Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-759/2021 21.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının nümayəndəsi X1 (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 126, mənzil 191-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əliyev X2 rayonunun Pensər qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı cəza çəkməkdən azad edilmiş şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh 28 oktyabr 2020-ci il tarixli, **********2 nömrəli məktubla imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəza çəkməkdən azad edilmiş bir şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin 19 aprel 2021-ci il tarixdə keçirilən iclasında iddiаçı İddiaçı izahat verərək bildirmişdir ki, o, xx.xx.1952-ci il tarixdə Astara rayonunun Pensər kəndində anadan olmuş, Astara rayonunun Kijəbə qəsəbəsində yaşayır. Beş övladı var. Etdiyi bir səhvə görə 26 iyun 2015-ci ildə 7 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdir. 07 aprel 2020-ci il tarixdə ölkə Prezidentinin 06 aprel 2020-ci il tarixli, 1970 nömrəli ƏFV sərəncamı ilə cəzasının çəkilməmiş 2 il 9 ay 20 gün hissəsindən azad edilmişdir. Azad edildiyi tarix ölkədə yeni növ Covid-19 pandemiyasına qarşı tətbiq edilən karantin rejimi dövrünə düşmüşdür. Üstəlik baş beyin qan dövranının pozulması nəticəsində aşağı ətrafının parezi və yerişi pozulmuşdur. Ona görə də ev şəraitində müalicə olunmaq məcburiyyətində qalmışdır. Məhz buna görə lazımi sənədləri aidiyyət üzrə dövlət orqanlarına təqdim edə bilməmişdir. Hal-hazırda da müalicəsi davam edir və buna görə vəsait tələb olunur. Amma onun buna gücü çatmır. Aldığı pensiya dərmanlarının yalnız bir hissəsinə çatır. O, 28 sentyabr 2020-ci il tarixdə penitensiar müəssisədə cəza çəkməkdən azad edilməyi ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün cavabdehə müraciət etmiş, lakin azad edildiyi gündən 3 ay müddətində qeydiyyata düşmədiyindən komissiya tərəfindən müraciətinə imtina edilərək göndərdiyi sənədlər geri qaytarılmışdır. Lakin o, üzürlü səbəbdən müraciət edə bilməmişdir. Məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddiaçı 07.04.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2020-ci il tarixli 1970 №-li əfv sərəncamına əsasən cəzanın çəkilməmiş 2 il 9 ay 20 gün hissəsindən azad edilmiş, 28 sentyabr 2020-ci il tarixdə penitensiar müəssisədə cəza çəkməkdən azad edilməklə əlaqədar birdəfəlik müavinət təyin edilməsi üçün Fondun 7 saylı regional ərazi filialına müraciət etmişdir. Vətəndaş cəzaçəkmə müəssisəsindən azad edildikdən 3 ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata düşmədiyinə görə 05 oktyabr 2020-ci il tarixdə filial tərəfindən ona birdəfəlik müavinət təyin edilməsindən imtina edilmişdir. Məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surəti, məkumluq haqqında arayış və və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq əsaslı deyil Belə ki, iddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Astara rayonu, Pensər kəndində anadan olmuş, Astara rayonu, Kijəbə qəsəbəsi, Azərbaycan küçəsi, ev 15D-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmədin 14 saylı Cəzaçəkmə müəssisəsinin 07.04.2020-ci il tarixli, 67 nömrəli arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı 09.03.2016-cı il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 26.07.2015-ci il tarixdən 07.04.2020-ci il tarixədək cəza çəkib və Azərbaycan Respublikası Prezidentinin 06.04.2020-ci il tarixli 170 nömrəli əfv sərəncamına əsasən cəzanın çəkilmiş 2 il 9 ay 20 gün hissəsindən azad olunur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Astara rayon filialının İddiaçı ünvanladığı 28 oktyabr 2020-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına azad edildiyi gündən 3 ay müddətində daimi yaşamaq üçün müvafiq Mərkəzi icra hakimiyyəti orqanında qeydiyyata götürülmüş şəxslərə şamil olunur. Cəza çəkmə müəssisəsindən azad edildiyi tarixdən 3 ay müddətində qeydiyyata düşmədiyindən komissiya tərəfindən müraciətindən imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonra-cəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 3.1-ci maddəsinə görə, bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 7.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. 9.1-9.2-ci maddələrinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 09.03.2016-cı il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 26.07.2015-ci il tarixdən 07.04.2020-ci il tarixədək cəza çəkib və Azərbaycan Respublikası Prezidentinin 06.04.2020-ci il tarixli 170 nömrəli əfv sərəncamına əsasən cəzanın çəkilmiş 2 il 9 ay 20 gün hissəsindən azad olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Astara filialının İddiaçı ünvanladığı məktubdan müəyyən olunur ki, iddiaçı 28.09.2020-ci il tarixli məktubla cavabdeh inzibati orqana hazırkı tələblə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinin tələbləri baxımından digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış vətəndaşlar 3 ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Ancaq iddiaçı qeyd olunan müddət ərzində qeydiyyata alınması üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət etməmiş və bununla da o, qanunvercilikdə nəzərdə tutulan müddəti ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı birdəfəlik müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-759/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-759/2021
21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver