Məhkəmə qərarları › İş №2-1(120)-758/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-758/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-758/2021 07.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 (Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Qədirov küçəsi ev 45-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7in 7 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı ev 46/14, mənzil 29-da yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7in 7 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 23 fevral 2021-ci il tarixli, **********2 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.06.1997- 01.02.2006-cı il tarixədək işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 28.04.2021-ci il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7in 7 saylı regional ərazi filialına qarşı 02.06.1997-01.01.2006-cı il tarixədək işlədiyi müddəti sosial siğorta stajı kimi nəzərə alaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, hazırda isə yuxarıda qeyd olunan ünvanda yaşayır, ilk əmək fəaliyyətinə 02 iyul 1971-ci il tarixdə işə başlamış və 01 fevral 2006-cı il tarixə kimi müxtəlif təşkilatlarda və müxtəlif idarələrdə müxtəlif işlərdə işləmişdir. Axırıncı iş yeri Lənkəran rayonlararası Apteklər Ambarında iki növbəli gözətçi vəzifəsində işləməyi olmuşdur. 02 iyun 1997-ci il tarixdən 01 fevral 2006-cı il tarixədək Lənkəran rayonlararası Apteklər Ambarında iki növbəli gözətçi vəzifəsində işləmişdir. Onun işləməyini əmək kitabçası təsdiq edir. Əmək kitabçasını da iddia ərizəsinə əlavə etmişdir. Beləliklə, işlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. Hazırda pensiyaya çıxmaq üçün lazımi sənədləri toplayıb, Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X7 7 saylı Regional Ərazi filialına təqdim etmiş, Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X7 Lənkəran şəhər filialı tərəfindən ərizəsinə rədd cavabı verilərək bildirilmişdir ki, əmək kitabçasında qeyd olunmuş 02.061997-ci il tarixdən 01,02.2006-cı il tarixədək Lənkəran rayonlararası Apteklər Ambarında işləməyinə dair əmək haqqları yoxlamaq mümkün olmadığı üçün əmək pensiyası təyin etmək filialın imkan xaricindədir. Bunun üçün Şirvan inzibati Məhkəməsinə müraciət etməyini tövsiyə edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi (Lənkəran) filialına müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı 02.06.1997-cı il tarixdən 01.02.2006-cı il tarixədək “Lənkəran rayonlararası Aptek Anbar”ında işlədiyi müddətdə əmək haqqlarını yoxlamaq mümkün olmadığından onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, onun 02.06.1997-cı il tarixdən 01.02.2006-cı il tarixədək, işlədiyini iddia etdiyi dövrə dair əmək haqllarını yoxlamaq mümkün olmamışdır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının 02.06.1997-cı il tarixdən 01.02.2006-cı il tarixədək həmin müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası X4 filialı tərəfindən təqdim edilmiş 09 aprel 2021-ci il tarixli, b/107 nömrəli məktubda Dövlət Arxivinin Lənkəran filialında saxlanılan “Lənkəran rayonlararası Aptek Anbarı”nın 1997-2002-ci illərə aid sənədləri (əməkhaqqı və əmr kitabları) yoxlanılarkən həmin kitablarda İddiaçı adına heç bir sənəd müəyyən edilmədiyindən onun həmin təşkilatda işləməsi barədə məlumatın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1- ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,12.2000-ci il tarixli, 222 nömrəli “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”. Belə ki, iş materiallarına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Bas İdarəsi tərəfindən təqdim edilmiş 12 aprel 2021-ci il tarixli **********896200 nömrəli sorğuya cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin 25.10.2007-ci il tarixli 2458 nömrəli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Sərəncamına əsasən Ədliyyə Nazirliyindən təhvil alınmış “Lənkəran rayonlararası Aptek Anbarı”nın qeydiyyat qovluqunda 03.06.1999cu il tarixdə 5/D-86 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində qeydiyyatdan keçdiyi, 04.06.1999-cu il tarixdə vergi orqanında uçota alınması və vergi ödəyicilərinin inventarlaşdırılması ilə əlaqədar 13.11.2004-cü il tarixdə VÖENalmasıqeyd edilmişdir. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Göründüyü kimi, həmin müəssisə 03.06.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış. 04.06.1999-cu il tarixdə vergi uçotuna alınaraq VÖEN almışdır. Həınin tarixədək (1997-1999) müəssisənin fəaliyyət göstərməsi, sosial ödənişlər etməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus əmək kitabçasında iddiaçının 02.06.1997-ci il tarixdən 01,02.2006-cı il tarixədək “Lənkəran rayonlararası Aptek Anbarı”nda işləməsinə dair edilmiş qeydlər şübhə altına düşdüyündən sübut qismində qəbul edilə bilməz. İş materiallarından aydın olur ki, iddiaçının 02.06.1997ci il tarixdən 01.02.2006-cı il tarixədək “Lənkəran rayonlararası Aptek Anbarı” işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, qeyd olunan illər ərzində həmin müəssisədə çalışmasına dair hər hansı sənəd- işə qəbul və işdən çıxma əmrləri, T-2 şəxsi vərəqəsi, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının 02.06.1997-ci il tarixdən 01.02.2006-cı il tarixədək “Lənkəran rayonlararası Aptek Anbarı”nda işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Buna görə də həmin dövr (02.06.1997- 01.02.2006-ci illər) sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyildir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xhiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı ev 46/14, mənzil 29-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7in 7 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 23.02.2021-ci il tarixli, **********2 nömrəli qeyd olunmuşdur ki, 02.06.1997-ci il tarixdən 01.02.2006-cı il tarixədək Lənkəran rayonlararası Apteklər Anbarında işləməyinə dair əmək haqlarını yoxlamaq mümkün olmadığı üçün əmək pensiyasının təyin etmək filialın imkan xaricindədir. İşdə olan X4 Filialının məhkəməyə ünvanladığı 01.04.2021-ci il tarixli, b/97 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 Filialında saxlanılan Lənkəran rayonlararası Apteklər Anbarının 1997-2002-ci illərə aid sənədləri (əmək haqqı və əmr kitabları) tərəflərindən yoxlanılmış, lakin həmin kitablarda İddiaçı adına heç bir sənəd müəyyən edilmədiyindən onun həmin təşkilatda işləməsi barədə məlumatın verilməsi mümkün olmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7in 7 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 01.04.2021-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 01.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Vətəndaşın əmək kitabçasında qeyd olunan 21 il 14 gün sığorta stajı yoxlama zamanı öz təsdiqini tapmışdır. Vətəndaşın əmək kitabçasında qeyd olunan 02.06.1997-ci il tarixdən 01.02.2006-cı il tarixədək Lənkəran rayonlararası Apteklər Anbarında işləməsinə dair əmr əmək haqlarını yoxlamaq mümkün olmamışdır. Lənkəran rayonlararası Apteklər Anbarının DSMF Lənkəran rayon şöbəsinə sığorta ödənişi olmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. İddiaçı məhkəməyə 27.07.1971-ci il tarixli əmək kitabçasını təqdim etmişdir. Həmin əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 02.07.1971-ci il tarixdən 01.02.2006-cı il tarixədək əmək fəaliyyətində olmuş, 02.06.1997-ci il tarixdən 01.02.2006-cı il tarixədək Lənkəran rayonlararası Apteklər Anbarında gözətçi vəzifəsində işləmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 02.06.1997-ci il tarixdən 01.02.2006-cı il tarixədək Lənkəran rayonlararası Apteklər Anbarında işlədiyini bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının 02.06.1997-ci il tarixdən 01.02.2006-cı il tarixədək həmin müəssisədə işləməsinə dair hər hansı bir sənəd, yəni işə qəbul, işdən çıxma əmrləri, illər, aylar üzrə əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar və s. aşkar edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını 02.06.1997-ci il tarixdən 01.02.2006-cı il tarixədək Lənkəran rayonlararası Apteklər Anbarında işləməsi hissəsində mötəbər sübut kimi qəbul etmir. Belə olan halda isə iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olmadığından cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7in 7 saylı regional ərazi filialına qarşı 02.06.1997-01.01.2006-cı il tarixədək işlədiyi müddəti sosial siğorta stajı kimi nəzərə alaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar