Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-777/2021 31.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına qarşı «cəza çəkməkdən azad edildiyi və sosial adaptasiyaya ehtiyaçı olduğu üçün 1.000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi» barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəza çəkməkdən azad edildiyi və sosial adaptasiyaya ehtiyaçı olduğu üçün 1.000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20 fevral 2020-ci il tarixdə Rusiya dövlətində həbs cəzasına məhkum olunmuşdur. 18 iyul 2020-ci ildə Rusiyadan Azərbaycan carter təyyarə reysi ilə gətirilmişdir. 20 fevral 2020-ci il tarixdən 17 iyul 2020ci il tarixə kimi Rusiyada xarici vətəndaşlar üçün xüsusi həbsxanada beş ay saxlanılmasının konkret səbəbi bütün dünyada yaranmış Covid 19 xəstəliyi olmuşdur. Yaşayış yerinə gəldikdən sonra polis şöbəsinə gedib qeydiyyata düşmüş və sonra Şirvan şəhər sosial təminat şöbəsinə gedib onlara həbsdən azad olmuş vətəndaşlara dövlət tərəfindən ayrılmış 1000 manat yardım üçün müraciət etmiş, ona cavab verilmişdir ki, iki aydan artıq gecikmişdir. Belə ki, həbsdən azad olan tarixdən sonra 3 ay ərzində yardıma görə müraciət edə bilməmişdir. Onun 2 aydan artıq gecikməyinin səbəbi COVİD-19 xəstəliyi olub və elə zənn edir ki, Covid-19 xəstəliyinə görə yaranmış problemlərə qanuni şəkildə güzəşt olmalıdır. 20 fevral 2020-ci il tarixdən 17 iyul 2020-ci il tarixə kimi onun Rusiyada xarici vətəndaşlar üçün xüsusi həbsxanada 5 ay saxlanmasının konkret səbəbi bütün dünyada yaranmış Covid-19 xəstəliyi olmuşdur. Onun 20 fevral 2020-ci il tarixdən 17 iyul 2020-ci il tarixə kimi xüsusi həbsxanda saxlanmasına sübut olaraq həmin orqandan ona verilmiş arayışlar təsdiq olar. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surəti, məkumluq haqqında arayışın surətini və və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün olsa da, ancaq əsaslı deyildir. Belə ki, iddiaçı cəza çəkməkdən azad edilmiş şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.12.1969-cu il tarixdə anadan olmuşdur. İşdə olan 20.02.2020-ci il tarixli, 005478 nömrəli arayışından görünür ki, 03.12.1969-cu il təvəllüdlü İddiaçı 25.05.2016-cı il tarixdə Surqut şəhər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 21.02.2016-cı il tarixdən hesablanılmış və 20.02.2020-ci il tarixdə cəzadan azad edilmişdir. İş materiallarında olan 2-1(120)-332/2021 nömrəl inzibati iş üzrə iddia ərizəsinin surətindən görünür ki, İddiaçı cəza çəkməkdən azad edildiyi və sosial adaptasiyaya ehtiyaçı olduğu üçün 1.000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi tələbi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 28.10.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 24.02.2021-ci il tarixli, 2- 1(120)332/2021 nömrəli qərardadından görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına qarşı «cəza çəkməkdən azad edildiyi və sosial adaptasiyaya ehtiyaçı olduğu üçün 1.000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi» barədə iddia tələbi üzrə cavabdeh inzibati orqana ilkin müraciəti olmadığından iddianın mümkünsüz sayılması qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2- 1(120)332/2021 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 24.02.2021-ci il tarixli, 2-1(120)332/2021 nömrəli qərardadı qanuni qüvvəsini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri İlə X7 Filialının 16 aprel 2021-ci il tarixli, **********6 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondu X4 4 saylı regional ərazi filialına qarşı “sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır. Aşağıdakı xüsusatlara görə iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: Belə ki “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılınası, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi deməkdir. Nəzərə alaq ki, cəzaçəkmə müəssisəsindən azad edilmiş hər bir şəxsin sosial adaptasiyaya ehtiyacı olmur. Sosial adaptasiyaya ehtiyacı olan şəxslərin dairəsini müəyyən etmək müvafiq icra hakimiyyəti orqanının diskresion səlahiyyətlərinə aiddir. Qanunun 6-cı maddəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər barəsində həyata keçirilən tədbirlər əhatə olunmuşdur. Həmin maddənin 7- ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 7-ci maddəsi sosial adaptasiyaya ehtiyacı olan şəxs statusunun yaranması şərtini müəyyən etmişdir. Həmin maddənin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Digər bəndinə əsasən isə penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Yuxarıda qeyd edilmiş normaların qarşılıqlı təhlilindən aydın olduğu kimi ilk olaraq İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qeydiyyat üçün müraciət etməli idi. Bundan əlavə, İddiaçı iddia ərizəsində cəzaçəkmə müəssisəsindən azad edildikdən 3 ay ərzində müraciət edə bilməməsi 17.07.2020-ci il tarixədək xarici vətəndaşlar üçün xüsusi həbsxanada pandemiya səbəbindən saxlanılması olduğunu qeyd etmişdir. Lakin xarici vətəndaşların xüsusi müəssisədə yerləşdirilməsi həmin şəxsin deportasiya edilməsi haqqında səlahiyyətli orqanın qərarının icra edilməsi deməkdir. Deportasiya haqqında qərarın icrasının təxirə salınması, yəni xüsusi müəssisədə saxlanma müddətinin uzadılması yalnız səlahiyyətli orqanın ərizəsi əsasında məhkəmə qətnaməsi ilə mümkündür. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Surqut şəhər idarəsi tərəfindən təqdim edilmiş arayışda İddiaçı 20.02.2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edildiyi, həmin tarixdə koronavirus infeksiyası ilə əlaqədar verilmiş COVİD-19 testinin nəticəsinin neqativ olduğu qeyd olunmuşdur. Həmçinin həmin arayışda İddiaçı 04.03.2020-ci il tarixədək karantində saxlanıldığı qeyd olunmuşdur. İddiaçı deportasiya olunmaq üçün xüsusi müəssisəyə yerləşdirilməsi barədə inzibati orqanın qərarı, yaxud xarici vətəndaşlar üçün xüsusi həbsxanada saxlanılma müddətinin uzadılması barədə qətnaməsi yoxdur. Bu, o deməkdir ki, iddiaçı 17.07.2020ci il tarixədək xüsusi həbsxanada saxlanılmamışdır. İddiaçının təqdim etdiyi arayışa münasibətdə qeyd etmək lazımdır ki, həmin arayış N.A.Aqazadənin 04.03.2020-ci il tarixədək karantində saxlanıldığını əks etdirir. 17.07.2020-ci il tarixdə sadəcə olaraq koronavirus infeksiyası ilə əlaqədar verilmiş COVİD-19 testinin nəticəsinin neqativ olduğu qeyd olunur. Bu arayış İddiaçı xarici vətəndaşlar üçün xüsusi həbsxanada pandemiya səbəbindən məcburiyyətdən saxlanıldığını əks etdirmir. Azərbaycan-Rusiya sərhədi müvəqqəti olaraq 18.03.2020-ci il saat 00:00-dan etibarən bağlandığını nəzərə alsaq, İddiaçı cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra (20.02.2020-ci il tarixdən sonra) Azərbaycan Respublikasına qayıtmasına mane ola biləcək heç bir əsas olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 10.04.2020-ci il tarixli məlumatında qeyd olunmuşdur ki, “yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasında yaşayan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, 20 aprel 2020-ci il tarixədək ölkəmizin Rusiya Federasiyasıdakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq”. Həmçinin bununla bağlı N.A.Aqazadənin hər hansı bir müraciəti olmamışdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda müavinət təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154-cü və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(120)-777/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.03.2020ci il tarixli rəsmi internet səhifəsindən çıxarışda qeyd edilmişdir ki, martın 16-da Azərbaycan Respublikasının Baş X6 ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub. Telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb. Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər. Ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil ediləcəkdir. Uçuşların qrafikinə dair əlavə olaraq məlumat veriləcəkdir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet səhifəsi, link: nk.gov.az/az/article/737/print/) İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.2020ci il tarixli rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, X1 tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut istiqaməti üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası Sərhəd Xidmətinin 31.07.2021-ci il tarixli, 33/2641 nömrəli məktubundan görünür ki, İddiaçı 18.07.2020-ci il tarixdə Azərbaycan Respublikasına giriş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 12.07.2021-ci il tarixli, 4/15-10590/15/21 nömrəli məktubunda qeyd edilmişdir ki, Fondun Məhkəmə Mübahisələri ilə X7 Filialının İddiaçı ilə bağlı **********8 nömrəli, 21 may 2021ci il tarixli məktubu ilə əlaqədar Azərbaycan Republikasının Rusiya Federasiyasındakı səfirliyi və baş konsulluqlarına sorğu göndərilmişdir. Səfirlik və baş konsulluqlardan daxil olmuş məlumata əsasən bildiririk ki, 20.02.2020-ci il tarixindən 20.04.2020-ci il tarixinədək olan müddətdə İddiaçı heç bir nümayəndəlikdə qeydiyyatdan keçməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun məsələ ilə bağlı KYKT/167/21 nömrəli, 4 iyun 2021-ci il tarixli məktubunu əlavəsi ilə birlikdə Sizə göndərir və nəzərə alınmasına dair müvafiq göstəriş verməyinizi xahiş edirik. İş materiallarında olan İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına etdiyi müraciət ərizəsindən görünür ki, iddiaçının hazıki tələblə bağlı müraciəti 25.02.2021-ci il tarixə təsadüf edir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 25.02.2021-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı Regional Ərazi filialı Sizin 25.02.2021-ci il tarixli müraciətinizə cavab olaraq bildirir ki, DSMF X4 Şirvan şəhər filialına oktyabr ayında təqdim etdiyiniz 005478 saylı arayışınızda penitensiar xidmətindən 20.02.2020-ci il tarixində azad olduğunuz qeyd olunmuşdur. Bu halda Azərbaycan Respublikasında vətəndaşlara “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun cəzaçəkməkdən azad edlmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan vətəndaşlarına şamil olunur. Əlavə olaraq qeyd edirəm ki, Sizə DSMF X4 Şirvan şəhər filialı tərəfindən müraciətinizə yuxarida göstərilən səbəblər üzrə 2020-ci ilin oktyabr ayında imtina olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonra-cəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 3.1-ci maddəsinə görə, bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 7.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. 9.1-9.2-ci maddələrinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Rusiya Federasiyasında cinayət məsuliyyətinə cəlb olunmuş və orada cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Müəyyən edilmişdir ki, iddiaçı 20.02.2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmiş və həmin tarixdə koronavirus infeksiyası ilə əlaqədar verilmiş COVİD-19 testinin nəticəsi neqativ olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı 04.03.2020-ci il tarixədək karantində saxlanılmışdır. İddiaçının deportasiya olunmaq üçün xüsusi müəssisəyə yerləşdirilməsi barədə inzibati orqanın qərarı, yaxud xarici vətəndaşlar üçün xüsusi həbsxanada saxlanılma müddətinin uzadılması barədə qətnaməsi (qərarının) olması müəyyən olunmamıdır. Başqa sözlə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi 17.07.2020-ci il tarixədək xüsusi həbsxanada saxlanılması müəyyən olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan-Rusiya sərhədi müvəqqəti olaraq 18.03.2020-ci il saat 00:00dan etibarən bağlanmışdır. Bunu nəzərə alsaq, iddiaçının cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra (20.02.2020-ci il tarixdən sonra) Azərbaycan Respublikasına qayıtmasına mane ola biləcək hər hansı bir əsasın olmadığı müəyyən olunur. Həmçinin müəyyən olunur ki, iddiaçı hazırki tələblə bağlı ilk dəfə 28.10.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, lakin həmin tələblə bağlı cavabdeh inzibati orqana ilkin müraciətinin olmadığından iddiası 24.02.2021-ci il tarixdə mümkünsüz sayılmışdır. Məhz bundan sonra iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Bu arada məhkəmə iddiaçının təqdim etdiyi arayışa münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin arayış iddiaçının 04.03.2020-ci il tarixədək karantində saxlanıldığını əks etdirir və 17.07.2020-ci il tarixdə sadəcə olaraq koronavirus infeksiyası ilə əlaqədar verilmiş COVİD-19 testinin nəticəsinin neqativ olduğu qeyd olunur. Bu arayış iddiaçının xarici vətəndaşlar üçün xüsusi həbsxanada pandemiya səbəbindən məcburiyyətdən saxlanıldığı anlamına gəlmir. Beləliklə də iddiaçı 20.02.2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilməsinə, 04.03.2020-ci il tarixədək karantində saxlanılmasına və 18.03.2020-ci il tarixinə kimi Azərbaycan Respublikasına qayıtmaq imkanının olmasına baxmayaraq, 18.07.2020-ci il tarixdən daimi yaşamaq üçün Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı məktubdan və iddiaçının ərizəsindən müəyyən olunur ki, iddiaçı hazırkı tələblə 25.02.2021-ci il tarixdə (cəzadan azad edildiyi vaxtdan 10 aydan artıq, Azərbaycan Respublikasına qayıtdıqdan 7 ay sonra) cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinin tələbləri baxımından digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış vətəndaşlar 3 ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Ancaq iddiaçı qeyd olunan müddət ərzində qeydiyyata alınması üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət etməmiş və bununla da o, qanunvercilikdə nəzərdə tutulan müddəti ötürmüşdür. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən eddilmiş faktiki hallarına tətbiq edərək belə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına qarşı «cəza çəkməkdən azad edildiyi və sosial adaptasiyaya ehtiyaçı olduğu üçün 1.000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına qarşı «cəza çəkməkdən azad edildiyi və sosial adaptasiyaya ehtiyaçı olduğu üçün 1.000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi» barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-777/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-777/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver