Məhkəmə qərarları › İş №2-1(120)-778/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-778/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-778/2021 12.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «xx.xx.2021-ci il tarixli **********249400 saylı qərarın ləğv edilməsi» tələbinə dair işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 5 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli **********249400 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. İddiaçıya hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, “Tələbin icraya yönəldilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli **********249400 saylı qərar iddiaçıya hesablanmış vergi borcunun icrası ilə əlaqədar qəbul edilmişdir. Belə ki, iddiaçıya vergi borcu hesablanmış və bununla bağlı qərar qəbul edilmişdir. İddiaçı ona qərar əsasında hesablanmış borcu ödəmədiyi üçün tərəflərindən həmin borcun ödənilməsi Vergi Məcəlləsinin, «İnzibati icraat haqqında» Qanunun və «İcra haqqında» Qanunun tələblərinə uyğun olaraq icraya yönəldilmişdir. İddiaçı həmin borcun yaranmasına səbəb olan xx.xx.2020-ci il tarixli qərarı mübahisələndirmiş və həmin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Hesab edir ki, həmin qərarın mübahisələndirilməsi ilə bağlı yekun məhkəmə aktı qəbul edilənədək hazırkı iddiaya baxılması mümkünsüzdür. Odur ki, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materialında olan 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş «Tələbin icraya yönəldilməsi haqqında» xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı (VÖEN **********) tərəfindən 2789621,89 manat vergi borcu ödənilmədiyinə görə icraya yönəldilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarla vergi hesablanmışdır. İddiaçı qeyd olunan qərarı məhkəmədə mübahisələndirmiş və iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(120)-268/2021 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Hazırda iddiaçı həmin qərarla hesablanmış verginin icraya yönəldilməsi barədə Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli **********249400 saylı qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, tələbin icraya yönəldilməsi barədə qərar Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı əsasında qəbul edilmişdir. Həmin qərar da iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilir. Göründüyü kimi Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı mübahisələndirilərək yekun məhkəmə aktı qəbul edilmədən xx xxxxxx 2021ci il tarixli **********249400 saylı qərarın ləğv edilməsi mümkünsüzdür. Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv olunduğu halda inzibati orqan tərəfindən həmin qərar əsasında verilmiş tələbin icraya yönəldilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli **********249400 saylı qərar ləğv edilməzsə, iddiaçı həmin qərarın ləğvi barədə ilkin olaraq cavabdehə müraciət etməlidir, müraciətindən imtina olunduğu halda isə məhkəməyə şikayət vermək hüququ vardır. Hazırkı halda həmin qərarın ləğvi ilə bağlı inzibati orqanın hüququ tükənməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunmuşdur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «xx.xx.2021-ci il tarixli **********249400 saylı qərarın ləğv edilməsi» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları onun elan olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar