçısı tərəfindən təsdiq olunaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövət Xidmətinə göndərilmişdir. Xocavənd rayon Xocavənd kənd sakini İddiaçı adı həmin siyahıda 102-ci sırada qeyd olunmuşdur. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan xx.xx.2000-ci il tarixli, 171/27715 nömrəli pensiya vəsiqəsindən görünür ki, X9 2 qrup müharibə əlilidir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, M/V 078240 nömrəli vəsiqədən görünür ki, X4 müharibə veteranı vəsiqəsi verilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında dindirilmiş şahid – X9 ifadəsində bildirmişdir ki, İddiaçı döyüş vaxtlarından tanımışdır. Yaşca ondan böyükdür. İddiaçı döyüşlər zamanı dəfələrlə ağır yarlanmasını buna baxmayaraq rayonun müdafiəsi ilə bağlı mübarizəsini davan etdirdiyini bildirmişdir. Günbəgün bir yerdə döyüşmüşdürlər. Döyüşlər bitəndən dərhal sonra veteran adını almışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında dindirilmiş şahid – X4 ifadəsində bildirmişdir ki, İddiaçı ilə eyni kənddə yaşayır. Zabit olmuşdur. 1988-ci ildən 1992-ci ilə kimi birlikdə döyüşmüşdürlər. Vəsiqəsini 2009-cu ildə hərbi hissədən almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-90/2-2089/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair Xidmətin Aparatına daxil olmuş xx.xx.2024-cü il tarixli 2- 1(120)-2490/2024 nömrəli məktubunuza baxılmışdır. Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli 438 nömrəli qərarının 2-ci bəndinə əsasən, bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əlavə 1 - “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahıları təsdiq edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilməli idi. Bu qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Cavabdeh2 başçısı tərəfindən “Xocavənd rayonu üzrə könüllü müdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin adlı siyahısı” təsdiq edilərək Xidmətin Aparatına təqdim olunmuş və həmin siyahıda İddiaçı adı 102 nömrəli sıra sayı üzrə qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara “müharibə veteram” adı və vəsiqəsi müvafiq dövlət orqanları tərəfindən verilmiş sənədlərlə yanaşı, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əsasında verilir. Belə ki, Xidmətin Aparatına təqdim olunmuş siyahıda adları qeyd olunan şəxslərin, o cümlədən sözügedən İddiaçı döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər əlavə edilməmiş və həmin siyahının hansı hüquqi qüvvəsi olan arxiv materialları əsasında yazıldığı (tərtib edildiyi) qeyd olunmamışdır. “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə xx.xx.2019-cu il tarixdə İddiaçı eyniməzmunlu müraciəti Xidmətin Aparatına daxil olmuş, özünümüdafiə dəstələrinin tərkibində döyüş əməliyyatlarında iştirakını sübut edən əsasverici sənədlər olmadığı üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində fəaliyyət göstərən müvafiq komissiyada baxılaraq qərar qəbul edilməsi mümkün olmamış və təqdim etdiyi sənədləri xx.xx.2019-cu il tarixli məktubla aidiyyəti üzrə vətəndaşa geri qaytarılmışdır. Eyni zamanda, İddiaçı barədə Şirvan inzibatı Məhkəməsindən Xidmətin Aparatına daxil olmuş 08.01,2024-cü il tarixli 2-1 (120)-2490/2024 nömrəli məktubun icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə göstəriş verilmişdir. Xidmətin Ağcabədi rayon şöbəsi tərəfindən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir məlumatın olmaması barədə Şirvan İnzibati Məhkəməsinə xx.xx.2024cü il tarixli 3-43-4/2-322/2024 nömrəli cavab məktubu göndərilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin doqquzuncu abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara -- Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində İddiaçı “Xocavənd rayonu üzrə könüllü müdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin adlı siyahısı” təsdiq edilərək Xidmətin Aparatına təqdim olunmuş və həmin siyahıda İddiaçı adı 102 nömrəli sıra sayı üzrə qeyd olunduğu göstərilsədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara “müharibə veteram” adı və vəsiqəsi müvafiq dövlət orqanları tərəfindən verilmiş sənədlərlə yanaşı, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əsasında verilir. Xidmətin Aparatına təqdim olunmuş siyahıda adları qeyd olunan şəxslərin, o cümlədən sözügedən İddiaçı döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər əlavə edilməmiş və həmin siyahının hansı hüquqi qüvvəsi olan arxiv materialları əsasında yazıldığı (tərtib edildiyi) qeyd olunmaması ilə əsaslandırılsada iddiaçının həmin döyüşlərdə iştirak etməməsi, bundan başqa həmin siyahının qanunvericilikdə nəzərdə tutulmamış qayda tərtib olunması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydaya uyğun olaraq “Xocavənd rayonu üzrə könüllü müdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin adlı siyahısı” təsdiq edilmiş, İddiaçı adı 102 nömrəli sıra sayı üzrə qeyd olunmuşdur. İnzibati orqan həmin siyahının mötəbərliynə şübəhə ilə yanaşaraq şəxsi mülahizələri əsasında həmin siyahını qəbul etməyərək qeyri mötəbər hesab etmişdir. İddiaçının müarciəti əsasında aparılmış inzibati icraat zamanı İddiaçı döyüş əməliyyatlarınıda iştirak etməməsi cavabdeh inzibati orqan tərəfindən hər hansı sənəd və ya digər məlumatlar sübuta yetirilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı Xocavənd rayonu üzrə 01 fevral 1988-ci tarixindən 09 noyabr 1991-ci il tarixinədək özünümüdafiə dəstələrinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş lakin “Müharibə veteranı” vəsiqəsi almamış şəxslər barədə məlumatlar kənd inzibati ərazi dairələrinin təqdim etdiyi siyahılar əsasında tərtib olunmuş adlı siyahı 08 noyabr 2016 cı il tarixdə Cavabdeh2 başçısı tərəfindən təsdiq olunaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövət Xidmətinə göndərildiyi, həmin siyahıda İddiaçı adı 102 nömrəli sıra sayı üzrə qeyd olunduğu öz əksini tapdığı müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən müharibə veteranı vəsiqəsi almış Xocavənd rayon sakinləri X9 və X4 iltizama imza etməklə İddiaçı onlarla birlikdə Xocavənd rayon üzrə özünümüdafiə dəstələrinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsini təsdiq etmişdirlər. Cavabdeh inzibati orqan hər hansı sübutla iddiaçının Xocavənd rayonu üzrə özünümüdafiə dəstələrinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməməsini sübuta yetirməmiş natamam inzibati icraat aparmışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan məqamlara hüquqi qiymət verməli, ziddiyyətli məqamları aydınlaşdırmalı, qanunvericilikdə nəzərədə tutulmuş qaydada sübuta yetirilə bilməyən halların və qeyri müəyyənliklərinlərin ərizəçinin xeyrinə şərh olunmasına dair göstərişlərinə qiymət verməli, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar