Məhkəmə qərarları › İş №2-1(120)-771/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-771/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-771/2022 28.06.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinə qarşı «0.63 ha pay torpaq sahəsinin verilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinə qarşı «0.63 ha pay torpaq sahəsinin verilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 0.63 ha pay torpaq sahəsinin verilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Hazırda iddiaçı Həsənov X1 rayonu Dünyamalılar kəndində aqrar islahatın aparıldığı zaman yəni 1999-cu il tarixində ona pay torpağının verilmədiyini əsas gətirərək Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinin üzərinə ona 0.63 ha torpaq sahəsinin verilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 67 nömrəli məktubunda qeyd edilmişdir ki, Aqrar islahatı aparılan zaman Dünyamalılar kənd sakini İddiaçı Dünyamalılar kəndində həyətyanı və pay torpaq sahəsi ayrılmamışdır. Qeyd edirik ki, İddiaçı Dünyamalılar kəndində həyətyanı və pay torpaq sahəsi ayrılmasına dair heç bir qərar və şəhadətnamə yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********88 nömrəli məktubunda qeyd edilmişdir ki, arxivdə aparılan araşdırma nəticəsində Beyləqan rayonu Dünyamalılar kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı adı aşkar edilməmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Dünyamalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 1847 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən hal-hazırda Beyləqan rayonu Dünyamalılar kəndində yaşayır. 1999-cu ildə torpaq islahatı vaxtı Rusiya federasiyasında həbsdə olduğu üçün pay torpağı ilə təmin olunmamışdır. İş materiallarında olan Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 109 nömrəli arayışında qeyd edilmişdir ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Dünyamalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 1847 nömrəli arayışına əsasən 1999-cu ildə Dünyamalılar kəndində aparılan torpaq islahatı zamanı İddiaçı Rusiya federasiyasında olduğu üçün hər bir şəxsə 0.63 ha pay norması nisbətində olmaqla İddiaçı ayrılması nəzərdə tutulan 0.63 ha pay torpaq sahəsini bələdiyyənin ehtiyat torpağından ayrılmasına etiraz edirik. İş materiallarında olan Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 87 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı torpaq islahatı zamanı pay torpaq sahəsi verilməmişdir. Dünyamalılar kənd sakini İddiaçı bir pay 0.63 ha pay torpaq verilməsinə etiraz etmirik. Məhkəmə iddiaçının tələbini yuxarıda qeyd olunan sübut və hüquq normaları ilə yanaşı, mövcud qanunvericiliyin aşağıda qeyd olunan hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Qanunun 9.7-ci maddəsinə əsasən Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə;http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_6.htm yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci bəndinə əsasən Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 146.2-ci maddələrinə uyğun olaraq daşınmaz əmlakla bağlı hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Müvafiq olaraq daşınmaz əmlak üzərində sərəncam vermək, hüququ həmin əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Göründüyü kimi qanunvericilik hüquqi və fiziki şəxslər tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin əldə edilməsinin xüsusiyyətlərini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əldə etmək istədiyi torpaq sahəsi üzərində ilk öncə bələdiyyə öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almalı və sərəncam vermək hüququ əldə etdikdən sonra yuxarıda qeyd edilən hüquq normalarının tələbinə uyğun prosedur hərəkətlər etməklə və notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdirilə bilər. Nəzərə alınmalıdır ki, Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Hazırki halda cavabdeh orqanının iddiaçı ilə müqavilə bağlamaq kimi bir öhdəliyi yoxdur və cavabdehi buna məcbur etmək müqavilə azadlığı prinsipinə ziddir. Başqa sözlə, cavabdeh bələdiyyənin üzərinə inzibati məhkəmə icraatı qaydasında müqavilə bağlamaq öhdəliyi qoyula bilməz. Bununla belə məhkəmə qeyd edir ki, gələcəkdə cavabdeh inzibati orqan sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət resyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsini istədiyi şəxsə deyil, yuxarıda qeyd edilən hüquq normalarına uyğun satışını təşkil etməlidir. Bu zaman cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (56-cı maddəsinin 4-cü bəndində) nəzərdə tutulmuş bəzi kateqoriyalı şəxslərin hüquqlarını və həmin torpaq sahəsini almaqda üstünlük hüququna malik digər şəxslərin dairəsini müəyyən etməlidir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən məhz bu qaydalara uyğun alqı-satqı edildikdən sonra inzibati orqanın faktiki xarakterli hərəkəti (yaxud hərəkətsizliyi) və yaxud qəbul etdiyi inzibati aktı (qərarı) nəticəsində hər hansı şəxsin (o cümlədən iş üzrə iddiaçının) hüquqları və qanunla qorunan maraqları pozularsa bu zaman həmin mübahisəyə inzibati mübahisə kimi məhkəmədə baxıla bilər. Bundan başqa məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh Beyləqan rayonu Dünyamalılar bələdiyyəsi ləğv olunmuş aqrar islahat komissiyasının hüquqi varisi deyildir. Bu baxımdan Beyləqan rayonu Dünyamalılar bələdiyyəsi ləğv olunmuş aqrar islahat komissiyasının yerinə pay torpağı ayırmaq və yaxud həmin torpaq sahəsini başqa topraq sahəsi ilə əvəzləşdirmək səlahiyyəti yoxdur. Bununla belə iş materiallarında olan yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, İddiaçı aqrar islahatın aparıldığı zaman (1999-cu ildə) həmin ərazidə (Beyləqan rayonu Dünyamalılar kəndində) yaşamamışdır və buna görə də ona torpaq payı verilməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Göründüyü kimi qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüquqları və qanunla qorunan maraqları pozulmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Beyləqan rayonu Dünyamalılar bələdiyyəsinə qarşı «0.63 ha pay torpaq sahəsinin verilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar