Məhkəmə qərarları › İş №2-1(120)-772/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-772/2023

13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-772/2023 13.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X19, Cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sağlanmıq imkanları məhdud, ağır böyrək çatışmazlığı olan xx.xx.2011-ci il təvəllüdlü Cövzizadə Ulvira İlkin qızının 2020-ci ilin fevralından 2021-ci ilin iyun ayına qədər almadığı ödənilməmiş sosial müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X6 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinə qarşı sağlanmıq imkanları məhdud, ağır böyrək çatışmazlığı olan xx.xx.2011-ci il təvəllüdlü Cövzizadə Ulvira İlkin qızının 2020-ci ilin fevralından 2021-ci ilin iyun ayına qədər almadığı ödənilməmiş sosial müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Astara rayonunda olduğunu, Astara rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-7519/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 20 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsi əsl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ilin dekabr ayında X23 ilə X2 faktiki nikaha daxil olmuşlar. Faktiki nikahdan 01 yanvar 2011- ci il təvəllüdlü X20 və xx xxxxxx 2011-ci il təvəllüdlü Cövzizadə Ulvira İlkin qızı anadan olmuşlar. 2011-ci ilin noyabr ayında X2 böyrək təzyiqi-insult keçirdiyinə görə onun uşaqlarına iddiaçı baxmışdır. X17 10 aylığından, Cövzizadə Ulvira İlkin qızına isə anadan olandan bəri o baxır. Ataları onlara heç bir maddi yardım göstərməmişdir. Ataları uşaqlara baxmadığı üçün X2 atalığın müəyyən olunması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Onun iddiası təmin olunaraq atadan hər ay hər uşağa görə aliment tutulmuşdur. X2 07 aprel 2018-ci ildə böyrək dializindən rəhmətə getmişdir. X5 rəhmətə getdikdən sonra cavabdeh X23 məhkəməyə müraciət edərək uşaqların onun himayəsinə verilməsini xahiş etmişdir. Hər üç instansiya məhkəməsində onun iddiası təmin olunsa da uşaqlar onun yanına getməkdən imtina etmiş və qətnamənin icrası mümkün olmadığına görə icra üzrə icraata xitam verilmişdir. Cavabdeh X23 övladları doğulandan bəri onlarla maraqlanmamışdır. Uşaqlar daima onun yanımda yaşamışlar. Cavabdeh İlkin Cövziyev bu günə kimi uşaqlarına heç bir maddi və mənəvi dəstək göstərməmiş və onlarla ünsiyyət saxlamamışdır. X24 və Ulvira Cövzizadə ataları İlkin Cövziyevi tanımadığı üçün ondan qəti şəkildə imtina edirlər. Ulvira Cövzizadə anası kimi anadan gəlmə böyrək xəstəsidi. Onların bütün maddi və mənəvi tələbatlarını o ödəyir. Uşaqların özü də onun himayəsinə verilməsi barədə razılıqlarını Astara Rayon İcra Hakimiyyətində yazılı və şifahi olaraq təsdiqləmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 20 may 2021-ci il tarixli, 45 saylı Sərəncamı ilə 01 yanvar 2011-ci il təvəllüdlü X20 və xx xxxxxx 2011-ci il təvəllüdlü Cövzizadə Ulvira İlkin qızı onun qəyyumluğuna verilmiş, qəyyumluq 2021-ci ilin may ayından qeydiyyata alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 01 yanvar 2011-ci il təvəllüdlü X20 və xx xxxxxx 2011-ci il təvəllüdlü Cövzizadə Ulvira İlkin qızı onun yanında saxlanılmasına görə cavabdeh X16 hər ay sabit pul məbləğində hər uşağa 120 manat alimentin tutularaq uşaqların mənafeyi naminə iddiaçıya ödənilməsi qət edilmişdir. Cövzizadə Ulvira xx xxxxxx 2011-ci ildə anadan olmuşdur. Anadangəlmə böyrək çatışmazlığı var. Bu xəstəlik ona anasından keçmişdir. O 3-4 yaşından pensiya alırdı. 2018-ci ilin aprel ayında anası rəhmətə gedəndən sonra uşağın aldığı müavinət də dayandırıldı. Uşaq onun qəyyumluğuna keçəndən sonra ona verilən sosial müavinət bərpa edilmişdir. 2021-ci ilin may ayında uşağın vəziyyəti ağırlaşıb xəstəxanaya düşəndə epikriz və digər sənədlərdən onlara məlum olub ki, azyaşlı Ulvira Cövzizadənin sosial müavinəti 2020-ci ilin fervalında dayandırılıbmış. 2021-ci ilin iyun ayında isə müavinət bərpa edilmişdir. Yəni, 1 il 3 ay Ulvira Cövzizadənin aldığı müavinət dayandırılıb və həmin pul onlara ödənilməyib. Hazırda iddia tələbinin əsası 1 il 3 ay ərzində alınmayan müavinətin birdəfəlik qaydada ödənilməsinin təmin edilməsinidir. O, Ulvira Cövzizadənin qəyyumu kimi 80 AZN pul alır. Azyaşlıların xalasıdır. Bacısı öləndən sonra uşaqlar onun qəyyumluğuna verilmişdir. Həmin pula ehtiyacları var. X25 anası kimi-yəni, onun bacısı kimi ağır böyrək xəstəsidir. Daimi müalicə və müayinələrə ehtiyacı var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X8 rəsmi qaydada müraciət etsələr də, xx.xx.2022-ci il tarixli, **********2 saylı məktubu ilə 2020-ci ilin fevralından 2021-ci ilin iyun ayına qədər ödənilməmiş sosial müavinətin ödənilməsindən imtina etmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olumasını xahiş etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********0 nömrəli etiraz məktubundan görünür ki, ərizəçi Cövzizadə Ulvira İlkin qızının qəyyumu X6 “2020-ci ilin fevral ayından 2021-ci ilin iyun ayına qədər ödənilməyən sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X8 xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindəki məlumatlara uyğun olaraq sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydasr’nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi 2 səbəbdən müəyyən edilir: 1) ümumi və xüsusi səbəblərdən. ümumi səbəblərə daxil edilir: ümumi xəstəlik;-istehsalat zədəsi;-peşə xəstəliyi;-Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;-hərbi xidmət dövrü ilə əlaqədar;-hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar;-terror hadisəsi ilə əlaqədar; 2) xüsusi səbəblərə daxil edilir:-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;-1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;-hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;-Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemindəki məlumatlara əsasən Cövzizadə Ulvira İlkin qızına ilkin olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2020- ci il tarixədək əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra təkrar olaraq xx.xx.2021- ci il tarixdən xx.xx.2024-cü il tarixədək əlillik dərəcəsi təyin edilmişdir. Göründüyü kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrlərdə iddiaçıya əlillik dərəcəsi təyin edilməmişdir. Qeyd olunan qanunvericilik normalarından da aydın olduğu kimi, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı Cövzizadə Ulvira İlkin qızına əlillik dərəcəsi təyin olunmayan dövrlərə görə sosial müavinətin ödənilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq, 2-1(120)-2214/2022 nömrəli iş üzrə iddiaçı Cövzizadə Ulvira İlkin qızının “2020-ci ilin fevral ayından 2021 -ci ilin iyun ayına qədər ödənilməyən sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X21 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X6 məhkəmə iclasına gəlməmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı X3 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsinin 1 saylı Lənkəran-Astara regional X1 ünvanladığı xx.xx.2022ci il tarixli **********2 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X7 xx.xx.2022-ci il tarixdə **********5 nömrə ilə qeydə alınmış müraciətə qanunamüvafiq qaydada baxılmışdır. Müvafiq qanunvericiliyə əsasən əlilliyə görə müəyyən olunmuş sosial ödənişlər şəxsin əlillik müddətinə təyin olunaraq ödənilir. Bu baxımdan, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə sosial müavinət və ya Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunarkən Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq olunmuş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyini təsdiq edən məlumatlar “Əlillik” altsistemindən əldə edilir. Ötürülmüş müddət “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 2 iyul tarixli 356-VİQD nömrəli Qanunu ilə (bundan sonra-Qanun) tənzimlənir.Sizin övladınız Cövzizadə Ulvira İlkin qızına “Əlillik” Alt sistemindəki məlumatlarına uyğun olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2024-ci il tarixədək Sağlamiıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət təyin olunmuşdur. Müraciətinizlə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasına müraciət etməyiniz tövsiyyə olunur. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının 20 may 2021-ci il tarixli 45 nömrəli sərəncamından çıxarışa əsasən xx.xx.2011-ci il təvəllüdlü X20 və xx xxxxxx 2011ci il təvəllüdlü Cövzizadə Ulvira İlkin qızı X3 qəyyumluğuna verilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 09 sentyabr 2022-ci il tarixli **********8 nömrəli məktubunda göstərilmişdir ki,11 avqust 2022-ci il tarixli məhkəmə sərəncamına əsasən Cövzizadə Ulvira İlkin qızının cavabdeh orqana müraciət ərizəsinin və inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 04 oktyabr 2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, Cövzizadə Ulvira İlkin qızına xx.xx.2018-ci il tarixindən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Eyni zamanda U.Cövzizadəyə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək (əlillik müddətinin bitdiyi tariəxədək) sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və ödənilmişdir. Əlavə olaraq bildiririk ki, adıçəkilən şəxsin xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bərpa olunması ilə əlaqədar sosial müavinətinin ödənişi həmin tarixdən davam etdirilir. İşdə olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, Astara rayon sakini Cövzizadə Ulvira İlkin qızının əlillik vəziyyəti barədə iddiaçı X3 iddiası əsasındakı xx.xx.2022-ci il 2-1 (120)-2214/2022 nömrəli sorğuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, U.Cövzizadənin sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2017-cü ildə ildə ilkin qiymətləndirilmiş və üç il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasf'na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Vətəndaşın sağlamlıq imkanlarının məhdudluğunun bitdiyi xx.xx.2020-ci il tarixindən sonra sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixli 2710003AABLX nömrəli göndəriş (Forma-088) daxil olmuşdur. U.Cövzizadənin sağlamlıq imkanlarının məhdudluğu həmin göndəriş əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci ildən 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, vətəndaş X3 (Astara rayonu, № 934913) müavinət ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. İşdə olan Dövlət Tibbi Sosial Ekspert Komissiyasında Cövzizadə Ulvira İlkin qızının xx.xx.2017-ci il tarixli müayinəsinə dair məlumatında “Purpura və digər hemorragik vəziyyətlər, irsi trombositoprniya. Xroniki böyrək xəstəliyi, xroniki böyrək xəstəliyi (irsi) Əsas dioqnoz N07.2 Başqa rubrikalarda təsnif olunmayyan irsi nefropatiya, Diffuz membranoz qlomerulonefrit., xroniki qlomerulonefitin kəskinləşməsi. Başqa rubrikalarda təsnif edilən xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, renal anemiya” diaqnozu qoyulmuşdur. İşdə olan Dövlət Tibbi Sosial Ekspert Komissiyasının forma 88 sonuncu müayinəyə dair məlumatında göstərilmişdir ki, Cövzizadə Ulvira İlkin qızının xx.xx.2021-ci il tarixdə “ Əsas diaqnoz N03.9 Xronik nefritik sindrom, Dəqiqləşdirilməmiş dəyişiklik, X10 N18,3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Böyrəklərin xroniki xəstəliyi İİİ mərhələ Yanaşı xəstəliklər D63.8 Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rastgəlinən anemiya, Renol anemiya Yanaşı xəstəliklər D69.6 Dəqiqləşdirilməmiş trombositopeniye, Trombositopeniya” diaqnozu qoyulmuşdur. Azəbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərarının 3cü maddəsinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsin əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən aparılır və əlillik qiymətləndirilmə keçirildikdən sonra verilmiş qərar (rəy) əsasında müəyyən edilir “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət təyin edilir. Həmin Qanunun 7.0.3-cü maddəsinə əsasən 8 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, müavinətlərin təyin edilməsi müddəti əlilliyə görə müavinət-əlillik müddətinə təyin edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, müavinətlər (işsizlik müavinəti istisna olmaqla) şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır. Müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə müvafiq icra hakimiyyəti orqanları səbəblər göstərilməklə müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verir. Müavinət təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, Cövzizadə Ulvira İlkin qızına sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2017-ci ildə ilkin qiymətləndirilmiş və 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq (Diaqnoz: Purpura və digər hemorragik vəziyyətlər, irsi trombositoprniya. Xroniki böyrək xəstəliyi, xroniki böyrək xəstəliyi (irsi) Əsas dioqnoz N07.2 Başqa rubrikalarda təsnif olunmayan irsi nefropatiya, Diffuz membranoz qlomerulonefrit., xroniki qlomerulonefitin kəskinləşməsi. Başqa rubrikalarda təsnif edilən xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, renal anemiya) hesab edilməsi barədə qərar verilmişdir. Sağlamlıq imkanlarının məhdudluğunun bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədərki müddət ərzində Cövzizadə Ulvira İlkin qızı haqqında müayinə və tibbi rəy olmadığından sağlamlıq imkanlarının məhdudluğunu təyin etmək mümkün olmamışdır. Sonuncu dəfə Cövzizadə Ulvira İlkin qızı sağlamlıq imkanlarının məhdudluğu dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci ildən 3 il müddətinə müvafiq təyinat aparılmışdır. İddiaçı Cövzizadə Ulvira İlkin qızına təyin edilmiş və 2020-ci ilin fevral ayından 2021-ci il iyun ayına kimi dayandılaraq ödənilməyən müavinətin ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Belə ki, iddiaçının qəyyumu olduğu Cövzizadə Ulvira İlkin qızına xx.xx.2021-ci il tarixdə Bakı 1 nömrəli Uşaq Poliklinikasının 2710003AABLX nömrəli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdən 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarına görə əlilliyə görə sosial müavinətəlillik müddətinə təyin edilir. Yəni, 2020-ci ilin fevral ayından 2021-ci ilin iyun ayına kimi Cövzizadə Ulvira İlkin qızı əlil hesab edilmədiyi üçün ona müavinət verilməsi mümkün deyil. Belə olduğu halda yəni iddia tələbinin qanuni əsası olmadığı üçün məhkəmə iddiaçının iddia tələbini əsassız hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sağlanlıq imkanları məhdud, ağır böyrək çatışmazlığı olan xx.xx.2011-ci il təvəllüdlü Cövzizadə Ulvira İlkin qızının 2020-ci ilin fevralından 2021-ci ilin iyun ayına qədər almadığı ödənilməmiş sosial müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sağlanmıq imkanları məhdud, ağır böyrək çatışmazlığı olan xx.xx.2011-ci il təvəllüdlü Cövzizadə Ulvira İlkin qızının 2020-ci ilin fevralından 2021-ci ilin iyun ayına qədər almadığı ödənilməmiş sosial müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar