Məhkəmə qərarları › İş №2-1(120)-768/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-768/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-768/2024 06.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu Günəşli bələdiyyəsinə qarşı “Cəlilabad rayonu Günəşli bələdiyyəsinin 05 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 06 mart 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Cəlilabad rayonu Günəşli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəlilabad rayonu Günəşli bələdiyyəsinin X3 Günəşli kəndində 0,11 ha torpaq sahəsinin satılması barədə 05 dekabr 2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayonu Günəşli bələdiyyəsinə 2007-ci ildə müraciət edərək, Günəşli kəndinin sakini kimi ona həyətyanı torpaq sahəsinin verilməsini xahiş etmişdir. Həmin ərizəsi əsasında Günəşli kəndinin idman meydançasının yanında ona 0,11 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi yerində ölçülərək ona təhvil verilmişdir. Bundan sonra həmin torpaq sahəsini çəpərə almaq üçün orada beton dirəklər basdırmış, mişar daşı, çiy kərpic, qum və sement gətirərək inşa edəcəyi evin bünövrəsini qurmuş, təqribən 7-8 cərgədə evin divarlarını hörmüşdür. Həmin vaxt qeyd olunan torpaq sahəsinə dair müvafiq sənədlərin təqdim olunmasını xahiş etsə də müxtəlif səbəblərdən həmin torpaq sahəsinə dair sənədlər ona təqdim olunmamışdır. Bir müddət sonra isə Günəşli bələdiyyəsinin inzibati binasında yanğın baş vermiş və yanğından sonra bələdiyyə rəhbərliyi bütün arxiv sənədlərinin yandığını və yalnız həmin sənədlər bərpa edildikdən sonra ona aid olan torpaq sahəsinə dair sənədlərin təqdim olunacağını bildirmişdir. Bələdiyyə rəhbərliyi tərəfindən həmçinin qeyd olunan torpaq sahəsinin ona ayrıldığı barədə həm bələdiyyə rəhbərliyinin, həm də bütün kənd sakinlərinin məlumatlı olduğu bildirilərək, buna görə narahat olmamağını və tikinti işlərini davam etdirməyi tövsiyyə olunmuşdur. Maddi vəziyyəti imkan vermədiyinə görə tikintini başa çatdıra bilməmişdir. Lakin bu yaxınlarda məlum oldu ki, ona məxsus olan həmin torpaq sahəsi Günəşli bələdiyyəsinin 05 dekabr 2022-ci il tarixli qərarı əsasında həmin kəndin sakini X1. Hesab edir ki, Günəşli bələdiyyəsinin həmin qərarı tamamilə qanunsuz və əsassızdır, buna görə də ləğv olunmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respubulikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. Həmin Qanunun 9.7-ci maddəsinə əsasən bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Bələdiyyənin ehtiyat fondunun bazar obyektinə aid olan torpaqları barədə alqı-satqı əqdləri yerli normativlər nəzərə alınmaqla və aşkarlıq şəraitində bağlanılır. Bələdiyyə torpaqlarınım mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri, bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yer göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər. “Bələdiyyə torpaqlarının ayrılmasma dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində aşağıdakıları göstərməlidirlər: 11.1. torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını; 11.2. torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət və ya icarə hüququ ilə) ayrılmasını; 11.3. əvvəllər torpaq sahəsi alıb-almadığını; 11.4. ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını; 11.5. ailə üzvlərinin sayını və tərkibini; 11.6. torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü; 11.7. torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini; 11.8. daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər). Həmin Əsasnamənin 12-ci bəndinə əsasən - Fərdi yaşayış və bağ evlərinin tikintisinə, həyətyanı sahələrə ehtiyacı olan vətəndaşların uçotu qaydasını və şərtlərini bələdiyyələr müvafiq ərazi üzrə müəyyən edir və öz qərarlan ilə təsdiq edirlər. Bələdiyyələr həmin qayda və şərtlər barədə vətəndaşlara məlumat verirlər. Həmin Əsasnamənin 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinamn səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandınlmış cavab verir. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə miiəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Lakin cavabdeh Günəşli bələdiyyəsi qanunvericiliyin yuxarıda qeyd etdiyi bütün tələblərini pozmuş, qeyd olunan torpaq sahəsi ona ayrıldığı halda, həmçinin hərrac keçirilmədən və qanunvericiliyin digər tələblərinə əməl etmədən ona məxsus olan həmin torpaq sahəsinin X2 barədə 05 dekabr 2022-ci il tarixli qanunsuz qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçücü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçücü şəxsi iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı hazırki tələbi üzrə müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cəlilabad rayonu Günəşli bələdiyyəsinin 05 dekabr 2022-ci il tarixli, 13 saylı iclas protokolunun qərarına əsasən Günəşli bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarına aid Günəşli kəndində 0.11 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikitisi məqsədi ilə bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda beş ildən artıq yaşayış yeri üzrə qeydiyyatda olan X2 məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda iddiaçı iddia edir ki, həmin 0,11 ha torpaq sahəsi 2007-ci ildə Cəlilabad rayonu Günəşli bələdiyyəsi tərəfindən ona ayrılmış və həmin torpaq sahəsi yerində ölçülərək ona təhvil verilmişdir. Bundan sonra həmin torpaq sahəsini çəpərə almaq üçün orada beton dirəklər basdırmış, mişar daşı, çiy kərpic, qum və sement gətirərək inşa edəcəyi evin bünövrəsini qurmuş, təqribən 7-8 cərgədə evin divarlarını hörmüşdür. Həmin vaxt qeyd olunan torpaq sahəsinə dair müvafiq sənədlərin təqdim olunmasını xahiş etsə də müxtəlif səbəblərdən həmin torpaq sahəsinə dair sənədlər ona təqdim olunmamışdır. Bir müddət sonra isə Günəşli bələdiyyəsinin inzibati binasında yanğın baş vermiş və yanğından sonra bələdiyyə rəhbərliyi bütün arxiv sənədlərinin yandığını və yalnız həmin sənədlər bərpa edildikdən sonra ona aid olan torpaq sahəsinə dair sənədlərin təqdim olunacağını bildirmişdir. Maddi vəziyyəti imkan vermədiyinə görə tikintini başa çatdıra bilməmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, ona məxsus olan həmin torpaq sahəsi Günəşli bələdiyyəsinin 05 dekabr 2022-ci il tarixli qərarı əsasında həmin kəndin sakini X1. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə mübahisə predmeti olan qərarın İddiaçı hüquq və qanunla maraqlarına toxunmasını təsdiq edən sübut mövcud olmadığından, İddiaçı hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir və iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin üçüncü şəxsə ayrılması nəticəsində subyektiv hüquqlarının pozulduğunu əsaslandıra bilmir və o, öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Cəlilabad rayonu Günəşli bələdiyyəsinə qarşı “Cəlilabad rayonu Günəşli bələdiyyəsinin 05 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar