Məhkəmə qərarları › İş №2-1(120)-765/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-765/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-765/2025 10.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********179729 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı «xx.xx.2023-cü il tarixli, **********179729 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli **********179729 saylı Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasına əsasən qəbul edilmiş və qərara əsasən 213416 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 8 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2022 tarixli **********162322 saylı qərarına əsasən 8 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X4 tərəfindən İddiaçı (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə 2019-2021-ci il Mənfəət dövrü, Noyabr 2019 - İyul 2022 ƏDV dövrü üzrə Vergi məcəlləsinin 38.3.5 maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlanması aparılmışdır. xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktı tərtib eilmişdir. Yoxlama xx.xx.2022 tarixdə başlanıldı və xx.xx.2023 tarixdə başa çatdırıldı. Səyyar vergi yoxlaması müvafiq qərarlara əsasən ümumilikdə -10 dəfə müvəqqəti dayandırılmış və 2 dəfə müddəti uzadılaraq, 455 gün Müddətə dayandırılmış, müxtəlif vaxtlarda dayandırılma qərarları olsada yoxlama bərpa edilmiş və sonradan dayandırılmışdır. Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq SƏNAYE VƏ TİKİNTİ ÜÇÜN QUM VƏ ÇİNQİL HASİLATİ, BƏZƏK VƏ TAMAMLAYİCİ İŞLƏR ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması cəmiyyətin fəaliyyəti üzrə sənədlər, Dövlət Vergi Xidmətinin elektron baza məlumatlarından istifadə edilməklə, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən digər şəxslərdən əldə edimiş müqavilələr, qaimə- fakturalar, təhviltəslim aktları, ödəniş sənədləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılması qeyd edilmişdir. SVY vergi orqanı tərəfindən qanunsuz olaraq keçirildiyi kimi qanunvericiliyə uyğun olmadan rəsmiləşdirilmişdir. Belə ki, VM-nin 39 və 49cu maddələri kobud şəkildə pozulmuşdur. Müvafiq maddələrdə aşağıdakı maddələr nəzərdə tutulmuşdur: Maddə 39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi. 39.1 Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2 Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3 Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4 Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5 Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasınm səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasmı və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1 Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3 əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5 əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6 yeni qərarın qəbul edilməsi. Bu Məcəllənin 49.1.4-cü - 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. 49.1 Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz. 49.2 Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.3 Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4 Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5 Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilnıəməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 49.6. Vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, vergi yoxlamasını keçirən vergi orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir. Bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərinin həmin pozuntuların edilməsində günahkar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və vergi ödəyicisi-fərdi sahibkara münasibətdə tətbiq edilməsi vergi orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir. 49.7 Bu maddənin müddəaları həmçinin vergi agentlərinə də şamil edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən: 62.1 Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2 Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 62.3- Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Maddə 64. Məhkəməyə verilmiş şikayətlərə baxılma Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasınln İPM-nin 2, 8, 45 və 46-cı maddələrini rəhbər tutaraq: cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********179729 saylı “Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarasınız. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh nümayəndəsi X3 izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirib, rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti lazımi qaydada xəbərdar edilmişdir. Lakin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Belə ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixdə **********179729 nömrəli qərar qəbul edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə poçta təqdim etmiş, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə daxil olmuşdur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********179729 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mənfəət vergisinin azaldılmasına görə 426.271,94 manat, artıq hesablanmışdır 38.439,36 manat, əlavə hesablanma 390.424,63 manat, fərq 2592.05 qeyd edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu il tarixdə ********** nömrə VÖEN-ilə qeydiyyata alınmış, təşkilatın hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət, təsisçisi X2r. İş materiallarında olan vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən sübutları, işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Belə ki, “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli **********162322 nömrəli qərarla cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinin yoxlanması üzrə iki səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2023-cü il tarixində ilk yoxlama aktı - xx.xx.2023 cü il tarixli **********162465 nömrəli səyyar vergi yoxlaması (SVY) aktı tərtib edilmişdir. Bundan sonra ikinci səyyar vergi yoxlması nəticəsində xx.xx.2023-cü il tarixli, **********162465 nömrəli SVY aktı tərtib edilmişdir. Birinci səyyar vergi yoxlaması xx.xx.2022 tarixdə başlamış və xx.xx.2023 tarixdə başa çatdırılmışdır. Səyyar vergi yoxlaması müvafiq qərarlara əsasən ümumilikdə 10 dəfə 271 gün müddəyə müvəqqəti dayandırılmış və 2 dəfə 27 gün müddətinə uzadılmışdır. Yoxlanılan dövrdə HƏYAT REZİDENCE” Məhdud Məsuliyyətli Cəmiyyəti faktiki olaraq sənaye və tikinti üçün qum və çınqıl hasilatı, bəzək və tamamlayıcı işlər ilə məşğul olmuşdur. Cavabdeh vergi orqanının xx.xx.2023-cü il tarixli, **********162465 nömrəli ikinci yoxlama aktına əsasən yoxlama xx.xx.2022-ci il tarixdə başlanmış və xx.xx.2023-cü il tarixində başa çatdırılmışdır. Yoxlama ərzində müvafiq qərarlarla səyyar vergi yoxlaması 10 dəfə olmaqla 271 gün müddətinə 10 dəfə dayandırılmış, 2 dəfə olmaq 27 gün müddətinə uzadılmışdır. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi ilə bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı § 33). Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş iş materiallarından müəyyən edilir ki, vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2023 cü il tarixli **********162465 nömrəli ilk yoxlama aktı iddiaçıya təqdim edilməmişdir. Eyni zamanda iddiaçı qeyd edir ki, əlavə vergi yoxlaması tədbiri barədə qərar çıxarılmış və həmin qərar da iddiaçıya təqdim edilməmişdir. Bununla da cavabdeh tərəfindən inzibati icraat qanunvericililiyə uyğun aparılmamış, cavabdehin belə hərəkətləri vergi qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olmuşdur. Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən: 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Göstərilən normaların tələblərinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilməli və ya göndərilməlidir. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, **********162465 nömrəli akt müəssisənin rəhbər nümayəndəsi tərəfindən imzalanmamışdır. Sözügedən akt da iddiaçıya təqdim edilməmiş, birinci yoxlama aktından sonra əlavə vergi yoxlaması tədbiri keçrilməsi barədə qərar çıxarılmış, xx.xx.2023-cü il tarixli, **********162465 nömrəli akt imzalanmasa da vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılaraq Vergi Məcəlləsinin 39.5, 39.6, 49.1-ci maddələrinin tələbləri pozulmuşdur. Bu isə Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə əsasən xx.xx.2023-cü il tarixli, **********179729 saylı qərarın ləğv edilməsinə əsas verir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin yuxarıda qeyd edilən normalarının tələbləri gözlənilməmiş, iddiaçıya səyyar vergi yoxlaması aktı göndərilmədən növbəti gün – xx.xx.2023-cü il tarixdə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********179729 saylı qərar qəbul edilməsi Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən: 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati İcraat haqqında” Qanuna əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan, həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, **********179729 qərarı yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qərar (inizbati akt) ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, **********179729 nömrəli qərarı ləğv edilməlidir. İş üzrə digər prosessual xərclər yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********179729 nömrəli qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar