Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-766/2023 05.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Saatlı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı döyüş zonasında yerləşən hərbi hissədə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman yaralanmağı ilə əlil olmağı səbəbindən imtiyazlı kateqoriyaya aid olduğu üçün onu mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və üçüncü şəxs Saatlı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, döyüş zonasında yerləşən hərbi hissədə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman yaralanmağı ilə əlil olmağı səbəbindən imtiyazlı kateqoriyaya aid olduğu üçün onu mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-766/2023 saylı, 14 fevral 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi üzrə cavabdeh dəyişdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qoyulmuşdur. İddia onunla əsaslandırılmışdır ki, o, 1997-ci ildə Saatlı Rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və döyüş zonasında yerləşən N hərbi hissəyə göndərilmişdir. Hərbi hissədə xidmətkeçmə dövründə hərbi xidmət vəzifələrini icra edən zaman sol qılça nahiyəsindən qarın boşluğuna nüfuz edən güllə yarası almışdır.Yoğun bağırsağın və sol oturaq sinirin hissəvi zədələnməsi nəticəsində sol aşağı ətraf funksiyasının pozulması travması almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 407 saylı qərarı ilə yaralanma, hərbi xidmət dövründə alması öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixdə 1627 saylı «xəstəlik haqqında şəhadətnamə» ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xidmətinin Dövlət Tibbi Sosial Ekspertiza Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən ona əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2000-ci ildən bu günə kimi DSMF-nun PŞH-in X4 Rayon Qəbul Şöbəsindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən əlilliklə bağlı pensiya alır. AR ƏƏSMN Tabeliyində DTSERA-nın Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə ona müddətsiz İİİ (üçüncü) dərəcəli əlillik təyin edilmişdir. O, hərbi hissədə hərbi xidmət keçərkən hərbi xidməti vəzifələrini icra edən zaman düşmən tərəfindən açılan odlu silahdan yaralanmış və bu səbəbdən də əlil olmuşdur. İmtiyazlı kateqoriyaya aid olduğu üçün o mənzillə təmin olunmağı ilə bağlı Saatlı RİHB-nə ərizə ilə müraciət və tələb olunan sənədləri təqdim etmişdir. Saatlı RİHB-nın xx.xx.2019-cu il tarixli 04/2199 saylı məktubu ilə ona hərbi xidmət əlili kimi Rayon İcra Hakimiyyətində mənzil növbəliyi siyahısına alındığı bildirilmişdir. Həmçinin Saatlı RİHB-nın xx.xx.2020-ci il tarixli 02/547 saylı məktubu ilə mənzil növbəliyi ilə bağlı qeydiyyatda olmağı barədə müvafiq siyahı cavabdehə təqdim olunduğu bildirilmişdir. Eyni məzmunlu məktubla ona Saatlı RİHB-nın xx.xx.2019-cu il tarixli 02/1178 saylı məktubu ilə cavab verilmişdir. Həmçinin üçüncü şəxs tərəfindən ona xx.xx.2019-cu il tarixli , 04/148 saylı məktubla 2014-2028-ci illər ərzində mərhələli şəkildə mənzilin tikilməsi və fərdi yaşayış evi ilə təmin olunması nəzərdə tutulması bildirilmişdir. Saatlı RİHB-nın xx.xx.2017-ci il tarixli 54 saylı Sərəncamı ilə o, mənzil növbəliyi siyahısına, alınmışdır. Saatlı RİHB- nın xx.xx.2022-ci il tarixli 01/1070 saylı məktubu ilə mənzillə təmin olunmağına dair cavabdehə müraciət olunmuş, cavabdehin xx.xx.2022-ci il tarixli **********5 saylı məktubu ilə onu mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməsinə dair imtina cavabı verilmişdir. O, döyüş zonasında yerləşən hərbi hissədə xidmət keçən zaman düşmən tərəfindən açılan odlu silahdan yaralanıb əlil olmuşdur. İstənilən müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçı xidməti vəzifəsini yerinə yetirən zaman yaralandıqda əlil və qazi, həlak olduqda isə Şəhid hesab edilir. O da, bu imtiyazlı kateqoriyaya aid olan vətəndaşdır. Ona görə də Dövlət onu qanunla müəyyən edilmiş bütün imtiyazlarla təmin etməyə borcludur. Cavabdehin imtina cavabını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 14 oktyabr 2022-ci il tarixli **********4 nömrəli etirazında göstərilmişdir ki, İddiaçı Hacıağa oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Hesab edirik ki, icraatınızda olan 2-1 (120)-2199/2022 saylı iş üzrə iddia qanunvericilik baxımından tam əsassızdır və mümkünsüz hesab edilməlidir. İddiaçının cavabdehə hər hansı bir hüquqi münasibətlərdə olması, həmin hüquqi münasibətlər zəminində cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas yoxdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydalan”nın 1.5-ci bəndində əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir:Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. İddiaçı Hacıağa oğlunun əlilliyi müəyyənləşdirilərkən TSEK arayışında səbəb kimi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar göstərilmişdir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021- ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014- cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər.Sözügedən sərəncamla hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi əldə etmiş şəxslər əhatə olunmur. Bu səbəbdən İddiaçı Hacıağa oğlu mənzillə təmin olunması ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış etmir.Yuxarıda qeyd olunanları, İddiaçı Hacıağa oğlunun tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “mənzillə təmin olunmasına” dair iddia ərizəsinin mümkünsüz hesab olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasındakı izahatında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Saatlı rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırmışdır: Belə ki, - İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1979-cü il tarixdə doğulmuş İddiaçı Saatlı rayonu, Potubəuli kəndində qeydiyyatdadır. - İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırova ünvanladığı 25 iyul 2022-ci il tarixli, **********5 nömrəli məktubundan göstərilmişdir ki, Saatlı rayon sakini X3 mənzillə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı 29 iyun 2022-ci il tarixli 01/1070 nömrəli məktubunuza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır.Bildiririk ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü il tarixli 569 nömrəli və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncəmlarına əsasən həyata keçirilir və həmin sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. A.Xəlilovanın həyat yoldaşı İddiaçı yuxarıda qeyd olunan sərəncamlarla müəyyənləşdirilmiş imtiyazlı şəxslər kateqoriyasına aid edilmədiyindən, onun Nazirlik tərəfindən mənzil və ya fərdi evlə təmin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.Nəzərə almağınızı xahiş edirik. - İş materiallarında olan Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti Başçısının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/2056 nömrəli məktubundan göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyim və üçüncü şəxs Saatlı Rayon İcra Hakimiyyətinə qarşı “döyüş zonasında yerləşən hərbi hissədə hərbi xidmət vəzifəsini yerinə yetirən zaman yaralanmağı ilə əlil olmağı səbəbindən imtiyazlı kateqoriyaya aid olduğu üçün onu mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işlə əlaqədar müvafiq məlumatların məhkəməyə təqdim edilməsi barədə məktubunuza baxılmışdır.Müraciətinizlə bağlı İddiaçı yaşayış sahəsinə ehtiyacı olan güzəştli vətəndaş qismində uçota alınması barədə Saatlı rayon İcra Hakimiyyəti başçısının 14 aprel 2017-ci il tarixli 54 nömrəli sərəncamı, həmin sərəncamın verilməsinə səbəb olan sənədlərin təsdiq olunmuş surəti Sizə göndərilir. Eyni zamanda bildiririk ki, yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı vətəndaşların və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildiyi üçün İddiaçı da 2017-ci ildə qüvvədə olan müvafiq sərəncamla 2-ci dərəcəli hərbi xidmət dövrünün əlili kimi Saatlı rayon İcra Hakimiyyətində mənzil növbəliliyinə götürülmüşdür. Ümumiyyətlə, Saatlı rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə mənzil növbəsinə götürülmüş güzəştli kateqoriyadan olan şəxslərin, o cümlədən hərbi xidmət dövrünün əlili kimi İddiaçı adı da daxil edilməklə onların adlı siyahısı il ərzində aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə göndərilir. - İş materiallarında olan Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti Başçısının məhkəməyə ünvanladığı xx.xx.2017-ci il tarixli, 54 nömrəli sərəncamında göstərilmişdir ki, Saatlı rayonu Potubəyli kənd sakini İddiaçı rayon İcra Hakimiyyətinə müraciətində mənzil şəraitləri ağır olduğuna görə yaşayış sahəsinə ehtiyaclarının yarandığını bildirərək, onun 2-ci dərəcəli hərbi xidmət dövrü əlili kimi mənzil növbəsinə götürülməsini, fərdi evlə və ya mənzillə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir.Rayon İcra Hakimiyyəti yanında Mənzil-məişət komissiyası İddiaçı mənzil şəraitini araşdıraraq müəyyən etmişdir ki, ərizəçi özü, həyat yoldaşı və 3 nəfər övladı ilə birgə 2001-ci ildə ağacdan, samangil qarışığından doldurma yolu ilə inşa edilmiş, ümumi sahəsi 56 kv.metr, yaşayış sahəsi isə 20 kv.metr olan primitiv bir evdə yaşayırlar. O, hərbi xidmət dövründə, Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmışdır. İddiaçı 2-ci dərəcəli əlillik statusu vardır və ailə üzvləri ilə birgə Saatlı rayonu Potubəyli kəndində daimi qeydiyyatdadır. Mənzil-məişət komissiyası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51 -ci maddəsinə uyğun olaraq bu ailənin yaşayış sahəsinə ehtiyacı olduğunu müəyyən edərək 10 aprel 2017-ci i! tarixli 02 saylı iclasında İddiaçı güzəştli qaydada mənzil sahəsi ilə təmin olunmaq hüququna malik olduğunu nəzərə alaraq onun mənzil növbəliliyi siyahısına daxil edilməsi barədə qərar qəbul etmişdir.Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq İddiaçı 5 nəfər ailə üzvü ilə birgə (özü, həyat yoldaşı və 3 nəfər övladı) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində 7 aprel 2017-ci il tarixdən mənzil növbəliliyinə götürülsün və 2-ci dərəcəli hərbi xidmət dövrü əlili kimi güzəştli qaydada mənzil sahəsi ilə təmin olunmaq hüququna malik olan vətəndaşların mənzil növbəliliyi siyahısına daxil edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 707 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı Hacıağa oğlu barəsində xx.xx.1999-cu il tarixli, 1627 saylı xəstəlik haqqında şəhadətnamə xx.xx.2012- ci ildə ləğv edilmiş və bunun əsasında ona xx.xx.2012-ci il tarixli 407 saylı qərar verilmişdir. Odur ki, qərar və həmin qərarin verilməsinə əsas olmuş sənədlərin surəti ünvana göndərilmişdir. Qərarda qeyd edilmişdir: Saatlı RHK tərəfindən 1997-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən 1998-ci ildə aldığı və xx.xx.1999-cu ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Sol qalça nahiyyəsindən qarın boşluğuna nüfuz edən güllə yaralanması, yoğun bağırsağın və sol oturaq sinirinin hissəvi zədələnməsi nəticəsində sol aşağı ətraf funsksiyasının cüzi dərəcədə pozulması. Laparotomiya (25.06.98), yoğun bağırsağın yarasının tikilməsi,funksiyanın pozulmaması ilə” (xx.xx.1999-cu il tarixli 1627 saylı xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisi-cərrahların rəyləri ilə təsdiq edilir), “yaralanmışdır, hərbi xidmət dövründə alınmışdır”. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 3-17- 4/2-10399/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Saatlı rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2023- cü il tarixli 2-1(120)-766/2023 nömrəli sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır.Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2000-ci il tarixində Hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə bir il müddətinə təyin edilmiş ikinci dərəcə ilkin əlillik təyinatı sonuncu dəfə xx.xx.2015-ci il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2020-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır.Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir.Əlillik müddətinin bitdiyi xx.xx.2020-ci il tarixindən sonra İddiaçı əlillik vəziyyəti Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AAMTH nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində elektron qiymətləndirilmiş və xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə kursu olmadığından əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.Növbəti dəfə vətəndaş Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AANWJ nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2021-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na dair Əsasnaməyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.Qərardan narazı qalan İddiaçı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAV60 nömrəli göndərişi və müraciəti əsasında yenidən xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Belə ki, şəxsin əlillik vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmuşdur.Bundan irəli gələrək, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na dair Əsasnaməyə müvafiq olaraq xx.xx.2021 -ci il tarixindən Hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surətləri Sizə təqdim olunur. - İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-5428/2023 nömrəli məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə adına Saatlı rayonu, Qıraqlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı 13 may 2023-cü il tarixli, 3-21-3-38/2-1181/2023 nömrəli məktubunda göstərilmişdir ki, Adına daşınmaz əmlakın olub-olmaması barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, İddiaçı barədə 13 sayiı Şirvan Ərazi İdarəsinin əhatə etdiyi inzibati ərazi vahidi üzrə məlumat aşkar edilməmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-113-49/2-315/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1999-cu il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində hərbi qeydiyyatdadır. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014- cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.
2. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirləri həyata keçirmək üçün tələb olunan ilkin vəsaitin Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən ayrılmasını, 2015-2028-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin etsin; 3.2. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatı əsasında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021- ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022-2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.1. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.” Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1997-ci il tarixdə Saatlı Rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və döyüş zonasında yerləşən N hərbi hissəyə göndərilmişdir. Hərbi hissədə xidmətkeçmə dövründə hərbi xidmət vəzifələrini icra edən zaman sol qılça nahiyəsindən qarın boşluğuna nüfuz edən güllə yarası almışdır. Yoğun bağırsağın və sol oturaq sinirin hissəvi zədələnməsi nəticəsində sol aşağı ətraf funksiyasının pozulması travması almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 407 saylı qərarı ilə yaralanma, hərbi xidmət dövründə alması öz təsdiqini tapmışdır, xx.xx.1999-cu il tarixdə 1627 saylı «xəstəlik haqqında şəhadətnamə» ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xidmətinin Dövlət Tibbi Sosial Ekspertiza Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən ona əlillik dərəcəsi təyin edilmiş və AR ƏƏSMN Tabeliyində DTSERAnın Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə ona müddətsiz İİİ (üçüncü) dərəcəli əlillik təyin edilmişdir. Saatlı Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 54 saylı Sərəncamı ilə o, mənzil növbəliyi siyahısına, alınmışdır. Saatlı RİHB- nın xx.xx.2022ci il tarixli 01/1070 saylı məktubu ilə mənzillə təmin olunmağına dair cavabdeh orqana müraciət etmiş, xx.xx.2022-ci il tarixli **********5 saylı məktubu ilə onu mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməsinə dair imtina cavabı verilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı 1997-ci il tarixdə hərbi xidmətə çağırılaraq, hərbi xidmət keçərkən 1998-ci il tarixdə “Sol qalça nahiyyəsindən qarın boşluğuna nüfuz edən güllə yaralanması, yoğun bağırsağın və sol oturaq sinirinin hissəvi zədələnməsi nəticəsində sol aşağı ətraf funsksiyasının cüzi dərəcədə pozulması. Laparotomiya (25.06.98), yoğun bağırsağın yarasının tikilməsi,funksiyanın pozulmaması ilə” (xx.xx.1999-cu il tarixli 1627 saylı xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisi-cərrahların rəyləri ilə təsdiq edilir), diaqnozu ilə müddətsiz İİİ dərəcə əlillik verilmişdir. Səbəb kimi isə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar göstərilmişdir. Həmçinin iddiaçı İİİ dərəcə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Halbuki yuxarıda qeyd olunan sərəncamlara əsasən sosial evlə təmin olunma Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə şamil olunur. Lakin qeyd olunduğu kimi iddiaçıya İİİ dərəcə əlilliyin verilmə səbəbi hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2123/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda, hazırkı iddia tələbi üzrə cavabdehin imtinası qanunçuluq prinsipinə uyğun olmuşdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Saatlı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı döyüş zonasında yerləşən hərbi hissədə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman yaralanmağı ilə əlil olmağı səbəbindən imtiyazlı kateqoriyaya aid olduğu üçün onu mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Saatlı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı döyüş zonasında yerləşən hərbi hissədə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman yaralanmağı ilə əlil olmağı səbəbindən imtiyazlı kateqoriyaya aid olduğu üçün onu mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Amilya Hüseynova