Məhkəmə qərarları › İş №2-1(120)-764/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-764/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-764/2023 19.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi XX katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi rayonu Kürdlər bələdiyyəsinə qarşı «xx.xx.2016-cı il tarixli icarə müqavilənin ləğv edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ağcabədi rayonu Kürdlər bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli icarə müqavilənin ləğv edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X3 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilədən görünür ki, Kürdlər bələdiyyəsinə məxsus 5 ha örüş-otlaq sahəsi 5 il müddətinə onun icarəsinə verilmişdir. Lakin onun Kürdlər bələdiyyəsi ilə həmin müqaviləmin davam etdiyi bir zamanda 2019-cu ildə bələdiyyə həmin torpaq sahəsini hərraca çıxarmış və xx.xx.2019-cu il tarixli müqavilə ilə 3-cü şəxsə satmışdır. Onu da qeyd etmək istəyir ki, onunla bələdiyyə arasında müqavilə bağlanılmazdan əvvəl də həmin torpaq sahəsi onun istifadəsində olmuş və o 20 ildən artıq bir müddətdə həmin torpaq sahəsindən istifadə etmişdir. O, bu müddət ərzində sözügedən torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olmuş və orada bunun üçün tikililər inşa etmişdir. Əlavə olaraq bildirir ki, o, müharibə veteranıdır və məcburi köçkündür. Onun Cavabdehnə etdiyi müraciətinə bələdiyyə xx.xx.2022-ci il tarixli 40 nömrəli cavabında bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə bələdiyyənin xx.xx.2017-ci il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir. Bundan sonra o xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh müraciət edərək, bələdiyyənin xx.xx.2017-ci il tarixli 11 nömrəli qərarını ona göndərməsini, həmin qərarın ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə qərar qəbul etməsini, qərarın ləğv (etibarsız) hesab edilib-edilməməsi barədə dərhal ona məlumat verməsini bələdiyyədən xahiş etmişdir. Lakin həmin gündən 35 gündən artıq vaxt keçməsinə baxmayaraq, bələdiyyə ona heç bir cavab verməmişdir. Ona görə də iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmənin 2-1(120)-2196/2022 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı mümkünlük məsələsi ilə bağlı yardım edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Ağcabədi rayonu Kürdlər bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Ağcabədi rayonu Kürdlər bələdiyyəsinin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izah olunanların ona aydın olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, idddiaçının izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü məddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən torpaq sahəsi İddiaçı 5 il müddətinə icarəyə verilmişdir. Ağcabədi rayonu Kürdlər bələdiyyəsinin 24 iyul 2017-ci il tarixli 11 nömrəli qərarına əsasən İddiaçı ilə bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı bələdiyyə ilə üçüncü şəxs X3 arasında xx.xx.2019-cu il tarixdə 15 il müddətinə icarə müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin **********47 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışı ilə hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra üçüncü şəxs X3 qeyd edilən icarə müqaviləsi əsasında hal-hazırki iş üzrə iddiaçı olan İddiaçı torpaq sahəsindən çıxarılması barədə Ağcabədi Rayon Məhkəməsində 2021ci ildə iddia qaldırmış və xx.xx.2021-ci il tarixli yekun məhkəmə qətnaməsi qəbul edilmişdir. Qeyd edilən xx.xx.2021-ci il tarixli, 2(017)-204/2021 saylı qətnaməyə əsasən X1 iddiası təmin edilərək İddiaçı torpaq sahıəsindən çıxarılması, onun tərəfindən yaradılmış bütün maneələrin aradan qaldırılması qərarı alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-204/2021 saylı qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-875/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Ağcabədi Rayon Məhkəməsində keçirilən iclasda İddiaçı cavabdeh qismində izahat verərək iddia tələbi, eləcə də torpaq sahəsinin X2 icrayə verilməsi ilə razı olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, İddia ərizə və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı mübahisəli torpaq sahəsindən istifadə ilə bağlıdır. İddia ərizəsində Ağcabədi rayonu Kürdlər bələdiyyəsinin 24 iyul 2017-ci il tarixli 11 nömrəli qərarının ona təqdim edilmədiyini və yalnız xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etdikdən sonra ona təqdim edildiyini bildirilmişdir. Bu hissəyə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçı hər nə qədər onunla bağlanan icarə müqaviləsinin ləğvi ilə bağlı Ağcabədi rayonu Kürdlər bələdiyyəsinin 24 iyul 2017-ci il tarixli 11 nömrəli qərarından xəbərinin olmadığını bildirsə də, Ağcabədi Rayon Məhkəməsində gedən iclaslarda artıq onun 2021-ci ildə həmin qərarın varlığı barəsində məlumatının olduğu müəyyən edilir. Həmçinin İddiaçı tərəfindən Ağcabədi rayonu Kürdlər bələdiyyəsinin qanunsuz hərəkətlərindən 2021-ci il tarixdə Ağcabədi rayon Prokurorluğuna şikayət edilmiş, orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, daha sonra qeyd edilən materiallar yenidən araşdırılmış və yekun olaraq xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması yenidən rədd edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan 2021ci il tarixdə məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(120)-2196/2022 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı cavabdeh Ağcabədi rayonu Kürdlər bələdiyyəsinə qarşı «xx.xx.2016-cı il tarixli icarə müqavilənin ləğv edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Ağcabədi rayonu Kürdlər bələdiyyəsinə qarşı «xx.xx.2016-cı il tarixli icarə müqavilənin ləğv edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar